Zabiti ölümcül döyən məmurları məsuliyyətdən yayındırırlar
Tarix: 19-01-2018 20:53 | Bölmə: Slayd
Zabiti ölümcül döyən məmurları məsuliyyətdən yayındırırlar

Hospitalda cərrahi əməliyyata məruz qalan şəxsin kimliyi bəlli olub: O, əvvəllər ölkə başçısı tərəfindən təltif edilib və DSX-nın mayorudur

Yanvar ayının 5-də Novxanı bağlar massivinin Sumqayıta aid ərazisində Sumqayıt Şəhər İcra Hakimiyyətinin əməkdaşları və onların yanındakı 20 nəfərədək "qoçu dəstəsi” Azərbaycanın mayor rütbəli hərbçisini vəhşicəsinə döyüblər.

Reyting.az saytının əldə etdiyi məlumata görə, müxtəlif bədən xəsarətləri alan, eyni zamanda, sol gözün zədələnməsi, çənə və üzün almacıq sümüyünün sınığı diaqnozu ilə müalicə olunan zabit cərrahi əməliyyat edilib. Onun hələ də hospitalda müalicə olunduğu və səhhətinin qənaətbəxş olmadığı bildirilir.

Əldə etdiyimiz məlumata görə, məlum cinayət hadisəsi ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıblar. Baş verən hadisə ilə bağlı ilkin istintaq hərəkətləri aparılıb, müxtəlif dəlil-sübutlar əldə edilib.

Lakin hadisənin üstündən 15 günə yaxın vaxt ötsə də, Sumqayıt Şəhər Polis İdarəsi və digər müvafiq qurumlar cinayət hadisəsi ilə bağlı məlumat yaymayıblar.

Azərbaycan zabitini amansızcasına döyənlər və bu işin təşkilatçıları Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə cinayət törətsələr də, hələ ki, onları bu əməllərinə görə məsuliyyətə cəlb eləmək istəmirlər.

Mətbuatda hadisəni törədənin, yəni “qoçu dəstəsi”nin başında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Nəsimi adlı əməkdaşının durduğu da yazılıb. Bildirilir ki, onun başçılıq etdiyi "qoçu dəstəsi”ndə məmurlarla yanaşı, fiziki quruluşlarına görə idmançıya bənzəyən təxminən 20-yə yaxın şəxs də olub.

İlkin məlumata görə, həmin "qoçulardan” biri Sumqayıtın Corat qəsəbəsindən olan Hikmət adlı şəxsdir. O, idmanın qaydasız döyüş növü ilə məşğul olur və adı müxtəlif qalmaqallı hadisələrdə hallanır.

Araşdırmamız zamanı bəlli olur ki, hadisənin baş verməsinə zabitin adıçəkilən ərazidə ev tikdirməsi səbəb olub. Ev bütün normativlərə və tələblərə cavab verməklə inşaa olunsa da, tikintinin qarşılığında zabitdən rüşvət tələb olunurmuş. Zabitin, məmurların bu “tələbinə” əməl etməməsi isə onun döyülməsi və evinin dağıdılması ilə nəticələnib. Üstəlik, məmurlar və onların “qoçu dəstəsi” Azərbaycan zabitinin şəxsi mülkiyyətinə qanunsuz daxil olub, ondan rüşvət tələb edib, ona hədə-qorxu gələrək istəklərini reallaşdırıb və məhkəmənin qərarı olmadan vətəndaşın qanuni əsaslarla tikdirdiyi evi qanunsuz yolla dağıdıblar. Hətta “Hərbi qulluqçuların statusu haqqında” Qanunun ev tikmək üçün ona verdiyi imkanlar da nəzərə alınmayıb.

