23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Rektorlar maddi zərərlə üzləşə bilər
Tarix: 04-06-2018 15:58 | Bölmə: Slayd
Rektorlar maddi zərərlə üzləşə bilər

Hazırda Azərbaycanın bir neçə ali təhsil müəssisəsində dövlət imtahanları keçirilir. Bu imtahanların təşkil olunmadığı universitetlərdə isə tələbələr buraxılış işlərini müdafiə etməlidirlər. Lakin bu imtahanlar mütəxəssislər tərəfindən birmənalı qarşılanmır. Çünki dünya təcrübəsində “Dövlət imtahanı” deyilən bir anlayış mövcud deyil.

Məsələ ilə bağlı açıqlama verən sabiq millət vəkili, professor Şahlar Əsgərov bildirib ki, dövlət imtahanları Sovet hökumətinin vaxtından qalan ənənədir: “Sovet hökuməti əvvəllər bütün təhsil haqqını ödəyirdi və universitetlərə pul ayırırdı. 5 ildən sonra da dövlət imtahanları təşkil edirdi. Bu imtahanlarda ali məktəb müəllimlərindən əlavə dövlətin müəllimi də komissiya üzvü kimi iştirak edirdi. Məqsəd də dövlətin ödədiyi pulun biliyə çevrilib-çevrilməməsini yoxlamaq idi. Dünya təcrübəsində təhsilin keyfiyyəti yüksək olan ölkələrdə bu imtahana ehtiyac duyulmur. Çünki hər kursun sonunda tələbə sessiya imtahanları verir və lazım olan balları toplayır. Sonda da topladığı bala görə tələbəyə ali məktəbi bitirdiyinə dair sənəd verilir. Güman edirəm ki, dövlət imtahanı keçmişin ənənəsidir. Təhsildə keyfiyyəti yavaş-yavaş artırmaqla dövlət imtahanlarından imtina edə bilərik”.

Təhsil üzrə ekspert Kamran Əsədov isə “Reytinq”ə açıqlamasında deyib ki, ali məktəbdə buraxılış işi və yekun dövlət imtahanlarından imtina olunmalıdır. Onun fikrincə, ilk növbədə ona görə ki, bu proseslər bir sıra universitetlərdə şəffaf şəkildə həyata keçirilmir, bəzi tələbələrdən əsassız tələblər olur: “Bunun əvəzində tələbələrin təlim müddətində tədris, elmi və ictimai fəaliyyətini əks etdirən hesabatların təqdimatı həyata keçirilməlidir”.

Ekspert qeyd edib ki, buraxılış işi və dövlət imtahanlarının humanitar ixtisaslar və bəzi təbiət elmləri üzrə həyata keçrilməsi ümumiyyətlə əhəmiyyətli deyil: “Çünki bu, bir çox hallarda yazılmış işlərin plagiat, köçürmə olması ilə nəticələnir. Bəlkə də texniki profilli ixtisaslarda buraxılış işlərinin yazılması təcrübəsini saxlamaq olar”.

Kamran Əsədov hesab edir ki, əslində müstəqil işləmək vərdişlərinin inkişaf etdirilməsi, eləcə də buraxılış işlərində qoyulan problem və sualların həllinin araşdırılması metodlarına yiyələnmək üçün buraxılış işi yaxşı vasitədir. “Amma bu proses şəffaf şəkildə təşkil olunmadığı üçün, istənilən effekti vermir. Hesab edirəm ki, tələbələrin müasir istehsalatın, elmin, texnikanın və mədəniyyətin müvafiq sahələrində müstəqil işləməsini, həcm məhdudiyyəti qoymadan ehtiyac olan sahələr üzrə hesabatların hazırlanmasını təmin etmək lazımdır. Dünyanın inkişaf etmiş ölkələrində bu təcrübədən istifadə olunur”, – deyə K. Əsədov fikrini tamamlayıb.

Xatırladaq ki, hələ bir neçə il əvvəl universitetlərdən birində dövlət imtahanları ləğv edilmişdi. O vaxt tanınmış təhsil eksperti Etibar Əliyev mətbuata açıqlamasında demişdi ki, bu, gecikmiş qərardır:

“Həmin məsələ 2005-ci ildə Azərbaycan universitetləri Bolonya sisteminə keçərkən həll olunmalıydı. Bolonya sistemində nə dövlət imtahanı, nə də diplom müdafiəsi anlayışı yoxdur. Dövlət imtahanı Sovetlər dövründən qalıb. Bakalavr və magistr pilləsində dövlət imtahanının keçirilməsi məqsədəuyğun deyil...”


Ekspert onu da bildirmişdi ki, bakalavr və magistr pilləsində hansısa bir ixtisasdan mövzunun və ya magistr mövzusunun müdafiə olunması bəs eləyir: “Bizdə əlavə fənlərin sayı həddindən artıq çoxdur. Və hazırda tələbələrə də heç bir seçim imkanı verilmir. Universitetlərdə yalnız bir neçə ixtisas fənninin və eyni zamanda bizdə təhsilin humanistləşdirilməsi prinsipi ki var, orada bir neçə humanitar fənnin tədrisinin icbari olması vacibdir. Bir də ki, tələbələr Avropa universitetlərinin tədris proqramları ilə tanış olmalı və özlərinə də tədris proqramı tutmalıdırlar”.

Ekspertin fikrincə, dövlət imtahanının ləğv olunması Bolonya sisteminə keçmək üçün çox kiçik bir addımdır. "Mən yenə də qeyd edirəm. Dövlət imtahanları bütün ali məktəblərimizdə ləğv olunmalıdır...”

“Reytinq”in apardığı araşdırmaya görə, elə tələbələrin əksəriyyəti də dövlət imtahanını vacib saymır və bunu vaxt itkisi kimi qiymətləndirirlər. Deyəsən, dövlət imtahanının nəyə xidmət etdiyini nə tələbələr, nə də müəllimlər dəqiq bilmirlər. Axı, bu fənlərin hər birindən tələbə semestr boyu arı-ayrılıqda imtahan verib, qiymətini alır.

Digər əlavə vaxt itirən məsələlərdən biri də diplom işinin müdafiəsidir. Çünki tələbələrin 90 faizi diplom işini kiməsə yazdırırlar. Düzdür, bunu hamıya şamil eləmək olmaz. Tələbələrin arasında diplom işini özləri yazanı da var. Ancaq ümumilikdə dövlət imtahanının tələbə üçün faydası yoxdur, əksinə, vaxt və enerji itkisdir.

Onu da qeyd edək ki, bəzi ali məktəblərdə dövlət imtahanı pul mənbəyinə çevrilib. İddia olunur ki, bəzi ali məktəblərdə bu imtahan üçün böyük məbləğdə vəsait yığılır. Hətta bunun həmin universitetlərin rəhbərləri səviyyəsində baş verdiyi iddia olunur. Odur ki, dövlət imtahanının ləğvi, bəzi rektorların maddi zərərlə üzləşməsinə səbəb ola bilər.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}