İrəvandakı gərginlik Qafqaza təhlükə yaradır
Tarix: 23-04-2018 10:56 | Bölmə: Siyasət
İrəvandakı gərginlik Qafqaza təhlükə yaradır

Rusiya və Qərb Ermənistanda toqquşmaq istəmir; Paşinyanın güncə sıxdığı iqtidar Qarabağda vəziyyəti yenidən gərginləşdirə bilər

Ermənistanın paytaxtı İrəvan şəhərində və Rusiyanın hərbi bazasının yerləşdiyi Gümrüdə etirazlar daha da böyüyür. Etirazçılar keçmiş prezident Serj Sarkisyanın hakimiyyəti Armen Sarksiyana ötürməsini, özünün isə baş nazir postuna sahiblənməsini həzm edə bilmirlər. Bu səbəbdən də meydanlara çıxaraq, hakimiyyəti iflic ediblər.

Xatırladaq ki, bir çox ekspertlər Ermənistanda real vəziyyətin tamamilə fərqli olduğunu bildirirlər.

Bəli, Serj Sarkisyan ölkə konstitusiyasında etdiyi "dəyişikliklərlə" faktiki olaraq hakimiyyəti özündən özünə ötürüb. İndiki əsas qanuna görə, Ermənistanda real hakimiyyət baş nazirin əlində olacaq. Bütövlükdə parlament idarəetmə üsuluna keçid baş verir. Bununla da S. Sarkisyanın tərk etdiyi prezident kürsüsünə yalnız rəsmi tədbirlərdə "Maket prezident" kimi iştirak edən adam – Armen Sərkisyan əyləşəcək. Bunları anlayan müxalifət etiraz aksiyaları keçirir və prosesin hansı sonluqla bitəcəyi hələlik dəqiq məlum deyil.

Ancaq Ermənistanda siyasi böhranla yanaşı, sosial və iqtisadi vəziyyət də gərginləşir. Bu isə, ümumən Cənubi Qafqazda qeyri-müəyyən geosiyasi mənzərə yaradır.

Sarkisyanın gizli planı


İrəvandakı gərginlik Qafqaza təhlükə yaradır

Uzun müddətdir ki, Qərbin müxtəlif təşkilatlarının regionun "qismən azad" ölkəsi kimi təqdim etdiyi və insan haqlarına guya əməl olunduğunu bildirdikləri ölkənin bir qrup müxalifəti küçələrə çıxsa da, digərləri hələlik susur. Hakim qüvvə isə bunlara əhəmiyyət vermədən öz işini görür. Polis prosesə müdaxilə etməyə hazır vəziyyətə gətirilib. Artıq aksiyalara kobud müdaxilələr də baş verir. İlkin rəqəmlərə görə, 100-dən çox insan xəsarət alıb, 200-dək etirazçı həbs olunub.

Etiraz hərəkatına başçılıq edən parlamentin deputatı, "Vətəndaş dialoqu" Partiyasının lideri Nikol Paşinyan polislə toqquşmada əlindən yaralansa da, tərəfdarları ilə birgə meydandan çəkilməyib.

Bütün bunlar hazırda Ermənistanda baş verənlərin bir hissəsidir. Məsələnin kökü ölkənin sosial, siyasi və iqtisadi həyatının bir sıra xüsusiyyətləri ilə əlaqəlidir. Əvvəlcə hakimiyyətin davranışlarından başlayaq.

Serj Sarkisyanın prezidentliyi dövründə konstitusiyaya dəyişiklik edildi. Ermənistan prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçdi. Müstəqil ekspertlər bunun əsas səbəbinin Ermənistan konstitusiyasına görə bir nəfərin dalbadal üç dəfə prezident seçilə bilməsinin qadağan olması ilə bağladılar. Onlar proqnoz verirdilər ki, S. Sarkisyan dəyişiklikdən faydalanaraq baş nazir olacaq və parlamentdə də özünə sadiq qüvvələrin üstünlüyünü saxlayacaq. Bu proqnozun hər iki aspekti özünü doğrultdu.

