16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Ölkəmizdə siyasi mübarizə qızışır; Beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlir
Tarix: 11-02-2018 23:32 | Bölmə: Slayd
Ölkəmizdə siyasi mübarizə qızışır; Beynəlxalq aləmin diqqəti Azərbaycana yönəlir

Məlum olduğu kimi, ölkəmizdə bu ilin payızında keçirilməsi nəzərdə tutulan prezident seçkiləri 6 ay ertələnərək aprelin 11-ə təyin olunub. Belə bir addımın atılmasının mümkünlüyünü bəzi siyasilər əvvəlcədən ehtimal etsələr də, bu qədər tez gerçəkləşdirilməsi gözlənilmirdi.

Ancaq bir neçə gün öncə Azərbaycan prezidenti İlham Əliyev növbədənkənar prezident seçkilərinin elan edilməsi haqqında sərəncam imzaladı. Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi rəhbər tutularaq və Azərbaycanın Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq imzalanıb.

Sərəncama əsasən, Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (MSK) növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunmasını və Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Bu sərəncamdan dərhal sonra MSK üzvləri növbədənkənar seçkilərin təyin edilməsi məsələsini səsə qoyaraq qəbul etdi.

Artıq prezident seçkilərinin keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planı təsdiqlənib, vətəndaşların seçki hüququnu pozan hərəkətlərdən (hərəkətsizlikdən) şikayətlərin araşdırılması məqsədilə MSK-nın nəzdində Ekspert Qrupu da yaradılıb. Həmçinin, MSK-nın nəzdində İşçi Qrup da yaradılaraq rəhbərliyi təyin edilib.

Seçkinin təqvim planı

MSK seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planında seçki qanunvericiliyində nəzərdə tutulan əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığı, müddətləri və subyektlərin əhatə dairəsini müəyyənləşdirib.

Təqvim Planında qeyd olunur ki, seçkilərin elan edilməsi haqqında qərar rəsmi dərc olunduqdan sonra Azərbaycan Respublikası Prezidentliyinə namizədlərin irəli sürülməsinə başlanır. Aktiv (passiv) seçki hüququ olan vətəndaşlar, seçicilərin təşəbbüs qrupları, siyasi partiyalar, siyasi partiyaların blokları namizəd irəli sürə bilərlər.

Təbliğatın başlanma və bitmə zamanı

Növbədənkənar prezident seçkilərində prezidentliyə namizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin MSK-ya təqdim edilməsi səsvermə gününə ən çox 50 gün, ən azı 30 gün qalanadək, yəni 2018-ci il fevralın 27-dən martın 12-i, saat 18.00-dək davam edəcək.

MSK-nın qəbul etdiyi növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin təyin edilməsi, növbədənkənar seçkilərin hazırlanıb keçirilməsi üzrə əsas hərəkətlərin və tədbirlərin Təqvim Planına əsasən, ölkə ərazisində seçkilərin müşahidəsi, ərizələrin MSK-ya təqdim edilməsi seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərin keçirilməsinə 10 gün qalana qədər, yəni aprel ayının 1-dək MSK-ya müraciət edəcəklər.

Seçki dairəsi ərazisində müşahidələrin aparılmasına dair ərizələr seçkilərin təyin olunması barədə qərar qüvvəyə mindikdən başlayaraq seçkilərə 5 gün qalanadək, yəni aprelin 6-dək dairə seçki komissiyalarına təqdim edilə bilər.

Seçici siyahılarında əlavə və dəqiqləşdirmələrin aparılması səsvermə gününə azı 35 gün qalanadək, yəni martın 7-ə qədər davam edəcək.

Seçkiqabağı təşviqatın aparılması səsvermə gününə 23 gün qalmış başlayır və səsvermənin başlamasına 24 saat qalmış dayandırılır. Bu proses də martın 19-da başlayıb, aprelin 10-u saat 8.00-da dayandırılacaq.

