07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
ABŞ Qafqaza yol axtarır
Tarix: 08-04-2018 10:22 | Bölmə: Slayd
ABŞ Qafqaza yol axtarır

Putin Xəzərə əlavə donanma yeridir, İran mesajlar verir, Türkiyənin bölgədə meydanı daralır

İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin martın 28-də Azərbaycana ikigünlük səfərində verdiyi mühüm açıqlamalardan sonra aprelin 5-də Bakıda beynəlxalq konfransda iştirak edən Tehranın xarici siyasət idarəsi başçısının mesajları diqqətən yayınmayıb.

“Reytinq”in məlumatına görə, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Bakıda jurnalistlərə deyib ki, son 26 ildə Azərbaycan ilə İran arasındakı əlaqələr indiyədək mümkün ola biləcək ən yüksək səviyyəyə çatıb.

Əlaqələrimizin yüksək səviyyəsindən məmnunluğunu dilə gətirən xarici işlər naziri Həsən Ruhaninin Azərbaycana son səfərinə də diqqət çəkib:

"Prezident Həsən Ruhaninin Azərbaycana səfəri olduqca uğurlu keçdi. Hər iki ölkə mühüm layihələr üzərində işləyir. Bu layihələrdən birinə Xəzər dənizində birgə əməkdaşlıq daxildir. Biz, eyni zamanda, Şimal-Cənub və Cənub-Qərb nəqliyyat dəhlizində uğurlu əməkdaşlıq edirik. Hər iki ölkə faydalı əməkdaşlıq nümayiş etdirir. Üçtərəfli formatda Azərbaycan-İran-Türkiyə, eləcə də Azərbaycan-Gürcüstan-Türkiyə-İran dördtərəfli əməkdaşlığı da yüksək səviyyədə davam edir. Biz bu əlaqələri daha geniş məcrada inkişaf etdirməyi səbirsizliklə gözləyirik”.

ABŞ Qafqaza yol axtarır

Qeyd edək ki, aprelin 4-də Ankarada Ərdoğan, Rusiya prezidenti Putin və Ruhani arasında Suriya ilə bağlı mühüm görüşlər keçirilib, ortaq qərarlar qəbul olunub. Hər üç ölkənin lideri bağlı qapılar arxasında həm təkbətək, həm də birlikdə müzakirələr aparıblar. Hər kəsə aydındır ki, həmin qapalı müzakirələrdə əsas mövzu təkcə Suriya olmayıb, şübhə doğurmur ki, üç ölkə ABŞ və Avropa ilə aralarında yaranan gərginliyi də masaya yatırıb, çıxış yolları axtarıblar. Sözsüz ki, bölgəmizin əsas üç böyük dövləti olan Rusiya, Türkiyə və İranın bir-birinə bu qədər yaxınlaşması müharibə şəraitində yaşayan Azərbaycanı maraqlandırmaya bilməz. Xüsusilə Ermənistanın işğalçılıq siyasətinin davam etdiyi bir ərəfədə Rusiya və İranın bu dövlətə də açıq və gizli dəstəkləri rəsmi Bakını və hər bir azərbaycanlını da düşündürür. Maraqlıdır ki, Ankaradakı üçtərəfli görüşdən həm əvvəl, həm də sonra rəsmi Tehran və Ankara Azərbaycanla bağlı mühüm mesajlar veriblər.

İranın xarici siyasət qurumunun rəhbəri Cavad Zərifin yuxarıdakı sətiraltı diplomatik mesajlarla zəngin açıqlamasını diqqətə çatdırdıq.

Türkiyənin xarici işlər naziri Çavuşoğlu isə aprelin 5-də hər zaman olduğu kimi, Qarabağla bağlı budəfəki bəyanatında da Azərbaycanın yanında olacaqlarını təkrarladı. Lakin diqqət etdinizsə, Çavuşoğlu budəfəki bəyanatında bir qədər ehtiyatlı mövqe sərgiləyib. Halbuki, hər dəfə Qarabağdan söhbət düşəndə Ankara Ermənistanı işğalçı adlandırıb, sərt xəbərdarlıqlar edirdi. Ancaq bu dəfə Çavuşoğlu “Azərbaycan ehtiyac duyduğu hər an Türkiyə onun yanındadır”, - deməklə yanaşı, “Bu münaqişə sülh, barışıq yolu ilə tezliklə həll edilməlidir”,- mesajını verib.

Göründüyü kimi, M. Çavuşoğlunun budəfəki bəyanatı ATƏT-in heç nəyə təsiri olmayan ənənəvi bəyanatlarından fərqlənməyib. Bəs, Ankaranın belə ehtiyatlı mövqeyinin səbəbi nədir?