Birincisi, S. Sarkisyanın rəhbərlik etdiyi Respublika Partiyası daşnaklarla ittifaqda parlament seçkisində qalib gəldi və 105 yerdən 65-nə sahibləndi.

İkincisi, hakim qüvvələr S. Sarkisyanın baş nazir postuna təyin edilməsi üçün onun namizədliyini irəli sürdülər. Bu təklifi "Qazprom"un adamı kimi tanınan Karen Karapetyan verdi. Parlamentin bu təqdimatı aprelin 17-də təsdiq edəcəyi barədə informasiya əvvəlcədən məlum idi. Buna etiraz olaraq N. Paşinyan fəaliyyətə başladı.

Hərəkatçılar Ermənistanda demokratiyanın pozulduğunu, insan haqlarının tapdandığını və hakimiyyətin bir nəfər tərəfindən zəbt edilməsinin qəbuledilməz olduğunu bildirirlər. Konkret olaraq S. Sarkisyanın sözdə demokratik dəyişiklik adlandırdığı prosesin əslində zorakı və avtoritar yolla, kənardan (başlıca olaraq Kremldən) gələn sifariş əsasında hakimiyyəti qəsb etdiyini söyləyirlər.

Ekspertlər S. Sarkisyanın hakimiyyətdə qalmaması üçün müxalifətin əlində kifayət qədər əsas olduğunu bildirirlər. Çünki S. Sarkisyanın prezidentliyi dönəmində Ermənistan heç bir sahədə uğur qazanmayıb. Daxili vəziyyət gərgindir, iqtisadiyyat çöküb.

Artıq K. Karapetyana olan ümidlər də tükənib. Karapetyan müəyyən sferalarda fraqmentar uğurlar əldə etsə də, ümumən iqtisadi sistem bərbad vəziyyətdədir. Buna səbəb kimi korrupsiya və korporativ maraqların üstünlük təşkil etməsi göstərilir.

Ekspertlər əmindirlər ki, Ermənistanda korrupsiyanın başında məhz S. Sarkisyan dayanır. K. Karapetyan da bu səbəbdən sistemli islahatlar apara bilməyib.

Məlumata görə, müxalifətin əksər hissəsi də korrupsioner sistem tərəfindən satın alınıb. Onlara müəyyən pay veriblər ki, səslərini çıxarmasınlar. Hətta bir sıra erməni ekspertlər bütün Ermənistan cəmiyyətinin korrupsiyaya qurşandığını bildirirlər.

Bundan başqa, Ermənistanın iqtisadi infrastrukturu Rusiyadan asılı vəziyyətə salınıb. Bütün strateji sferalara nəzarət Moskvanın əlindədir. Belə bir vəziyyətdə hər hansı müsbət dəyişiklik gözlənilmir. Eyni zamanda, Ermənistan bütün regional və beynəlxalq enerji-nəqliyyat layihələrindən təcrid olunub.

Ermənistanın qarışması regiona nə vəd edir?

Daxili siyasətdəki vəziyyət ölkənin xarici siyasətində də uğursuzluqlarla tamamlanır. Rəsmi İrəvanın tutduğu məntiqsiz, reallıqdan uzaq və ədalətsiz mövqeyə görədir ki, ölkənin Azərbaycan və Türkiyə ilə münasibətləri düzəlmir. Dağlıq Qarabağ münaqişəsi həll olunmamış qalır. 2016-cı ilin Aprel döyüşləri isə göstərdi ki, Ermənistanda ordu quruculuğu yarıtmaz vəziyyətdədir. Azərbaycan Ordusu qısa müddətdə erməni silahlı qüvvələrini darmadağın etmək iqtidarındadır. Ermənistan vətəndaşları anladılar ki, onların təhlükəsizliyinin təminatçısı ölkənin silahlı qüvvələri yox, kənardakı havadarlarıdır. Bunun isə gələcəyi yoxdur. Çünki istənilən vaxt havadarın özü pis vəziyyətə düşə bilər.

