16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Şirkətlər fəhlələrin həyatını təhlükəyə atır - Xəbərdarlıq
Tarix: 30-06-2018 16:10 | Bölmə: Slayd
Şirkətlər fəhlələrin həyatını təhlükəyə atır

Anomal istilərə məhəl qoymayan bəzi işəgötürənlər işçiləri açıq havada işlədir


Azərbaycanda anomal istilərə görə açıq şəraitli yerlərdə işlər dayandırıla bilər. Əmək Məcəlləsinin 233-cü (Soyuq və isti havalar şəraitində fasilələr və işin dayandırılması) maddəsinə əsasən, havanın temperaturu azı 41 dərəcə selsidən çox olan istilər zamanı açıq şəraitli iş yerlərində fasilələr verilir və iş dayandırılır.

Fasilələr iş vaxtına daxil edilir və bu fasilələr zamanı əməkhaqqı işçilərin tarif maaşına görə ödənilir. İş dayandırıldıqda, boşdayanma vaxtının haqqı işçinin təqsiri üzündən baş verməyən boşdayanma kimi, tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir.

Təbii ki, bütün bunlar qanunvericilikdə təsbit olunub. Amma son günlər ölkədə havanın isti keçməsinə baxmayaraq açıq havadakı iş yerlərinin hansındasa önləyici tədbilərin həyata keçirdiyi hiss olunmur. Hətta günün ən qızmar vaxtında belə yol təmiri və tikinti sahələrində işçilərin işlədildiyi müşahidə edilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyul ayı ərzində anomal istilərin davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Bəs görəsən, rəsmi qurumlar bununla bağlı hansı tədbirlər həyata keçirmək niyyətindədir?

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi işəgötürənlərə müraciət edib. Nazirlikdən bildirilib ki, növbəti günlərdə anomal isti hava şəraitinin müşahidə olunacağı və havanın temperaturunun yüksəlməsi ilə bağlı nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti işəgötürənlərə müraciət ünvanlayıb:

"Havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda işçilərin həyat və sağlamlığının qorunması üçün əmək qanunvericiliyinə əsasən zəruri tədbirlərin görülməsi təmin edilməlidir".

Bildirilib ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə uyğun olaraq, havanın temperaturu + 41 dərəcə selsidən çox olduğu hallarda açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılmalıdır: "Qeyd olunan hallarda işçilərə sərinləmək üçün imkan yaradılmalı, onlara fasilələr verilməli, fasilənin sayı və müddəti işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı əsasında müəyyən olunmalıdır".

Rəsmi çağırışda qeyd olunur ki, Dövlət Əmək Müfəttişliyi Xidməti işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əməyin mühafizəsi tədbirlərinin görülməsinin, o cümlədən havanın temperaturunun +41 dərəcə selsidən çox olduğu hallarda bu məqsədlə zəruri işlərin aparılmasının qanunvericiliklə işəgötürənlərin əsas vəzifələrindən olduğunu diqqətə çatdırır.

Şirkətlər fəhlələrin həyatını təhlükəyə atır

Məsələylə bağlı Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə “Reytinq” qəzetinə deyib ki, Əmək Məcəlləsinin 2 saylı əlavəsində "İlin soyuq vaxtında açıq havada və ya isidilməyən örtülü binalarda, habelə isti havalarda işin dayandırılması və işçilərə fasilələrin verilməsi şərtləri" müəyyən edilir. S. Məmmədov bildirib ki, həmin şərtlərə görə, 41 dərəcə selsidən çox olan hava şəraitində açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır və işçilərə sərinləmək üçün imkan yaradılmaqla fasilələr verilir:

