2018 siyasi proseslərdə dönüş ili olacaq - Siyasilər
Tarix: 09-01-2018 14:34 | Bölmə: Slayd
2018 siyasi proseslərdə dönüş ili olacaq

Artıq 2018-ci il başlayıb. Siyasi baxımdan dəyərləndirsək, ilin sonunda prezident seçkiləri olduğu üçün, bu il ölkəmizdə ictimai-siyasi baxımdan aktivlik müşahidə ediləcək. Ancaq hələlik siyasi düşərgədə hər hansı hərəktlənmə yoxdur.

Maraqlıdır, siyasi partiyaların seçki ilində planları varmı, yaxud bu planlar nədən ibarətdir?

2018 siyasi proseslərdə dönüş ili olacaq

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev fikirlərini “Reytinq”lə bölüşərkən deyib ki, 2018-ci il siyasi baxımdan seçki ilidir, ölkənin gündəliyi prezident institutunun formalaşmasına köklənəcək. Onun qənaətincə, siyasi partiyaların da fəaliyyəti əsas kampaniyaya uyğun olacaq:

“Müxalifət bütövlükdə situasiyaya adekvat olmağı bacarmalıdır. Bu ana qədər vəziyyət iqtidarın xeyrinədir. Resurslara tam sahiblənmiş hakim Yeni Azərbaycan Partiyası heç nəyi dəyişmək fikrində deyil. Status-kvo onların xeyrinədir.

Müxalifətin mənimsəyə biləcəyi yeganə mənbə isə xalq, onun əksəriyyətini təşkil edən narazı çoxluqdur. Çoxluq o halda prosesə dəstək verəcək ki, inandırıcı, uğurlu versiyanın şahidi olsun. Başqa sözlə, hakimiyyətin yola salınması ehtimalı yüksək olsun. Xalq prosesə daxil olsa, ən böyük əngəl olan psixoloji durum iqtidarı ayaqda tutan sütunları laxladacaq. Bu sütunlar cinayətkarcasına seçkiləri saxtalaşdıran mexanizmlərdir- seçki komissiyaları, administrativ resurs, polis qüvvələridir. Şəbəkə bilməlidir ki, saxtakarlığa görə cəza ola bilər. Yalnız o halda nəyəsə ümid etmək olar. Belə dəngə beynəlxalq çevrələri də ehtiyatlı olmağa sövq edər. Bunların baş verməsi üçün müxalifət partiyaları inteqrasiyanı sürətləndirməli, çevik siyasət yürütməlidir. Əgər təmaslar intensivləşməsə, təşkilati müstəviyə transformasiya etməsə böyük uğurdan danışmaq əbəsdir. Belə olan təqdirdə təşkilatlar məhəlli faydaları düşünmək zorunda qalacaqlar.

Biz partiya kimi bütün ssenarilərə hazır olmalıyıq, hazırlaşırıq da. Müxalifət təşkilatlansa, dəstəyimizi əsirgəməyəcəyik. Olmasa, milli maraqları üstün tutmaqla fəaliyyət göstərəcəyik”.

2018 siyasi proseslərdə dönüş ili olacaq

AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə “Reytinq”ə açıqlamasında bildirib ki, 2018-ci il müxalifət düşərgəsi üçün məhsuldar və çox gərgin olacaq. Onun sözlərinə görə, bu ilin sonlarına yaxın keçiriləcək prezident seçkiləri qarşıduran siyasi düşərgələr arasında gedən rəqabəti daha da gücləndirəcək: “Baxmayaraq ki, rəqabət və siyasi fəaliyyət mühiti çox məduddur, eyni zamanda, qüvvələr nisbəti də iqtidarın xeyrinə kəskin fərqlənir.

