07:49 / 25-04-2024
Kuba prezidenti etiraz edir
Məmurlar sahibkarları sahibsiz qoyub; “Karvan”la dava 5 ildir uzanır
Tarix: 22-05-2018 11:45 | Bölmə: Slayd
Məmurlar sahibkarları sahibsiz qoyub; “Karvan”la dava 5 ildir uzanır

2013-cü ildə Sumqayıt şəhərindəki “Karvan” Ticarət Mərkəzində baş verən yanğın sahibkarları külli məbləğdə maddi zərərlə üzləşdirmişdi. Həmin hadisədən sonra bəzi sahibkarlar maddi zərərin qarşılığında müəyyən məbləğdə kompensasiya alsalar da, bu imkandan yararlana bilməyənlər də var.

Üç sahibkarın 325 000 manatını vermirlər

Kompensasiya ala bilməyən sahibkarlar - Şiralı Əsgərov (170 min), Füzuli Quliyev (55 min) və Dilavər Abdullayeva (100 min) iddia edir ki, yanğın zamanı onlara ümumilikdə 325 min manat zərər dəyib.

Sahibkarlar Reyting.az-a müraciətlərində bildiriblər ki, həm məhkəmə, həm də cavabdeh tərəf - “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi bu məbləğdə zərərlə üzləşmələrini təsdiqləsə də, dəyən zərərin əvəzində verilməli olan kompensasiyanı hələ də ala bilmirlər.

Məmurlar sahibkarları aldadır

Məmurlar sahibkarları sahibsiz qoyub; “Karvan”la dava 5 ildir uzanır

Bu barədə ölkə başçısına və digər aidiyyatı şəxslərə yazılan çoxsaylı müraciətlər isə cavabsız qalıb:

“Belə çıxır ki, bu məktublar Prezident Administirasiyasının Sumqayıt üzrə səlahiyyətli nümayəndəsi (kurator) Vəfadar Bağırov lazımi ünvana çatdırmır. Əks halda etdiyimiz yüzlərlə müraciətin heç olmasa, birinə cavab verilərdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətində və Prezident Administrasiyasında çalışan bəzi məmurlar bizi aldadır. Belə edirlər ki, bezərək, öz haqqımızdan əl çəkək”.

Şikayətçilərin sözlərinə görə, Prezident Administrasiyasının Sumqayıt üzrə məsul əməkdaşı Vəfadar Bağırov onları Sumqayıt Şəhər İcra Hakimiyyətində qəbula salmaqla işini bitmiş sayır:

“O, problemimizi çox gözəl bilsə də, həllinə ciddi yanaşmır. Halbuki bu məsələ də onun vəzifə borcuna aiddir.

Vəfadar Bağırov bizimlə telefon danışığında deyib ki, bu məsələ Prezidentə aid deyil. Ancaq məlumdur ki, Prezident dəfələrlə sahibkarlara qayğı və diqqətin dövlətimizin inkişafı üçün vacib olduğunu qeyd edib”.

“Karvan”ın sahibi simiclik edir

Sahibkarların yazır ki, şikayətləri dəfələrlə ölkə mətbuatında işıqlandırılsa da, Sumqayıtın icra başçısı Zakir Fərəcov kompensasiyanın ödənilməsi barədə yazılı göstəriş versə də, “Karvan” Ticarət Mərkəzinin rəhbərliyi bu vəsaiti vermək istəmir.

Ağamirzə Əhədov 2016-cı ildə dünyasını dəyişəndən sonra atasının yerinə - “Karvan”ın icraçı direktoru vəzifəsinə keçən Kamil Əhədov min bir bəhanə ilə pulumuzu vermir”.

Usubovla Qaralovun göstərişi nəticə verməyib

Məmurlar sahibkarları sahibsiz qoyub; “Karvan”la dava 5 ildir uzanır

2016-cı ilin dekabr ayında Baş prokurorun müavini Rüstəm Usubovla görüş zamanı da sahibkarlara deyilib ki, dəyən ziyan ödəniləcək:

“2017-ci il yanvar ayının 30-da Sumqayıtda vətəndaşlarla görüşü zamanı Baş prokuror Zakir Qaralov bizi də qəbul etdi. Cənab Qaralov bizə dedi ki, ziyan mütləq ödənilməlidir. Amma bunun da bir faydası olmadı. Hətta bu görüşdən sonra təkrar müraciət etməyimiz də nəticəsiz qaldı.

Bundan sonra Baş prokurorun köməkçisinin qəbulunda olduq. 2017-ci ilin aprel ayının 23-də Zakir Qaralov rəsmi qaydada Sumqayıtın icra başçısı Zakir Fərəcova müraciət edib ki, dəyən zərər təxirə salınmadan ödənilsin. Bundan 9 ay sonra isə bazar rəhbərliyinə cinayət işi qaldırdılar. İndiyə qədər 6 məhkəmə instansiyası keçmişik və hamısı bizim xeyrimizə qərar versə də, bunun problemin həllinə təsiri olmayıb”.

Kompensasiyanın dəyəri və 15 kq məktub

Şikayətçilər yazır ki, hazırda maddi vəziyyətləri acınacaqlıdır, üstəlik, indiyəcən bu çəkişməyə xeyli xərcləri çıxıb. Eyni zamanda, dəymiş ziyanın qarşılığında almaq istədikləri məbləğ də devalvasiyalar nəticəsində dəyərini xeyli itirib:

“Şikayət məktublarımızın çəkisi isə 15 kq-a çatıb, amma yenə də halal pulumuzu ala bilmirik.

