16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Separatizm dünyanı münaqişələr meydanına çevirə bilər - Əli Həsənov
Tarix: 20-11-2017 14:39 | Bölmə: Siyasət
Separatizm dünyanı münaqişələr meydanına çevirə bilər

Belçikanın paytaxtı Brüssel şəhərində “Separatizmin beynəlxalq sülhə və təhlükəsizliyə yaratdığı təhdidlər” mövzusunda beynəlxalq forum keçirilir.

Bu gün başlayan forumda Azərbaycandan prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov, Avropa ölkələrindəki Azərbaycan diasporunun nümayəndələri, bir çox ölkələrin sabiq prezidentləri, baş nazirlər, parlament sədrləri, beynəlxalq ekspertlər, siyasi xadimlər, media təmsilçiləri iştirak edirlər.

Tədbirdə çıxış edən Ə.Həsənov deyib ki, bugünkü Forumda beynəlxalq terrorizmin və etnik separatizm kimi təhlükəli meyllərin doğurduğu böhranın həlli yollarının axtarılması ilə bağlı müzakirələrin aparılması mühüm əhəmiyyət daşıyır: “Qaçqın və miqrant problemlərinin, insan alveri və qaçaqmalçılığın, siyasi və iqtisadi sabitliyə, nəqliyyat-enerji təhlükəsizliyinə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasında çətinliklər hamını narahat edir. Bu təhdidlərin içərisində etnik separatizm və onun mənfi təzahürləri xüsusi yer tutur. Hazırda dünyada 220 milyon nəfərdən çox əhalini və 12,7 milyon km² ərazini əhatə edən 50-dən çox əsas etnik separatizm ocağı mövcuddur. Etnik separatizmin nəticəsində yaranan münaqişələrin 20-dən çoxu hərbi toqquşmalarla müşahidə olunur. Avropada Böyük Britaniya ilə Şimali İrlandiya və Şotlandiya, Belçika ilə Flandriya və Valloniya, Fransa ilə Paris aqlomerasiyası və Korsika, İspaniya ilə basklar və Kataloniya, Serbiya ilə Kosovo, Asiyada İsraillə Fələstin, Hindistanla Kəşmir və Pəncab, Çinlə Tibet, Afrikada Nigeriya ilə Şimali Nigeriya, Sudanla Cənubi Sudan, Amerikada Kanada ilə Kvebek, Meksika ilə Çyapas arasındakı etnik münaqişələr uzun illərdir davam edir”.

Azərbaycandan prezidentin köməkçisi bildirib ki, soyuq müharibənin başa çatmasından sonra keçmiş SSRİ məkanında etnik separatizm meyllərinin yeni dalğası meydana gəlib. Azərbaycanda Dağlıq Qarabağ, Gürcüstanda Abxaziya və Osetiya, Moldovada Dnestryanı münaqişələr regionun sabitliyini hər an poza biləcək potensial təhlükə mənbəyinə çevrilib. Bu münaqişələr beynəlxalq hüquqi prinsiplərin kobud şəkildə pozulmasına, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə qarşı ciddi təhdidlərin yaranmasına gətirib çıxarıb: “Bu gün BMT, ATƏT və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatların etnik separatizmə qarşı qətiyyətli mübarizə aparması vacib məsələlərdən biridir. Əks halda etnik separatizm mənfi tendensiya kimi dünya ərazisinin böyük bir qismini millətlərarası münaqişələr meydanına çevirə bilər. Təəssüf ki, hazırda beynəlxalq münasibətlər sistemində hökm sürən “ikili standartlar” siyasəti etnik separatçılığa qarşı qətiyyətli və prinsipial şəkildə mübarizə aparılmasına maneçilik törədir. Bəzi hallarda aparıcı beynəlxalq təşkilatlar etnik separatçılığın aradan qaldırılmasını nəzərdə tutan, təsirli mübarizə metodlarını və cinayətkarların cəzalandırılması mexanizmini özündə ehtiva edən hüquqi normalara bütün dünya dövlətlərinin əməl edib-etmədiyi məsələsinə biganə yanaşırlar. Bu isə BMT, ATƏT və Avropa Şurası kimi təşkilatların obyektivliyinə və prinsipiallığına kölgə salır. Ona görə də həmin qurumlar ikili standartlar mövqeyindən əl çəkməli və etnik münaqişələrin beynəlxalq hüquqi normalar çərçivəsində həlli üçün səylərini artırmalıdır”.

Ə.Həsənov qeyd edib ki, hazırda dini-irqi və milli dözümsüzlük, dağıdıcı separatizm kimi hallar insanları kütləvi şəkildə qaçqın və miqrant həyatı yaşamağa məcbur edir. Bu sahədə mövcud olan problemlərin çətinliyini Ermənistanın etnik təmizləmə və işğalçılıq siyasətinə məruz qalmış Azərbaycan daha yaxından anlayır:

“Erməni separatçılarının Ermənistanın dəstəyi ilə Azərbaycanın ərazisində yaratdığı qondarma, “Dağlıq Qarabağ” rejiminin fəaliyyəti beynəlxalq hüquq normalarının kobud şəkildə pozulması deməkdir. Təəssüf ki, bu məsələyə münasibətdə BMT başda olmaqla, beynəlxalq hüquqi prinsipləri təmin etmək missiyası yerinə yetirdiyini iddia edən təşkilatlar, eləcə də dünyanın aparıcı dövlətləri seyrçi mövqe tutmaqda davam edir. Azərbaycanın mövqeyinə görə, bir dövlətin beynəlxalq hüquq normaları ilə təsbit edilmiş ərazisi daxilində başqa bir dövlətin yaradılması və bu məqsədə nail olmaq üçün milli, etnik zəmində parçalanmaya əl atılması yolverilməzdir. Təcavüzkarın qarşısı alınmazsa, beynəlxalq dairələrin dünyada sülhün və sabitliyin bərqərar edilməsinə yönəldilmiş səyləri nəticəsiz qalacaq, etnik münaqişələrin miqyası daha da genişlənəcək ki, bu da dünya nizamı üçün böyük təhdid deməkdir”.

Ə.Həsənov milli-etnik qarşıdurmaların, dini dözümsüzlüyün, qaçqın və miqrant problemlərinin aradan qaldırılması, insanların sivil birgəyaşayış şəraitində yaşaması üçün mədəniyyətlərarası dialoqun və etnik müxtəlifliyin imkanlarından istifadə etməyin zəruri olduğunu vurğulayıb: “Bununla yanaşı, daim nəzərə alınmalıdır ki, bəşəriyyəti narahat edən qlobal problemlərin həllində ən mühüm vasitələrdən biri də dövlətlərarası siyasi, sosial-iqtisadi, mədəni və elmi-texnoloji qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”.

Tədbir iki gün davam edəcək.(APA)




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}