16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Müxalifət 2018-ə vahid lider seçə bilmir - Mövqelər
Tarix: 28-10-2017 14:33 | Bölmə: Slayd
Müxalifət 2018-ə vahid lider seçə bilmir

Prezident seçkiləri üçün böyük birliyin vacibliyi bildirilsə də, iqtidar əleyhdarlarının yekdil qərar verəcəyi mümkünsüz görünür

2018-ci il ölkəmizdə prezident seçikləri ili olsa da, hələlik seçki əhval-ruhiyyəsi hiss olunmur. Hansı ki, artıq buna hazırlıqlar başlamalı, siyasi partiyalar müəyyən birliklərin yaradılmasını müzakirə etməli idi. Amma siyasi proseslərdəki passivlik müxalifətin özünü toparlaması və seçkiyə qatılmasının asan olmayacağını göstərir.

Görəsən, pərakəndə vəziyyətdə olan iqtidar əleyhdarları növbəti prezident seçkilərində vahid mövqeyə gələ biləcəkmi?

Müxalifət 2018-ə vahid lider seçə bilmir

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən siyasi şərhçi Nəsimi Məmmədli deyib ki, ölkəmizdə azad seçki sistemi sıradan çıxarılıb və istənilən peşəkar müşahidəçi seçkilərin bir siyasi vasitə kimi artıq mövcud olmadığını təsdiq edər. Onun sözlərinə görə, “azad seçki”nin adı və onun ətrafında bayağı imitasiya qalıb. Bu səbəbdən də, o, seçkilərdə iştirak və ya boykot kimi çağırışlara maksimum reaksiya verməməyi məsləhət görür: “Olmayan bir şeyi necə boykot etmək və ya onun iştirakçısına çevrilmək olar? Bunlar hələlik dəyişməyə gücümüz çatmayan reallıqlardır və mübarizə müstəvisi olmayan yerdə nəyin uğrunda mübarizə aparılacağını anlaya bilmirəm”.

N.Məmmədli “Müxalifətin seçkiyə vahid namizədlə qatılmasına zərurət varmı” sualına cavabında deyib ki, müxalifət adına iddialı qurumların sayı hökumət tərəfindən süni şəkildə şişirdilib: “Məqsəd cəmiyyətin məlumatsız hissəsinin fikirlərini qarışdırmaq, müxalif düşərgənin guya çox dağınıq olması görüntüsü yaratmaqdır. İstənilən şəxs öz imkanları ilə hakimiyyətə müxalifətdə olan qurumların monitorinqini aparsa, o zaman görəcək ki, bu düşərgədə hər kəsin bəlli yeri var. Hakimiyyət müxalifəti nə qədər çoxbaşlı və rəngarəng göstərməyə cəhd etsə də, bu istəyi qəbul edilmir. Peşəkar müşahidəçilər müxalifət kimi fəaliyyəti görünən çox az qurumun adını çəkə bilər. Belə dar çərçivədə seçim etmək elə də çətin deyil. Məncə, müxalifət üçün “vahid namizəd” anlayışı və onun ətrafında müzakirələr artıq keçilmiş mənfi təcrübədir. Cəmiyyətin narazı kəsimini bu “düstur”la səfərbər etmək mümkün olmayacaq. Hazırki siyasi şəraitdə “vahid namizəd” ideyası ətrafında müzakirələr müxalifətdən çox iqtidara lazımdır. Diqqət etsəniz, kiçik istisnalarla bu barədə ən çox tezislərin məhz iqtidara yaxın şəxslər və qurumlar tərəfindən gündəmə gətirildiyini görərsiniz. Real gücü olan müxalifət qurumları belə diskussiyalarda demək olar ki, görünmür”.

