ABŞ-İran qarşıdurması bölgədə təhlükəni artırıb
Tarix: 28-07-2018 09:18 | Bölmə: Slayd
ABŞ-İran qarşıdurması bölgədə təhlükəni artırıb

Şimali Koreya ilə gərginliyi həll etməyə çalışan ABŞ prezidenti diqqəti Rusiya və İranın üzərinə yönəldib.

Düzdür, ABŞ hələ də Rusiya ilə İran kimi sərt dillə danışa bilmir. Əksinə, Tramp son aylar bütün gücü ilə həmkarı Putinlə anlaşmağa çalışır. Ancaq eyni üslubu İranla bağlı görmək mümkün deyil. Tramp hər gün “Tvitter”dəki səhifəsində İranla bağlı bəzən iki, bəzən isə 4 mesaj verib, rəsmi Tehranı psixoloji basqı altında əzməyə çalışır, paralel olaraq, Cənub qonşumuzla əməkdaşlıq edən ölkələri iqtisadi və siyasi sanksiyalarla hədələyir.

Tramp İranla yeni saziş bağlayacaq?

Reyting.az
-ın məlumatına görə, iyulun 16-da Helsinkidə Putinlə görüşdən sonra ölkəsində ciddi tənqidlərə məruz qalan Tramp son günlər İranla bağlı əvvəlki sərt mesajlarını “yeni üslub” əlavə edib. Elə onun son açıqlamasında İrana sanki barışıq əli uzatdığı da bəzi ekspertlər tərəfindən İranın daxilinə, yəni xalqına hesablanmış oyun kimi yozulur. Bildirirlir ki, Tramp bununla daha dərin siyasətə baş vuraraq, İran xalqını rejimə qarşı birləşdirmək istəyir.

Elə bu səbəbdən də o, iyulun 25-də, heç kəsin gözləmədiyi halda, İrana müraciət edərək, nüvə proqramı ilə bağlı saziş imzalamağa hazır olduqlarını bildirib.

Tramp Kanzasda veteranlar qarşısında çıxışı zamanı deyib ki, İran artıq o ölkə deyil:

“Görək, sonra nə baş verəcək. Lakin biz yeni və əsl sazişə hazırıq. Keçmiş administrasiyanın əldə etdiyi razılaşma isə bədbəxtlik idi”.

Hindistan geri çəkilib

Göründüyü kimi, Tramp əvvəlki sərtlikdən sanki kifayət qədər yumşaq siyasətə dönüb. Amma bu, davam edəcəkmi? Bu üslubla qarşıdurma dayanacaqmı?

Görünən odur ki, yox. Hətta qarşıdurma daha da dərinləşəcək.

Necə ki, Trampın bu sözlərinə baxmayaraq, Ağ Ev administrasiyası onun siyasətini daha da radikallaşdırıb. Sanki Tramp topu Ağ Evə ötürüb, özü mərkəzdə durub, oyunu nəzarətdə saxlayır.

Elə Ağ Ev administrasiyasının bir çox ölkələrə xüsusi heyət göndərib, İranı iqtisadi blokadaya almağa məcbur eməsi haqda informasiyalar da belə düşünməyə əsas verir. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sözləri də bunu təsdiqləyir. Türkiyəli nazir bildirib ki, ABŞ-dan Ankaraya İranla bağlı heyət gəlib: “Biz həmin heyətə də dedik ki, Türkiyə İrana qarşı cəbhədə yer almayacaq. Biz İrandan neft alışını da davam etdirəcəyik”.

Lakin digər ölkələr Türkiyə kimi davranmayıb. Təsadüfi deyil ki, ABŞ-ın “İrandan neft almasını davam etdirən bütün ölkələrə sanksiya qoyacağıq”,- xəbərdarlığına Türkiyə ilə birlikdə ilk rədd cavabı verən Hindistan da geri çəkilib. Artıq Dehli İrandan neft alışını 25 faiz azaltdığını bəyan edib. İndi ABŞ-ın İranın neft siyasətinə qarşı yeganə dirənən ölkə Türkiyədir.

