Təhlükəli qida istehsalçılarına qarşı mübarizə güclənəcək
Tarix: 26-11-2017 12:54 | Bölmə: Slayd
Təhlükəli qida istehsalçılarına qarşı mübarizə güclənəcək

Ölkəmizdə insan səhhəti üçün təhlükəsiz qida istehsalını təmin etmək məqsədilə mühüm addım atılıb. Bir müddət əvvəl Azərbaycan prezidentinin imzaladığı Fərmanla “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi haqqında Əsasnamə” təsdiq edilib. Qida Təhlükəsizliyi Agentliyi 2018-ci ilin yanvar ayının 1-dən fəaliyyətə başlayacaq.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Strateji Planlaşdırma və İnkişaf Departamentinin rəhbəri Ramil Hüseynin qənaətincə, bu agentliyin yaradılması prosesində müasir çağırışlar və yeni təşəbbüslər nəzərə alınır. Həmçinin, dəyər zəncirinin bütün mərhələlərini əhatə edən və risklərin təhlili yanaşmasına əsaslanan qida təhlükəsizliyi sisteminin formalaşdırılması hədəflənir.

Ramil Hüseynin sözlərinə görə, agentliyin fəaliyyətə başlaması bu sahədə idarəetmənin səmərəliliyini və optimallığını təmin edəcək, pərakəndəliyi və təkrarlanmaları aradan qaldıracaq. Qida təhlükəsizliyi ilə bağlı vahid idarəetmənin tətbiqi resurslara qənaət edilməsinə, istehlakçı maraqlarının qorunmasına, ixrac və idxal proseslərində sənədləşmənin asanlaşmasına, xarici ölkələrə ixrac edilən qida məhsullarının qida təhlükəsizliyi sertifikatı ilə təmin edilməsinə, idxal olunan qida məhsullarının təhlükəsizliyinin təmin edilməsinə, sahibkarlıq subyektlərində yoxlamaların azaldılmasına və şəffaflaşdırılmasına, genetik modifikasiya olunmuş qida məhsullarının ölkəyə idxalına nəzərətin gücləndirilməsinə səbəb olacaq:

“Bununla həm də Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair “Strateji Yol Xəritəsi”nin qida təhlükəsizliyinə nəzarət sahəsində müxtəlif orqanların fəaliyyətindəki paralelliyin aradan qaldırılması və effektiv tənzimləmə sisteminin qurulması ilə bağlı tədbirin icrası təmin olunacaq”.

Ümumiyyətlə, bütün maraqlı tərəflərin iştirakçılığına və riskəsaslı yanaşmaya əsaslanan qida təhlükəsizliyi sisteminin yaradılması ilk növbədə Azərbaycan vətəndaşlarının keyfiyyətli qida məhsulları ilə təminatına xidmət edəcəkdir.

Bu barədə fikirlərini “Reytinq”lə bölüşən əmtəəşünas, araşdırmaşı yazar Elçin Bayramlı deyib ki, belə bir orqanın yaradılmasına çoxdan ehtiyac var idi. Onun fikrincə, digər müvafiq dövlət orqanları pərakəndə hüquq və səlahiyyətlərlə bu işin öhdəsindən gələ bilmirdilər:

“Ərzaq təhlükəsizliyinin iki tərəfi var, biri kəmiyyət, digəri keyfiyyət üzrə. İkincisi birincidən də vacibdir. Yəni əhaliyə satılan qida məhsullarının harda istehsal olunmasından daha vacib olan sağlamlıq üçün zərərli olmaması və standartlara uyğun olmasıdır”.

E.Bayramlı qeyd edib ki, yeni orqana yüksək səlahiyyətlər verilməli, onların gömrük postlarında və ölkə daxilində ən yüksək standartlara uyğun modern laboratoriyaları yaradılmalıdır.

Bu qurumda hər hansı neqativ halların, rüşvətxorluğun olma ehtimalına gəlincə, ekspert bildirib ki, mərkəzləşmiş orqanda belə hallara daha çox şəraitin yaranma imkanının olması sirr deyil: “Yəni bu da bəziləri tərəfindən bir növ inhisar kimi qəbul edilə bilər. Lakin ona nəzarət edən üst orqanlar olacaq. Yoxlamalarda yaranan şübhələri aradan qaldırmaq üçün ölkədə müstəqil laboratoriyaların yaradılmasına icazə verilə bilər”.

Müsahibimiz ölkənin qida təhlükəsizliyi sahəsindəki vəziyyətdən də söz açıb. “Təəssüflə deməliyəm ki, bu gün bu sahədə vəziyyət acınacaqlıdır. Çünki idxal olunan məhsulların molekulyar tərkibini, GMO olub olmadığını, tərkibində hansı inqridiyentlərin istifadə olunduğunu, istifadə vaxtını, saxlanma şəraitini ciddi nəzarətdə saxlamaq lazımdır. Yerli istehsalda isə kim nədən, nə istəyirsə, düzəldib bazar-dükana çıxarır. Bu isə keyfiyyətsiz, hətta insan həyatı üçün təhlükəli olur. Saxta və GMO ərzaqlar milli genefondu dağıdır, çoxsaylı xəstəliklər yaradır, sonsuzluqdan tutmuş xərçəngə qədər. Qısası, ərzaq təhlükəsizliyi milli və dövlət təhlükəsizliyi deməkdir. Adi əl cihazları var ki, meyvə-tərəvəzdə misal üçün, nitratların səviyyəsini göstərir. Kim istehsalçı orqanın yoxlamasına şübhə edirsə, bu cihazdan alıb yoxlaya, ya da müstəqil laboratoriyanın nəticələrini alıb qarşılaşdıra bilər”.

E.Bayramlının sözlərinə görə, ölkəmizdə ən ciddi problem ət və süd məhsulları sahəsindədir: “Paketləşdirilmiş məhsulların da çoxunun mənşəyi və istifadə müddəti məlum deyil. Açıq çəki ilə satılanların da həmçinin.

Ən biabırçı vəziyyət yağ və spirtli içki bazarındadır. Bu sahədə saxta məhsullar çoxdur. Satışa çıxarılan hər məhsul yoxlanmalıdır. Rusiya və Belarusda da belə edirlər. Nümunələr topdansatışdan götürülür, problem çıxsa, satışa buraxılmır, yerində aktlaşdırılıb məhv edilir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}