Cəmiyyət seçkiləri boykot edib

Vahid namizədin müxalifətə nə üçün lazım olduğuna gəlincə, N.Məmmədli bildirib ki, əgər bu, seçkidə qalib gəlməyə yardım edən əsas faktor kimi qəbul edilirdisə, hazırda bunun əhəmiyyəti yoxdur. Çünki həm ölkədə azad seçki mövcud deyil, həm də əksər seçkilərdə müxalifət namizədinin seçicidən səs almaq problemi olmayıb: “Bunu özləri də dəfələrlə iddia edib. Ancaq müxalifət heç vaxt seçicidən aldığı səslərin saxtalaşdırılmasının qarşısını ala bilməyib. Problem də məhz bundadır. Cəmiyyət məhz bu səbəbə görə seçkini faktiki olaraq boykot edib. Çünki hər dəfə müxalifətin çağırışlarına inanıb ona səs versə də, sonda müsbət nəticəni görə bilməyib. Öz səsini necə qoruya biləcəyini təsəvvür etməyən seçicidən belə bir şəraitdə hər dəfə səs istəmək və onu seçkiyə çağırmaq yumşaq desək, istehza doğurur. Seçicini bu qədər avam hesab etmək olmaz. Öncə nəticələri necə qoruyacağını müəyyən etməli, seçicini buna inandırmalı və yalnız bundan sonra iştirakın formasını müzakirə etmək doğru olardı. Eyni zamanda hazırki şəraitdə iqtidar namizədindən başqa digər namizədlərin seçkiyə niyə qoşulduqlarının səbəbləri cəmiyyətə aydın olmalıdır. Müəyyənləşməlidir ki, onlar özlərinə, təşkilatlarına və cəmiyyətə nə qazandırmaq niyyətindədir? Bu sualların qəbul edilən cavabları indidən hazır olmalıdır”.

Maraqlıdır, hazırki dönəmdə müxalifət düşərgəsi kimin ətrafında birləşə bilər?

Müsahibimiz hesab edir ki, hakimiyyətə ən ciddi alternativ müxalif siyasətçini müxalifət qurumlarının müəyyən etməsi də indi işə yaramayacaq və əlavə mübahisələrə səbəb olacaq. N.Məmmədlinin qənaətincə, cəmiyyət əsas alternativin kimliyini siyasi proseslərin dinamikasına uyğun olaraq, tədricən öz altşüurunda müəyyən edir: “Bununla bağlı biz də çox maraqlı monitorinqlər apararaq, müəyyən qənaətə gəlmişik. Ancaq indi bu barədə danışmağın zamanı deyil.

İndi sosial şəbəkələrdən tutmuş, canlı diskussiyalara qədər çox geniş analiz müstəvisi var. Obyektiv müşahidəsi olan ən ortabab siyasi düşüncəli şəxslər də bu tendensiyanı görə bilər.

Antidemokratik cəmiyyətlərdə hakimiyyətə müxalifətçilik təkcə sərt tənqidlə qazanılmır, həm də hakimiyyətin qarşı tərəfə sərt münasibətindən, təzyiqlərindən və repressiyalarından doğulur. Siyasi proses tədricən o qüvvəni və ya şəxsi narazı insanların önünə çıxarır. Siyasi liderlər anidən, hansısa fors-major situasiyada ortaya çıxarsa, onlar yalnız müvəqqəti funksiya daşıya bilir. Ancaq cəmiyyəti uzun müddət istiqamətləndirən liderlər elə cəmiyyətin gözü önündə tədricən “həzm edilərək” o ali məqama çatır”.

N.Məmmədli qeyd edib ki, Azərbaycan siyasi mühitinin əsas problemi lider və ya təşkilatla bağlı deyil, siyasi təfəkkürün zəif olması ilə əlaqəlidir.

