16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Tramp-Putin görüşü gərginliyi artırıb
Tarix: 22-07-2018 08:25 | Bölmə: Slayd
Tramp-Putin görüşü gərginliyi artırıb

Bir neçə gün öncə ABŞ prezidenti Donald Tramp Avropa turnesinin ardınca Helsinkidə Rusiyanın dövlət başçısı Vladimir Putinlə bir araya gəldi.

Bu görüş bir çoxlarının dediyi kimi, dünyadakı gərginliyin azalması ilə nəticələnmədi, əksinə, yeni gərginliyə səbəb oldu.

Avrop Birliyi ölkələrinin ardınca Trampı öz ölkəsində də sərt qaşılayıb, onu Putinə satılmaqda ittiham edildilər.

Tramp Putinlə anlaşmaq istəyir

Reyting.az
saytının məlumatına görə, D. Tramp V. Putini bu ilin payızında Vaşinqtona səfərə dəvət edib.

Bu barədə Ağ Evin mətbuat katibi Sara Sanders özünün “Twitter” hesabında yazıb.

“Helsinkidə prezident iki ölkənin təhlükəsizlik şuralarının əməkdaşları arasında dialoqun davam etdirilməsinə razılıq verib. Prezident Tramp milli təhlükəsizlik üzrə müşavir Con Boltonu payızda prezident Putini Vaşinqtona dəvət etməyə çağırıb. Səfərləbağlı müzakirələr artıq başlayıb”, - deyə S.Sanders yazıb.

Bu açıqlamadan bir neçə saat sonra isə Trampın özü bəyanat verib. O, “Putinlə ikinci görüşü səbirsizliklə gözləyirəm”,- deyərək,

“Twitter” səhifəsində Rusiya ilə dost münasibəti qurmaqda maraqlı olduğunu bəyan edib.

Tram bir qədər də irəli gedərək, ABŞ mediasını Rusiya ilə münasibətləri gərginləşdirməkdə qınayıb: “Onlar Putinlə normal əlaqələrimizin olmasına görə mənə nifrət edirlər. Digər ölkələrdən daha yaxşı əlaqələrə malikik”.

Putin qəzəblidir

Ən maraqlı məsələ Moskva cəhbəsindədir. Belə ki, Rusiya prezidenti Vladimir Putinin köməkçisi Yuri Uşakov bildirib ki, Moskva və Vaşinqton prezidentlərin yeni görüşünü hələ müzakirə etmir.

Putin isə hadisələrin belə gərgin cərəyan etdiyi bir məqamda NATO-ya və qonşu Gürcüstanla Ukraynaya sərt mesaj verib:

“Ukrayna və Gürcüstanı NATO-ya daxil etmək istəyənlər belə məsuliyyətsiz siyasətin nəticələri barədə də düşünməlidirlər. Rusiya bu aqressiv addıma qarşı eyni tərzdə reaksiya verəcək”.

O, NATO-nun Rusiya sərhədlərinə yaxınlaşmasını “təcavüzkar addım” adlandırıb: “Rusiaya üçün təhlükə yaradan belə təcavüzkar addıma qarşı lazımi cavab verəcəyik”.

Gürcüstan prezidenti Giorgi Marqvelaşvilinin cavabı da özünü çox gözlətməyib.

O, deyib ki, Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır: “Lakin etibar qonşu ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması ilə bərpa oluna bilməz”.

Göründüyü kimi, Putin-Tramp görüşündən sonra Rusiya daha qəzəbli görünür, Putin NATO-nu birbaşa hədəf alıb. Hətta iş o yerə çatıb ki, o, NATO ilə əməkdaşlığa can atan ölkələri də hədələyir. Paralel olaraq isə ABŞ-da daxili gərginlik yüksəlib.

Reyting.az-ın məlumatına görə, Avropa turnesi, ardından da Helsinki sammiti ABŞ prezidenti Donald Trampı növbəti böyük qalmaqalın mərkəzinə gətirib. Həm Birləşmiş Şatatlarda, həm də Avropada siyasilər, mətbuat, ekspertlər Trampı sərt şəkildə tənqid və ittiham edir. Onların bir qismi sammit zamanı ABŞ liderini Rusiya prezidentinə qarşı həddən ziyadə loyal davranmaqda günahlandırır, bir qismi isə Trampın dövlətə xəyanətdə suçlayır.

Ən çox tənqid edilən məqamlardan biri də Trampın ABŞ kəşfiyyatından daha çox Putinə inandığına dair bəyanatıdır. İyulun 16-a baş tutan Helsinki sammitindən sonra jurnalistlər qarşısına çıxan Trampa Rusiyanın ABŞ-dakı seçkilərə mümkün müdaxiləsinə dair sual verildi.

