Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb - Siyahı+Yenilənib
Tarix: 25-10-2017 18:01 | Bölmə: Slayd
Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb

Bakıda məhbusların qaçması faktı ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 11 əməkdaşı işdən çıxarılıb.

Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonda məhbuslara nəzarət edən Penitensiar Xidmətin əməkdaşları Elvin Namazov, İlkin Emilov, Vüsal Məmmədov, Tehran Musayev və adı hələ açıqlanmayan daha 4 nəfər işdən qovulub.

Bundan başqa, bu gün barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmiş qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavinləri Fuad Hacıyev və Tural Poladxanov da ədliyyə orqanlarından xaric olunaraq həbs ediliblər.

Xatırladaq ki, Bakı-Astara-Bakı qatarında xüsusi təyinatlı vaqonla paytaxtda gətirilən məhbuslar Əli Ağami və Etibar Məmmədov qaçıblar. Qəsdən adam öldürmədə təqsirləndirilən Ə.Ağami və E.Məmmədovun cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılır.

Ötən həftə dövlət ittihamçısı onların hər birinin ayrı-ayrılıqda 19 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Hər iki şəxs oktyabrın 22-də gecə Lənkərandan Bakıya qatarla gətirilib. Oktyabrın 23-də səhər saatlarında Biləcəri stansiyasında E.Məmmədovla Ə.Ağami qatardan düşürülən zaman qaçıblar.

Faktla bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 304.2-ci (azadlıqdan məhrum etmə yerindən, həbsdən və ya mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Hazırda başlanmış cinayət işi üzrə və qaçan məhbusların tutulması istiqamətində istintaq əməliyyat-axtarış tədbirləri davam etdirilir.(Report)

**
Ədliyyə Nazirliyi və Baş Prokurorluğun birgə məlumatında bildirilir ki, hadisənin baş verməsini yaradan şərait və səbəblərin araşdırılması üçün hərtərəfli prinsipial xidməti yoxlama aparılıb.

Xidməti yoxlamanın ilkin nəticələrinə əsasən vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar Xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}