Ölkənin dərman bazarında yeni fırıldağa əl atırlar
Tarix: 14-07-2018 13:21 | Bölmə: Slayd
Ölkənin dərman bazarında yeni fırıldağa əl atırlar

Son günlər Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) bioloji fəallığa malik qida əlavələrinin (BFMQƏ) ekspertizasını həyata keçirir. Bu il martın 1-dən Mərkəzə ekspertiza üçün 334 müraciət daxil olub, onlardan 61-i mənfi rəy alıb. Bu səbəbdən də nazirlik vətəndaşları diqqətli olmağa çağırır.

Mərkəzdən bildirilib ki, bundan sonra da daxil olan müraciətlərə ciddi nəzarət olunacaq və bu siyahı mütəmadi olaraq yenilənəcək:

"Vətəndaşlar tərəfindən edilən müraciətlər bu cür halların üzə çıxarılmasında və qarşısının alınmasında əhəmiyyətli rol oynayır. Bunun üçün əhalidən bu preparatlara rast gəldikləri təqdirdə AEM-in Qaynar Xətt Xidmətinə ((+99412) 596 07 12, (+99412) 594-57-27, (+99412) 594-57-37)) məlumat vermələri xahiş olunur”.

Mərkəz mənfi rəy alan BFMQƏ-in adlarını da açıqlayıb.

Amma Reyting.az-a daxil olan məlumata görə, nazirliyin mənfi rəy verdiyi qida əlavələrinin bəziləri bir müddət sonra “qara siyahı”dan çıxarılıb. İddia olunur ki, həmin qida əlavələrini gətirən firmalar mənfi rəy verən qurumla münasibətləri “istiləşdirəndən” sonra mənfi rəy müsbətə doğru dəyişib.

Bizi bilgiləndirən şəxs deyib ki, bu məsələ rəsmiləşməsə də, hazırda depolarda və apteklərdə mənfi rəy alan qida əlavələrinin tapmaq mümkündür. Yəni, ilk günlər satışdan çıxarılsa da, hazırda həmin mallar alıcılara təqdim olunur.

Məlumat üçün onu da bildiririk ki, bioloji fəallığa malik qida əlavələrinin tərkibinə dair tələblər müəyyənləşib. Bu tələblər "Bioloji fəallığa malik qida əlavələrinin ekspertizadan keçirilməsi Qaydası"nda öz əksini tapıb. Həmin tələblərə əsasən, bioloji fəallığa malik qida əlavələrinin tərkibində Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.1-ci yarımbəndində (BFMQƏ-nin tərkibində 14 yaşdan yuxarı böyüklər üçün qidaya əlavə olunan bioloji fəal maddələrin gündəlik istehlak miqdarı və enerji dəyəri göstərilməklə siyahısı) nəzərdə tutulmuş siyahıya uyğun bioloji fəal maddələr və qida komponentləri istifadə edilməlidir. Bioloji fəallığa malik qida əlavələrinin hazırlanmasında istifadə olunan komponentlər insanın həyat və sağlamlığına zərərli təsir göstərməməlidir. Bioloji fəallığa malik qida əlavələrinin istehsalında genetik modifikasiya olunmuş məhsullardan, nanomateriallardan, hormonlardan, pestisidlərdən, həmçinin narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarından, güclü təsir edən və zəhərli maddələrdən və Beynəlxalq Anti-Dopinq Agentliyinin qüvvədə olan siyahısı ilə müəyyən olunan dopinq maddələrindən istifadə edilməsi qadağandır.

Qida əlavələrinin tərkibinə vitamin və mineral maddələrin Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.2-ci yarımbəndində (BFMQƏ-nin istehsalında istifadə olunan vitaminlərin, vitaminəbənzər maddələrin və mineral maddələrin formalarının siyahısı) nəzərdə tutulmuş siyahıda göstərilən təsiredici maddə formalarında və dozada daxil edilməsinə yol verilir.

Qaydada göstərilən tələblərə görə, 4-14 yaş arası uşaqlar üçün nəzərdə tutulan bioloji fəallığa malik qida əlavələrinin tərkibinə daxil olan vitamin və mineral maddələrin miqdarı Səhiyyə Nazirliyinin təsdiq etdiyi və bu Qaydanın 3.10.2-ci yarımbəndində nəzərdə tutulmuş siyahıda göstərilən həddin 50 faizini təşkil etməlidir. Bioloji fəallığa malik qida əlavələrinin və dərman vasitələrinin tərkibi eyni və ya bu məhsulun komponentlərinin dozaları onun yol verilən istifadə səviyyəsindən yuxarı ola bilməz.