Ərdoğan Trampa “Yox” deyib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Cənubi Afrika Respublikasına səfəri öncəsi jurnalistlərin ABŞ-ın İrana qarşı sanksiyalara Türkiyənin də qoşulmasını istəməsi ilə bağlı sualına cavabında deyib ki, Türkiyə bu məsələdə yer almayacaq: "Necə ki, ABŞ bizim strateji model ortağımızdır, dünyada digər ortaqlarımız da var. Onlarla əlaqələri kəsmək bizim ölkələr arasındakı müstəqillik anlayışımıza tərs düşər. Biz həmin ölkələrdən elə məhsullar alırıq ki, onları almasaq, ölkəmizi kim isidəcək? Biz bunu hörmətli Obamanın dövründə də Amerikaya dedik, indi də deyirik”.

Daha sonra Ərdoğan ABŞ-la üz-üzə gəlməmək üçün ”yumşaq” manevrdə edib. O, Trampı tərfiləyib:

"Hörmətli prezident bu məsələlərdə yaxşı duruş sərgiləyib. Bunun davam edəcəyini zənn edirəm. Ümid edirəm ki, yanlış addımlar atılmayacaq”.

Qeyd edək ki, ABŞ noyabrın 4-dən etibarən İranın neft sektoruna qarşı sanksiyalar tətbiq etməyə başlayacaq. Həmin tarixdən sonra İrandan neft tədarükü sanksiyaların pozulması hesab olunacaq. Türkiyədə İrandan neft idxal edən ölkələrdən biridir.

Tehran savaj mesajı verir

ABŞ-ın hədə-qorxularının qarşılığında rəsmi Tehran ən ciddi silahlı gücü sayılan İran İslam İnqilabı Keşikçiləri Korpusundan Vaşinqtonu hədələyən bəyanat səsləndirib.

Həmin Korpusun Qüds qüvvələri komandanı, general Qasım Süleymani ABŞ prezidenti Donald Trampın İranı hədəf alan ifadələrinə sərt reaksiya verib.

Süleymani Həmədan şəhərində keçirilən bir anım tədbirində çıxışı zamanı deyib:

“Tramp, sənə səslənirəm. Sənə düşündüyündən daha yaxınıq. Bu savaşı siz başlada bilərsiniz, ancaq sonunu biz müəyyən edərik. Bu döyüş ABŞ-ın bütün imkanlarının yox edilməsi deməkdir. Bunun üçün İran Silahlı Qüvvələrinin bütün gücünə ehtiyac yoxdur. Qüds qüvvələri və mən kifayət edərik. Qorxudan tankların içərisində əsgərlərinizə uşaq bezləri bağlayırdınız, indi durub bizi təhdid edirsiniz?”.

Tərəflər razılaşa bilməsə...

Reyting.az bildirir ki, bu və ya digər məqamlarla bağlı Yaxın Şərq üzrə ekspert Şahir Şahidsaless “Middle East Eye”də maraqlı təhlil aparıb. Həmin təhlili oxucularımız təqdim edirik:

İranla ABŞ arasındakı gərginlik yeni zirvələrə çatarkən, təhlükəli sözlərin qızğın mübadiləsi də güclənir. Son günlərdə, İranın dini liderindən prezidentə və yüksək vəzifəli generallara qədər Tehranda hamı Hörmüz boğazı vasitəsilə neft ixrac edə bilmədikdə “heç bir ölkə bunu edə bilməyəcək”,- deyir.

Hörmüz boğazı dünyanın ən əhəmiyyətli neft tranzit keçididir. Gündəlik nəql 18,3 milyon barel təşkil edir – bütün neft hasilatının 35 və dünya bazarında satılan neftin təxminən 20 faizi.