İqtidar narahatlığa əsas görmür

Maraqlı məqamlardan biri də seçkinin 6 ay önə çəkilməsidir. Bununla bağlı fikirlər müxtəlifdir. Hakimiyyət nümayəndələri burada başqa məqamlar axtarmağa lüzum görmür.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov erkən seçkini şərh edərkən deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq 2018-ci il prezident seçkilərinin payızda - oktyabrda keçirilməsi nəzərdə tutulsa da, bu ilin may ayından başlayaraq ölkəmizdə çoxlu sayda mühüm yerli və beynəlxalq səviyyəli tədbirlər keçiriləcək: “Onların sırasında Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyi çərçivəsində silsilə tədbirləri, Beynəlxalq Humanitar Forumu və digərlərini qeyd etmək olar. Həmin tədbirlərin əksəriyyəti ilin sonuna təsadüf edir və seçkilərlə üst-üstə düşür. Digər tərəfdən, Azərbaycanda mövcud olan praktikaya əsasən, bütün seçkilər payız aylarında keçirilir. Bu mənada, dünyada mövcud olan təcrübəni nəzərə almaqla, müxtəlif səviyyəli seçkilərin ilin ayrı-ayrı fəsillərində, o cümlədən də əvvəlində keçirilməsi daha məqsədəuyğundur. Həmçinin, Azərbaycan prezidentinin 7 il müddətinə seçilməsi prezident səlahiyyətlərinin yerinə yetirilməsinə təsərrüfat ilinin əvvəlindən başlamasını təmin edir. Bu da sosial və iqtisadi sahədə qarşıda duran vəzifələrin daha effektli icrasına əlavə imkan yaradır".

Hakimiyyət daxilində gərgin mübarizə var

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev “Reytinq”ə açıqlamasında deyib ki, növbədənkənar seçki qərarının verilməsi üçün faktorlar çoxdur: "Yeri gəlmişkən qeyd edim ki, ilk dəfə mən, belə seçkilərin keçiriləcəyi ilə bağlı ehtimalı 2 ay əvvəl demişdim. O zaman baş verənlər belə qənaət yaradırdı - həm qanuna edilmiş dəyişiklik, həm də Zahid Orucun parlamentdəki çıxışı buna əsas yaradırdı. Zahid bəyin sıradan millət vəkili olmadığını bildiyimdən, çıxışına ciddi yanaşmışdım. Hadisələr haqlı olduğumu sübuta yetirdi”.

Ə. Əliyev seçkinin önə çəkilməsinin digər səbəblərinə də aydınlıq gətirib: “Əvvəla, hakimiyyət daxilində baş verənlər çox gərgin hadisələrdir. Bu, ən ciddi səbəbdir.

Bir qrup hakimiyyət mənsubu hesab edir ki, onların xidmətləri müstəsnadır, hakimiyyətin zəmini onlardır, toxunulmaz və dəyişilməzdilər. Təbii ki, bu, əsassız yerə söylənmir. Çünki həmin qrupun nəzarətində konkret daxili idarəçilik mexanizmləri, beynəlxalq dəstək, böyük maliyyə resursları və fiziki güc mövcuddur. Bu qrupa qarşı gözlənilməzlik amilindən istifadə olunduğunu düşünürəm. Bu qrupun söykəndiyi beynəlxalq mərkəzin özünün də bu dövrdə başı seçkiyə qarışmış olacaq”.

VİP sədrinin fikrincə, növbədənkənar seçkinin digər faktoru beynəlxalq amildir:

“Hər dəfə planlaşdırılan seçki kampaniyasına geniş müdaxilələr olduğundan, belə blits seçkilər müşküllərin sayını azalda bilər. Həm də əsas mənfi təsir rıçaqı rolunda çıxış edən Rusiyanın özünün başı seçkilərə qarışmış olacaq.

