Böyük güclərin Qarabağ oyunu yeni müstəviyə keçir – Ekspertlər
Tarix: 13-11-2017 09:17 | Bölmə: Slayd
Böyük güclərin Qarabağ oyunu yeni müstəviyə keçir

Artıq neçə müddətdir ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini artırıb. Rəsmi Moskva səviyyəsində ciddi addımlar atılmasa da, Rusiya prezidenti Putinə yaxın dairələrdən münaqişənin həlli ilə bağlı yeni detalların mesajı verilir.
Analoji olaraq, Azərbaycanda da Qarabağ probleminin həlli ilə bağlı yeni polemikalar açılıb. Bu günlərdə "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu geniş bir təhlil hazırlayaraq ilginc ehtimallar irəli sürüb. Politoloq hesab edir ki, Vladimir Putinin Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var.
Onun etibarlı qaynaqdan əldə etdiyi məlumata görə, Rusiya prezidenti Putinin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun azad olunması ilə bağlı Azərbaycan qarşısındakı şərtlər bunlardır:

“Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır.

İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır.

Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir.

Çox ağır şərtlərdir. Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir".

Azərbaycanın ictimai-siyasi arenasında təmsil olunan şəxslərin isə mövqeyi fərqlidir. Bəziləri bu kimi ehtimalların gündəmə gətirilməsində maraqlı qüvvələrin olduğunu düşünür. Bir qism isə hesab edir ki, ortada hansısa ciddi məsələ var və indiki proses planlaşdırılan danışıqlara zəmin hazırlayır.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə Reyting.az-a deyib ki, Putinin müzakirəyə çıxarılmış şərtləri yeni deyil. Onun sölərinə görə, Rusiya lideri uzun müddətdir ki, Azərbaycana qoşunlarını qaytarmaq və Rusiya qarşısındakı öhdəliklərlə əl-ayağımızı bağlamaq, tam olaraq bizi nəzarətə götürməyə çalışır:

“Uzun müddətdir ki, "Avrasiya İttifaqına girək, Gömrük sazişinə qoşulaq, Təhlükəsizlik Şurasında təmsil olunaq, Putin də bizə sinidə 3-5 rayon qaytarsın" bəyanatı Parlamentdən başlamış müxtəlif kürsülərdən səslənir. Bunu səsləndirənlər hakimiyyətin daxilindəki rus kolonunun üzvləri, uzantılarıdır. Öz vəziyyətlərini, yəni "qarınlarını otarmaq" üçün hər işə hazır olanlardır.

Məsələnin mahiyyəti nədən ibarətdir? Putin bu abdallar qədər axmaq deyil. Putin 3-5 rayon söhbətini Azərbaycanın suverenliyini əlindən almaq üçün edir. Müstəqil Azərbaycan Cənubi Qafqazı dayanıqsız vəziyyətdə saxlayır. Gürcüstan və Azərbaycanın mövqeyi rus planlarına uyğun deyil. Kreml nəyin bahasına olur-olsun qoşunlarını geri qaytarmağa çalışır. Ona mane olan Türkiyə faktoru və Azərbaycanın siyasi rəhbərliyinin kövrək də olsa, birmənalı mövqeyidir. Etiraf etmək lazımdır ki, rus qoşunlarına qarşı İlham Əliyev hələlik sabit mövqeyə malikdir. Belə davam etməsi lazımdır. Rus qoşunlarını ərazimizə buraxmaq olmaz, eləcə də digər növ orduları. Belə olduqca, nə zamansa torpaqları geri qaytarmaq mümkün olacaq. Çünki digər variantlarda torpaqlarımızı itmiş saymalıyıq. Bu tarixi məsuliyyəti hamı dərk etməlidir.

Torpaq heç kəsin dədə əmlakı deyil, bu nemət xalqındır. Ona görə də millətin nə vaxtsa, torpaqlarını yeganə yol olan zor-diplomatik yolla geri qaytarmasının qarşısı kəsilməməlidir. Belə müqəddəs hüquq bir qrupun, regionun, komandanın, fərdlərin marağından qat-qat yüksəkdir. Ona görə də belə məhəlli şərtlər qəbuledilməzdir”.

Maraqlı məzqamlardan biri də odur ki, son dövrlər Türkiyə prezidenti Ərdoğan da Qarabağ münaqişəsinin həlli prosesində iştirak etmək üçün ciddi cəhdlər edir. Belə ki, Ərdoğan il ərzində rusiyalı həmkarı Putinlə bir neçə dəfə görüşür, fikir mübadiləsi aparır. Ancaq növbəti görüş fərqlidir və bunun Azərbaycan üçün mühüm əhəmiyyəti var. Ərdoğan Putinlə budəfəki görüşünü əsasən iki mövzuya həsr etmək istəyir. "Atlas” Araşdırmalar Mərkəzinin təhlilində qeyd olunub ki, birinci mövzu Dağlıq Qarabağ münaqişəsi ilə bağlıdır. "Türkiyə prezidenti Bakı-Tbilisi-Qars dəmiryolunun açılışından sonra Ankaraya qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında dedi ki, Putin istəsə Qarabağ münaqişəsini qısa müddətdə həll etmək olar. Ərdoğan bu açıqlaması ilə ona işarə edib ki, Ermənistan tamamən Rusiyadan asılıdır və Kreml sahibinin istəyi yetər ki, Ermənistan prezidentinin kimliyindən asılı olmayaraq İrəvan qeyd-şərtsiz Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Bu belədir. Ancaq siyasətdə istəklər qarşılıqlıdır və Rusiya prezidenti əvəzini almadan münaqişəni Azərbaycanın xeyrinə həll etməyəcək. Azərbaycanın tələbi bundan ibarətdir ki, Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması erməni separatçılarının tələb etdiyi kimi statusu müəyyənləşdirəcək referendum tarixinə bağlı olmasın. Sazişdə bu maddə olmasın. Rəsmi Bakı rayonların boşaldılması əvəzinə Dağlıq Qarabağın "aralıq statusuna” və bölgədə yaşayan ermənilər üçün təhlükəsizlik təminatına razılaşa bilər. Ancaq Kreml üçün bu azdır”.