Noyabrda fırtına ola bilər

İran iqtisadiyyatı artıq ABŞ-ın neft ixracına və bank sisteminə olan embarqosundan dağıdıcı küləklərə məruz qalıb. O, noyabrın 4-dən tam gücü ilə təsir göstərəcək.

Tehranda və Vaşinqtonda qarşılıqlı ittihamlardan az sonra, iyulun 23-də, 40 milyondan çox istifadəçisi olan “Telegram” mesajlaşma və şərhlərlə dolub-daşıb. “Comment”lərdə hamı bir-birinə ABŞ dolları almağı təşviq edib.

Həmin gün rial ABŞ dollarına qarşı dəyərinin 14 faizini itirib. Məzənnəsi yüksək səviyyəyə çatan dollar “qara bazar”da 95.000 riala (bir gün əvvəl 83 min riala) satılıb.

İranlılar siyasi spektrdəki mövcud tendensiyadan son dərəcə narahatdır. İqtisadçılar arasında fikir birliyi var ki, hər şeyin qiyməti dolların dəyərinə bağlıdır. Bir neçə gün əvvəl İranın bir naziri sanksiyaları nəzərdə tutaraq, “Noyabr ayından sonra fırtınaya hazır olmalıyıq”, – deyib.

Amerikalı rəsmilər ilkin olaraq İranın neft idxalçılarının noyabr ayına qədər idxalı sıfıra endirməli və ya ağır cəzalarla üzləşməli olacaqlarını söyləyib. Lakin son zamanlar maliyyə naziri Stiven Mnuçin və dövlət katibi Mayk Pompeo da daxil olmaqla, Tramp kabineti üzvləri ABŞ-ın İranın neft ixracına sanksiyadan imtina məsələsinin bir daha nəzərdən keçiriləcəyini dilə gətirib. Bu, İranın noyabr ayında qarşılaşacağı maneəni həll edəcəkmi?

Sanksiyalardan imtinaya inanaqmı?

Barak Obamanın prezidentliyi dövründə, İranla nüvə razılaşması imzalanmazdan əvvəl, ABŞ rəhbərliyinin güzəşti ucbatından İran bir sıra ölkələrə, 2018-ci ilin iyununda 2,7 milyon barellə müqayisədə, 1 milyon barelə yaxın xam neft sata bilib. Amma İranın bank sisteminə sanksiyalar qoyulduğundan ödənişlərdə müşkül vardı.

İran çox mürəkkəb mexanizm sayəsində beynəlxalq bank sistemini adlamağa müvəffəq olub. Lakin müasir maliyyə əməliyyatında sanksiyalardan yayınma sxemi Rza Zərrabın sayəsində artıq amerikalılara məlumdur və ehtimal ki, o, bloklanacaq.

Avropa İttifaqı nüvə müqaviləsini “diri saxlamaq” üçün Avropa İnvestisiya Bankı (AİB) vasitəsilə İranın Mərkəzi Bankına maliyyə axını təklif edir. Ancaq planın reallaşacağına şübhə var.

İran Hörmüz boğazını qapadacaq?

İranın boğazı bağlamaq üçün hərbi potensiala malik olub-olmaması mətbuatda geniş müzakirə mövzusudur. Tehranın hədəfi, son çarə olaraq, Fars körfəzində sabitliyi pozmaq və neft axınına maneə yaratmaq, neft qiymətlərində əhəmiyyətli bir dalğalanma meydana gətirmək və ABŞ-ı rəyini dəyişməyə razı salmaqdır.

Keçən il ABŞ dəniz kəşfiyyatının hesabatında İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) dəniz doktrinasının “sürət, say, gizlilik, diri qalma və ölümcüllüyə” əsaslanması qeyd olunub.

Hesabatda bildirilir ki, İİKK sürətli hücum üçün kiçik gəmilər, anti-gəmi kruiz raketləri və minalar əldə edib. Fərdi olaraq, bu inkişaflar Qərb texnologiyası ilə rəqabət apara bilməz. “Ancaq bir araya gəldikdə, xüsusilə Fars körfəzi və Hörmüz boğazı kimi dar əməliyyat yerlərində istifadə edildikdə, daha böyük ümumi qabiliyyət yaradır”.