Ekspertlərin fikrincə, hazırda Suriya ilə 911 km-lik sərhəddində problemlər yaşayan, eyni zamanda, Suriyada apardığı əməliyyatlarla bölgədən pay almağı hədəfləyən və ölkəsinə elə ən böyük təhlükənin də Yaxın Şərqdən gələ biləcəyini düşünən Ankaranın Qarabağı arxa plana keçirməsinə indekslənib. Çünki Ankara bu savaşda, daha dəqiqi, Qafqazdakı əsas güc hesab edilən Rusiyanın dəstəyi ilə Suriyada bu qədər ötkəm davranıb, hətta ABŞ və Avropaya meydan oxuması sirr deyil. Şübhə doğurmur ki, belə bir mərhələdə Moskva ilə toqquşma Ankaranın bütün planlarını məhv edə, hətta dünyada təklənməsi bir yana, əlavə basqılarla üz-üzə gətirə bilər. Necə ki, Ərdoğan dəfələrlə ABŞ və Avropanı nəzərdə tutaraq “onların gözü bizim ölkədədir, bizi parçalamaq və bununla bu bölgəni rahat ələ keçirmək, idarə etmək istəyirlər”,- deyə verdiyi açıqlamalar var. Və nəhayət, Türkiyə prezidentinin aprelin 4-də üçtərəfli görüşdən sonra “Afrin əməliyyatı Rusiya və İranın iştirakı ilə keçirildi”,- bəyanatı gizli anlaşmaların mövcudluğunu gün üzünə çıxardı. Yəni bütün bunlar göstərir ki, rəsmi Ankara Rusiya və İranla nəinki Suriya, eyni zamanda bütün bölgə, Qafqazla bağlı da gizli müzakirələri davam etdirir. Həm bu müzakirələrin kontekstində, həm də faktiki vəziyyətlə bağlı Rusiyanın Qafqazdakı maraqlarına qarşı ehtiyatlı mövqe göstərmə ehtimalı isə hər keçən gün güclənir. Nəticə etibarı ilə Putin Türkiyədə olarkən Rusiya Xəzərə əlavə qüvvə yeritdi, Bakının 200 kilometrliyində hərbi baza tikintisinə başladı. Maraqlıdır ki, həm Türkiyə, həm də Xəzərdə açıq və böyük maraqları olan İran bu günədək bu məsələyə etiraz etməyib. Hamı da yaxşı bilir ki, bu donanmanın Xəzərə yeridilməsi Türkmənistandan Xəzərin dibi ilə Azərbaycana neft-qaz xəttinin çəkilməsi, bununla da Orta Asiyanın ehtiyatlarının Avropa bazarına çıxarılmasını əngəllləməyə hesablanıb. Çünki Putin yaxşı bilir ki, Orta Asiya ölkələri Xəzər vasitəsi ilə Azərbaycana çıxarsa, o zaman Moskva o bölgədə də təsirini ciddi formada itirəcək.

Bəli, faktdır ki, son aylar Rusiyanın bölgəmizlə bağlı addımları fərqli və kəskin müstəvidə davam edir. Bir daha xüsusi qeyd edək ki, Xəzərin statusu ilə bağlı sazişin imzalanacağının gözlənildiyi bir ərəfədə Putinin əmri ilə Rusiya hərbi donanmasının Xəzərdə gücləndirilməsi, üstəlik, düz Azərbaycanla sərhəddə - Dağıstanda yeni hərbi baza tikməsinə paralel olaraq, rus generlitetinin ard-arda Xəzərlə bağlı təhdidvari açıqlamalar verməsi, rəsmi Moskvanın hansısa məkrli niyyətindən xəbər verir.

“Reytinq”in məlumatına görə, proseslərin bu şəkildə cərəyan etdiyi bir zamanda ABŞ-ın məşhur "The Hill" nəşrində ekspert Stiven Blankın çox maraqlı təhlili dərc olunub.

Hesab edirik ki, Azərbaycanla, o cümlədən Qarabağ münaqişəsi ilə, həmçinin bölgəmizlə bağlı amerikalı ekspertin təhlili oxucularımız üçün də maraqlı ola bilər. Bu səbəbdən də material “Reytinq”in oxucularına təqdim edirik:

“ABŞ-ın milli təhlükəsizlik üzrə yeni komandası İrana və onun maraqlarına zərbə vurmağa meyllənir. ABŞ prezidenti Donald Tramp administrasiyasının Birgə Kompleks Fəaliyyət Planına (BKFP) hücumu AB, Rusiya və Çində – hələ İranı demirik – artıq xeyli mübahisələr doğurub. Lakin İranla nüvə sazişinə diplomatik həmlələr Vaşinqtonun sərəncamındakı yeganə variant deyil.