Ondan bu məsələdə öz xüsusi xidmət orqanlarına, yoxsa Putinə daha çox inandığı soruşuldu. Trampın jurnalistin sualına cavabı belə oldu:

“Prezident Putin deyir ki, bunu edən Rusiya olmayıb. Mən də başa düşə bilmirəm ki, Rusiya hansı əsasla olmalı idi?”.


Xatırladaq ki, ABŞ kəşfiyyat orqanları Rusiyanı Demokrat Partiyasının serverlərini qırmaqda və Trampın opponentlərinə qarşı kompromat xarakterli informasiyaları yaymaqda ittiham edirlər.

“Mən o tərəfə də, bu tərəfə də inanıram. Öz kəşfiyyatıma inanıram. Amma demək istəyirəm ki, Putin iddiaları çox aktiv və inandırıcı şəkildə inkar edirdi”, – deyə Tramp qeyd edib.

Putinlə görüşdən sonra Tramp “Fox New” telekanalına müsahibə verərək bildirib ki, Kreml heç bir şəkildə ABŞ-ın daxili işlərinə təsir etməyə cəhd göstərməyib. Putin bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarına ünvanlanan ittihamlar Vaşinqtonun daxili siyasətindəki mübarizənin nəticəsidir. Hətta Putin ABŞ hökumətinin Rusiyanın müdaxiləsinə dair rəsmi sorğu göndərməməsinə də təəccüblənib.

Xüsusi xidmət orqanları ilə bağlı fikirlər ABŞ KİV-lərində və sosial şəbəkələrdə aktiv şəkildə müzakirə olunub. ABŞ prezidentinin çıxışını ilk tənqid edənlərdən biri Trampın sevimli telekanalı – “Fox News”un aparıcısı Nil Kavuto olub.

“Bu, sadəcə iyrənc idi”

“Bu, sadəcə iyrənc idi. ABŞ prezidenti xaricdə bizim əsas düşmənimiz, əsas rəqibimizlə danışır. Və ona sudan quru çıxmağa şərait yaradır. Heç olmasa kiçikcik belə, tənqid səsləndirmir”, – deyə N. Kavuto bildirib.

2013-2017-ci illərdə Mərkəzi Kəşfiyyat İdarəsinə rəhbərlik etmiş Con Brennan isə Trampın bu davranışını dövlətə xəyanətlə eyniləşdirib. “Twitter” hesabındakı paylaşımında Brennan Trampın davranışlarının ağır cinayətə yaxınlaşdığını deyib və bunun dövlətə xəyanətə bərabər olduğunu yazıb.

ABŞ Milli Kəşfiyyatının hazırkı rəhbəri Den Kouts da Trampla razılaşmayıb:

“Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi və bizim demokratiyamıza mütəmadi hücumları ilə bağlı qiymətləndirməmiz dəqiq idi. Biz milli təhlükəsizliyimizin müdafiəsi naminə obyektiv kəşfiyyat məlumatlarını təqdim etməkdə davam edəcəyik”.

“Tramp ən böyük səhvini edib”

Demokratların Senatdakı lideri Çak Şumer bildirib ki, ABŞ tarixində düşməni bu şəkildə dəstəkləyən prezident olmayıb. Onun Nümayəndələr Palatasındakı həmkarı – demokratların rəhbəri Nensi Pelosi Trampın bu zəifliyinin utancverici olduğunu deyib.

Trampı silahdaşları arasında da tənqid edənlər var. ABŞ prezidentinin ən sadiq tərəfdarı, respublikaçı Nyut Qinqriç bildirib ki, Putindən və ABŞ kəşfiyyatından aldığı məlumatları eyni səviyyəyə qoymaqla Ağ Evin sahibi prezidentliyinin ən böyük səhvinə yol verib.

“Özümə sual verdim – görəsən, nə vaxt Putindən imza istəyəcək və ya “selfi” çəkdirəcəksiz?”

Respublikaçı siyasətçi (həm də aktyor), iki dəfə Kaliforniyanın qubernatoru seçilən Arnold Şvartsneger də Trampı tənqid edib:

“Mən indicə sizin mətbuat konfransınıza baxdım. Siz orada balaca fanat kimi görünürdünüz. Mən özümə sual verdim – görəsən, nəvaxt ondan imza istəyəcək və ya “selfi” çəkdirəcəksiniz?”

Bu həftənin ikinci günü Tramp Ağ Evdə bəyan etdi ki, təhqiqat aparan və Rusiyanın seçkilərə müdaxilə etdiyini bildirən ABŞ kəşfiyyatına inanır. Tramp söz verdi ki, bu ilin noyabrında Konqresdə keçiriləcək seçkilərin təhlükəsizliyi təmin etmək üçün fəal tədbirlər görəcək.