Üçüncü uduş amili hakimiyyət üçün müxalifətin qəfil haqlanmasıdır. Adətən müxalifətimiz dinozavr kimi yöndəmsiz hərəkət etdiyindən, konsolidasiyanı yaz mövsümünə saxlayırdı. Bu addım həm də müxalifəti pərakəndə vəziyyətdə saxladı".

Əliyev: “Hakimiyyət bizi yaman yerdə yaxalayıb"

Partiya sədri qeyd edib ki, başqa amil potensial namizədlərlə bağlı ola bilər:

"Onların seçki hazırlıqları plana uyğun yaz-yay mövsümünə təsadüf etdiyindən əksəriyyət hələ seçki ovqatında deyil. O səbəbdən də vaxtın irəli çəkilməsi sövqi-təbii şəkildə bəzilərini çıxdaş edəcək.

Bir məsələ də hakimiyyət üçün "başağrısı" olan siyasi məhbus məsələsidir. Novruz bayramına böyük bağışlanma aksiyası ola bilər. Seçki təqvimi elə tərtib edilib ki, həmin şəxslərdən iddialılar seçkidən kənarda qalacaq. Bu amillər ilk ağıla gələnlərdir.

Yanlış, ya düz, hakimiyyət bizi yaman yerdə "yaxalayıb". Qrafikimizi imzalanmış sərəncama uyğun tərtib etməliyik. Düzdür, istisna etmirəm ki, seçkinin boykot versiyası da ciddi müzakirə olunacaq. Heç olmasa, indi müxalifət əlaqələrini intensivləşdirməlidir".

Ölkədə seçki mühiti varmı?

Müxalifət düşərgəsi son seçkilərdə olduğu kimi, bu tədbirdə də iştiraka o qədər də maraqlı deyil. Bunu iqtidar əleyhdarlarının uğursuzluğa düçar olacağını görərək passivlik nümayiş etdirməsi ilə əlaqələndirənlər də var. Eyni zamanda, bu düşərgədə hakimiyyətin namizədinə bu və ya digər formada güclü alternativ yoxdur.

AMİP-in Siyasi Şura üzvü Əli Orucov “Reytinq”ə deyib ki, indiyədək ölkədə azad və şəffaf seçkilər keçirilmədiyindən siyasi qüvvələrin və siyasi liderlərin gücünü də müəyyənləşdirmək mümkün olmayıb. Nəticədə də hər iki tərəf özünü qalib elan edib, nəticələrə şübhə ilə yanaşıb: “İtirən isə xalq olub, hakimiyyətin mənbəyindən kənarlaşdırılıb. Yəni, öz dövləti özünə yadlaşdığından, nə özü dövlətin idarəçiliyinə yaxın buraxılmır, nə də dövləti idarə edənlərə nəzarət edə bilmir. İctimai nəzarət yoxdur. Ona görə də hər cür özbaşınalıqlara, talançılıqlara, qanunsuzluqlara etinasız münasibət göstərilir. İllər uzunu aparılan siyasət ictimai, siyasi institutları da dağıdıb və bu institutlar formal xarakter daşıyır. Hətta iqtidar partiyası hesab edilən YAP-ın da ölkədəki ictimai-siyasi proseslərdə və idarəçilikdə rolu yox səviyyəsindədir. Bir-iki şəxsdən başqa bütün dövlət strukturları və hakimiyyət qolları icraçıdır, inzibati təsərrüfatçılıqla məşğuldur. Həm də pis icraçıdırlar. Belə bir mühitdə müxalifətin seçkilərdə iştirakı nə dərəcədə doğru olardı?

Mən, hətta dövlət büdcəsindən milyonlarla vəsait xəcləyib hakimiyyət namizədinin 90 faiz səslə qalib gəldiyinin elan olunmasının da tərəfdarı deyiləm. Bunun heç bir siyasi-hüquqi mənası yoxdur. Bundansa bəzi Afrika və MDB ölkələrinin təcürbəsini birdəfəlik tətbiq etsinlər”.

