Müdafiə Sənayesi Nazirliyində kompromat savaşı başlayır » Reyting.az
13:04 / 20-08-2018
Ərdoğanın yanlışı
Müdafiə Sənayesi Nazirliyində kompromat savaşı başlayır
Tarix: 18-07-2018 13:32 | Bölmə: Slayd
Müdafiə Sənayesi Nazirliyində kompromat savaşı başlayır

Müdafiə Sənayesi Nazirliyində (MSN) ciddi proseslər baş verir.

Reyting.az
saytının nazirlikdəki mənbələrdən əldə etdiyi məlumata görə, hələ mərhum nazir Yavər Camalovun həyatının son aylarında MSN-də başlayan bu proses nazirlikdə çalışan bəzi şəxslər arasında ciddi narazılıqlara səbəb olub. Eyni zamanda nazirliyin tabeliyindəki bəzi müəssisələrin də fəaliyyətinə təsirsiz ötüşməyib.

Nazirlikdəki mənbəmizin iddiasına görə, guya bu prosesə yön verən şəxslərdən biri də nazir müavini Tofiq Rəfiyevdir.

Müdafiə Sənayesi Nazirliyində kompromat savaşı başlayır

Hətta nazirlikdə belə şaiyələr dolaşır ki, Tofiq Rəfiyevin əvvəlki illərdəki fəaliyyəti nəticəsində vaxtilə MSN ilə Müdafiə Nazirliyinin münasibətlərində müəyyən anlaşılmazlıqlar yaranıb:

“Tofiq Rəfiyevin Müdafiə Nazirliyinin hərbi sənaye idarəsinin rəisi, general Mehman Baxışovla hələ Müdafiə Nazirliyində işlədiyi dönəmdən münasibətləri lazımi səviyyədə olmayıb. Bunun nəticəsində isə bəzi məsələlərdə MSN-ə qarşı əks mövqe tutulub və yerli məhsulların silahlanmaya qəbuluna müəyyən maneələr yaradılıb”.

Mənbəmiz iddia edir ki, bəzi məmurların hərəkətləri vaxtilə mərhum nazir Yavər Camalovla nazir müavini Yəhya Musayevin münasibətlərində də soyuqluğun yaranmasına səbəb olub. Belə ki, cari ilin əvvəlində Y. Camalov səhhəti ilə əlaqədar məzuniyyətdən qayıtdıqdan sonra ona, Y. Musayev və onun ətrafı barədə müəyyən məlumatların verilməsi uzun illər dostluq münasibətləri olan Y. Camalov və Y. Musayev arasında soyuqluq yarada bilib.

Məlumata görə, nazirlikdəki bəzi vəzifəli şəxslər özlərinə “yol açmaq” və mövqelərini möhkəmləndirmək üçün son günlər ciddi planlar qururlar. Həmin planlara nazirlikdəki bəzi rəhbər şəxslər barədə kompromat toplamaq da daxildir.

İddia olunur ki, haqqında kompromat toplanan şəxslərdən biri də nazir müavini Yəhya Musayevdir:

Müdafiə Sənayesi Nazirliyində kompromat savaşı başlayır

“Rəqibləri Yəhya Musayevə qarşı ciddi fəaliyyətə başlayıblar. Buna əsas səbəblərdən biri müdafiə sənayesi naziri vəzifəsinə iddialıların çox olmasıdır. Amma kompromatlar təkcə Yəhya Musayevin əleyhinə deyil, bəzi istehsalat birliklərinin direktorları, zavod rəhbərləri, nazirliyin şöbə müdirləri haqqında da toplanır”.

Reyting.az-a T. Rəfiyev və nazirliyin digər vəzifəli şəxsləri barədə müəyyən məlumatlar verilib. Həm də bildirilib ki, T. Rəfiyevin nazirliyin saytındakı tərcümeyi-halına baxmaqla onun vəzifə pillələrində sual dolu yüksəlişini çox asanlıqla görmək mümkündür.

Nazirlik daxilindəki mənbələr, T. Rəfiyevin uzun illərdir kurasiya etdiyi sahədə bəzi süni problemlər yarandığını, müəssisələr tərəfindən hazırlanmış layihələrin seriyalı istehsala keçidinin əngəlləndiyini də iddia ediblər.

Təəssüflər olsun ki, MSN-də baş verənlərlə bağlı adıçəkilən şəxslərin mövqeyini öyrənmək mümkün olmayıb. Reyting.az saytı həmin şəxslərin də mövqeyinə hörmətlə yanaşır və növbəti yazılarında onların da məsələyə münasibətinə yer ayırmağa hazırdır.




Bölməyə aid digər xəbərlər