İrəvandakı gərginlik Qafqaza təhlükə yaradır

Bütün bunlara görə, Ermənistanda bəzi müxalif qüvvələr S. Sarkisyanın korrupsioner hakimiyyətinin sona çatdırılması tələbi ilə çıxış edirlər. Ancaq müxalifət sivil qaydada mübarizə aparmaq imkanlarının məhdudluğunu nəzərə alaraq, küçələrdə etirazlara başlayıb.

Polis bəyan edib ki, etirazları dağıtmaq səlahiyyəti var və bundan istifadə edəcək. Artıq poli-vətəndaş toqquşması müntəzəm xarakter alır. Nikol Paşinyan isə hökumət binalarının zəbt ediləcəyini bildirir. O, bütövlükdə Ermənistanda "məxməri inqilab"ın başladığını bəyan edib.

S. Sarkisyanın baş nazir kimi hakimiyyəti əlində cəmləşdirməsi ölkədə mövcud korrupsiya sisteminin qalması deməkdir. O cümlədən, Dağlıq Qarabağ məsələsində rəsmi İrəvanın mövqeyi dəyişməyəcək. O halda həm daxili, həm də xarici siyasətdəki iflic vəziyyət davam edəcək. Bununla Ermənistanın kənar qüvvələrdən asılılığının ömrü bir qədər də uzanacaq.

Siyasi aspektdə isə iqtidar-müxalifət ziddiyyətləri yeni səviyyəyə yüksələcək. Çünki indi küçələrdə olan müxaliflərin aksiyalardan çəkilmələri üçün heç bir əsası yoxdur. Onların S. Sarkisyanın baş nazir olmasına qarşı tələbləri ödənmədi. Korrupsiya aradan qalxmadı.

“Newtimes”in ekspertləri iddia edirlər ki, Ermənistanda daxili gərginlik hələ uzun müddət özünü göstərəcək. Mümkündür ki, müxalifətin güc zəifliyi səbəbindən ölkədə hələlik hansısa ciddi dəyişiklik olmasın. Ancaq ziddiyyət və toqquşma potensial faktor kimi Ermənistan siyasi dairələrini daim təqib edəcək. Orada siyasi qarşıdurma, zorakılıq və güc vasitəsi ilə hakimiyyəti devirmək cəhdləri yoxa çıxmayacaq.

Təbii ki, bütün bunların Ermənistanı bir dövlət və ölkə kimi qeyri-müəyyən vəziyyətə sürükləyir. Eyni zamanda, bu ölkə region üçün təhlükə mənbəyi olaraq qalır. Əgər daxildə sabitlik yoxdursa, siyasi gərginlik hökm sürürsə, onda xarici siyasətdə də normal vəziyyət yarana bilməz. Ölkə daxilindəki həssas durumdan istifadə edərək, kənardan olan təsirlərlə daim xaos yaratmaq cəhdləri ola bilər. Sözsüz ki, bu imkandan, Cənubi Qafqazda gərginlik yaratmaq istəyənlər də istifadə edə bilərlər.

Rusiya prosesə müdaxilə edəcək

Bir həftədir yaşanan etirazların miqyası böyüdükcə Ermənistanın əsas dayağı Rusiyanın hansı addım atacağı da maraq doğurur. Düzdür, rəsmi Moskva hələ də İrəvandakı proseslərə aktiv müdaxilə etməyib. Həm Kremldən, həm də Rusiya XİN-dən bildirilib ki, aksiyaları izləyirlər. Bununla yanaşı, Moskva öz vətəndaşlarına təhlükəli ərazilərdən kənarda durmaları barədə xəbərdarlıq edib.

Lakin bir çox ekspertlər Putinin Ermənistanda baş verən preseslərə sonadək səbrli yanaşmayacağını bildirirlər. İddia edirlər ki, hansısa məqamda Rusiya aksiyalara müdaxilə edəcək və Qafqazdakı əsas dayağının sarsılmasına imkan verməyəcək.