Vahid namizəd məsələsinə gəlincə, partiya funksioneri “Münbit, əlverişli və demokratik seçki mühiti olmadan müxalifətin vahid namizədlə, yaxud da hansısa digər formatlarda iştirakı uğurlu nəticə vəd etmir. Bu təcrübə dəfələrlə özünü göstərib. Digər tərəfdən, müxalifət yekcins deyil və siyasi palitra çoxçalarlıdır. Hamını bir yerə yığmaq mümkün deyil. Fərqli ideyaların, fərqli maraqların, müxtəlif baxışların və ideologiyaların daşıyıcısı, eləcə də əksəriyyətinin hakimiyyətdaxili güclərin dəstəyindən asılı olan müxalifət düşərgəsini bir namizəd ətrafında toplamaq zatən çox çətindir. Heç alınan da deyil”, - deyə fikrini tamamlayıb.

İsa Qəmbər seçkidən imtina edib

Hakimiyyətlə əsas mübarizənin gedə biləcəyi namizədlərdən biri Strateji Düşüncə Mərkəzinin rəhbəri, Müsavat Partiyasının prezident seçkilərində namizədi İsa Qəmbər olsa da, o, partiyanın dünənki qərarı ilə prezidentliyə namizəd olmayacaq. O, əvvəlcə prezidentliyə namizədliyinin 2014-cü ilin sentyabrında Müsavat Partiyasının 8-ci qurultayında irəli sürüldüyünü bildirsə də, sonradan iddiasından geri çəkilməli olub.

Məlum qərarda qeyd edilir ki, bu imtinaya səbəb seçkilərin növbədənkənar keçirilməsi ilə bağlı yaranmış problemlər, o cümlədən Seçki Məcəlləsində dəyişikliklərin edilməsi ilə əlaqəli təkliflərin nəinki qəbul olunması, hətta müzakirə olunması üçün vaxtın qalmaması, beynəlxalq müşahidənin təşkil edilmə imkanlarının aradan qaldırılması, seçici siyahısının dəyişdirilməsinin mümkünsüzlüyü-ümumiyyətlə seçkilərin növbədənkənar keçirilməsinin izah edilməməsidir.

Müxalifət çaş-baş qalıb

Hakimiyyətə qarşı əvvəlki kimi radikal mövqedə olmayan AXP sədri Pənah Hüseyn də aprelin 11-nə növbədənkənar prezident seçkilərinin təyin edilməsi ilə bağlı fikirlərini bəyan edib.

Onun sözlərinə görə, növbədənkənar seçkinin təyin edilməsi bu nəticəyə gəlməyə əsas verir ki, iqtidar daxilində və ictimai-siyasi vəziyyətdə durum heç də iqtidar təbliğatçılarının dediyi kimi aydın deyil. Əks təqdirdə növbəti seçkiyə bir neçə ay qalmış növbədənkənar seçkinin təyin olunmasını başqa cür izah eləmək mümkün deyil.

P. Hüseyn qeyd edib ki, müxalifətin növbədənkənar seçkidə iştirakı və buna hazırlıq qeyri-bərabərdir, ölkədə seçki mühiti yoxdur. Ona görə də, seçkilərin 7 ay sonra və yaxud 2 ay sonraya təyin olunması müxalifətin hazırlığı baxımından həlledici əhəmiyyətə malik deyil.

Namizədlər müəyyənləşir

11 aprel seçkilərində müxalifətdən kimlərin iştirak edəcəyi hələlik tam bəlli deyil. Bir neçə nəfər - VİP sədri Əli Əliyev, MMP sədri Hafiz Hacıyev, MDHP sədri, deputat Fərəc Quliyev, ALDP lideri Fuad Əliyev, KXCP sədri Mirmahmud Mirəlioğlu, YAXCP sədri Razi Nurullayev, Ağ partiya sədri Tural Abbaslı seçkidə iştirak etmək niyyətlərini açıqlayıblar.