ABŞ prezidenti qeyd edib ki, fikrini dəqiq ifadə etməyib və əslində demək istəyib ki, Moskvanın ABŞ-dakı seçkilərə müdaxilə etmədiyini ehtimal etməyə hər hansı səbəb yoxdur.

Maraqlıdır ki, ABŞ prezidenti Ağ Evdə xüsusi xidmət orqanlarına dəstək bəyanatı verəndə bir neçə saniyəlik işıqlar sönüb. Tramp ehtimal edir ki, bu, kəşifyyat agentlərinin işidir.

Yeri gəlmişkən, Trampla Putinin görüşündən üç gün əvvəl ABŞ Ədliyyə Nazirliyi Rusiya kəşfiyyatının 12 əməkdaşını ABŞ-dakı seçkilərə müdaxilədə ittiham edib. İstintaq hesab edir ki, 2016-cı ildə ruslar Demokrat Partiyasının serverini qıraraq oradakı sənədləri oğurlayıblar. Həmin vaxt amerikalı siyasilər Trampdan Putinlə görüşməməyi xahiş ediblər. Respublikaçı senator Con Makkeyn isə bu yaxınlarda bəyan etmişdi ki, Tramp Putini cavab verməyə çağırmayacaqsa, Helsinki sammitini təxirə salsın…

Keçmiş baş katib Trampa qarşıdır

Bu arada NATO-nun sabiq rəhbəri Xavyer Solana ABŞ prezidentnə qarşı məqalə yazıb.

Reyting.az xarici mətbuata istinadən həmin məqaləni də təqdim edir:

Bu ay keçirilən illik NATO zirvəsi ABŞ prezidenti Donald Tramp və Amerikanın Avropa İttifaqı üzrə müttəfiqləri arasında bir sıra fikir ayrılıqlarının son mərhələsi olub. Ötənilki zirvə görüşündə, Tramp Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsini – Transatlantik İttifaqın təməli olan kollektiv müdafiə prinsipini təsdiqləməyib. Keçən ay G7 sammitini pozduqdan sonra Tramp bu həftə Helsinki zirvəsində Rusiya prezidenti Vladimir Putini ən yumşaq şəkildə tənqid etməkdən belə imtina edərək vəziyyəti daha da gərginləşdirib.

Xatırladaq ki, ötən həftə NATO-nun Brüsseldə keçirilmiş illik toplantısında Tramp NATO-nun bütün üzv ölkələrinin müdafiə fonduna yalnız ÜDM-in ən azı 2 faizinin xərcləməsini tələb etməyib; o bu xərclərin son nəticədə ÜDM-in 4 faizinə çatdırılmasını təklif edib. Sonuncu təklif təkcə büdcənin qurban verilməsi deyil, həm də qitədə əhəmiyyətli hərbi balanssızlığın yaranmasına gətirib çıxara bilər. UDM-in 4 faizində Almaniyanın hərbi büdcəsi, Fransa ilə müqayisədə, daha çox olacaq, yəni 40 milyard avroya (46 milyard dollar) çatacaq.

İnkişaf etməkdə olan beynəlxalq dəyişkənlik dövründə biz, avropalılar özümüzü acınacaqlı hücumlardan qorumuş və bir çox kollektiv nailiyyətlərimizi dəstəkləmişik. Ancaq bu, özünütənqiddən qaçmaq mənası vermir.

Trampın 2 faizlik tələbi əsassız deyil: əvvəlki ABŞ prezidentləri də Avropa ölkələrini müdafiə xərclərini artırmağa çağırıblar. 2014-cü ildə UDM-in 2 faizini xərcləməyən NATO üzv dövlətləri bunu 2024-cü ilə qədər etmək öhdəliyi götürüb. Ciddi irəliləyişlərə baxmayaraq, bəzi ölkələr hələ də bu hədəfə çatmaqdan uzaqdır.

Müttəfiqlərimizlə həmrəyliyin qorunması ehtiyacından başqa, Avropanın təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq. Həm xarici, həm də daxili təhdidlər mövcuddur və onlar daha çox qarşılıqlı əlaqəyə sahib olurlar.

Paradiqmatik bir nümunə Suriyadakı müharibədir: ölkə əhalisini yeddi ildən çox müddətə əziyyət çəkdiyi dəhşətli humanitar faciəAvropa İttifaqının təməllərini sarsıdan qaçqın böhranını artırıb.

