14:16 / 24-04-2024
Nəzir - Akif Abbasov yazır
Ölkəmizdə təhlükəli dini cərəyanlara qarşı zəif təbliğat aparılır - Ekspert
Tarix: 04-12-2017 13:43 | Bölmə: Slayd
Ölkəmizdə təhlükəli dini cərəyanlara qarşı zəif təbliğat aparılır

Ölkəmizdə müxtəlif dini təriqətlərin fəaliyyətinin güclənməsi və bununla sabitliyin təhdid olunması ciddi narahatlıq yaratmadadır. Təbii ki, təhlükəsizlik kimi önəmli məsələlərin diqqət mərkəzində olması, mediada müzakirə edilərək konkret addımların atılması labüddür.

Bəs, bu sahədə vəziyyət necədir? Media, eləcə də aidiyyatı qurumlar önəmli olan təbliğat, maarifləndirmə işini lazımı səviyyədə apara bilirmi?

Qeyd edək ki, bu günlərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) , Mətbuat Şurası və Qafqaz Müsəlmanları İdarəsinin Qubada birgə təşkil etdiyi “Din-media münasibətləri: mövcud vəziyyət və beynəlxalq təcrübə” mövzusunda konfrans keçirilib. Konfransda çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib ki, Azərbaycan mətbuatının dini maarifləndirmə işinin həyata keçirilməsində, dini təbliğatın aparılmasında, dini radikalizm və dini ekstremizmlə mübarizənin təşkilində, milli-mənəvi dəyərlərin qorunmasında rolu danılmazdır:

“Suriya və İraqda münaqişələr baş verərkən bu proseslərin ideoloji cəhətdən Azərbaycana proyeksiyasına ciddi cəhdlər oldu. Bu cəhdlərə qarşı mübarizədə Azərbaycan mediası bizimlə birlikdə ən böyük sipərlərdən birini formalaşdırdı və bu cəhdlərin heç biri baş tutmadı”.

Ölkəmizdə təhlükəli dini cərəyanlara qarşı zəif təbliğat aparılır

Şərqşünas-politoloq Vüsal Hətəmov isə Reyting.az-a açıqlamasında bildirib ki, Gündüz İsmayılovun mövqeyini bölüşmür. Onun firkincə, bu sahədə gözlənilən təhlükələrlə bağlı ciddi yazılar hazırlayan media qurumları elə də çox deyil:

“Komitə rəsmisi deyir ki, Suriya, İraq mövzularında proseslərin tam anlaşılması üçün Azərbaycan mediası guya xüsusi rol oynayıb. Xeyr, düşünürəm ki, Azərbaycanda 4-5 media orqanı olmasaydı, İŞİD, “Əlqaidə” ideologiyası cəmiyyətə qəhrəmanlıq kimi sırınacaqdı. Həmin 4-5 saytların arasında reyting.az, mia.az, birlik.az-ı sadalaya bilərəm.

Lakin ad çəkmək istəmirəm, bəzi aparıcı saytlar belə, İŞİD və onlara bağlı təşkilatları qəhrəman kimi göstərirdilər. Hətta bizdən o təşkilatlara gedən vətəndaşlarımız bəzən mücahid kimi qələmə verilirdi.

Deyərdim ki, Azərbaycan mətbuatı jurnalistika sahəsini texniki cəhətdən peşəkar bilsə də, Yaxın Şərq və din mövzusunda bilgi cəhətdən bərbaddır. Hesab edirəm ki, bu sahədə şərqşünas mütəxəssislərə yer verilməlidir. Mən bu mövzuların media vasitəsilə işlənib ictimaiyyətə təhvil verilməsi ilə bağlı şəxsən DQİDK-nin sədir Mübariz Qurbanlı ilə görüşmüşəm. Lakin komitə sədri bu məsələyə çox soyuq yanaşıb. İndi isə artıq gecdir. Xalq özü İŞİD-lə qeyri-İŞİD-i ayıra bilir”.

