07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Ekspertlər həyəcan təbili çalır: Ölkənin bank sistemi çökə bilər
Tarix: 20-11-2017 09:46 | Bölmə: Slayd
Ekspertlər həyəcan təbili çalır: Ölkənin bank sistemi çökə bilər

Devalvasiyadan sonra ölkədə başlayan böhran ilk növbədə bankları “vurdu”. Bir neçə bank bağlandı, bəziləri birləşdi və proses bir qədər səngidi.

Amma deyəsən, bank sektorunda yenidən təhlükəli vəziyyət yaranır.

İqtisadçıların fikrincə, Azərbaycanda fəaliyyət göstərən əksər kommersiya bankları zərərlə işləməkdə davam edəcək.

Azərbaycan Mərkəzi Bankının (AMB) statistik hesabatına görə, 2016-cı ilin yekunu üzrə iqtisadiyyata kredit qoyuluşu 15 800,2 mln. manat təşkil edib ki, bu da 2015-ci ilin yekunundan 5 027,4 mln. manat və ya 24,1 faiz azdır. 2015-ci ilin 30 dekabr tarixinə AZN/USD rəsmi məzənnəsi 1,5594, 2016-cı il 30 dekabr tarixinə isə 1,7707 olub.

Azərbaycanda kreditləşmə dərəcəsinin 50 faiz civarında dalğalandığını nəzərə alsaq, məzənnədə artım kredit portfelini manat ekvivalentində genişləndirməli idi. Lakin bank sektorunun kreditləşməni demək olar ki, dayandırması iqtisadiyyata kredit qoyuluşunu xeyli azaldıb. Bu prosesin yaxın illərdə də davam edəcəyi gözlənilir.

Ekspertlər düşünür ki, kreditləşmənin minimuma endirilməsi bankların faiz gəlirinə ciddi təsir edəcək. Əsas gəlir mənbəyi hesab edilən faiz gəlirləri azaldıqca, banklar qeyri-faiz gəlirləri ilə zərərlərini kompensasiya etməyə çalışacaqlar.

Hazırda AMB depozit hərraci ilə banklara yüksək faiz verərək onlara yardım edir. Lakin məzənnənin sabitləşməsi davam edərsə, bu, mümkün olmayacaq. Qeyri-faiz gəlirlərinin əsas komponentini isə hazırda valyuta əməliyyatlarından gəlirlər təşkil edir. Valyuta bazarında son günlər müşahidə olunan sabitlik isə bankların qeyri-faiz gəlirlərini də minimuma endirəcək. Belə vəziyyətdə bir çox kommersiya bankı ya bağlanmalı, ya da AMB valyuta məzənnəsini dalğalandıraraq onlara kömək etməlidir. Çünki kreditləşmənin bərpası xeyli uzana bilər. Bu səbəbdən də iqtisadçılar Azərbaycanın nağd valyuta bazarında dalğalanmaların davam edəcəyini, lakin məzənnə koridorunun daraldılacağını proqnozlaşdırırlar. Cari vəziyyətdə AZN/USD məzənnəsi 1,60-1,70 diapazonunda ayda 2 dəfə dalğalanmalara məruz qala bilər.

Fakt odur ki, bank sistemində vəziyyət qeyri-müəyyəndir, dövlətin isə ağır maliyyə durumu ilə üzləşən banklara yardım edəcəyi inandırıcı deyil. Onsuz da problemlər içərisində olan bank sektoru manatın iki dəfə devalvasiyasından sonra daha da ağır vəziyyətə düşüb. Geri dönüşü olmayan kreditlərin həcminin artması, faiz dərəcələrinin yüksəlməsi bir kənara, hazırda vətəndaşlar kommersiya banklarına qoyduqları depozitləri də geri çəkə bilmirlər.

Ekspertlər həyəcan təbili çalır: Ölkənin bank sistemi çökə bilər

Bank üzrə ekspert Əkrəm Həsənov “Reytinq”ə deyib ki, əslində, proses davam etməli idi, çünki vəziyyəti yaxşı olmayan banklarımız hələ də var. Amma prosesi süni yolla dayandırıblar ki, guya vəziyyət düzəlib.

Əkrəm Həsənovun sözlərinə görə, bank sistemində durğunluq dövrü başlayıb və problemləri dondurmağa çalışırlar. Bu isə səmərəli yol deyil: “Ən əsası ona görə ki, pis banklar "domino effekti" ilə yaxşı banklara da mənfi təsir göstərir.

İkincisi, hazırda Maliyyə Bazarlarına Nəzarət Palatasında bu işə təsadüfi, az savadı və təcrübəsi olan şəxs rəhbərlik edir. Adı İbrahim Alışovdur. Bank rəhbərlərini çağırıb deyir ki, birləşin. Sanki pis bankın digər pis bankla birləşməsi ilə işlər düzələcək. Sadəcə, nəzarət etmək daha rahat olacaq, amma vəziyyət daha da pisləşə bilər. Ola bilər ki, bu yolla təxmini 6-8 bank öz arasında cüt-cüt birləşsin. Amma bağlanma ehtimalı azdır”.

Ekspertin fikrincə, hazırda ən böyük təhlükə əmanətlərin azalması, problemli kreditlərin artmasıdır: “Bu proseslərin qarşısını almaq üçün heç bir tədbir görülmür. Nəticədə bank sisteminə etimad sarsılır”.

Bir məqamı da unutmaq lazım deyil ki, Azərbaycandakı əksər bankların arxasında hansısa məmur dayanır. Təbii ki, bu da bankların tamamilə sıradan çıxmasına imkan vermir. Ə.Həsənov da bu amilin əhəmiyyətli rolunun olduğunu düşünür: “Bəli, bəzi bankların arxasında məmurlar dayanır və bu da prosesə mənfi təsir edir. Necə deyərlər, əl əli yuyur, əl də üzür. Məmurlar bir-birinin bankına dəymək istəmir. Buna görə də qəti addımlar atılmır. Hesab edirəm ki, bu proses davam edərsə, nəticədə bank sistemi çökə bilər. Bu da ölkə iqtisadiyyatını daha ağır vəziyyətlə üzləşdirər. Amma hələ vaxt var. Ümid edirəm ki, yaxın vaxtlarda bu iş daha dürüst və savadlı insanlara həvalə ediləcək və problemlər tədricən həll olunacaq”.

Ekspertlər həyəcan təbili çalır: Ölkənin bank sistemi çökə bilər

İqtisadçı-ekspert Məhəmməd Talıblı da təqribən eyni mövqedədir. Onun fikrincə, bank sektorundakı narahatlıq hələ bir müddət davam edəcək:

“Bank sektorunda islahat adlandırılan bu prosesə bir az fasilə verilib. 12 bankın bağlanması və ya birləşdirilməsi bank sektorunda yeni situasiya yaradıb. Digər banklar da analoji addımlar nəticəsində bağlanma, yaxud birləşmə növbəsinin onlara çatacağından narahatdır. Bu isə onlar daha çox toksid kreditlərin azalması, konservativ kredit siyasəti yürütmələrini şərtləndirir”.

M.Talıblı sonda qeyd edib ki, banklarla bağlı verilən bu fasilə eyni zamanda monetar sferada devalvasiyanın doğuracağı riski artırdığı üçün həmin islahatları şok terepiyasına məruz qalmadan aparırlar. Amma nəticədə bu islahatlar bank kapitalının konsolidasiyasına gətirib çıxaracaq.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}