16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Təhsil naziri postu uğrunda mübarizə qızışıb
Tarix: 11-12-2017 11:05 | Bölmə: Slayd
Təhsil naziri postu uğrunda mübarizə qızışıb

Hakimiyyətdəki qruplaşmalar ölkə təhsilinin başına öz kadrını yerləşdirməyə cəhd edir; Kərəm Həsənov, Heydər Əsədov və bir neçə icra başçısının karyerası təhlükədədir

Prezident İlham Əliyev ötən həftə Qubanın icra başçısı Yaşar Məmmədovu, bir neçə gün əvvəl isə vergilər naziri Fazil Məmmədovu vəzifələrindən azad etdi.

Təhsil naziri Mikayıl Cabbarovun vergilər naziri təyin edilməsi ilə yanaşı, onun boşalan postuna hələ də təyinatın olmaması hazırda cəmiyyətin daha çox müzakirə etdiyi mövzulardan biridir.

Reyting.az-a daxil olan məlumata görə, yaxın günlərdə təhsil naziri vəzifəsinə təyinat olmaya da bilər. Hakimiyyətə yaxın şəxslərdən birinin iddiasına görə, mümkündür ki, bu təyinat bir qədər uzansın: “Təhsil naziri vəzifəsinə yaxın iki-üç gün ərzində təyinat olacağı inandırıcı deyil. Bunun iki səbəbi var.

Birincisi, Mikayıl Cabbarovla bağlı o qədər ani qərar verildi ki, təhsil naziri kimi strateji posta təyinat üçün hazırlıq görülməyib.

İkincisi, bu posta bir neçə qruplaşmanın iddialı olması seçimin uzanmasına və daha dəqiq qərar verilməsinə ehtiyac yaradıb.

Nəhayət, hələlik təhsil naziri vəzifəsini icra edən birinci müavin Ceyhun Bayramovun əvvəldən Mikayıl Cabbarovla işləməsi, yarımçıq qalan layihələrin davam etdiriləcəyinə inamsızlıq yaratmır. Ona görə də, hələ bir müddət onunla “yola davam” edə bilərlər. Mümkündür ki, ölkənin ciddi qruplarından birinə bağlı olan Ceyhun Bayramovun nazir təyinatına da cəhdlər olsun. Bildiyimə görə, onun təhsil nazir təyin edilməsinə dostu, yeni vergilər naziri Mikayıl Cabbarovla yanaşı, maliyyə naziri Samir Şərifov da cəhd edir, bu istiqamətdə iş aparırlar”.

Məlumatlı şəxsin sözlərinə görə, vergilər naziri Fazi Məmmədovun “vurulması”ndan sonra ona bağlı olan məmurların da karyerasının təhlükədə olması barədə deyilənlərə ciddi yanaşmaq lazımdır:

“Bir neçə gündür Fazil Məmmədovun yaxın qohumları və kadrları haqqında mətbuatda və sosial şəbəkələrdə bir-birinin ardınca xəbərlər yayılır. Bəli, mən də düşünürəm ki, Fazil Məmmədovun nazir postundan gedişi Binəqədinin icra başçısı Xaləddin İsgəndərov başda olmaqla, Gədəbəyin icra başçısı Ramiz Yediyarov, Şəmkirin icra başçısı Alimpaşa Məmmədovla yanaşı, digər qurumlarda çalışan əksər kadrlarına təsirsiz ötüşməyəcək. Ən azı ortada Ziya Məmmədov nümunəsi var. Bütün bunlar deyilənlərin ciddiliyini artırır”.

Mənbəmiz deyir ki, bir həftə əvvəl sabiq nazir Ziya Məmmədovun qohumu, Quba rayonunun icra başçısı Yaşar Məmmədovun da işdən kənarlaşdırılması bu ehtimalları ciddiləşdirir: “Hesab edirəm, Fazil Məmmədov və ətrafı da Ziya Məmmədov kimi mərhələli şəkildə “budanacaq”.

Ancaq bu prosesin təkcə Fazil Məmmədovun yaxın çevrəsi ilə bitəcəyini düşünməyin. Bir neçə komitə sədri və nazir də işdən azad oluna bilər”.

İddia olunur ki, indi hədəfdə Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovdur:

“Milli Təhlükəsizlik Nazirliyi ətrafında proseslər başlayanda, ilk olaraq Fazil Məmmədovla Kərəm Həsənovun adı mətbuatda qabardıldı. Fazil Məmmədov vəzifədən kənarlaşdırılan kimi hakimiyyətin çətiri atında olan media orqanlarında “MTN işi”nin xüsusi xatırlanmasını da unutmayın. Yəni, hökumətin “MTN işi”ndə adı daha çox hallanan iki üzvündən birinin “yola salınması” və bundan dərhal sonra Eldar Mahmudovla əlaqələrin iqtidar mətbuatında “təhlili” göstərir ki, iqtidar dövrü mətbuatda yazılanları diqqətsiz buraxmayıb və əlverişli zaman gözləyib. Bu zaman artıq yetişib. Ölkənin vergi sisteminə başçılıq edən şəxs “yola salındı”, indisə növbə ölkənin əmlakını yönəldən şəxsə - Kərəm Həsənova çatıb. Əmin ola bilərsiniz ki, o da çox uzaq olmayan müddətdə vəzifəsindən xaric olunacaq.

Belə bir təhlükə kənd təsərrüfatı naziri Heydər Əsədova da yaranıb.

Bunlarla yanaşı, daha bir neçə komitə sədri və nazirin də karyerasına təhlükə var”.

Məlumatlı şəxs iddia edir ki, hökumət daxilində gözlənilən böyük dəyişikliklərə paralel olaraq, yerli icra hakimiyyətlərində də ciddi proseslərə start veriləcək:

“Qubanın icra başçısının “vurulması” Ziya Məmmədovun qohum və kadrları üçün ciddi siqnal oldu. Onun qohumlarının rəhbərlik etdiyi rayonlarla bağlı tezliklə qərar veriləcək. Beləliklə, Ucar və Zərdabın icra başçıları da qarşılarına qoyulan öhdəlikləri bitirər-bitirməz vəzifədən xaric ediləcəklər. Bundan sonra sabiq nazirin polis və prokurorluqdakı qohumlarına növbə çatacaq”.

Fazil Məmmədovla Kərəm Həsənova bağlı olan icra başçılarının da tezliklə vəzifələri ilə vidalaşacaqları bildirilir. “Digər qruplara bağlı olan xeyli sayda yarıtmaz icra başçısı da var ki, ən uzağı gələn ilin payızında keçiriləcək prezident seçkilərinə bir neçə ay qalmış vəzifədən uzaqlaşdırılacaqlar. Bu sırada Sabirabad, Kürdəmir, Cəlilabad, Lənkəran, Daşkəsən, Beyləqan, Hacıqabul, Xızı və təxminən 20-yə yaxın rayon rəhbərlərinın adını çəkmək olar”,- deyə sonda mənbəmiz bildirib.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}