ABŞ bəzi dövlətləri “qara siyahı”ya sala bilər
Tarix: 15-01-2018 13:35 | Bölmə: Slayd
ABŞ bəzi dövlətləri “qara siyahı”ya sala bilər

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqan 1983-cü ildə Sovet İttifaqını “Şər imperiyası” adlandıranda, bəlkə də, kiminsə ağlına gəlmirdi ki, cəmi səkkiz ildən sonra SSRİ kağız evçik kimi dağılacaq. Sovet İttifaqının dağılmasında obyektiv olmasa da, subyektiv səbəblərdən biri də “Şər imperiyası” ifadəsinin düşüncələrdə özünə yer etməsi oldu.

Reyqandan sonra siyasi xasiyyətnamə olaraq “şər” ifadəsini ABŞ-ın 43-cü prezidenti kiçik Corc Buş 2002-ci ildə Konqresə illik müraciətində işlətdi. O zaman prezident Buş İran, İraq və Şimali Koreyaya “Şər üçbucağı” ünvanını verdi. Bir il sonra ABŞ-ın hərbi müdaxiləsi həmin bucaqlardan birində - İraqda rejimi dəyişdi və Vaşinqton bu ölkəni “Şər üçbucağı”ndan çıxardı.

İraqdan sonra Vaşinqtonun növbəti hədəfinin İran olacağı haqqında 2003-2004-cü illərdə çox fikirlər səslənsə də, bu, baş vermədi.

ABŞ-ın hazırki prezidenti, kəmağıl Donald Tramp İran, Şimali Koreya və Venesuelanı Vaşinqtonun yeni “qara siyahı”sına salmaq cəhdləri etdi. Ancaq Konqres prezidentdən fərqli mövqe tutaraq Şimali Koreya, İran və Rusiyanı ABŞ üçün təhlükə elan etdi və bu dövlətlərdən gələn təhlükələrin qarşısının sanksiyalar vasitəsilə alınmasına qərar verildi. Konqresdə hər iki partiyanın yekdilliklə dəstəklədiyi və “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşılıqlı təsir haqqında” Qanun (CAATSA) adını alan bu qanunvericilk aktının qəbulu zamanı Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Ed Roysun söylədiyi fikir çox diqqətçəkicidir.

Komitə sədri bəyan etdi ki, dünyanın müxtəlif yerlərində olan bu üç ölkə ABŞ-ın başlıca maraqlarına təhlükədir və qonşu ölkələrdə vəziyyəti qeyri-sabitləşdirir.

Bu qanun kəmağıl prezidentin Rusiya diktatoru ilə anlaşmaq imkanlarının da üstündən xətt çəkdi. Qanunun qəbulundan sonra Konqresin Xarici Əlaqələr Komitəsinin üzvü Elliot Engel bəyan etdi ki, əgər prezident Tramp dostu cənab Putinlə qolf oynamaq istəsə, o, Konqresi nəzərə almalıdır: “Çünki biz cənab Putini cəzalandırırıq”.

Beləliklə, Vaşinqtonun ABŞ üçün təhlükə hesab etdiyi dövlətləri bu dəfə prezident deyil, Konqres hədəfə aldı.

Vaşinqtonun bu “qara siyahı”sının əvvəlkilərdən fərqi ondan ibarətdir ki, bu, qanun şəkilində qəbul olunub. Bu qanunun qüvvədən düşməsinə heç bir prezident Konqresin tam dəstəyini qazanmadan nail ola bilməz. ABŞ-ın qanunvericilk tarixindən az-çox məlumatlı olanlar bilir ki, bu qanun bir neçə onilliklər boyu qüvvədə olacaq.

Qanunun 241-ci maddəsi isə ABŞ-ın icra hakimiyyətinin üzərinə - peşəsindən və cəmiyyətdəki mövqeyindən asılı olmayaraq - Rusiya prezidenti ilə hansısa əlaqəsi olan şəxsin Birləşmiş Ştatlardakı bütün daşınar və daşınmaz əmlakının müəyyənləşdirilməsi və siyahının Konqresə təqdim edilməsi vəzifəsini qoyub. Qanunun müəyyən etdiyi son tarix 29 yanvar 2018-ci ildir. Məhz bu tarixə kimi icraedici hakimiyyət Rusiya hakimiyyətinin hər bir elementini araşdırıb, onların ABŞ-da nəyinin olub-olmadığını müəyyən etməlidir.