Ölkənin dərman bazarında yeni fırıldağa əl atırlar

Mövzu ilə bağlı Reyting.az-a açıqlama verən Vətəndaş və İnkişaf Partiyasının sədri, ATU-nun Biokimya kafedrasının müəllimi, biologiya elmləri namizədi Əli Əliyev öncə bioloji qida ələvələri ilə bağlı məlumat verib.

Nəzərə çatdıraq ki, qida əlavələri dərman deyil, amma hazırda apteklərdə tablet, şərbət, flakon, kapsul halında satılır. Bu səbəbdən də əksəriyyət dərmanla qida əlavəsinin fərqini bilmir.

Müsahibimiz öncə qida əlavəsinin nə olduğuna aydınlıq gətirib:

“Bioloji fəal əlavələr - tərkibi orqanizmə təsir gücünə malik maddələrlə zənginləşdirilmiş, ərzaqla dərman preparatı arasında yer tutan məhsullardır. Normalda bu maddələr terapevtik xüsusiyyətlərə malik olmasalar da, orqanizmin müəyyən sisteminin gücləndirilməsində, fəaliyyətinin optimallaşdırılmasında rol ala bilirlər. Müasir farmasiya sənayesi belə maddələrin istehsalı ilə zəngindir. Hazırda dietologiya, idman, şəxsi gigiyena və bir sıra digər sahələrdə BFƏ-in təbliğatı, tətbiqi geniş vüsət alıb. Hər bir yenilik kimi bu sahə də maarifləndirmə olmadığı səbəbindən böyük gəlirlər gətirir. İstehsal dəyəri o qədər də yüksək olmayan bu qrup maddələr bazarda fantastik gəlirlərin əldə olunması ilə nəticələnir”.

Ə. Əliyev bildirib ki, Azərbaycan praktikasında BFƏ bazarı bir sıra hallarda işbazların müdaxilə sferasına çevrilib. Gömrük və digər vergi növlərindən yayınmaq üçün bu tip biznesmenlər bəzən dərman preparatlarını BFƏ adı ilə ölkəyə idxal edirlər: “BFƏ-nin lisenziyalaşdırma problemləri də çox olmur. Ona görə də başa bəla iş adamları əczaçılıq sahəsinin qanunvericiliyində və idarəçiliyində olan boşluqlardan sui-istifadə edirlər”.

Dərman bazarındakı “qara siyahı” və bu kimi neqativliklərə gəlincə, Ə.Əliyev deyib ki, əlaqəsi olmadığından idxalat yolları, qara siyahılardan yayınma üsullarından xəbərsizdir:

“Azərbaycan reallığında “şirinlik”( rüşvət) hesabına istənilən qapıları açmağı mümkün görürəm. Müvafiq instansiyaların belə addım ata biləcəyi nəzəri baxımdan da olsa, mümkündür. Əslində dərman təhcizatı ölkənin təhlükəsizlik məsələsi olmalıdır. Bizdə isə bu sahə məhv edilib. Farmasiya Səhiyyə Nazirliyinin lazımsız bir əlavəsi kimi fəaliyyət göstərir. Ölkədə dərman dövriyyəsi ticarət mahiyyəti daşımaqdadır. Hərçənd ki, belə olmalı deyil. Bu sahə də köklü dəyişiklik gözləyən məhsuldar sahələrdəndir.

Dünyada farmasiya leqal sahələr içərisində ən gəlirli sənayedir. Əczaçılıq gəlirləri ilə yalnız qadağan olunmuş narkotik və silah satışı rəqabət apara bilər”.

VİP sədrinin fikrincə, Azərbaycan iqtidarı belə gəlirlərdən qaçaraq, qul əməyi tətbiq olunan pambıqçılıq, baramaçılıq, tütünçülük kimi sahələrə güc qoyur: “Bu, hakimiyyətimizin dünyagörüşü ilə bağlı düşüncədir. Bunlar müasirliyi dərk edə bilmirlər, renta haqda bilgiləri yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}