16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Qarabağ mitinqinə hazırlıqlar başlayıb
Tarix: 07-07-2018 13:13 | Bölmə: Slayd
Qarabağ mitinqinə hazırlıqlar başlayıb

Bir müddət öncə Bakı şəhərində Qarabağla bağlı mitinq keçirilməsi qərara alınsa da, təşkilatçıların niyyəti baş tutmadı. Bu səbəbdən də yenidən mitinq keçirilməsi üçün müzakirələr başlayıb.

Qarabağ Azadlıq Təşkilatının (QAT) ofisində 21 iyula təyin edilmiş Qarabağ mitinqi ilə bağlı toplantı keçirilib. Toplantıda Qarabağ döyüşçüləri, partiya və QHT rəhbərləri, mitinqin təşkilat komitəsinin üzvləri iştirak ediblər.

QAT sədri Akif Nağı toplantının və Qarabağ mitinqinin məqsədi ilə bağlı məlumat verib. Təşkilat sədri deyib ki, mitinqin məqsədi Qarabağın azadlığına dair ümumi, vahid iradənin nümayiş etdirilməsi, torpaqlarımızın dərhal işğaldan azad edilməsi tələbinin hakimiyyət qarşısında irəli sürülməsidir:

“Beynəlxalq təşkilatlar, dünya birliyi Azərbaycan cəmiyyətinin torpaq itkisi ilə heç vaxt barışmayacağını bilməlidir. Bu tələblər mitinq və digər formalarda daim, davamlı, fasiləsiz olaraq gündəmdə saxlanılmalıdır. Bu tələblərimiz Avropada, Rusiyada və digər yerlərdə dəstəklənir. Toplantını keçirməklə Azərbaycanın partiya, ictimai təşkilat, Qarabağ döyüşçülərinin də mövqeyini aydınlaşdırmaq, mitinqlə bağlı bir sıra texniki, təşkilati məsələləri dəqiqləşdirmək istədik.”

AXP sədri Pənah Hüseyn də Qarabağla bağlı mitinqin keçirilməsinin zəruri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Qarabağ məsələsinə ümummilli mövqedən yanaşmalıyıq, iqtidar-müxalifət məsələsini, müxalifətdaxili problemləri qabartmamalıyıq: “Mitinqə gələcək adamların sayının az ola biləcəyi də bizi çəkindirməməlidir, sayı mərhələ-mərhələ artıra bilərik. Mitinqlər davamlı olmalı, icazəsiz mitinqə də getməli, digər lokal aksiyalardan da istifadə etməliyik. Mitinqin Təşkilat Komitəsində fəal iştirak edəcəyik”.

KXCP sədri Mirmahmud Mirəlioğlu isə bildirib ki, mitinqin Təşkilat Komitəsində hökmən iştirak edəcəklər:

“Mitinqlərə icazə verilməsə, Prezident Administrasiyası qarşısında aksiya keçirməliyik. Torpaqların azad olunması iqtidarın üzərinə düşür, ya azad etsinlər, ya da çıxıb getsinlər”.

Milli Demokrat Partiyasının sədri, sabiq daxili işlər naziri İskəndər Həmidov paytaxtdan kənarda olduğuna görə toplantıya telefonla qoşularaq İsa Qəmbərin və özünün adından mitinqə tam dəstək verdiklərini, hazırlıq işlərində fəal iştirak edəcəklərini bildirib.

Çıxışlardan və müzakirələrdən sonra müraciət və qərarlar qəbul olunub. Toplantı iştirakçıları dövlət başçısına müraciət edərək, ölkə ərazisində enerji qəzası, sui-qəsd və digər hallarla bağlı təcili tədbirlərin həyata keçirilməsini, bu cür hadisələrin, təxribat cəhdlərinin qarşısının alınmasını təklif ediblər.

Toplantıda, Qarabağ mitinqinə dəstək verilməsi üçün gələn həftə geniş tərkibdə Təşkilat Komitəsinin yaradılması ilə bağlı qərar qəbul edilib. Həmçinin bəzi siyasi qurumların, o cümlədən, Milli Şura, AXCP, Musavat Partiyasının birgə Qarabağ mitinqinə biganə və qərəzli münasibətini pislənilib.

Məsələylə bağlı “Reytinq”ə açıqlama verən Müsavat Partiyasının başqanı Arif Hacılı deyib ki, partiya olaraq Qarabağla bağlı müzakirələrdə hər zaman yaxından iştirak ediblər. Onun sözlərinə görə, keçirilən son toplantıda iştirak etməmələrinin səbəbi texniki məsələylə bağlı olub:

“Biz Qarabağ məsələsini həddindən artıq ciddi məsələ hesab edirik. Ona görə də bu məsələylə ciddi məşğul olmağın tərəfdarıyıq. Bir gün mitinq təyin etmək, sonra o mitinqi ləğv etmək, bir gün bu mitinqin ümumxalq mitinqi olacağını elan eləmək, sonrə bunun ayrı-ayrı qrupların nəzarətindəki tədbir kimi qələmə vermək heç də məsələyə uğurlu yanaşma deyil. Bu səbəbdən də, bu məsələylə məşğul olmağa cəhd edən adamlara tövsiyyə edərdim ki, Qarabağ probleminin Azərbaycan üçün çox vacib olduğunu nəzərə alaraq məsələyə ciddi yanaşsınlar”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}