Ancaq seçkidə rəsmən iştirak qərarını hələlik hakim partiya verib. Fevralın 8-də Heydər Əliyev Mərkəzində keçirilən Yeni Azərbaycan Partiyasının qurultayında İlham Əliyevin namizədliyi irəli sürülüb.

YAP-dan boykota reaksiya

Ancaq bəzi müxalifət qüvvələri seçkidə iştirakın əhəmiyyətsiz olduğunu, ölkədə normal seçki mühitinin yaradılmadığını əsas gətirərək boykot yolu tutub. Hakim partiya isə əleyhdarlarının bu qərarına əhəmiyyət vermək niyyətində deyil.

YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib ki, Milli Şuranın prezident seçkilərində iştirak etməyəcəyi ilə bağlı səsləndirdiyi fikirlər onların zəifliyini və seçkilərə hazır olmadıqlarını göstərir. Onun sözlərinə görə, radikal müxalifətin nəinki prezident, ümumilikdə digər seçkilərdə də iştirak etmək gücü və potensialı, nə də cəmiyyətə təqdim edəcək hər hansı bir yaradıcı platforması var.

A.Mirzəzadə qeyd edib ki, Milli Şuranın yalnız adı var, heç bir ciddi tərəfdar dairəsi yoxdur.

Hakim partiyanın şöbə müdiri əlavə edib ki, aprelin 11-də keçirilməsi nəzərdə tutulan növbədənkənar seçkilərdə kimin iştirak edib-etməyəcəyi elə də böyük əhəmiyyət daşımır: "Ümumilikdə cəmiyyət seçkidə iştiraka və prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsində maraqlıdır. Biz də bunun şahidi olacağıq”.

Rusiya ilə ABŞ-ın münasibəti

Maraqlısı odur ki, dünyanın əsas güc mərkəzləri - Rusiya ilə Amerikadan Azərbaycandakı erkən seçkilərlə bağlı ilkin reaksiyalar gəlib.

ABŞ dövlət katibi müavininin müşaviri, xanım Bricet Brink Azərbaycanda təyin olunmuş növbədənkənar prezident seçkiləri ilə bağlı fikirlərini bölüşüb. "Seçkilərlə bağlı Azərbaycana tövsiyəmiz ondan ibarətdir ki, seçkilər ölkə Konstitusiyasına və beynəlxalq öhdəliklərə uyğun olaraq azad və ədalətli keçirilsin. ABŞ demokratik prosesləri, insanların sərbəst toplaşması, fikirlərini azad ifadə edə biləcəyi, azad medianın olduğu mühiti dəstəkləyir", - deyə B. Brink qeyd edib.

Rusiya XİN də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərinə münasibət bildirib. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova Azərbaycanda prezident seçkilərinin vaxtının irəli çəkilməsinin Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə mümkün təsiri ilə bağlı danışarkən deyib ki, prezident seçkiləri suveren Azərbaycan dövlətinin daxili işidir. "Seçkilərin vaxtının dəyişməsinin motivləri, səbəbləri və formatı barədə, ilk növbədə, şərh vermək üçün Azərbaycan tərəfinə müraciət edilməlidir. Və bu şərhlər Azərbaycan tərəfindən artıq edilib", - deyə M.Zaxarova bildirib.

Hər halda, proses başlayıb. Seçki gününə qədər hansı proseslərin baş verəcəyini, seçkinin nəticələrinin və sonrakı dönəmdə hansı hadisələrin başlanacağını söyləmək çətindir. Hazırkı passivliyə nəzərən ciddi təlatümlü hadisələrin olacağını iddia etmək bir qədər salövhlük olar. Ancaq konkret bir söz deməkdənsə, prosesləri zamanın axarına buraxmaq daha məntiqlidir.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}