Məmurlar sahibkarları sahibsiz qoyub; “Karvan”la dava 5 ildir uzanır

Prezident Administrasiyasına , Sumqayıt Şəhər İcra Hakimiyyətinə çoxsaylı get-gəldən, tələblərimizdən sonra icra başçısı Zakir Fərəcov bu ilin mart ayının 12-də bizi ərizəmizə uyğun olaraq, sakinlərlə növbəti səyyar qəbul-görüş çərçivəsində qəbul etdi. O, bizi dinlədikdən sonra müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fəzail Hüseynova göstəriş verdi ki, problemi araşdırıb “Karvan”ın rəhbərliyinə bildirsin ki, dəyən ziyanın müəyyən qismi imkan daxilində mütləq ödənsin. Bundan sonra “Karvan”ın direktoru Kamil Əhədov icra hakimiyyətinə çağrılsa da, bu da problemin həllində rol oynamadı”.

Polkovnik paradan pay vermək istəmir

Sahibkarların iddiasına görə, onlara çatası kompensasiyanın verilməsinə mane olan şəxslərdən biri də Kamil Əhədovun qardaşı, DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Binəqədi qeydiyyat-imtahan şöbəsinin müdiri vəzifəsində işləyən polkovnik-leytenant Mübariz Əhədovdur:

“Karvan”ın keçmiş sahibi Ağamirzə Əhədov dünyasını dəyişəndən sonra, ticarət mərkəzində digər qardaşların da payı olmasına baxmayaraq və Kamil Əhədov rəsmi direktor olsa da, “Karvan”a de-fakto Mübariz Əhədov rəhbərlik edir. İcarə haqlarının yığılması, yer bölgüsü də onun nəzarətindədir. Təbii ki, məmur, dövlət qulluqçusu olduğundan bunu rəsmi yox, qeyri-rəsmi edir”.

Məmurlar sahibkarları sahibsiz qoyub; “Karvan”la dava 5 ildir uzanır

Qeyd olunur ki, M. Əhədov zərərçəkənlərin pulunu vermək istəməməsini belə əsaslandırır:

“Məhkəmə olub, cavabdeh cəzasını alıb, İsməliyə xeyli xərc çəkilib. Hara şikayət edirlərsə, etsinlər. Məhkəmə qərarında ziyanın ödənilməsi göstərilməyib”.

Şikayətçilər, M. Əhədovun “Karvan” Ticarət Mərkəzinin idarəçiliyində əsas füqur olmasını belə əsaslandırırlar:

“Bunu AzTV-nin 2016-cı ilin noyabr ayında - “Karvan”ın yanğından sonra əsaslı təmirdən sonra açılışından hazırladığı reportajdan da görmək olar. Həmin reportajda danışanların arxasında “Karvan”ın rəsmi sahibi Kamil Əhədovun yanında duran Mübariz Əhədov idi. Hiss olunur ki, o, dövlət qulluqçusundan çox “Karvan”ın sahiblərindən biridir.

Bundan əvvəl də, ondan DİN rəhbərliyinə , Baş Dövlət Yol Polisi İdarəsinə şikayət edilib. Bildiyimizə görə, M. Əhədova bununla bağlı xəbərdarlıq da olub. Amma görünür, Mübariz Əhədov Daxili İşlər Nazirliyinin xəbərdarlığından nəticə çıxarmaq istəmir”.

“Karvan”ın rəhbəri digər öhdəliyi də pozub

Zərərçəkənlərin sözlərinə görə, 2006-cı ildən yanğın baş verənə qədər “Karvan”ın rəhbərliyi ilə rəsmi müqavilələri olub və həmin müqavilə əsasında sahibkarlıq fəaliyyəti ilə məşğul olublar. Lakin yanğından sonra “Karvan”ın rəhbəri bu öhdəliyi də pozub:

“Bəzi məmurlar isə sahibkarların hüquqlarını pozan qardaşları qoruyur. Belə görünür ki, qardaşların ölkənin idarəçiliyində nüfuzu böyükdür ki, onlara batmaq olmur. Vəfadar Bağırov isə “Karvan” Ticarət Mərkəzinin sahiblərini tanımadığını desə də, bu da inandırıcı deyil.

Biz, mayın 14-də yenə Prezident Administrasiyasına gedib Vəfadar Bağırovun qəbulunda olduq. Dediyi müqaviləni də ona göstərdik və “sizə köməklik oluncaq”,- dedi. Amma belə sözləri beş ildir ki, çox eşidirik.

Mayın 15-də isə yenə təkrarən Sumqayıt Şəhər İcra Hakimiyyətində Fəzail Hüseynovla görüşdük. O, Kamil Əhədova zəng vurub “bu məsələ həllini tapmalıdır, sahibkarları aldatmaq lazım deyil”,- söylədi. O isə yenə vaxt istəyir”.

Əhədov görüş yerinə gəlməyib

Bundan sonra Fəzail Hüseynov Kamil Əhədovu icra hakimiyyətinin binasında sahibkarlarla görüşə dəvət etsə də, Əhədov görüş yerinə gəlməyib:

“İcra hakimiyyətində bizə bildirilirdi ki, “Karvan”ın şərikləri pulunuzu verməkdən imtina edir. Mübariz Əhədov deyib ki, onlara pul vermərəm”.

Şikayətçilər müraciətlərinin sonunda qeyd ediblər ki, sahibkarlara qarşı belə münasibət vətəndaşları dövlətdən, onu idarə edənlərdən incik salmaq məqsədi daşıyır. Bu səbəbdən də əlaqədar qurumları məsələyə biganə qalmamağa çağırırlar.

Reyting.az qarşı tərəfin də məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}