Amerika administrasiyası İranı təcrid etməyə can atırsa, İranın Qafqazdakı, xüsusən Ermənistan və Azərbaycanla münasibətlərini pozmaqdan ötrü addımlar ata bilər. Bu münasibətlərin İran üçün həlledici önəmi var, çünki bu bölgənin ölkələri İranın şimal və qərb sərhədlərində yerləşib. ABŞ Qafqazda təkcə öz maraqlarını yeritməz, həm də İrana və onun tərəfdaşı Rusiyaya zərbə endirə bilər. Bunu etmək yetərincə asandır. Azərbaycan və İran arasında xeyli illər ərzində qarşılıqlı şübhə mövcud olub. İkitərəfli münasibətlərin 2012-ci ildən yaxşılaşmasına baxmayaraq, Azərbaycan əvvəlkitək İrana etibar etmir. O zaman İranın Bakı və İsrailə qarşı terror hücumu etmək üzrə planlarının üstü açılıb ki, bu da göstərilən dövlətlər arasında böhranın meydana çıxmasına səbəb olub.

İran Azərbaycana İran ərazisində yaşayan azərbaycanlı azlıq arasında iğtişaşların təşkil edilə biləcəyi meydança kimi yanaşır. Tehran habelə Azərbaycana İsrail və ABŞ-la dostluq münasibətləri quran "satqın şiə" kimi yanaşır. Azərbaycan həm də energetika sahəsində İranın rəqibidir. İran hazırda özünün şimal sərhəddinin möhkəmləndirilməsi və Bakı ilə Vaşinqton arasında son dərəcə sıx yaxınlaşmanın qarşısını almaqda maraqlıdır.

Ermənistan, əksinə, Azərbaycana münasibətdə dayanıqlı antaqonizmi üzündən İranla olduqca yaxındır. Ermənistan habelə İranla birgə böyük infrastruktur və iqtisadi layihələr gerçəkləşdirir. Bu layihələr Ermənistanın Azərbaycanla müharibəsinə görə Türkiyənin göstərdiyi təzyiqi yumşaltmalıdır. Beləliklə, Ermənistan təkcə ölkədə hərbi bazalara malik Rusiyanın satelliti deyil, həm də İranın bölgədə əsas tərəfdaşıdır. Buna baxmayaraq, Ermənistan Qərblə körpüləri yandırmağı özünə rəva bilməz. İrəvan əvvəlki kimi Qərb dövlətlərilə xarici siyasət əlaqələrini genişləndirməyə cəhd edir.

Belə çıxır ki, Tramp administrasiyası üçün yol açıqdır. Qafqaz bölgəsində sülhü təmin etməyə yardım, Moskvanın nüfuzu və Tehranın yaramazlığını cüziləşdirmək üçün stimulları təzyiqlə uyğunlaşdırmaq lazımdır. Amerika administrasiyası Dağlıq Qarabağda münaqişəni tənzimləmək üçün üzərinə öhdəlik götürüb, bu öhdəliyi mənfəət və sanksiyalar sistemiylə uzlaşdıraraq bölgədə ABŞ nüfuzunu gücləndirə bilər. Tramp habelə bir tərəfdən Ermənistan və Azərbaycan arasında münasibətlərdə və digər yandan Rusiya və İranla məsafə yaratmaq hesabına bölgədə ABŞ maraqlarını yeridə bilər.

Tehranın bəyanatlarında Azərbaycanda Amerika hərbçiləri, ya da ABŞ xüsusi xidmətləri təmsilçilərinin mümkün iştirakı haqda əndişə səslənir. Vaşinqton həmçinin Ermənistan-İran münasibətlərini pozmaq üçün Ermənistana basqını gücləndirə bilər. Hətta yaxşı olardı ki, ABŞ Yaxın Şərqdəki durumdan və İranla və ya Gürcüstanla münasibətlərdən ayrıca olmaqla diqqətini Qafqazda öz iştirakını genişləndirməyə cəmləsin. Enerjilərin Qafqaz üzəriylə Xəzərdən AB-yə tədarükünün genişləndirilməsi Vaşinqtonun maraqlarında önəmlidir. ABŞ-ın Qafqazda daha fəal varlığı, habelə Rusiyanın Türkiyəyə basqısını azaldır və Ankara ilə ABŞ arasındakı alyansın bərkiməsi üçün özül yaradır.

ABŞ bölgədə öz maraqlarını və demokratik dəyərləri daha effektli yeritmək üçün Ermənistan və Azərbaycanın güvənliyinin təminatında dərin maraq sərgiləməlidir. Əks halda hələ demokratik dəyərləri demirik, bu ölkələrin hökumətlərinin ABŞ maraqlarına tam ciddiliklə yanaşacağını güman etməyə heç bir əsas yoxdur.

ABŞ potensialca üçqat uduş əldə edə bilər.
Birincisi, ABŞ Qafqazda nüfuzunu genişləndirərək Ermənistan və Azərbaycanla münasibətləri möhkəmləndirib sülhə yardım edər.

İkincisi, ABŞ Rusiya və İranın Qafqazda və qonşu bölgələrdə nüfuzunu azaltmaq imkanı qazanar.

Ekspertlərin çoxu hesab edir ki, ABŞ-ın bölgədə xeyli başqa marağı və prioritetləri var. Amma Vaşinqton doğrudan da Tehrana basqı qurmaq istəyirsə, məhz Qafqazdan başlamağına dəyər”.

Fazil ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}