Qanunun qəbulundan sonra ABŞ Maliyyə Nazirliyinin tərkibindəki maliyyə kəşfiyyatı dərhal işə başlayıb. Maliyyə kəşfiyyatı yalnız ABŞ-da deyil, bütün Avropa boyunca və inkişaf etmiş bir sıra başqa dövlətlərdə rusların var-dövlətini axtarır. Bu isə belə qənaət yaradır ki, Vaşinqton yalnız ABŞ-ın hüquq sisteminin işlədiyi ərazidə deyil, Birləşmiş Ştatların sözü keçdiyi hər bir yerdə rusların var-dövlətinin üzərinə öz “ağır əlini” qoymaq niyyətindədir. Bəzi ekspertlər hesab edir ki, bu “qara siyahı”ya 50 minə yaxın insanın adı düşə bilər. Hətta bu, doğrulmasa belə, siyahının çox böyük olacağına şübhə yoxdur. Bu siyahıya adı düşənləri isə yalnız var-dövlətlərini itirmək təhlükəsi gözləmir. Onlara ABŞ-a səfər etmək üçün viza da verilməyəcək. Sanksiya “qara siyahı”ya adı düşənlərin ailə üzvülərinə də şamil ediləcək. Bu isə zəngin rusların övladlarını ABŞ-ın ali məktəblərində təhsil almaqdan, ailə üzvülərini Qərbin yüksək səviyyəli tibbi xidmətindən məhrum edəcək. Rusiyanın azsaylı müxalif və müstəqil mətbuatının məlumatına görə, bu məsələ zəngin ruslar üçün qorxuya çevrilib.

Bütövlükdə “Amerikanın rəqiblərinə sanksiyalar vasitəsilə qarşılıqlı təsir haqqında” Qanunun hədəfi olan dövlətlərdəki rejimlərin çökməsi üçün hansı addım atmaq lazım gəlsə, dərhal həmin addım atılacaq. Bu qanunla müəyyən edilən “Şər ücbucağı”na daxil olan Rusiya, İran və Şimali Koreyanın siyasi, diplomatik, iqtisadi təcridi tədricən dərinləşəcək. Obrazlı desək, Konqres bu dövlətlərin boynuna kəndir keçirib və həmin kəndir tədricən dartılaraq onları boğacaq.

Vaşinqtonun mesajlarını dərindən təhlil edəndə belə qənaət yaranır ki, ABŞ “Yeni şər üçbucağı”na daxil etdiyi ölkələrin rejimləri ilə yanaşı onlarla əməkdaşlıq edənləri də cəzalandıracaq. Qərbdən gələn bu siqnalı doğru qiymətləndirən bəzi ölkələr Rusiya ilə məsafə saxlamağa çalışır. Dünyanın ən qüdrətli dövlətlərindən olan Çin də Rusiya ilə münasibətlərində məsafə saxlamağa və Vaşinqtonun qəzəbinə tuş gəlməməyə çalışır. Bəzi dövlətlər isə Rusiyadan sürətlə üzaqlaşmaq yolunu tutub. Keçmiş postsovet respublikalarından biri, çox yaxın vaxtlara kimi kommunistlərin hakimiyyətdə olduğu Moldova birmənalı şəkildə Rusiyadan uzaqlaşır. Moldova o qədər cəsarətli, radikal addımlar atır ki, həmin addımları hətta Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna da ata bilmir.

Moldovanın bugünki siyasətini üç Baltikyanı respublikanın - Estoniya, Litva və Latviyanın ötən əsrin 90-cı illərindəki addımları ilə müqayisə etmək olar.

Rusiyanın ən yaxın müttəfiqi Belarus da artıq Moskvanın yedəyində getmək istəmir. Çox hiyləgər siyasətçi olan Belarus prezidenti Qərblə münasibətlərini yumşaltmaq üçün bir neçə ciddi addım atıb. Lukaşenko Qərbin nüfuzlu hüquq-müdafiə təşkilatlarının siyası məhbus kimi tanıdığı bütün şəxsləri azad edib. Bir neçə gün əvvəl isə Lukaşenko elektron pulların Belarusda istifadəsinə, alqı-satqısına icazə verib. Digər tərəfdən, Belarus prezidenti Avropa dövlətləri ilə iqtisadi münasibətləri yüksəltmək yolunu seçib və bu zaman güzəştlərə getməkdən də çəkinmir.

Rusiyadan müəyyən məsafə saxlamaq yolunu tutan ölkələrdən biri də Ermənistandır. Ermənistan özünün lobbisi və güclü diasporası vasitəsilə Qərbin siyasi mərkəzlərində hazırlanan planlar haqqında bütün postsovet ölkələrindən öncə məlumat almaq imkanına malikdir. Ermənistanın Avropa İttifaqı ilə Assosiasiya Sazişini imzalaması İrəvan rəsmilərinin ciddi məlumatlar əsasında verdiyi qərar kimi qəbul olunmalıdır. Əslində, Ermənistanın bu addımı Rusiyanın yanında yer alan hər bir dövlət üçün siqnaldır. Dövlət kimi yaranmasına və mövcudluğuna görə Rusiyaya borclu olan Ermənistan artıq hamisindən uzaqlaşmaq siyasəti seçibsə, deməli, məsələlər bizim bildiyimiz və ya təxmin etdiyimizdən də qorxuludur. Bununla bağlı ilkin mənbədən məlumatların alınması, həmin məlumatları ciddi şəkildə təhlil edib, həyati qərarlar vermək çox önəmlidir.

Xəqani CƏFƏRLİ,
Politoq
Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}