Prezident seçkiləri: Narazılar nə düşünür?
Tarix: 16-04-2018 16:42 | Bölmə: Slayd
Prezident seçkiləri: Narazılar nə düşünür?

Aprelin 11-də Azərbaycanda keçirilən prezident seçkilərinin nəticələrinə dünən yekun vurulub.

Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında prezident seçkilərinin nəticələrinə dair yekun protokolun tərtib edilməsi barədə qərar verilib və protokol tərtib olunub. Sənəd Konstitusiya Məhkəməsinə təqdim edilib. Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin rəsmən elan olunması ilə əlaqədar sabah Konstitusiya Məhkəməsinin Plenumunun iclası keçiriləcək. Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidenti seçkilərinin yekunlarını səsvermə günündən sonra 14 gün ərzində rəsmən təsdiq etməlidir.

Xatırladaq ki, aprelin 11-də keçirilmiş prezident seçkilərində ölkə üzrə olan 5 milyon 314 min 365 seçicidən 3 milyon 962 min 123 nəfəri (ümumi seçicilərin 74,30 faizi) səsvermədə iştirak edib. Səsvermənin nəticələrinə əsasən, prezidentliyə namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Heydər oğlu Əliyev 86,02 % (3 milyon 397 min 664), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev – 3,02 % (119 min 390), öz təşəbbüsü ilə namizədliyi irəli sürülmüş Zahid Oruc - 3,12 % (123 min 6), Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu – 3.03 % (119 min 674), Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə - 1.38% (54 min 603), Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev – 1.52 % (59 min 977), Milli Dirçəliş Hərəkatı Partiyasının sədri Fərəc Quliyev – 1.17 % (46 min 10), "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülmüş Razi Nurullayev – 0.74 % (29 min 282) səs toplayıb.

“Azərbaycan Brejnev dövrünün “zastoy”unu yaşayır”

Qeyd edək ki, keçirilən seçkidən razı olanlarla yanaşı narazı qalanlar da var. Narazılardan biri də Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevdir.

Prezident seçkiləri: Narazılar nə düşünür?

Prezident seçkilərində iştirak etmək niyyətində olan, lakin bu imkanı əldə edə bilməyən VİP sədri Reyting.az-a deyib ki, seçkilər gözlənilən kimi baş tutub:

“Əvvəldən bilinirdi ki, İlham Əliyev növbəti dəfə prezident elan ediləcək. Elə də oldu. Hətta mən seçkidəki iştirak faizini və köhnə-yeni Prezidentə yazılacaq səs faizlərinin də rəqəmlərini mətbuatda yazmışdım. Səs verənləri dəqiq desəm də, qalibin səslərində 1 faiz səhv etmişdim. Mən 85 faiz söyləsəm də, Məzahir müəllim məndən də qabağa gedərək 86,02 faiz elan etdi. Beləliklə, YAP 4-cü, ümumilikdə isə 6-cı dəfə ali kürsünü mənimsədi.

Seçki təkcə səsvermədən, yaxud seçki kampaniyasından ibarət deyil. Bu iki mərhələ daha geniş zaman kəsimini əhatə edən siyasi mərhələnin yekun və son mərhələsidir. Azərbaycanda siyasi mühitin necəliyini məhz bu geniş dövr müəyyən edir”.

Azərbaycanı avtoritar idarəetməyə malik nadir Avropa dövlətlərindən sayan partiya sədri qeyd edib ki, Britaniyanın seçilən nəşrlərindən biri avtoritarizmin dərinliyinə görə dünyanın 170-ə yaxın dövləti arasında ölkəmizi 148-ci yerdə sayıb:

“Biz siyasi məhbus sayına görə MDB, Avropa coğrafiyasının lider dövləti, dünyanın ön sıralarında möhkəm yer tutanlardanıq. Dövlət tərəfindən jurnalistlərə rüşvət əvəzi ev paylayan nadir nou-hau müəlliflərindənik. Diqqət edin, alimə, müəllimə, mühəndisə deyil, idmançı və jurnalistlərə. Mən bu kateqoriyadan olanlara mənzil hədiyyəsinin əleyhinə deyiləm, sadəcə, xidmət miqyasına görə alim və müəllimlərin cəmiyyət qarşısındakı xidmətləri hər halda mətbuat işçilərindən az deyil”.