Vahid namizəd münasibətləri gərginləşdirir

Müxalifət 2018-ə vahid lider seçə bilmir

Müsavat Partiyasının başqanı Arif Hacılı isə “Reytinq”ə deyib ki, vahid namizəddən danışmaq hələ tezdir. Onun qənaətincə, hələlik maraqlı tərəflərin seçki islahatları ilə bağlı vahid mövqeyinə və birgə mübarizənin təşkilinə nail olmağa çalışmaq lazımdır:

“Təəssüf ki, vahid namizəd mövzusu bir qayda olaraq müxalifətin bir araya gəlməsi ilə yox, münasibətlərin daha da pisləşməsi ilə nəticələnir. Əslində, seçki yaxınlaşdıqca fovarit namizədin kim olduğu aydın görünür. Çünki müxalif qüvvələr bir araya gəlməsə belə, cəmiyyət əsas namizədi fərqləndirə bilir”.

Böyük birlik o qədər də asan iş deyil

Müxalifət 2018-ə vahid lider seçə bilmir

ADP sədrinin müavini Həsrət Rüstəmov isə bildirib ki, ölkədə indiyədək keçirilən seçkilərin neqativ təcrübəsi qarşıdakı prezident seçkiləri ilə bağlı optimist fikir söyləməyə imkan vermir. Onun sözlərinə görə, ədalətli və azad seçkilər hələ ki, xalqımız üçün arzu olaraq qalmaqdadır:

“Hər hansı demokratik dəyişiklik də yalnız seçki ilə həyata keçirilə bilər. Ona görə də müxalifətin qarşısında iki böyük vəzifə durur:

Həm azad seçkilərin keçirilməsinə nail olmaq, həm də bu seçkidə qalib olaraq ölkəni yeni, demokratik bir platformaya çıxarmaq.

Təbii ki, dağınıq halımızla bu vəzifələri icra edə bilmərik. Bu vəzifələrin icrası çox böyük güc, mütəşəkkillik, insan və maddi resurslar, beynəlxalq dəstək və ən başlıcası, bu mübarizəni təşkil edənlərin ciddi və səmimi ittifaqını tələb edir.

Açığı, müxalifət birliyinin lazımsız və ya xüsusi əhəmiyyətli olmaması barədə fikirləri oxuyanda heyrət edirəm. Qələbə üçün birləşib mübarizəni bir hədəfə yönəltməyin əksi olan bütün variantların “məğlubiyyət ssenarisi” olması məncə, heç kimə sirr deyil.

Təbii ki, böyük birlik o qədər asan iş deyil, amma mümkündür və ən başlıcası vacibdir. Fikrimcə, bu yolda ən başlıca iş partiyaların yaxınlaşmasına nail olmaq, keçmişdə olan mənfi təcrübələri unutmaq, müsbət təcrübələrdən bəhrələnməkdir. Qarşılıqlı ittihamlardan imtina edilməlidir. İnsanlarımız, fədakarlar da bilməlidir ki, nə bizdə, nə də ümumi olaraq dünyada siyasi aləmdə səhvsiz insan, lider tapmaq qeyri-mümkündür. Partiya fəalları digər partiya liderlərinə maksimalist yanaşmadan, aqressiv münasibətdən əl çəkməlidir”.

ADP yetkilisi nəzərə çadırıb ki, vahid ittifaq və vahid lideri müəyyənləşdirmək, vahid komandanı elan etmək və seçkiyə qədər hər gün üçün görülməli işləri planlaşdırmaq lazımdır:

“Kimin ətrafında birləşmək olar sualı, birləşmək əzmi, iradəsi ortalıqda olarsa, bu problem həll edilə bilər. Təəssüf ki, indi bu iradə ortada görünmür”.

H.Rüstəmov sonda qeyd edib ki, Azərbaycan müxalifətinin əksər liderləri bu ölkənin başında durmağa layiqdir. Eyni zamanda tamamilə yeni variantlar da mümkündür: “Hər şey birləşmiş gücün vahid iradəsindən və əlbəttə ki, ilk növbədə xalqın siyasi iradəsindən asılı olacaq”.

Z.ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}