17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Böyük işğalın 25 ili tamam olur
Tarix: 02-04-2018 10:18 | Bölmə: Slayd
Böyük işğalın 25 ili tamam olur

Bu gün Azərbaycanın dilbər guşəsi olan Kəlbəcər rayonunun işğalından 25 il ötür.

1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri Kəlbəcəri işğal edib. 70 min nəfərdən çox əhalisi olan Kəlbəcərin işğalı nəticəsində 53 340 nəfər öz yurdundan didərgin düşüb, 55 hərbçi, 511 sakin öldürülüb, 321 nəfər girov götürülüb və ya itkin düşüb, minlərlə sakin yaralanıb.

Rayonun 3 Milli Qəhrəmanı var. Bu işğaldan sonra 3205 saylı iclasda BMT Təhlükəsizlik Şurası 822 saylı qətnamə qəbul edib. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunan rayonlarından dərhal çıxarılması tələb olunur. Lakin indiyədək həmin qətnamədən irəli gələn hər hansı öhdəlik yerinə yetirilməyib. Hazırda Kəlbəcər əhalisi məcburi köçkün kimi Azərbaycanın digər yaşayış məntəqələrində məskunlaşıblar.

Kəlbəcər dünyanın ən qədim insan məskənlərindən biridir. Rayonun ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri tapılıb. "Soltan Heydər", "Turşsu", "Gəlinqayası", "Böyükdəvəgözü"ndəki qayaüstü təsvirlər təkcə Kəlbəcərin deyil, bütövlükdə Azərbaycan torpağının qədim insan məskəni olduğunu sübut edir.

Bu rayon ərazisində, həm də alban dövrünə aid xeyli tarixi abidə var: Xudavənd məbəd kompleksi, "Laçınqaya".

Kəlbəcər şəhərindəki bir çox abidələr işğal zonasında qalaraq Ermənistan silahlı qüvvələri tərəfindən dağıdılıb, 900 m² sahəsi və geniş kitabxanası olan, eksponatlarla zəngin Kəlbəcər tarix diyarşünaslıq muzeyinin bütün sərvəti ermənilər tərəfindən talan edilərək Ermənistana daşınıb.

Böyük işğalın 25 ili tamam olur

İşğalda yüksək dağ zirvələri, 30 min hektara yaxın meşə sahəsi düşmən əlinə keçib, ümumilikdə 144 kənd, 1 şəhər, 1 şəhərtipli qəsəbə, 13 minədək fərdi mənzil talan edilib, 87 tarixi abidə dağıdılıb, 29 sənaye, tikinti, 134 mədəni məişət obyekti yandırılıb. Əhali min illər boyu yaşadığı ata-baba torpaqlarından qovulub, dinc insanlara divan tutulub.

Bu işğalla qızıl, xrom, sənaye əhəmiyyətli civə ehtiyatları, mineral suları da düşmənin əlinə keçib.

Qeyd edək ki, BMT və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcərdə ermənilərin süni şəkildə məskunlaşdırılmasına başlanılıb.

Böyük işğalın 25 ili tamam olur

Onu da qeyd edək ki, Kəlbəcərlə eyni gündə - 1993-cü il aprelin 2-də - Füzuli rayonunun Şimal Qərbində yerləşən, həm də strateji baxımdan çox önəmli olan yüksəklikləri və 4 kəndi işğal olunub.

Reyting.az
saytı xəbər verir ki, Ermənistan silahlı qüvvələri havadarlarının dəstəyi ilə Xəzəz yüksəkliyi ilə yanaşı Qacar, Cəmilli, Yuxarı Divanalılar və Aşağı Divanalılar kəndlərini işğal ediblər. Qarabağın dilbər guşəsi və qədim yaşayış məskəni olan bu kəndlərin işğalı sonradan Füzuli şəhərinin və digər kəndlərin işğalı ilə nəticələndi.

Bu kəndlər uğrunda gedən döyüşlərdə Azərbaycan yüzlərlə şəhid verib. Elə təkcə Qacar kəndi bu döyüşlərdə 100-dən çox sakinini şəhid verib, çoxsaylı insan əlil olub. Tarixi abidələrlə zəngin olan, “Füzulinin qapısı” adlandırılan Qacar və digər üç kəndin işğalı isə Arazboyu yaşayış məskənlərinin işğalını qaçılmaz edirdi. Bu işğal reallaşdıqdan sonra isə Azərbaycanın Cənub Qərbi – Cəbrayıl, Zəngilan və Qubadlının işğalı qaçılmaz oldu.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}