Yaxın Şərqdə kim udur, kim uduzur?
Tarix: 23-04-2018 10:08 | Bölmə: Slayd
Yaxın Şərqdə kim udur, kim uduzur?

Şərqşünas-politoloq deyir ki, bu savaşlarda böyük güclər silahlarını, döyüş taktikalarını sınaqdan keçirir, yerli əhalinin nəsibi isə xarabalıqlardır

“ABŞ, Fransa və İngiltərənin birgə olaraq Suriya ərazisinə atdıqları 100-dən çox mərmi siyasi dünyanı bir qədər titrətdi. Qərblə əks qütbdə duran Rusiya və İran sanki bir qədər əyləcə üstünlük verdilər”.

Yaxın Şərqdə kim udur, kim uduzur?

Bu fikirləri Suriya ətrafında baş verənlərə münasibət bildirərkən şərqşünas-politoloq Vüsal Hətəmov səsləndirib. O bildirib ki, Suriyaya zərbələrin endirilməsi zamanı bir qədər nizamlı olmağın səbəbi 3-cü Dünya müharibəsinin başlaması yox, bu qoxunu yaratmaq niyyəti ilə bağlıdır:

“Düzdür, atılan mərmilər heç bir strateji obyektləri məhv etmədi. Hətta raketlərin atılmasından öncə Rusiya və Suriya tərəfinin xəbərdar edilməsi bunu göstərirdi ki, məqsəd qorxutmaqdır. Lakin bu qorxutma hadisəsinin arxasında, təbii ki, böyük bir təhlükə də özünü göstərirdi. Necə deyərlər, Qərbin dili də var, dilçəyi də. Həm Fransa, həm ABŞ, həm də İngiltərə ən güclü silah arsenallarına, həmçinin nüvə silahlarına malikdirlər. Odur ki, 100 milyonlara başa gələn məlum raket həmləsi sözügedən dövlətlərin gücünü göstərirdi. Açıqlamalara görə atılan hər bir raketin qiyməti təxminən 2 milyon dollar idi. Bura əməliyyata aid olan digər xərclər də daxil edildikdə məntiqi zərurəti olmayan fantastik bir rəqəm alınır.

Əslində, qarşı qütb də zəif deyil. Həm Rusiya, həm də İran yetərincə hərbi gücə malikdir. Düzdür, İran adıçəkilən dövlətlərin hamısından hərbi cəhətdən çox geri qalır. Lakin Qərb bunu yaxşı anlayır ki, Yaxın Şərqdə müharibə gedən dövlətlərdə İran həm hərbi, həm də ideoloji cəhətdən region dövlətlərini üstələyib. Həm Yəməndə, həm Bəhreyndə, həm İraqda, həm də Livanda ideoloji sosial bazalarının olması, Suriyada isə hakimiyyətin İranı dəstəkləməsi Qərbin qarşısında böyük bir maneəyə çevrilib. Rusiyanın isə regionda terrorçuların məhv edilməsində qazandığı uğurlar bunu deməyə əsas verir ki, Yaxın Şərqdə Moskva ilə razılaşdırılmayan hansısa bir siyasi plan ən azı münaqişə ilə nəticələnəcək, müharibə də istisna edilməyəcək”.

Politoloq hesab edir ki, Qərb real vəziyyəti yaxşı anlayır. Onun sözlərinə görə, Qərb dövlətləri İran və Rusiyanın Suriyanı asanlıqla əldən verməyəcəklərini bilirlər: “Çünki Suriyanın itirilməsinin ardınca hərbi müdaxilələrin İrana yol açmasına, sonda isə Rusiyanın dağıdılmasına səbəb ola bilər. Təbii ki, bunlar nəzəri plan üzərindədir. Yəni həm Rusiya həm də İran Yaxın Şərqdə Qərbin bütün planlarını, demək olar ki, artıq pozub. Qərb Yaxın Şərqdə siyasi üstünlük qazana bilməyib, əvəzində isə kütləvi insan qırğını və xarabalıqlar miras qoyub. Kimyəvi silah bəhanəsi ilə vaxtilə İraqa hərbi müdaxilə edən ABŞ indi də Suriyada həmin adla qalmaq istəyir. Məlum raket zərbələrindən bir həftə öncə ABŞ rəsmiləri Suriyadan çıxacaqları barədə açıqlama yaymışdılar”.

V. Hətəmovun sölərinə görə, bölgədə daha bir yaralı söz sahibi var. Politoloq vurğulayıb ki, son yüz ildə bir çox əraziləri əlindən alınmış və indi də süni etnik parçalanma təhlükəsi yaşayan Türkiyə faktoru gözardı edilməməlidir:

“Düzdür, hazırda həm NATO-nun üzvü olması, həm də müsəlman dövlətləri arasında öz gücü ilə seçilməsi Türkiyəni bir qədər şanslı edir. Türkiyə ilə hər iki qütb - həm Rusiya, həm də Qərb işləməyə hazırdır. Lakin bu şans Türkiyənin manevrli siyasəti nəticəsində qazanılır. Bununla belə, yeri düşdükcə böyük təhlükələrlə üzləşməsi onu göstərir ki, Yaxın Şərqdə parçalanma planına Türkiyə də daxildir.

Hələ ki bölgədə alət rolunu oynayan Səudiyyə Ərəbistanı “həm dinini, həm də cinini” saxlamaq istəyir. Səudiyyə həm müsəlman dövlətlərinin əzilməsində iştirak edir, həm də dini mərkəz hesab edilməsini istəyir. Təbii ki, bunun da bir sonu olmalıdır. Və Qərbin birbaşa müttəfiqi rolunda çıxış edən Səudiyyə müharibə növbəsinin ona da çatmasını hiss edir. Lakin ərəb şeyxlərinin neft pulları ilə xumarlanması bu hisslərin “zərərsizləşdirə” bilir.

“Regionda qalib gələn bircə İsraildir” – desək, yanılmarıq. Yaxın Şərqdə baş verən hadisələr keçən əsrin ortalarında bir neçə ərəb dövlətinin işğal olunmuş əraziləri hesabına formalaşmış İsrail dövlətini daha da möhkəmlədir. Vaxtilə bütün ərəb dövlətləri Fələstin mövzusunda İsrailə qarşı birləşmişdisə, indi həmin dövlətlərin bir çoxu artıq yəhudi dövləti tərəfindən idarə olunmaqdadır. İsrailə müxalif dövlətlərin başı isə regionda Qərb dövlətləri ilə savaşa qarışıb.

Acı da olsa, maraqlıdır ki, bütün adıçəkilən tərəflər özlərini haqq bilir və ədalətin bərpası üçün çalışdıqları vurğulanır. Fakt isə qabarıqdır. Qalib olan vəhşilik, məhv olan insanlıqdır. Bu savaşlarda hər iki qütb silahlarını, döyüş taktikalarını sınaqdan keçirir, yerli əhalinin nəsibi isə xarabalıqlardır. Yaxın Şərqdə milyonlarla uşaq ata-anasız, milyonlarla ailə başsız, milyonlarla insan şikəstdir. Belə olan təqdirdə hansı qalib tərəfdən danışmaq olar?”.

Z.ƏHMƏD




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}