16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Milli Məclisin iki Fəzaili duelə çıxıb
Tarix: 15-11-2017 12:26 | Bölmə: Slayd
Milli Məclisin iki Fəzaili duelə çıxıb

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı ilə onun deputat həmkarı Fəzail İbrahimli arasındakı qarşıdurma dərinləşib. Artıq onlar bir-birlərini təhqir etməkdən də çəkinmirlər. Buna səbəb deputatlardan birinin oğlunun avtomobillə adam vurması ilə bağlı yayılan məlumatdır.

Reyting.az-ın xəbərinə görə, Fəzail Ağamalı bildirib ki, avtomobillə adamı onun oğlu yox, Fəzail İbrahimlinin oğlu vurub. Amma F.İbrahimli oğlunu məsuliyyətdən yayındırmaq üçün bu cinayəti F.Ağamalının oğlunun üzərinə atmaq istəyib. F.Ağamalı deputat həmkarının bu hərəkətini namərdlik adlandırıb.

Millət vəkili Fəzail İbrahimli isə həmkarı Fəzail Ağamalının səsləndirdiyi ittihamlara cavabında deyib ki, (Qafqazinfo) adaşı əsəblərinə hakim deyil, “qırmızı həddi” aşır:

"Fəzail Ağamalı sağalıb, gəlsin ürəyimdən keçən məsələləri danışaq. Bu, onun bioqrafiyası ilə bağlıdır. Ona ziyan verə biləcək məlumatlardır, amma mən onları mətbuata açıqlamaram, özünə deyəcəm.

Onun oğlu barəsində xəbər yayılandan bir gün qabaq mənim oğlum yıxılana kömək etmişdi. Mən də mətbuata açıqlama verib oğlumun qəza törətmədiyini dedim. Mətbuat Fəzail Ağamalının oğlunun adını hallandırmışdı, səhəri gün ondan üzr istədi. Bununla da Fəzail Ağamalı gündəmdən çıxdı, sonrakı problemləri mən yaşadım. Məsələ məlum oldu, hüquq-mühafizə orqanları da maraqlandı. Məlum oldu ki, bu qəza deyil.

Əsl namərdlik mənim mətbuata məlumat ötürməyimi düşünməkdir. Mən Fəzail Ağamalıdan belə bir hərəkət gözləməzdim, çoxlu stress keçirib, artıq əsəbləri yerində deyil. Onun həyat tərzi ona-buna sataşmaqdır. Mənim üçün deyib ki, kiminsə kölgəsinə sığınmışam. Onun isə heç kölgəsi yoxdur, tikanı var...”

F.İbrahimli digər açıqlamasında deyib ki, (Sherg.az) Fəzail Ağamalı Fəzail adını elə şoulaşdırıb, elə minalar basdırıb ki, bu adın altında 17 ildir, mina təmizləməklə məşğul olur: “Bunu da axıra çatdıra bilməmişəm. Necə ola bilər ki, birdən-birə mən onun adından istifadə etmək fikrinə düşdüm?

Bizim heç vaxt münasibətlərimiz pis olmayıb. Ona görə, düşünürəm ki, görəsən niyə belə etdi. Həmişə məsafəli münasibətimiz olub, ayrı-ayrı insanlar olmuşuq. Xeyirdə, şərdə görüşmüşük, düşmənçiliyimiz olmayıb. Birdən-birə məni bu cür ittiham etməyi, oğlumu cinayətdə suçlamağı, özümü namərd adlandırmağı, həyat tərzindən söhbət açmağı mənə dəhşət gəlir. Görünür, Fəzail Ağamalının həyat tərzi belədir. Mənim həyat tərzim isə aydındır. Onun həyat tərzini ifadə edəcək bir faktı deməyi isə özümə borc bilirəm. Fəzail Ağamalının indi müsahibə verdiyi "Yeni Müsavat” qəzetində bir neçə il əvvəl şəkli dərc olunmuşdu. Şəkildə əks olunduğu kimi, özün kefli formada, Türkiyə restoranlarının birində, əlindəki dolları hara dürtdüyünü unutmusan? İndi necə həyat tərzindən danışırsan? Bu günə qədər heç bir mətbuat orqanında mənim həyat tərzim müzakirə olunmayıb. Bunları ona görə, deyirəm ki, qananı sözlə, qanmayanı bizlə başa salmaq lazımdır. Mən hələ gözləyirəm ki, o sağalsın, işə çıxsın, sandığı açıb, pambığı töküm. Mən ona deyəcəyəm ki, yerini və həddini bil! Mən namərdlik edib, bunları gündəmə gətirmək istəmirəm. Özün otur tərcümeyi-halındakı qara səhifələri düşün, başqaları haqqında şər-böhtan danışma.

Fəzail Ağamalı ola bilər, yaşı 70-i keçib, söz məsuliyyətini itirib. Amma onun heç vaxt söz məsuliyyəti olmayıb. Ömrü boyu "qırmızı xətt”i keçib, ona-buna sataşa-sataşa, kiminsə haqqında şər-böhtan danışaraq özünə həyat tərzi seçib. Onun növbəti hədəfi də mən olmuşam. Ən azından, onun da 40 minə yaxın seçicisi olub, mənim də. Belə formada üz-üzə gəlmək ayıbdır. Bu ittihamlara cavab verməyimin də səbəbi odur ki, susmaq razılıq əlamətidir. "Namərdliklə”, "kölgəyə sığınmaqla” razılaşmaqdır. O bu ifadələri işlətməsəydi, bəlkə də belə reaksiya verməzdim”.

Milli Məclisin İntizam Komissiyasının sədri, deputat Ağacan Abıyev millət vəkilləri – Fəzail İbrahimli ilə Fəzail Ağamalının bir-birinin ünvanına sərt və təhqiramiz ifadələr səsləndirməsinə münasibət bildirib.

A.Abıyev ölkə.az-a deyib ki, deputatlara etikadan kənar ifadələr səsləndirməməsini tövsiyə edib:

"Mən onların bir-biri haqqında nə deməsindən məlumatsızam. Ancaq bizim Komissiyanın işi sırf Milli Məclisin iclaslarında olan xoşagəlməz hərəkətlərlə bağlı ölçü götürməkdir. Kimlərsə Milli Məclisdən kənarda, mətbuatda bir-biri haqqında hansısa fikirlər səsləndirirsə, buna biz cavabdeh deyilik. Buna cavabdeh olan müvafiq qurumlar var. Yenə də deyirəm, Komissiya yalnız Milli Məclisdə baş verən hadisələrə cavabdehdir. İndi hansısa deputatlar kənarda bir-biri haqqında nəsə söyləyirsə, artıq ona biz qarışa bilmirik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}