Generalların qohumları DMX-dən qovulur
Tarix: 05-05-2018 11:52 | Bölmə: Slayd
Generalların qohumları DMX-dən qovulur

Vüsal Hüseynov DSX rəisi Elçin Quliyev və digər qruplaşmalara bağlı olan şəxsləri də vəzifədən azad edəcək

Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynov rəhbərlik etdiyi qurumda özündən əvvəlki rəis Firudin Nəbiyevin qohum-əqrəbasından ibarət kadrları “vurmağa” başlayıb.

Reyting.az-ın məlumatına görə, DMX-nin yeni rəisi ötən gün Miqrasiya Nəzarəti Baş İdarəsinin rəisi Rövşən Səfərovu, bu idarənin rəis müavini, Qanunsuz miqrasiya hallarının aradan qaldırılması idarəsinin rəisi Qüdrət Məmmədovu, Miqrasiya proseslərinin təhlili və informasiya təminatı Baş İdarəsinin rəisi Mehman Səfərovu da tutduqları vəzifədən azad edib. “Vurulan”lar sırasında Daxili təhlükəsizlik idarəsinin rəisi və müavini, Qanunsuz miqrantların saxlanılması mərkəzinin rəisi və 2 əməkdaşı da var.

Reyting.az-a daxil olan məlumatda bildirilir ki, Qanunsuz miqrantları saxlama mərkəzinin rəisi Əsgər Əhmədov Naxçıvanın keçmiş daxili işlər naziri Əhməd Əhmədovun əmisi oğludur.

Vəzifədən çıxarılanlardan biri də MTN-in Nərimanov rayon şöbəsinin keçmiş rəisinin oğludur.

Bundan bir neçə gün əvvəl isə Vüsal Hüseynov Firudin Nəbiyevin bibisi oğlu Şəhriyar Tağiyevi vəzifədən kənarlaşdırıb.

Xatırladaq ki, üç gün əvvəl işdən çıxarılan Rövşən Səfərovla Mehman Səfərov qardaşdır. Bu, həmin Rövşən Səfərovdur ki, Dövlət Sərhəd Xidmətindəki (DSX) işindən azad olunduqdan sonra keçmiş rəis Firudin Nəbiyev onu bu qurumda işə qəbul edib. Səbəb isə onun Nəbiyevin qohumu ilə sonradan ailə qurması və sərhəd xidmətində birgə işləmələri göstərilir.

Onu da qeyd edək ki, hazırda bu qurumda Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general Elçin Quliyevlə Firudin Nəbiyevin onlarla yaxın qohumu mühüm vəzifə tutur. Elə təkcə xidmət rəisinin müavini, general Pərviz Musayevin adını çəkmək olar. O, Elçin Quliyevin dayısıdır. Elçin Quliyevin əmisi oğlu Elfan Quliyev DMX-da idarə rəisi, digər əmisinin oğlu Nizami Quliyev kadrlar şöbəsinin müdiridir. DSX rəisinin əmisi nəvəsi Rəşad Quliyev isə keçmiş rəis Firudun Nəbiyev tərəfindən baş inspektor vəzifəsinə təyin edilib.

Nəbiyev bununla da kifayətlənməyərək Elçin Quliyevin xalası oğlunu DMX-nin aparat rəhbəri, qardaşı Akif Quliyevin qayını Namiq Səfərovu isə mərkəzi aparatın şöbə rəisi təyin edib. Güman ki, yeni xidmət rəisi narazılıqların başında duran bu komandanın bütün üzvləri ilə vidalaşmalı olacaq.

Yeri gəlmişkən, DMX-də böyük dəyişiklilərin başlayacağı haqda xəbəri “Reytinq” qəzeti hələ bir ay əvvəl yazmışdı. Bundan bir həftə sonra - aprelin 7-də - qəzetin dərc etdiyi növbəti yazıdan 2 gün sonra Prezident İlham Əliyev hökumət üzvləri ilə keçirdiyi müşavirdə ölkəyə gələn turistlərdən müvafiq qurum rəhbələrini rüşvət almaqda ittiham etdi.

Prezident o qədər qəzəbli idi ki, hətta Azərbaycana gələnlərin pula görə incidildiyini açıq şəkildə dilə gətirdi:

“Azərbaycana gələnləri yolda saxlayırlar, onlardan rüşvət, pul tələb edirlər, dilənçilik edirlər, keçidlərdə duran o adamlar xalqımızı, dövlətimizi biabır edirlər. Mən aidiyyəti qurumlara çox ciddi xəbərdarlıq etdim, onları tənbeh etdim. Bu pozuntular yığışdırılmalıdır. Ölkəmizin imicinə xələl gətirən adamlar cəzalandırılacaqlar. Sərhəd-keçid məntəqələri elə olmalıdır ki, xaricdən gələn qonaq orada əziyyət çəkməsin.

Bəzən hüquq-mühafizə orqanlarının işçiləri otellərə əsassız müdaxilə edir, qonaqları incidir, guya ki, onlar burada hansısa normaları gözləyirlər. Onun arxasında yenə də təmənna, pul qoparmaq, cibini doldurmaq niyyəti var. Buna da son qoyulmalıdır.

Vizaları ləğv etdik. Ləğv edəndən sonra indi 90-dan çox ölkənin vətəndaşı gəlib vizanı aeroportda alır.

Xarici həmkarlarımdan biri isə mənə deyir ki, Siz vizanı ləğv etmisiniz, amma indi bizim ölkəmizdən gələn vətəndaşdan fotoşəkil tələb olunur.

Mən dəhşətə gəldim. Nə fotoşəkil?! Xaricə gedən bir adam özü ilə fotoşəkilmi aparır?! Nədir-nədir fotoşəkilin yoxdur, gəl, pulunu ver, keç. Bu dərəcədə biabırçılıq olmaz axı!

Biz onları cəzalandırdıq, fotoşəkil məsələsi ortadan qalxdı. Ondan sonra yenə də eşidirəm ki, aeroportlarda xaricdən gələn qonaqlardan növbədənkənar keçmək üçün pul tələb olunur. Bu dərəcədə alçaqlıq, biabırçılıq olmaz. Çox ciddi tədbirlər görülüb və bir daha demək istəyirəm ki, əgər bu sahədə və hər hansı bir başqa sahədə pozuntular olarsa və ümumiyyətlə bundan sonra bu özbaşınalıq davam edərsə, çox ciddi tədbirlər görüləcək, heç bir keçmiş xidmət nəzərə alınmadan bütün məsul şəxslər cəzalandırılacaqlar".

Göründüyü kimi, Əliyev həddən artıq açıq və sərt şəkildə faktiki olaraq Miqrasiya və Sərhəd xidmətlərinin rəhbərliyinə “Hətta xidmətləriniz belə nəzərə alınmayacaq”,- deyərək, sonuncu mesajını vermişdi. Bu xəbərdarlıqdan 15 gün sonra isə F. Nəbiyev vəzifədən kənarlaşdırıldı, indisə DMX-ni onun işbilməz qohum-əqrəbasından təmizləyirlər.

Amma mənbəmiz iddia edir ki, DMX-də hələ də ciddi qruplaşmalar var: “Bu, o qruplaşmadır ki, təkcə Firudin Nəbiyevə deyil, cox nüfuzlu məmurlara da bağlılıqları var. Məsələn, təsadüfi deyil ki, Vüsal Hüseynov bu günədək Firudin Nəbiyevdən qalma “3 manatlıq qeydiyyat xidməti”ni dayandıra bilməyib. Güman edirəm ki, o, belə məsələlərin həllində problemlə üzləşəcək”.


Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}