Rüfət Aslanlı sahibkarlara problem yaradır - Narazılıq
Tarix: 07-11-2017 17:23 | Bölmə: Slayd
Rüfət Aslanlı sahibkarlara problem yaradır

Ötən ilin əvvəllərində Azərbaycanda qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları (bank, bank olmayan kredit təşkilatları və poçt rabitəsinin operatoru) və ödəniş sistemləri fəaliyyətinin lisenziyalaşdırılması, tənzimlənməsi və nəzarəti, habelə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması, terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində nəzarət sisteminin təkmilləşdirilməsini, həmçinin bu sahələr üzrə nəzarət sisteminin şəffaflığını və çevikliyini təmin etmək məqsədi ilə Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) yaradıldı.

Qurumun fəaliyyətə başlaması ilə xeyli müsbət gözləntilər də ortaya çıxdı. Hesab olunurdu ki, Rüfət Aslanlının rəhbərlik etdiyi yeni dövlət orqanı maliyyə bazarlarının fəaliyyətinin səmərəli şəkildə təmin olunması, eləcə də kreditorların, investorların və sığorta olunanların hüquqlarının qorunması istiqamətində ciddi addımlar atacaq.

Qarşısında ölkəmizin qlobal iqtisadi arenada baş verən proseslərə çevik reaksiya verməsini, eləcə də, Azərbaycan iqtisadiyyatı qarşısında maliyyə sektorunun dayanıqlığını təmin etmək və bu sahədə nəzarət tədbirlərini gücləndirmək kimi tapşırıqlar qoyulan Palatanın fəaliyyət göstərdiyi ilyarım ərzində ona bəslənən ümidləri doğrultduğunu demək doğru olmazdı. Əksər iqtisadçı ekspertlərin fikrincə, MBNP-dən gözləntilər qurumun fəaliyyətə başladığı vaxtdan keçən müddət ərzində elə gözlənti olaraq qalıb.

Palata sədri təyin edilməzdən əvvəl artıq ləğv edilən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin rəhbəri postunu tutan Rüfət Aslanlı isə həmin müddətdə “şərab məsələsi” ilə yadda qalıb.

Unudanlar üçün xatırlatma: bu ilin avqustunda Fransa mətbuatı yerli məhsul olan Maison şərabının butulkasının fotosunu paylaşıb. “Grand Vin de Bordeux” şirkəti tərəfindən istehsal edilən həmin şərab şüşəsinin məhz Rüfət Aslanlının şərəfinə buraxıldığı yazılıb. Adıçəkilən şərab şüşəsinin etiketində “Maison d'Aslanli” yazısı qeyd olunub. Bundan başqa, etiketdə azərbaycanlı məmurun imzasını da görmək mümkündür.

Məlumata görə, Rüfət Aslanlı nadir və kolleksiya şərablarının həvəskarıdır. Həmin şərabların 3 min avrodan 5 min avroya qədər dəyəri var.

Ən maraqlısı isə etiketdə pilləkənləri qalxan gənc aslanın rəsminin yer aldığı gerbin təsviridir. Jurnalistlər bu gerbin gizli mənasını da açıqlayıblar. Belə ki, oradakı aslan Rüfət Aslanlının soyadını əks etdirir. Pilləkənlər isə gənc məmurun “karyera nərdivanları” kimi şərh olunur.

Ölkənin maliyyə bazarlarında xoşagəlməz meyllər davam edərkən, MBNP-nin həmin meyllərin aradan qaldırılması istiqamətində səylərinə ehtiyac varkən qurum rəhbərinin adının bu şəkildə gündəmə gəlməsi normal məntiqə sığmır. Biz hələ bir məmurun öz adına ölkədən kənarda xüsusi şərab buraxdırmasının hansı məntiqə və etikaya sığmasını demirik.

MBNP sədri ilə bağlı yeni məlumatlar da ürəkaçan deyil. Söhbət onun sahibkarlar arasında ciddi narazılıqlar yaratmasından gedir. Bu narazılığın səbəbi isə Rüfət Aslanlının qəbul etdiyi qərardır.

Məsələ burasındadır ki, bir müddət əvvəl MBNP rəhbəri nağdsız bank əməliyyatlarının aparılması ilə bağlı absurd addım atıb. O, ölkə başçısının imzaladığı qanunun tələbində 15.000 manat olduğu halda banklara göndərilən daxili qərarla həmin vəsaitin məbləğini 5.000 manata endirib. Faktiki olaraq, “Nağdsız hesablaşmalar haqqında” qanuna qarşı verilən bu qərar isə sahibkarları çətin vəziyyətlə üzləşdirib. Nağdsız hesablaşmalar üçün aşağı limit isə iş adamlarının əl-qolunu bağlayıb, onların çevik biznes əlaqələri qurmasını müəyyən mənada müşkülə çevrib.

Hazırda bu addımına görə, Rüfət Aslanlıdan narazılar artır. Hətta bu qərarın xeyli sahibkarı çətin vəziyyətlə üzləşdirdiyi bildirilir və onların MBNP-nin binası qarşısında etiraz aksiyası keçirəcəkləri də istisna olunmur.

Görəsən, R.Aslanlı gələn il ölkəmizdə prezident seçkilərinin keçiriləcəyini bilə-bilə iş adamlarından, sahibkarlardan ibarət narazılar ordusu yaratmaqla nəyə nail olmaq istəyir?

Məlumatda bildirilir ki, R.Aslanlının məlum qərarından sonra bir çox biznesmenlər fəaliyyətlərini məhdudlaşdırmalı olublar. Bu isə ölkə iqtisadiyyatına mənfi təsir etməklə bərabər, xeyli sayda insanın işsiz qalmasına səbəb olub. 2018-ci il seçkiləri ərəfəsində bir yanlış qərarla həm iş adamlarında narazılıq yaratmaq, həm də işsizlərin, beləliklə, həm də hökümətdən gileylilərin sırasını sıxlaşdırmaq görəsən, nəyə xidmət edir?!

Cənab R.Aslanlıdan bu suala cavab cavab gözləyirik.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}