2018 - ölkəmizdə böyük dəyişiklik ili, yoxsa?..
Tarix: 12-12-2017 11:05 | Bölmə: Slayd
2018 - ölkəmizdə böyük dəyişiklik ili, yoxsa?..

19 gündən sonra 2018 - seçki ili başlayır. Ancaq Azərbaycanın siyasi düşərgəsi hələ də seçki ilində hansı taktikanı seçəcəyinə, ümumiyyətlə, siyasi prosesləri necə istiqamətləndirəcəyinə dair qərar verməyib.

Müxalifətin bir cinahı olan Milli Şura ölkədəki anti-demokratik vəziyyəti əsas gətirərək seçkiyə qatılmaq istəmir. Hələlik bu barədə qəti qərar verilməsə də, ilkin mövqe bundan ibarətdir.

Konkret birlik çərçivəsində olmasa da, müxalifətin digər cinahı Strateji Milli Düçüncə Mərkəzi ətrafında müzakirələrə başlayıb. Qurumun “Prezident seçkiləri: boykot, yoxsa iştirak?" mövzusunda keçirdiyi müzakirələrdə gələn illə bağlı planlar cızılır.

Qeyd edək ki, dəyirmi masaya qatılan ictimai-siyasi qüvvələr 2018-ci ildə Azərbaycanda keçiriləcək prezident seçkilərində iştirakı ən vacib məsələ kimi dəyərləndirib və birmənalı olaraq seçikiyə qatılmağın tərəfdarı olublar.

2018 - ölkəmizdə böyük dəyişiklik ili, yoxsa?..

Mərkəzin rəhbəri İsa Qəmbər cəmiyyətdə istənilən seçkinin tərəfdarı və əleyhdarları olduğunu söyləyib. Bu baxımdan, ölkənin müstəqillik dövründə keçirilmiş prezident seçkilərini təhlil edən İsa Qəmbərə görə, ölkədə prezident seçkiləri zamanı aktiv boykot 1998-ci ildə, passiv boykot 2008-ci ildə təşkil edilib və heç biri nəticə verməyib.

İ.Qəmbərin fikrincə, ən real prezident seçkiləri 2003-cü ildə keçirilib. "Müxalifət o zaman seçki qələbəsini əldə etdi, amma onu faktiki qələbəyə çevirə bilmədi",- deyə Müsavat lideri 14 il bundan öncəki seçkiləri qiymətləndirib.

Mərkəz rəhbəri deyib ki, indi əsas məsələ demokratik seçki mühitinin yaradılmasına səy göstərmək və Seçki Məcəlləsində demokratik dəyişkliklərə nail olmaqdır:

"Bu mənada Müsavat Partiyası Seçki Məcəlləsində ən önəmli olan 5-6 istiqamət üzrə islahatlar aparılması üçün təkliflər paketi hazılayıb. Hesab edirik ki, məcəllədə dəyişikliklərə nail olmaq üçün indidən çalışmaq lazımdır, elə düşünmək lazım deyil ki, vaxt çox qalır, əslində vaxt çox azdır".

İ.Qəmbər seçkiyə hazırlaşmaq və cəmiyyətin potensialını toplaya bilmək üçün məsuliyyətli qərarlar qəbul etməyin zamanı gəldiyini də vurğulayıb. Onun fikrincə, burada həm də siyasi qüvvələrin funksional əməkdaşlığı üçün platforma da yarana bilir.

Bəs digər müxalifət qüvvələri gələn illə bağlı nə düşünür?

2018 - ölkəmizdə böyük dəyişiklik ili, yoxsa?..

Bu barədə fikirlərini Reyting.az-la bölüşən ADP sədrinin müavini Taliyət Əliyev hesab edir ki, növbəti il proseslərin əsas hədəfi prezident seçkiləri olacaq:

“Hər hansı fövqəladə hadisə baş verməsə, ölkənin siyasi güdəmini məşğul edəcək əsas məsələ seçkilər olacaq. Artıq həm iqtidar, həm də müxalifət düşərgəsində seçkilərlə bağlı ilkin müzakirələr başlayıb. Hesab edirəm ki, gələnilki prezident seçkiləri iqtidar üçün elə də asan olmayacaq. Çünki hakimiyyətdaxili ziddiyyətlər artıq qabarıq formada özünü göstərməkdədir. Elə bir neçə gün əvvəl baş verən kadr dəyişikliyini də təsadüfi saymaq olmaz, baş verənlər qeyd etdiyim ziddiyyətlərin tərkib hissəsidir. Hakim komandada hələ konkret olaraq kimin namizədliyi üzərində dayanacağı da tam həll olunmayıb.