Adlarının çəkilməsini istəməyən qonşular Reyting.az-ın müxbirinə deyiblər ki, qoçular hadisə zamanı zabitin hərbi formada olmasına da əhəmiyyət verməyiblər:

"Qonşumuz evini sökənlərə tikintiyə aid müvafiq sənədləri göstərərək, qanunsuz iş görmədiyini və söküntünün dayandırılmasını tələb eləsə də, ona əhəmiyyət vermədilər. Hətta icra hakimiyyətinin nümayəndəsi ona açıq şəkildə dedi ki, bizə sənəd göstərmək lazım deyil, "hesabı”çatdırımaq lazım idi. Tələb olunan məbləğ çatmadığı üçün evi sökürük, kimə istəyirsən, şikayət elə!

Bu zaman tərəflər arasında mübahisə yarandı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin adı ilə gələnlər artıq damı bağlanmış evi sökməklə yanaşı, onun sahibini də vəhşicəsinə döydülər. Amma o, döyülsə də, əsl zabitə xas davranış nümayiş etdirdi, zabit qürurunu qorudu, azğınların qarşısından çəkilmədi, qorxmadı.

Ən pisi isə o oldu ki, zabit qonşuların və ətrafdakı digər şəxslərin köməkliyi ilə xəstəxanaya aparılarkən, "qoçu dəstəsi” yenə ondan əl çəkmək istəmirdi. Əllərinə müxtəlif soyuq silahlar - armatur parçaları və digər əşyalar götürüb onun arxasınca qaçırdılar”.

Qonşular deyib ki, hadisə zamanı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng də vurulub. Lakin polislər hadisə yerinə çox gec gəliblər:

“Daxili İşlər Nazirliyinin ərazi üzrə əməkdaşları hadisə baş verən əraziyə zabit döyülüb xəstəxanaya aparıldıqdan sonra çatıblar. Polislər gələndə artıq gec idi. Zabit döyülmüşdü, evi dağıdılmışdı, hətta həyətdəki yaşıllıqlar və tikinti materialları da məhv edilmişdi.

Daxili İşlər Nazirliyinin ərazi üzrə nümayəndələri hadisə yerinə gəlib, sanki heç nə olmayıbmış kimi, icra hakimiyyətinin cinayətin törədilməsinə şərait yaratmış əməkdaşları ilə görüşüb, hal-əhval tutub getdilər. Yəni cinayətə biganə yanaşdılar”.

Onu da qeyd edək ki, Reyting.az saytı döyülən zabitin şəxsiyyətini də müəyyən edib. Həmin şəxs Dövlət Sərhəd Xidmətinin (DSX) zabitidir və Vətən qarşısındakı yüksək xidmətlərinə görə bir neçə il bundan əvvəl Azərbaycan Respublikasının Prezidenti tərəfindən təltif olunub.

Maraqlı məqamlardan biri də odur ki, hadisədən 15 gün ötsə də, Sumqayıt polisi ilə prokurorluğu ötür-ötür oyunu ilə cinayət işinin istintaqını uzadır. Təəssüf ki, çox cəhd etsək də, nə həmin zabitin özü, nə Sumqayıt İH və hüquq-mühafizə orqanları ilə danışıb, fakta rəsmi münasibət öyrənə bilmədik. Ona görə də hələlik detalları ictimailəşdirmirik.

Ehtimal olunur ki, Sumqayıt şəhərinin icra başçısı Zakir Fərəcov da bu işin ört-basdır edilməsində maraqlıdır. Çünki onun icazəsi olmadan, tabeliyindəki hansısa məmur rüşvət tələbinə baş əyməyən zabitin evini sökdürə bilməzdi.

Məsələyə zabitin çalışdığı Dövlət Sərhəd Xidmətindən də münasibət öyrənmək istədik. DSX-nın mətbuat mərkəzinə zəng etdik. Xidmətdən bildirildi ki, bura hərbi qurumdur, ona görə də bütün suallarınızı yazılı şəkildə ünvanlayın: “Suallarınız ətrafında dəqiqləşdirmə aparılıb, sizə cavab veriləcək”.

E.ARAZ

P.S. Reyting.az məsələni diqqətdə saxlayacaq və adıçəkilən qurumların da mövqeyinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}