Siyasilər: Müxalifət 2018-lə bağlı danışıqlara başlamalıdır
Tarix: 23-11-2017 13:09 | Bölmə: Slayd
Siyasilər: Müxalifət 2018-lə bağlı danışıqlara başlamalıdır

Ölkədəki sosial-iqtisadi böhranın dərinləşməsi ictimai-siyasi həyatda da vəziyyəti gərginləşdirib. Hazırda ölkədə ictimai-siyasi sabitlik müşahidə olunsa da, cəmiyyətdə narazılıq artıb.

Onu da nəzərə çatdıraq ki, qarşıdan 2018 - prezident seçkiləri ili gəlir. Bu səbədən də siyasi qüvvələrin aktivləşməsi üçün əsas var.

Maraqlıdır, siyasi qüvvələr bu narazılığı koordinasiya edib ciddi mübarizə mühiti yarada biləcəkmi? Ümumiyyətlə, siyasi qüvvələr hərəkətə keçmək üçün nəyi gözləyir?

“Müxalifət tərkisilah edilib”

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən ADP sədrinin müavini Taliyət Əliyev deyib ki, 2018-ci il prezident seçkilərinə 1 ilə yaxın zaman qalmasına rəğmən ölkənin siyasi həyatında müəyyən tərpənişlər mövcuddur. Amma bu tərpənişləri yetərli saymaq olmaz: “Bunun da obyektiv səbəbləri var. Uzun illərdir ki, müxalifət düşərgəsinə qarşı aparılan repressiya siyasəti bu düşərgəni xeyli zəiflədib. Demək olar ki, müxalifət tərkisilah edilib. Belə bir vəziyyətdə müxalifət düşərgəsindən qeyri-adi nəsə gözləmək də sadəlövhlük olardı”.

T.Əliyev hesab edir ki, müxalifət düşərgəsini mövcud vəziyyətdən çıxarmaq və gələnilki prezident seçkilərində uğurlara imza atmaq üçün çarələr tükənməyib və müxalifətin bu sahədə şansları var: “Sadəcə, bu şansları dəqiq qiymətləndirmək və qaçırmamaqdan ötəri müxalif partiyalar özlərindən asılı olan addımları vaxtında atmağı bacarmalıdır. Düzdür, müxalif liderlər arasında gələnilki prezident seçkiləri ilə bağlı müəyyən məsləhətləşmələr aparılır. Amma hələ ki, konkret nəticələr yoxdur. Bu barədə çox mülahizələr söyləmək olar. Amma qəti olaraq bir fikri bildirmək istəyirəm. Müxalifətin imkanlarını hakimiyyətin əlindəki resurlarla müqayisə etmək olmaz. Müxalifətin əlində olan ən qiymətli resurs indiki zamanda zaman resursudur. Bu zamandan səmərəli istifadə edilsə, qarşıdan gələn prezident seçkiləri ilə bağlı addımlar vaxtında atılsa, müxalifət istədiyinə nail ola bilər”.

“Müxalifət geniş koalisiya formalaşdırmalıdır”

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə deyib ki, qarşıdan gələn seçkilər hadisələrin normal gedişatında mühüm mahiyyət kəsb edə, cəmiyyət resurslarını mütləq şəkildə inhisarında saxlayan hakim partiyanın namizəd dəyişikliyi ilə müşayiət oluna bilər:

“Hərçənd, bunun baş tutmaması üçün hakimiyyət daxilindəki mühafizəkar hissə xeyli təşəbbüslər göstərir. Buna misal olaraq illər uzunu susan “müxalifət” nümayəndələrinin hərəkətlənməsini, oliqarxlar tərəfindən maliyyələşən “neytral” media qruplarının tərpənişini, həmin hakimiyyət qanadından idarə olunan siyasi qurumların radikallaşmasını və s. göstərmək olar. Bu, müqavimətin əlamətləridir. Bu reallığın fonunda müxalifət qüvvələri məsuliyyətli və yetkin davranmalıdır”.

VİP sədri qeyd edib ki, müxalifət yaranmış daxili və xarici konyukturadan istifadəyə cəhd etməli, iqtidara qarşı geniş koalisiya formalaşdırmalıdır: “Ciddi cəbhə formalaşarsa, əminəm ki, iqtidardaxili müxalifət və beynəlxalq çevrələr də müxalifətə geniş dəstək barədə düşünə bilər. Əks halda qələbə formulu əldə edilməyəcək, hakimiyyətin taleyi iqtidar qruplarının daxili mübarizəsi ilə öz aralarında müəyyən ediləcək. Bu səbəbdən müxalifətin inteqrasiyaya, vahid platformaya ehtiyacı zəruri hala gəlib.

Digər variantlar müxalifətin bu seçkilərdə tam qələbəsi üçün yetərli olmayacaq. Əgər müxalifət təşkilatlana bilməsə, məhəlli, kiçik qələbələr uğrunda mübarizə ssenarisi işə düşəcək. Bu halda gələcək hakimiyyət konfiqurasiyasında yer almaq uğrunda savaş qızışacaq. Bu isə ölkədə ümumi siyasi mənzərənin dəyişməsinə az təsir göstərə bilər”.

“…Uğurdan danışmaq sadəlövhlükdür”

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə bildirib ki, siyasi qüvvələr arasında münasibətlər soyuq, etibarsızlıq və inamsızlıq davam etdiyindən mövcud pərakəndəlik hələ uzun müddət qalacaq. Onun qənaətincə, əksər partiyalar korporotiv maraqlardan kənara çıxa bilmir, sponsorlardan asılılıqları qaldığından real qərarlar qəbul edə bilmirlər: “Eyni zamanda, hakimiyyətin cəmiyyətə davamlı basqıları siyasi təşkilatlara da sirayət edib, bu xof və repressiyalar fəallaşmağa, siyasi mübarizəyə qoşulmağa imkan vermir. İndiki məhdud şərtlər altında partiyaların, xüsusən də müxalif partiyaların fəaliyyət göstərməsi əsil fədəkarlıqdır. Ölkədə seçki sistemi olmadığından və seçkili institutlar xaqlın iradəsi ilə formalaşmadığından cəmiyyət ozünü bu proseslərdən kənar tutur və “xalq hakimiyyətin mənbəyidir” müddəsindən imtinaya məcbur edilir. Nə qədər ki, normal seçki və siyasi rəqbət mühiti yaradılmayıb, seçki qanunvericiliyi və seçkiyə münasibət dəyişməyib, hər hansı uğurdan danışmaq sadəlövhlükdür. Müxalifət düşərgəsi vahid namizədlə də seçkilərə qatılsa, bu sadaladığım şərtlərdən birinin olması nəticənin bəri başdan sıfır olması deməkdir”.

AMİP funksioneri qeyd edib ki, müxalifət imkan və əlaqələrini ölkədəki demokratik seçki mühitinin yaradılmasına, beynəlxaql mütərəqqi ictimaiyyəti Azərbaycandakı mövcud acınacaqlı və qeyri-demokratik durumun aradan qaldırılmasına, ən azından yumşaldılmasına səfərbər etməlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}