“Əvvəla iş hər yerdə dayandırılmalı deyil. İş o yerdə dayandırılır ki, orada havanı tənzimləmək mümkün deyil. Məsələn, çöldə 50 dərəcə isti ola bilər, amma sizin işlədiyiniz otaqda kondisioner var və sizin iş mexanizminə mənfi təsir yoxdur. O zaman sizin işiniz nəyə görə danandırılmalıdır? Körfəz ölkələrində temperatur 50-60 dərəcə olur, amma hamı işləyir. İşin dayandırılması açıq havada işləyənlərə aiddir. Qanuna görə 41 dərəcəni keçdikdə işlər dayandırılmalıdır. Əgər havanın temperaturu işçinin sağlamlığına aşkar zərərə vurusa, işəgötürən işi dayandırmasa belə, tədbirlər görməlidir. Elə işlər var ki, orada heç bir halda işi dayandırmaq olmaz. Məsələn, qəza baş verib, onu aradan qaldıran zaman işi necə dayandırsınlar? Ancaq əlavə tədbirlər görülməlidir.

Əlavə tədbir nə ola bilər? Çölün düzündə iş gedir. Orada çətirlər quraşdırıla, işçilərə sərinləşdirici içkilər – ayran, qazlı su verilə bilər. Yaxud qısa-qısa fazilələrə işləyə bilərlər. Elə işəgötürən var ki, vicdanlıdır, işçilərin sağlamlığına qayğı ilə yanaşır. Bu həm də onun vəzifəsidir. Təbii ki, Azərbaycanda elə şirkətlər var ki, qanuna uyğun olaraq işi saxlayırlar. Amma işi dayandırmayanlar da var. Məsələn, şəhərin müxtəlif istiqamətlərində asfaltlanma işləri gedir, heç birində də iş dayanmayıb. Şəhərdəki tikinti sektorunda da iş dayandırılmayıb. Ancaq havanın temperaturunun yüksək olması o demək deyil ki, bütün günü işləməsinlər. Günorta saat 2-4 arası temperatur 41 dərəcəni keçəndə həmin müddət işi dayandırmaq olar”.

Ekspert bu prosesə Dövlət Əmək Müfəttişliyi nəzarət etdiyini bildirib. Lakin onlar da bu prosesə tam nəzarət edə bilmirlər:

“Birincisi, artıq neçə müddətdir ki, yoxlamalara moratorium qoyublar. Ona görə də yoxlama xarakterli monitorinqlər keçirə bilmirlər. Təbii ki, yoxlamaların azalması yaxşı haldır. Amma sahibkarlar da bundan sui-istifadə etməməlidirlər. Yəni normal işəgötürən heç bir orqanın tələbini gözləmədən bu qaydalara əməl etməlidir. Ona görə ki, birincisi, işəgötürən işçinin sağlamlığına dəyən zərərə görə məsuliyyət daşıyır.

İkincisi, işçini belə hava şəritində işlətmək əməyin mühafizəsi qaydalarının pozulmasıdır və bu inzibati məsuliyyət, nəticələr ağır olduqda (məslən ölümlə nəticələndikdə) cinayət məsuliyyəti yaradır”.

S. Məmmədov qeyd edib ki, Dövlət Əmək Müfəttişliyi Xidməti bu sahədə dövlət nəzarətini həyata keçirən səlahiyyətli orqandır. Lakin, hazırda bu xidmət yoxlamalara qoyulan moratoriuma görə müəssisələrə xəbərdarlıqsız daxil olaraq qanunsuzluğu aşkar edə bilmirlər: “Hətta moratorium olmasa belə, Əmək Müfəttişliyinin 250-270 nəfər əməkdaşı bu işin öhdəsindən gələ bilməz. Bəs nə etməli?

İşçinin onun sağlamlığına dəyən işlərdən imtina hüququ var və bu Məcəllədə göstərilir. Əmək müqaviləsi ilə işləyənlər belə tələb qoya bilər. Təəssüf ki, əksər iş yerlərində işçilərlə əmək müqaviləsi yoxdur və onlar məcburi əməyə cəlb olunmuş sayılırlar. Onlar belə tələb irəli sürərlərsə, dərhal iş yerindən qovulurlar. Yəni bu problemi həll etmək üçün ilk növbədə iş yerlərində əmək münasibətləri qanunauyğun tənzimlənməlidir. Əks halda problemi həll etmək mümkün olmayacaq”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}