DQİDK-nin rəsmisi onu da nəzərə çatdırıb ki, Azərbaycanda Aşura mərasimlərinə siyasi elementlər qatmaq istəyən qüvvələr var. Onun qənaətincə, bu gün də dinlə bağlı təhdid cəhdləri qalır:

“Son illər müşahidə edirik ki, Azərbaycanda Aşura mərasimlərinin başqa ölkələrin tərzinə uyğun keçirilməsinə cəhdlər olunur. Bizdə tarixən Aşura mərasimləri keçirilib və bundan sonra da keçiriləcək, amma təəssüf ki, bəzi dini qruplar, dini dairələr Azərbaycanda Aşura mərasimlərini başqa xalqların ənənələrinə uyğun keçirməyə cəhdlər göstərirlər.

Azərbaycanda Aşura mərasimlərində siyasi elementlər heç vaxt olmayıb, amma bu gün həmin mərasimlərə bu elementləri qatmaq istəyənlər var. Azərbaycanda Aşura məktəbi, İmam Hüseyn məktəbi tarixən şəhadət məktəbidir, amma siyasət məktəbi deyil. Bəzi dini qruplar, hansısa dini dairələr İmam Hüseyn məktəbini siyasət məktəbi kimi təqdim etməyə çalışır”.

Komitə rəsmisi dinlə bağlı başqa təhdid cəhdlərinin olduğunu da deyib. O, din pərdəsi altında Azərbaycan xalqının milli kimliyi ilə dini kimliyini qarşı-qarşıya qoymaq istəyənlərin olduğunu vurğulayıb.

Vüsal Hətəmov isə sədr müavininin Aşuranın siyasiləşdirilməsi ilə bağlı fikirlərinə toxunaraq deyib ki, Aşura fenomeni təkcə yas məramlı deyil, burada elə siyasi elementlər də var:

“Lakin bugünkü dünyada Aşura mövzusu hər bir ölkə üçün fərqli rola malikdir. Hansısa dövlətlərdə Aşura hadisəsi siyasi, hansısa dövlətlərdə yas, hansısa dövlətlərdə mədəni mərasimlər kimi əxz edilə bilər. Azərbaycan tarixində isə bu fenomen siyasi xarakterli deyil, mənəvi bir məqam, birləşdirici, vətənpərvərlik və şəhidlik ruhiyyəsi aşılayan bir mərasimdir.

Məhərrəm ayında insanlarımız fərdi günahlardan çəkinmək üçün, bu mərasimə xüsusi mənəvi hazırlıq görürlər. Bu günlərdə ölkəmizdə bütün fərqli dünyagörüşlü insanlarımız birləşərək kütləvi şadyanalıqdan kənar durmaqla vəhdət təşkil edirlər. Bunun harası siyasi xarakter daşıdı ki? Ola bilər ki, Komitə rəsmisi bunu sözgəlişi, zamanın tələbinə uyğun deyib, əks təqdirdə ictimaiyyəti çaşdırmaq lazım deyil.

Konkret bu mərasimdən dövlətçiliyimizin əleyhinə istifadə edən qüvvələrin adları çəkilməlidir ki, xalq təxribatçıların marağı ilə Aşura mərasiminin mahiyyəti arasındakı həqiqəti səhv salmasın. Ümumiyyətlə, sən dini adət-ənənələrinə sahib çıxmasan, kimsə kənardan gəlib çıxacaq. Çünki dini ayinlər üçün fiziki, coğrafi sərhəd olmur”.

V. Hətəmov qeyd edib ki, Aşura mərasimi dövlət səviyyəsində keçirilməsə gələcəkdə istənilən arzuolunmaz məqamların şahidinə çevrilə bilərik. “Məhərrəmliklə bağlı heç bir dövlət telekanalı veriliş hazırlamırsa, insanlarımız bu verilişləri kənar dövlətlərin telekanallarında axtaracaq. Təbii ki, digər ölkələrdə keçirilən dini mərasimlər zaman və coğrafi baxımından bizimlə fərq edir. Odur ki, dini ayinlərimizə öz dövlətimiz sahib çıxmalıdır”,-deyə V. Hətəmov fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}