Tofiq Zülfüqarov: “Yeni hökumətin hansı şəkildə formalaşacağını gözləməliyik” - Müsahibə
Tarix: 07-02-2018 08:41 | Bölmə: Slayd
Tofiq Zülfüqarov: “Yeni hökumətin hansı şəkildə formalaşacağını gözləməliyik”

Sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov ölkəmizdə keçiriləcək növbədənkənar Prezident seçkilərindən sonra Azərbaycanın xarici siyasətində əsas prioritetləri və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı gözləntilərindən danışıb.

Reyting.az saytı T.Zülfüqarovun axar.az-a müsahibəsini təqdim edir:

- Bildiyiniz kimi, bu il Rusiya və Azərbaycanda prezident seçkiləri keçiriləcək, eyni zamanda, Ermənistanda yeni hökumət qurulacaq. Əsasən də Azərbaycanda növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı fikirləriniz maraqlı olardı.

- Azərbaycanda seçkilərdən sonra mütləq kadr dəyişikliklərini indidən proqnozlaşdırmaq mümkündür. Bu, təbiidir, çünki adətən seçkilərdən sonra köhnə hökumət istefaya göndərilir, yenisi tərtib olunur. Bu proses Azərbaycanla paralel, Rusiya və Ermənistanda da aparılacaq. Hər üç ölkə Dağlıq Qarabağ münaqişəsi üzrə əsas oyunçulardır. Seçkilərdən sonra özəlliklə Azərbaycan və Rusiyada bir sıra mühüm yeniliklər istisna olunmur.

Yeganə pessimist məqam Ermənistanla bağlıdır. Ermənistanda elita o qədər populist şüarlarla çıxış edir ki, İrəvanadan Qarabağ məsələsinin həlli istiqamətində hansısa dəyişiklik gözləmək mümkün deyil. Bu baxımdan danışıqların canlanmasına, real gedişinə o qədər də inanmıram.

- Tofiq müəllim, belə olan halda Azərbaycan xarici siyasətində hansısa dəyişikliklərə gedəcəkmi?

- Bu barədə indidən fikir söyləmək çox çətindir. Seçkinin nəticələri və yeni hökumətin hansı şəkildə formalaşacağını gözləməliyik. Bu, çox önəmlidir. Bundan öncə hansısa fikir söyləmək düzgün deyil. Hər halda əsas məsələ ondan ibarətdir ki, hansısa tarixi dövr bitir və yeni bir səhifə başlanır.

- Ümumiyyətlə, Dağlıq Qarabağda aktiv hərbi əməliyyatların başlama ehtimalı aktuallığını bu il də qoruyacaqmı?

- Real danışıqlar yoxdursa, hərbi əməliyyatlar həmişə gündəmdədir. Bu şəraiti sülh prosesində yaradan məhz ermənilərdir. Ona görə də Qarabağda aktiv hərbi əməliyyatlar qaçılmazdır.

- ABŞ-ın son sanksiyalarını və Rusiyanın öz daxili vəziyyətini nəzərə alsaq, Moskva seçkilərdən sonra Azərbaycanla bağlı xarici siyasətində korrektələr edə bilərmi?

- Təbii ki, hazırda əsas məqamlardan biri Rusiyanın siyasətidir. Hesab edirəm ki, Rusiyanın Cənubi Qafqazla bağlı siyasəti dəyişməlidir. Çünki xarici siyasətdə əsas tərəfdaşları Türkiyə və İran olduğu halda Rusiyanın Cənubi Qafqazda öz nüfuzunu və Ermənistanı dəstəkləməklə Azərbaycanı itirməsi heç də Moskvanın xeyrinə deyil, əksinə, ziyanınadır. Düzdür, bu siyasət bir müddət idi ki, həyata keçirilirdi, çünki Lavrovun ermənipərəst siyasəti mövcud idi. Ancaq indi bu dövr bitmək üzrədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}