Lakin dünyada və regionda gedən sürətli proseslər, həmçinin hakimiyyətdaxili ziddiyyətlərin kəskinləşməsi çox şeyləri dəyişə bilər. Bəzən bu, proqnozlaşdırılmayan və gözlənilməz hal ala bilər. Ona görə də müxalifət proseslərin hər cür axarına hazır olmalıdır ki, onu vaxtında öz istəyinə uyğun istiqamətləndirə və nəzarətdə saxlaya bilsin.

Bu il hakimiyyətin daha sərt siyasi xətt yürüdəcəyi ehtimalları daha çoxdur. Çünki İranda baş verən etirazlar, Rusiyada keçiriləcək prezident seçkiləri, Türkiyədə siyasi mübarizənin şiddətlənəcəyi istər-istəməz Azərbaycana da təsir göstərəcək. Azərbaycan elə bir coğrafi məkanda yerləşib ki, bura qeyri-stabil və böyük güclərin rəqabət meydanıdır”.

Partiya yetkilisi hesab edir ki, müxalifət düşərgəsi hakimiyyətin gözlənilən basqılarını dəf etmək, daxili və xarici faktorların diqqətini özünə çəkmək, bu iki vacib faktorun dəstəyini almaq üçün birlik nümayiş etdirməlidir: “Ən azından qarşılıqlı ittihamlardan, qarşıdurmalardan maksimum çəkinməlidir. Azərbaycanda onsuz da siyasi fəaliyyət göstərmək və sivil mübarizə aparmaq üçün meydan günü gündən daraldılır. Qanunlar sərtləşdirilir, repressiyalar və cəmiyyətə daha artıq basıqlar üçün qanunvericilik bazası yaradılır. Baxın, qanunlara edilən son dəyişikliklərin hamısı neqativ xarakterlidir, hakimiyyətin möhkəmlədnirilməsinə, demokratiyanın boğulmasına, mərkəzləşdirilmiş sərt idarəetməyə, bütün sahələrdə total nəzarətə hesablanıb. Bu, həm də onu deməyə əsas verir ki, iqtidar özü də mümkün real təhlükələri hiss edir və nəyin bahasına olursa-olsun önləyici tədbirlər görür. Plansız, təhlillər aparılmadan və reallıqlar qiymətləndirilmədən müxalifət tərəfindən atılan addımlardan qarşı tərəfin faydalanmaması üçün uzun müdət yararlanılan taktika təkmilləşdirilməlidir. Yəni mübarizə meydanlarda deyil, daha effektli resurslar üzərindən qurulmalıdır”.

2018 siyasi proseslərdə dönüş ili olacaq

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Niyaməddin Orduxanlı isə hesab edir ki, Azərbaycanda müxalifət yekdil deyil. Onun fikrincə, bir, bütün rəngləri qara görən, yəni, qısas hissi ilə yaşayan, nəyin bahasına olur-olsun hakmiyyətə gəlmək üçün hər cür əməkdaşlığa hazır olan radikal müxalifət var, bir də, hökümətlə əməkdaşlıq etməklə problemlərin həllinə nail olma yolunu tutan konstruktiv müxalifət:

“Radikal müxalifətin 2018-ci ildə müxalifətdə qalmasının 25 illiyidir. Uzun illərdi heç bir uğur qazana bilməyiblər. Məncə, bu ildə radikal müxalifət üçün heç bir perspektiv görsənmir. Ən yaxşı halda bunlar bu il 25 illik “yubleylərini" qeydə edə bilərlər. Əslində bu fikrim ironiya olsa da, real həqiqətə söykənir. Dünyanın heç bir ölkəsində 25 il müxalifətdə qalmaq təcrübəsi yoxdur. Elə bir ölkə göstərə bilməzsiniz ki, 25 il müxalifətçilik etsin. 25 il bundan qabaq müxalifətdə olan siyasətçilər artıq həm hakimiyyətə gəlib, həm də hakimiyyət müddətini başa vurub, indi öz nəvələri ilə vaxt keçirdirlər. Bunlar isə, utanmadan öz siyasi iddialarından əl çəkmirlər. Bunların uğur qazanmamasının əsas səbəbi apardıqları siyasətdir. Azərbaycan cəmiyyəti radikal siyasətə dəstək vermir. Radikallıq heç zaman xalqa, dövlətə xeyir gətirə bilməz. Bu adamlar "radikal müxalifət" ştatı açıb Azərbaycan dövlətinin milli maraqlarını sevməyən, nifrət edən xarici qüvvələrdən maliyyə almaqla məşğuldurlar. Əsasən də erməni diasporasına dəstək olan qüvvələrdən maliyyələşirlər. Bu səbədən də siyasəti tərk etmək istəmirlər.