Ölkədə azad mətbuat adına azsaylı vahə mahiyyətli adacıqların qaldığnı da sözlərinə əlavə edən Ə. Əliyevin fikrincə, siyasi partiyalar da sıradan çıxarılır:

“Azad biznes mühiti də məhv edilib. Məmurların, onların ailə üzvlərinin harınlığı sosial şəbəkələrin, Prezidentin müşavirələrində əsas şəxsin az qala hər dəfə toxunduğu əsas mövzuya çevrilib.

Prezident öz ünvanına heç bir tənqidi fikir eşitmək istəmir. Hətta Prezident seçkilərində belə, 5 ildə bir dəfə olsa da, xalqa hesabat verməyi, ondan dəstək istəməyi ağlına gətirmir. Kampaniyaya buraxılmış şəxslərə onun adının çəkilməsi də qadağan edilir.

Prezidentin kampaniya ortaqları 5 il ərzində dəyişmir. Bu dəfə qeydə alınmış 8 namizəddən 7-si 5 il əvvəlki namizədlər oldu. Bu fakt bir daha göstərir ki, Azərbaycan Brejnev dövrünün “zastoy”unu yaşamaqdadır. Misalları artırmaq da mümkündür”.

“Xalqımız avtoritar rejimlə bacarmır”

Azərbaycanda xalqın iradəsindən asılı olmayaraq yeni siyasi dönəmin başladığını deyən partiya sədri iddia edir ki, belə siyasi reallıqda seçki adına keçirilən istənilən proses eybəcər və qeyri-legitimdir. Onun sözlərinə görə, ATƏT-in Demokratiya və İnsan Haqları Bürosu, ATƏT PA və AŞPA nümayəndələrinin seçkinin yekunlarına dair müşahidə missiyası adından keçirdiyi mətbuat konfransında yayılmış yekun sənəd, orada baş verənlər dünyanın münasibətinin göstəricisidir.

“Amansız iqtidarımız heç bir güzəşt tanımır”

Ə. Əliyev qeyd edib ki, xalqın susqunluğunu əfəllik kimi qiymətləndirənlər də, bunu dəstək kimi təqdimata cəhd edənlər də yanılırlar:

“Xalqımız bütün dünya xalqları kimi avtoritar rejimlə bacara, güc müstəvisində mübarizə apara bilmir. Bunu təbii qarşılamaq lazımdır. Bizim indiki hakimiyyətin davranış tərzi son 30 ildə rastlaşmadığımız tərzdir. Amansız, acımasız iqtidarımız heç bir güzəşt tanımır.

Qaldı ki, seçkinin şərti “qalib”lərin xalq dəstəyi iddiasına, onlar da haqlı olmadıqlarını bilirlər. Məhz bu səbəbdəndir ki, seçkini alternativsiz, TV-ləri müxalifətsiz, müxalifəti tribunasız saxlayırlar. Xalqın təhtəlşüuruna isə “Dəstək verərsənsə, həbs edərəm, işdən qovaram, ac saxlayaram!” - kimi fikir aşılayırlar”.

Seçkidən sonrakı proseslərə gəlincə, VİP sədri deyib ki, bizim münasibətimizdən asılı olmayaraq, İ. Əliyev Azərbaycanı əvvəlki illərdəki kimi idarə edəcək: “Biz də onun imzaladığı sənədlərlə yaşamaq zorunda olacayıq. Burada yalnız arzulamaq və mövqedə sabit olmaq lazımdır. İstərdim ki, İlham Əliyev əvvəlki dönəmlərdəki kimi korrupsiyaya göz yummasın, kirəcləşmiş komandasını dəyişmək iradəsində olsun, İrəvanı deyil, Şuşanı qaytarmağa nail olsun, insanlarımıza layiqli həyat verə bilsin, bizi ərəb seks-turizminin əsirliyindən çıxarsın, azərbaycanlıların üstün şəkildə dünyanı dolaşmasını təmin etsin. Yaşayarıq, görərik. Dəyişikliklər olmasa, bu dönəmin 7 il sakit davam etməsini düşünmürəm”.