Amma xərcləmə səviyyələri problemin kökünə enmir. Hərbi xərclərin artması, onu “avropalı” etmədiyimiz təqdirdə, son nəticədə qeyri-məhsuldar olacaq. Aİ-nin ümumi hərbi büdcəsi artıq yalnız ABŞ-dan geri qalır və Rusiyanın xərclərindən dörd dəfə çoxdur. Bu resursların necə sərf olunduğunu bilmək, qitədəvə ətrafında NATO-nun birgə əməliyyatlarını asanlaşdırmaq üçün imkanlarımızın və infrastrukturumuzun olub-olmaması vacibdir.

Tramp düşünür ki, NATO ölkələrinin ABŞ-dan faydalanma imkanı var və onlar qarşılığında heç nə etmir, bu – səhvdir. Heç kim ABŞ-ın təhlükəsizlik zəmanətlərinin hərbi münaqişələrin qarşısının alınmasında əsas rol oynadığını inkar etmir. Lakin digər NATO üzvləri də qarşılıqlı müdafiə öhdəliyini qüvvədə saxlayır vəABŞ-ın prioritetlərini qəbul edir.

Əslində, 5-ci maddənin yada düşdüyü yeganə məqam – 11 sentyabr 2001-ci ildir – ABŞ-a hücum. Bundan sonrakı dövrdəNATO Əfqanıstanda BMT-nin Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvəsini idarə edib – İttifaqın tarixində ən uzun missiya.

Avropa ABŞ-a dəyərli müttəfiq olmağa çalışır. 2017-ci ilin dekabrında Avropa İttifaqının iştirakçı ölkələri birgə müdafiə qabiliyyətlərini daha səmərəli inkişaf etdirməyə imkan verəcək daimi strukturlaşdırılmış əməkdaşlıq (PESCO) qurub. PESCO, həmçinin, 2016-cı il tarixli “Qlobal Strategiya” da qeyd edildiyi kimi, Aİ-nin strateji muxtariyyətinə nail olunması istiqamətində irəliləyişi sürətləndirəcək. NATO-nun Avropa sütunu gücləndikcə, ABŞ daha qabaqcıl qabiliyyət və texnologiyalarla təchiz olunan daha etibarlı müdafiə tərəfdaşı olacaq. Avropanın müdafiə sənayesinin parçalanmasını azaltmaq onun rəqabət gücünü artıracaq, bu da Avropa və ABŞ arasında texnoloji boşluğu aradan qaldırmaq baxımından vacibdir.

Xoşbəxtlikdən, Avropa İttifaqının Ortaq Müdafiə və Təhlükəsizlik Siyasəti çərçivəsində bu təşəbbüslər Avropa əhalisinin böyük dəstəyinə malikdir. Avropalılar üçün müdafiə xərclərinə dair kollektiv və konstruktiv yanaşma həmişə müttəfiqlərimizin düşünə biləcəyi hər hansı bir məcburiyyətdən daha möhkəm olacaq.

Lakin Tramp belə əməkdaşlıq səylərinin yolunu kəsib. Paradoksal olaraq, onun administrasiyası biz avropalıların təhlükəsizliyimizə görə məsuliyyət daşımağı tələb edərkən, davamlı olaraq ortaq müdafiə layihələrimizə zərbə vurmağa çalışır.

Avropanın təhlükəsizliyi sahəsində əməkdaşlıq baxımından belə bir xurafat və qısqanclıq yeni deyil. ABŞ bu cür əməkdaşlığın NATO əməliyyatlarından uzaqlaşma yaradacağını iddia edir, lakin heç nə həqiqətdən üstün ola bilməz. Söhbət birgə imkanları inkişaf etdirməkdən getdikdə, bu sayaq iddialar Avropa ölkələrinin üzləşdiyi maneələrdir.

Tramp, həmçinin Avropanın müdafiə sənayesini inkişaf etdirmək tədbirləri əleyhinədir, çünki onlar Avropanın ABŞ ixracından asılılığını aradan qaldıracaq. Avropa özünü kifayət qədər təmin edə bilər, Amerikanın hazırladığı silahlara, avadanlıqlara və texnologiyaya daha çox bağlılıq heç bir məna vermir.

Mülki və hərbi missiyalar vasitəsilə qlobal təhlükəsizliyə töhfə verən missiyaların uzun tarixini nəzərə alaraq, Aİ NATO-ya çox şey təklif edir. Müdafiəyə daha kompakt və ardıcıl bir yanaşma ilə, Aİ NATO-nun daha güclü olmasını və ABŞ-a birbaşa fayda gətirməsini təmin edəcək. Qeyri-diplomatik və birtərəfli səlib səfərlərini davam etmək əvəzinə, Aİ ilə həmişə dost kimi davranmaq və Avropanın kollektiv müdafiə yanaşma vədini başa düşmək üçün Tramp müdrik olmalıdır.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}