Bütün bunların fövqündə beynəlxalq hüquq mütəxəssisi Ruslan Osipenko sensasiya sayılacaq iddialar irəli sürüb. R. Osipenko bildirib ki, Rusiya Serj Sarkisyana qarşı Ermənistanda keçirilən etirazlara şəxsi hərbi bazada qiyam kimi baxır və vəziyyətin Ukrayna ssenarisi üzrə getməməsi üçün plan hazırlayır:

“Ermənistan Rusiya üçün Qafqazda çox əhəmiyyətli dayaq nöqtəsidir. Orada Rusiyanın hərbi bazası yerləşir və sərhədlər Rusiyanın Federal Təhlükəsizlik Xidməti ilə birgə qorunur. Rusiya beynəlxalq münasibətlərdə Ermənistandan İran, Türkiyə və Azərbaycan kimi ölkələrə qarşı alət kimi istifadə edir”.

Ekspert əmindir ki, Rusiya Ermənistanda mənfi ssenarinin inkişaf etməsinə imkan verməyəcək:

“Moskva İrəvanı sadəcə, itirmək istəmir. Bu mənafe konfliktidir. Pis ssenari üzrə qarşıdurma Ermənistan ərazisinin bir hissəsinin itirilməsi və ya ölkənin hissələrə bölünməsi ilə nəticələnə bilər.

Amma Rusiya Ermənistan üçün çox möhkəm dayaqdır. O, Qafqazda geosiyasi müttəfiqini asanlıqla verməyəcək”.

Ekspert hesab edir ki, Ermənistan hakimiyyəti Ukraynada olduğu kimi, etirazçıların güllələnməsi əmrini verməyəcək:

“Düşünürəm ki, orada Rusiyanın xüsusi xidmət orqanlarının müdaxiləsi olacaq və hansısa bir sakitləşdirici addımlar atılacaq. Mümkündür ki, Serj Sarkisyanı əvəz edəcəklər, yaxud da vaxt udmaq və özü üçün münasib modeli tapmaq üçün danışıq prosesinə daxil olacaqlar. Amma Rusiya Ermənistanın özündən uzaqlaşmasına və müstəqil xarici siyasəti həyata keçirməsinə imkan verməyəcək, çünki o çox əhəmiyyətlidir”.

Qərb məsələyə necə yanaşır?

Avropa və ABŞ Erənistandakı hadisələrə demək olar ki, reaksiya vermirlər. ABŞ və bəzi Qərb ölkələri yalnız öz vətəndaşlarına təhlükəsizliklə bağlı müraciət ediblər. Sanki Qərb ölkələri, onun beynəlxalq insan haqları təşkilatı üçün dünya xəritəsində Ermənistran adlı bir dövlət yoxdur.

Bir çox ekspertlər isə bu sakitliyi Qərbin Rusiya ilə bu cəhbədə də döyüşmək istəməməsi ilə əlaqələndirirlər:

“Onsuz da Qərb Rusiyanın başını həm Ukrayna, həm Suriya, həm “Skripal işi”, həm də sanksiyalarla çox məşğul edib. Əlavə olaraq, Rusiyanın hərbi bazasının olduğu Ermənistanda toqquşmaq Qərbin Moskvaya qarşı planlarının “axsamasına” səbəb ola bilər. Eyni zamanda, ABŞ və Avropa Ermənistana müdaxilənin bölgədəki proseslərin nəzarətdən çıxaraq, daha da idarəolunmaz hala gətirilməsindən ehtiyat edirlər”.

Sarkisyanı devirə biləcəklərmi?

İndi əsas diqqət bu suala yönəlib. N. Paşinyanın addımları artıq hakimiyyətdə ciddi narahatlıq yaradıb. Təsadüfi deyil ki, hər iki Sarkisyan etirazçıları dialoqa çağırır. Serj Sarkisyan isə açıq şəkildə onlardan bir neçə il vaxt istəyib.

