Məmurların döydüyü zabit cərrahi əməliyyata hazırlanır; İcra başçısının qoçularına cinayət işi açılıb
Tarix: 08-01-2018 21:12 | Bölmə: Slayd
Məmurların döydüyü zabit cərrahi əməliyyata hazırlanır; İcra başçısının qoçularına cinayət işi açılıb

Novxanı bağlar massivinin Sumqayıta aid ərazisində, Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları və onların yanındakı 20 nəfərədək “qoçu dəstəsi” tərəfindən vəhşicəsinə döyülərək hospitala yerləşdirilmiş mayor rütbəli zabitin səhhəti ağır olaraq qalır.

Reyting.az-ın məlumatına görə, müxtəlif bədən xəsarətləri, gözün zədələnməsi, eləcə də çənə və üzün almacıq sümüyünün sınığı diaqnozu ilə müalicə olunan zabit cərrahi əməliyyata hazırlanır. Həkimlərin yekun qərarından sonra, cərrahi əməliyyatın bu həftə ərzində olacağı bildirilir.

Məlumatda qeyd olunur ki, məlum cinayət hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Baş verən hadisə ilə bağlı şənbə və bazar günləri ilkin istintaq hərəkətləri aparılıb, müxtəlif dəlil-sübutlar əldə edilib. Sumqayıt Şəhər Polis İdarəsinin də işi araşdırdığı bildirilir.

Amma böyük ehtimalla istintaqı Baş prokurorluq aparacaq. Buna səbəb kimi məmurlar tərəfindən hərbi qulluqçuya qarşı güc tətbiq olunaraq, onun vəhşicəsinə döyülməsi, şəxsi əmlakının dağıdılması və vəzifəli şəxslərin rüşvət tələbi göstərilir. Ona görə də, istintaqın Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsi və yaxud Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə Baş İdarəsi tərəfindən davam etdirilməsi üçün əsaslar yaranıb.

Amma müxtəlif mənbələr rüşvət tələbinin arxasında Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcovun durduğunu ehtimal edirlər. Çox güman ki, icra başçısının belə bir göstərişi olmasaydı, onun tabeliyindəki məmurlar bu “cəsarəti” nümayiş etdirə bilməzdilər. Görəsən, kürəkəni Baş prokurorluqda mühüm vəzifə tutan Z. Fərəcov işin ədalətli aparılmasına imkan verəcəkmi?

Qeyd edək ki, yuxarıda adı çəkilən bağlar massivində qanuni əsaslarla, bütün hüquqi prosedurlara əməl etməklə ev tikdirən və məlum səbəblərdən həlilik ad, soyad və xidmət etdiyi yerin adını çəkmədiyimiz mayor rütbəli zabitdən bu işin müqabilində böyük məbləğdə rüşvət tələb olunub. Problemin yaranmasına zabitin məmurların rüşvət tələbinə əməl etməməsi göstərilir.

Ötən həftənin beşinci günü, Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nəsimi adlı əməkdaşının başçılıq etdiyi “qoçu dəstəsi”ndə məmurlarla yanaşı, fiziki quruluşlarına görə idmançıya bənzəyən təxminən 20-yə yaxın şəxs də olub. İlkin məlumata görə, həmin “qoçulardan” biri Sumqayıtın Corat qəsəbəsindən Hikmət adlı şəxsdir. O, idmanın qaydasız döyüş növü ilə məşğul olur və adı müxtəlif qalmaqallı hadisələrdə hallanır.

Adlarının çəkilməsini istəməyən qonşular Reyting.az-a deyiblər ki, “qoçular” hadisə zamanı zabitin hərbi formada olmasına da əhəmiyyət verməyiblər: “Qonşumuz evini sökənlərə tikintiyə aid müvafiq sənədləri göstərərək, qanunsuz iş görmədiyini və söküntünün dayandırılmasını tələb eləsə də, ona əhəmiyyət vermədilər. Hətta icra hakimiyyətinin nümayəndəsi ona açıq şəkildə dedi ki, bizə sənəd göstərmək lazım deyil, “hesabı”çatdırımaq lazım idi. Tələb olunan məbləğ çatmadığı üçün evi sökürük, kimə istəyirsən, şikayət elə! Bu zaman tərəflər arasında mübahisə yarandı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin adı ilə gələnlər artıq damı bağlanmış evi sökməklə yanaşı, onun sahibini də vəhşicəsinə döydülər. Amma o, döyülsə də, əsl zabitə xas davranış nümayiş etdirdi, zabit qürurunu qorudu, azğınların qarşısından çəkilmədi, qorxmadı. Ən pisi isə o oldu ki, zabit qonşuların və ətrafdakı digər şəxslərin köməkliyi ilə xəstəxanaya aparılarkən, “qoçu dəstəsi” yenə ondan əl çəkmək istəmirdi. Əllərinə müxtəlif soyuq silahlar - armatur parçaları və digər əşyalar götürüb onun arxasınca qaçırdılar. Sanki Azərbaycan zabitini öldürmək istəyirdilər”.

Qonşuların daha bir narazılığı Daxili İşlər Nazirliyinin 102 xidmətindəndir. Onların dediyinə görə, evə basqın zamanı zərərçəkmiş şəxs nazirliyin 102 xidmətinə dəfələrlə zəng vuraraq, onun şəxsi mülkünün dağıdılması barədə xəbər versə də, polislər hadisə yerinə çox gec gəliblər. Hətta ev sahibi şəhərdən gəlib hadisə yerinə çatsa da, Daxili İşlər Nazirliyinin ərazi üzrə əməkdaşları hadisə baş verən əraziyə zabit döyülüb xəstəxanaya aparıldıqdan sonra çatıblar:

“Polislər gələndə artıq gec idi. Zabit döyülmüşdü, evi dağıdılmışdı, hətta həyətdəki yaşıllıqlar və tikinti materilları da məhv edilmişdi. Daxili İşlər Nazirliyinin ərazi üzrə nümayəndələri hadisə yerinə gəlib, sanki heç nə olmayıbmış kimi, icra hakimiyyətinin cinayətin törədilməsinə şərait yaratmış əməkdaşları ilə görüşüb, hal-əhval tutub getdilər. Yəni cinayətə biganə yanaşdılar”.

Onu da qeyd edək ki, zərərçəkmiş ölkədə tanınmış ailənin nümayəndəsidir.

Reyting.az saytı Baş prokurorluqla yanaşı Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsələyə reaksiyasını gözləyir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}