Bilirsiniz ki, bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hər dəfə ölkəmizdə seçki zamanında radikal müxalifət bir sıra qüvvələrin Azərbaycan hakimiyyətinə olan təzyiq kampaniyasına qoşulub müəyyən maliyyə qoparırlar. Bu, radikallar üçün yenə gözləniləndir. Çalışacaqlar ki, seçkidə iştirak edib pul alsınlar. Bundan başqa, onlar üçün heç nə gözlənilmir. Hakmiyyət isə, ölkənin inkişafını islahatlarda görən konstruktiv müxalifətlə əməkdaşlıq etməlidir. Bu yol hər kəsə xeyir gətirər. Dövlətin normal məntiqə söykənən müxalifətə ehtiyacı olmalıdır. Sağlam müxalifət həm də, dövlətin inkişafında mühüm rol oynamalıdır.

Radikal müxalifətdən fərqli olaraq konstruktiv müxalifətin xarici qüvvələrə heç bir bağlılığı yoxdur. Prezident seçkisində radikal müxalifətin xarici qüvvələrin əlində yenə də “çomaq” rolunu oynaması gözləniləndir”.

2018 siyasi proseslərdə dönüş ili olacaq

ADP sədri Sərdar Cəlaloğlu isə ölkə.az-a açıqlamasında bildirib ki, bu il ya dünya müharibəsi başlayacaq, ya da qlobal iqtisadi və siyasi böhranın aradan qaldırılması istiqamətində çox ciddi addımlar atılacaq: "Fikrimcə, 2018-ci il il dünyanın taleyinin həll ediləcəyi il olacaq. Azərbaycanın qonşularına baxaq, Rusiyada prezident seçkiləri ilidir, Türkiyədə də seçkilər var, İranda baş verən hadisələri də görürük, Azərbaycanda da prezident seçkiləri olacaq. Bizim yerləşdiyimiz geopolitikada seçkilərin özü aktivlik dərəcəsini qaldıracaq. ABŞ və İsrail bizim yerləşdiyimiz coğrafiyaya açıq şəkildə müdaxilə etmək üçün fürsət axtarır. Bu onu göstərir ki, bölgənin özündə siyasi fəallaşma olacaq. Təbii ki, xarici ölkələrin müdaxiləsi ilə baş verən dəyişikliklərin əleyhinəyəm. İstəmirəm ki, hansısa xarici güc gəlib Azərbaycanda baş verən proseslərə müdaxilə etsin. Azərbaycan xalqı dünyada baş vermiş proseslərdən istifadə edib öz taleyini öz əlinə ala bilər. Rusiyada, Türkiyədə, İranda baş verən hadisələr bu il Azərbaycanda keçiriləcək prezident seçkilərinə təsir edəcək".

Qədəm qoyduğumuz ildə ADP sədrinin müxalifətdən gözləntilərinə gəldikdə, partiya sədri qeyd edib ki, müxalifətin bir araya gəlməsini arzulayır: "Müxalifətin bir araya gəlməsini, vahid namizədlə seçkilərə getməsini və xalqın əvvəlki illərdən fərqli olaraq müxalifətin arxasında durmasını istəyirəm. 2018-ci ildə Azərbaycanda baş verəcək hadisələri yalnız qlobal aləmdə baş verən proseslərdən çıxış edərək dəyərləndirə bilərik".

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}