Müxalifət düşərgəsindən artıq bəzi siyasi liderlər seçkilərdə iştirak edəcəklərini bildiriblər. Yəqin ki, gələn ilin əvvəllərindən etibarən bir çoxlarının da seçkilərlə bağlı mövqeyi bilinəcək. Müxalifət düşərgəsinin vahid namizədlə və yaxud hansısa konfiqurasiyada seçkilərə qoşulacağı ilə bağlı isə qabaqcadan fikir bildirməyə çətinlik çəkirəm. Bunun üçün müəyyən zaman lazımdır”.

2018 - ölkəmizdə böyük dəyişiklik ili, yoxsa?..

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə qeyd edib ki, Azərbaycan uzun illərdir, belə demək mümkünsə, eyni templə yaşamaqdadır. Onun sözlərinə görə, neft pullarının nisbətən daha çox axını ölkədə bir çoxlarının həddən artıq varlanmasına gətirib çıxarıb:

“Hətta bu dövrdə də belə insanların böyük qismi gələcəyə münasibətdə o qədər də optimist deyildilər. Həm müxtəlif yollardan bəhrələnərək varlananlar, həm də gündəlik ehtiyacını qarşılamaq üçün əzablara sinə gərənlər sabaha olduqca ümidsiz baxırdılar. Neft pulları kəsiləndən və manatımız dollara qarşı iki dəfə devolvasiyaya uğrayandan sonra cəmiyyətin bədbinliyi daha da artıb. İnsanlar sanki hər gün yenilik arzusu ilə oyanırlar. Lakin bu baş vermir.

Növbəti ildən gözləntilər də arzu olaraq ifadə edilə bilər. Bununla belə, nəzərə alsaq ki, 2018-ci il növbəti prezident seçkiləri ilidir, o zaman nəzəri olaraq hansısa dəyişiklik haqqında ehtimal irəli sürmək mümkündür. Bu ehtimalları gündəliyə gətirən isə hakimiyyətin ölkə prezidentliyə daha bir namizədi irəli sürəcəyi ilə bağlıdır. Artıq mediada, sosial şəbəkələrdə 1-ci vitse-prezident Mehriban xanım Əliyevanın prezidentliyə namizədliyinin veriləcəyi barədə informasiyalar yayılır. Güman edirəm ki, gələn ilin ictimai-siyasi arenada yaddaqalan dəyişiklik baş verərsə, bu, ola bilər”.

Partiya yetkilisi vurğulayıb ki, müxalifət düşərgəsi və ictimai birliklər ictimai-siyasi proseslərə mümkün təsirləri ilə bağlı pessimist fikirdədir:

“Bununla yanaşı, Yaxın və Orta Şərq ölkələri uğrunda hazırda gedən savaş davam etdirilərsə, bunun Azərbaycana təsirləri daha çox ola bilər. Çünki bu region uğrunda iki bölünən güclər getdikcə öz təsir dairələrini daha da artırmağa çalışacaqlar və ölkəmizin neytrallığını qoruyub saxlaması çətin olacaq. Əsas məsələ Azərbaycan ərazilərində böyük güclərin toqquşmasına və silahlı qarşıdurmasına yol verməməkdir”.

2018 - ölkəmizdə böyük dəyişiklik ili, yoxsa?..

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev isə hesab edir ki, gələn il ciddi siyasi proseslər ili olmalıdır. Onun fikrincə, hakimiyyətin uğradığı nəsil dəyişikliyi zərurəti təlatüm yaratmaq potensialına malik işlər sırasındadır:

“Paralel olaraq, yeni maliyyə və sosial reallıqlar, beynəlxalq çalxalanmalar ölkə həyatına öz korrektələrini edə bilər. Fikrimcə, YAP daxilində ola biləcək namizəd dəyişikliyi də gərginlik yarada bilər. Bütün sadaladığım və demədiyim məqamlar gələnilki seçkilərin və bütövlükdə siyasi ilin fonunu müəyyən edəcək amillərdir.

Gələn il cümhuriyyətin 100, Elçibəyin 80, Milli Azadlıq Hərəkatının başlanmasının 30 illik yubileyləridir”.

Ə.Əliyev qeyd edib ki, növbəti seçkilər yeni siyasi mərhələnin başlanğıcı da ola bilər. “Ölkədə siyasi elita, siyasi sistem, oliqarxiya tərkibi, regional vurğu və bir sıra təməl zəminlər yenilənə bilər”,-deyə VİP sədri fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}