“Xalqın əksəriyyəti siyasətdən kənardadır”

Prezident seçkiləri: Narazılar nə düşünür?

ADP sədrinin müavini Həsrət Rüstəmov deyib ki, seçkilər ölkəmizdə formalaşmış "standartlara" uyğun keçirilib. Onun sözlərinə görə, insanların siyasi proseslərə inamsızlığı, laqeydliyi və hakimiyyətin seçkiyə insanların ciddi qatılımını arzu etməməsi səbəbindən real qatılım təqribən üç dəfə şişirdilib:

“Görüntü yaratmaq üçün büdcə təşkilatları işçiləri mobil qruplar şəklində məntəqələrə gəzdirilib. Bütün bunlara baxmayaraq seçkiyə qatılmağımızdan təəssüf etmirəm. Hesab edirəm ki, seçkilərdə iştirak etmək doğru qərar idi. Sərdar Cəlaloğlunun timsalında seçkinin verdiyi məhdud imkan çərçivəsində həyata keçirdiyimiz təbliğat yüksək effekt verdi. İnsanlardan çoxsaylı dəstək mesajları aldıq və seçki günü səsverməyə gələrək bizim namizədə səs verdilər. Bu seçki göstərdi ki, xalqla təmasları artırmaq, xalqın siyasi prosesə qoşulması üçün lazımsız radikallıqdan qaçmaqla yeni taktika hazırlayıb həyata keçirməyə ehtiyac var. Bizə bu seçkidə bir daha aydın oldu ki, xalqın böyük əksəriyyəti siyasətdən kənardadır, nə iqtidarın, nə də müxalifət partiyalarının yanında deyil. İqtidar əsasən məmur aparatı, onların yaxınları, dövlət sifarişləri hesabına varlanan azsaylı biznes adamları və onların ətrafındakılarla, müxalifət təşkilatları isə azsaylı qatı etirazçılarla, keçmiş hərəkatçılar və hakimiyyətdən sonradan uzaqlaşdırılmış qrupla məhdud bir çevrədə marginallaşıb. Bu çevrədən çıxmaq üçün xalqın əksər hissəsinin ehtiyat etmədən qoşula biləcəyi və hökumətə repressiya imkanları vermədən siyasi platforma hazırlamaq baxımından bu seçki bizə fürsət oldu”.

“Seçki texnoloqları inamsız olublar ki,...”

Prezident seçkiləri: Narazılar nə düşünür?

Digər müxalif partiya nümayəndəsi - AMİP Siyasi Şurasının üzvü Əli Orucov isə deyir ki, 11 apreldə keçirilən seçkilərin nəticələri əvvəlcədən məlum idi və sürpriz heç nə baş verməyib: “Bu da əvvəlki seçkilər kimi hakimiyyətin tam idarə və diqtə etdiyi bir seçki oldu. Seçki marafonuna qoşulmuş namizədlərin seçilməsindən tutmuş səsvermənin nəticələrinədək hamısı iqtidarın isəyi ilə gerçəkləşdi. Amma maraqlısı odur ki, rəqiblərin seçiminin indiki prezident İlham Əliyevin qalib gəlməsini şərtləndirməyinə baxmayaraq, yenə saxtakarlıqlara əl atıldı. Bir sıra ciddi pozuntulara yol verildi. Görün, iqtidar komandası və onların seçki texnoloqları nə qədər narahat və inamsız olublar ki, hətta, öz dedikləri, özlərinin təyin etdiklərin namizədlərdən hansınınsa prosesi dəyişə biləcəyindən əndişələniblər”.

Partiya yetkilisi onu da vurğulayıb ki, bu seçki Azərbaycana və demokratiyaya daha bir zərbə vurub: “Təbii ki, ölkənin aparıcı siyasi təşkilatlarından biri kimi AMİP seçki ilə bağlı təhlillərini və müzakirələrini aparıb yekun qiymətini verəcək. Məncə, bu seçki iqtidar komandasının növbəti məğlubiyyəti və əsil fiasko oldu”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}