Lakin görünən budur ki, hakimiyyətin təlaşa düşərək, bir yandan dialoq, digər yandan zor tətbiqi müxalifləri sakitləşdirmir. Artıq iş o yerə çatıb ki, müxalif lider N. Paşinyan ölkənin məmurlarına və onlara zor tətbiq edən güc qurumlarına sərt çağırış da edib. Onun sözlərinə görə, dövlət qulluqçuları hərəkata qoşulmaq istəyirlər, amma iş yerlərin itirməkdən qorxurlar: "O anda ki, “məxməri inqilab”a qoşulacaqsınız, siz yox, Serj Sarkisyan işini itirəcək".

Aksiya rəhbəri qeyd edib ki, qırmızı beretlilər işdən sonrakı asudə vaxtlarında ya taksi sürücüsü işləyirlər, ya da fəhlə: "İndi onlar dəyənəklə Serj Sarkisyanın iqamətgahını müdafiə edirlər. İndi mən onlara deyirəm, siz bundan sonra arvadınızın və uşaqlarınızın gözlərinə necə baxacaqsınız?".

Göründüyü kimi, Paşinyan kifayət qədər açıq və sərt sözlərlə kütlənin qanını coşduran “ilmə toxuyur”. O ilmənin Serjin boynuna keçməsi də mümkündür …

Sarkisyan Qarabağda gərginliyi artıracaq?

Bəzi mütəxəssislər iddia edirlər ki, Sarkisyanı qəzəbli kütlənin cəngindən ancaq Azərbayacan qarşı savaş çıxara bilər. O, Qarabağda döyüşü alovlandıra və bununla da diqqəti aksiyalardan yayındırmaqla, gərginlikdən xilas ola və iflasın astanasında olan planının reallaşdıra bilər: “Bunun üçün ona Qarabağ və Azərbaycanla həmsrəhəd zonalarda bir neçə günlük müharibə kifayət edər. Lakin bu qanlı plan çox böyük və hətta proqnozlaşdırılmayan məcrada davam edərək, Ermənistanın özünün başına bəla ola bilər. Çünki bu, son illər çox sürətlə silahlanmış və dayanmadan hərbi təlimlər keçən Azərbaycan Ordusu üçün işğaldakı ərazilərin azad olunması istiqamətində bəhanəyə çevirilər. O halda əmin olun ki, Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, çox qısa zamanda, nəinki Qarabağ və ətraf rayonlar, həmçinin tarixi İrəvan torpaqlarının da azad olunması baş verər. Sərkisyanı əsas qorxudan məqam da budur” .

Son olaraq qeyd edək ki, bu gün İrəvan Dövlət Universitetinin tələbələri də Sarkisyana qarşı kütləvi etiraz aksiyasına başlayıblar.

Onlar müəllimləri də aksiyaya qoşulmağa çağırıblar. Hazırda etiraz aksiyaları Ermənistan paytaxtının müxtəlif hissələrində, həmçinin Baqramyan prospekti və Orbeli küçəsində keçirilir. Nümayişçilərin bir qrupu isə Koryuna və Teryana küçələrinin dörd yolayrıcını kəsiblər.

Xatırladaq ki, “Yelk” müxalifət blokundan Ermənistanın parlamentinin üç deputatı – Serj Sarkisyanın baş nazirliyinə qarşı kütləvi etirazların təşkilatçısı, “Mənim addımım” təşəbbüsünün lideri, “Vətəndaş müqaviləsi” partiyasının başçısı Nikol Paşinyan, onun silahdaşları Ararat Mirzoyan və Sasun Mikayelyan saxlanılıb.

Etirazçılar onların təcili azad edilməsini, baş nazir Serj Sarkisyanın istefasını və növbədənkənar parlament seçkilərinin keçirilməsini tələb edirlər.

Polis nümayişçilərə qarşı güc tətbiq edir. Dünən İrəvanda 277 nümayişçi saxlanılıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
17-03-2024, 12:16 “Kompas” səmtini azıb

{sape_links}{sape_article}