Ə.Əliyev isə hesab edir ki, Ərdoğan və onun timsalında Türkiyə Azərbaycanın ən yaxın, əvəzedilməz müttəfiqidir. Amma partiya sədrinin qənaətincə, Ərdoğanın səyləri ciddi nəticə verə bilməz:

“Bu gün bütün imkanları ilə cənab Ərdoğan məsələnin həllinə həlledici təsir gücündə deyil. Rusiyanın zəifləməyini gözləməliyik. Rusiya mane olduqca - o isə mane olmaqda israrlıdır - bizim karımıza heç kəs gələ bilməyəcək. Ona görə də prosesi uzatmaq, uyğun zamanı gözləmək lazımdır. Mümkün olarsa, Türkiyə ilə hərbi və digər sahələrdə daha dərin əməkdaşlığa getmək lazımdır”.

Başqa maraqlı məqam isə ondan ibarətdir ki, həmişə olduğu kimi, Rusiya tərəfi Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesdə öncüllüyü ələ alan kimi rəsmi Vaşinqton da hərəkətə keçir. Belə ki, son günlər Qarabağ məsələsi gündəmə gələndən sonra ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta də mövzu ilə bağlı açıqlama verərək “Biz də varıq”,- mesajını verib. O, yerli mətbuata deyib ki, ABŞ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində öz köməyini göstərməkdə davam edir.

R.Sekuta bildirib ki, ABŞ-da yeni administrasiya hakimiyyətə gəldikdən sonra bu məsələni hansı şəkildə davam etdirmək barədə qərar qəbul edilib: "Belə qərara gəlindi ki, ATƏT-in Minsk qrupuna yeni həmsədr təyin edilsin. Biz münaqişənin sülh yolu ilə həlli üçün öz köməyimizi göstərməkdə davam edirik”.

Səfir həmçinin, bu yaxınlarda Vaşinqtona səfəri zamanı Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri Endryu Şofer ilə görüşdüyünü də diqqətə çatdırıb:

"Biz Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesi irəli aparmaq üçün hansı işlər görülməsinin mümkün olması barədə müzakirələr apardıq”.

Bunun ardınca ABŞ-ın ATƏT-dəki Missiyasının müvəqqəti işlər vəkili Harri Kamian noyabrın 9-da Vyanada keçirilən ATƏT Daimi Şurasının iclasında bəyanatla çıxış edib. O bildirib ki, Cenevrə görüşü Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm bir siqnal oldu. Onun sözlərinə görə, həmsədr ölkə olaraq ABŞ, Minsk qrupunun həmsədrlərinin işini qərarlı şəkildə dəstəkləyir: "Biz sizin Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün tərəflərlə sıx əlaqədə olmağınızı yüksək qiymətləndiririk".

Amerikalı diplomat qeyd edib ki, Birləşmiş Ştatlar, oktyabrın 16-də Cenevrədə Minsk qrupunun həmsədrləri ilə Azərbaycan və Ermənistan prezidentlərinin sammitsonrası verdiyi birgə bəyanatı alqışlayır. Onun sözlərinə görə, bu sammit Dağlıq Qarabağ münaqişəsi tərəflərinin yaxşı niyyətlə danışıqlar aparmağa hazır olduqlarına dair mühüm siqnaldır. "Biz şadıq ki, prezidentlər təmas xəttində gərginliyin azaldılması üçün dərhal lazımi tədbirlər görməyə razılaşıblar və biz, tərəfləri bu müsbət təkana əsaslanmağa çağırırıq".

Daha sonra Kamian tərəflərin 2016-ci ilin may və iyun aylarında müvafiq olaraq Vyana və Sankt-Peterburq sammitlərində razılaşdırılmış tədbirləri yerinə yetirmək çağırışını bir daha təsdiqləyib. "Tərəflər Sədrin şəxsi nümayəndəsinin dəftərxanası tərəfindən nəzarətin genişləndirilməsi haqqında razılığa gəliblər ki, bu da son nəticədə 2018-ci il üçün ATƏT-in büdcəsində əksini tapa bilər. Birləşmiş Ştatlar həmçinin tərəfləri ATƏT-in araşdırma mexanizminin yaradılması barədə təklif üzərində işləməyə çağırır".

Göründüyü kimi, həm ABŞ, həm də Rusiya Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fəaliyyətlərini aktivləşdiriblər. Hələlik əməli addımlar olmasa da, hər iki tərəf münaqişənin həlli istiqamətində danışıqları nəzarətində saxlamaq istəyir. Əgər hər hansı bir yenilik olacaqsa, bu, ortaq qərar olmalıdır. Əks təqdirdə, bu iki güc kompromisə getməyəcək, ayaq altında qalan münaqişə tərəfləri olacaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}