İranın ali lideri Ayətullah Əli Xamnəi Hörmüz boğazını qeyri-sabit vəziyyətə gətirən son qərarı verəcək şəxsdir. Danılmaz radikal siyasi mövqeyinə baxmayaraq, hər hansı bir riskdən yayınmaq üçün o, geri çəkilmə yollarını da düşünüb.

1998-ci ildə “Taliban” Məzari-Şərifdə səkkiz iranlı diplomatı öldürdüyünü etiraf edərkən, İran vəƏfqanıstan arasında gərginlik yaşanıb. Hadisədən sonra İran ordusu və İİKK Əfqanıstan sərhədinə 100 min əsgər toplayıb. İranın islahatçı prezidenti Məhəmməd Xatəmi, demək olar ki, bütün üst səlahiyyətlərlə birlikdə, “Taliban”ın cinayətinə hərbi cavab təklifini dəstəkləyib. Lakin Xamnəi hücuma qarşı çıxaraq onu dayandırıb.

Digər bir nümunə nüvə böhranıdır. İran iqtisadiyyatına, ilk növbədə, Obamanın vəzifədə olduğu müddətdə, təzyiqə baxmayaraq, bir çox siyasətçi öhdəliklərini yerinə yetirməməyə çağırsa da, Tehran Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilədən (NPT) çıxmayıb.

İran siyasətinin əsas fiquru...

Xamnəi 1989-cu ildə İranın ali lideri vəzifəsinə təyin edildiyi gündən “ABŞ-la heç bir danışıq” siyasətini qətiyyətlə müdafiə edib. Lakin 2013-cü ildə sanksiyaların böyük təzyiqi altında olarkən “mütəhərrik qəhrəmanlıq” doktrinasına keçib. Bu, ABŞ-la danışıqlara yol açıb, nüvə böhranı həll olunub.

Digər nümunə İranla altılıq qrupu arasında tarixi razılıqdan 3 həftə əvvəl Ayətullah Xamnəinin cızdığı yeddi “qırmızı xət”dir. 2015-ci ilin iyul ayında əldə edilən nüvə razılaşması ilə demək olar ki, bütün “qırmızı xətlər” pozulub. Amma o, bu səylərə heç bir təpki verməyib.

Nüvə razılaşmasından az sonra Xamnəi Ruhaniyə məktub yazaraq, “terror və ya insan hüquqlarının pozulması kimi saxta bəhanələr” daxil olmaqla, istənilən ittiham halında, sazişi ləğv etməyə çağırıb. Lakin Tramp müqavilədən birtərəfli çıxsa da, İran öhdəliklərə sadiq qalıb.

Odur ki, yalnız ölkənin neft gəlirlərinin əhəmiyyətli dərəcədə azalması, rialın devalvasiyası və rifahın azalması, sistemə təhlükə yaradan yeni etiraz dalğası ilə qarşılaşdıqda, dalana dirənmiş İran çox güman ki, Hörmüz boğazını son çarə olaraq bağlayacaq. İİKK komandirləri belə bir qərar verə bilər. Onların fikrincə, dünya bu bölgənin nefti olmadan hətta 24 saat yaşaya bilməz. Başqa sözlə, Fars körfəzindəki hərbi münaqişənin qısa olacağına və ABŞ öz mövqeyindən geri çəkilməsinə ehtiyac duyacağına əmindirlər.

Tehran dəniz müharibəsinə ümid bağlayır


“Sepah”çılar “dəniz müharibəsi yer müharibəsindən fərqlənir, – deyir. – Dəniz müharibəsində təyyarədaşıyan gəmi batdıqda, məğlub olursunuz”.

Asimmetrik dəniz müharibəsi ismarışı verən İİKK-in Dəniz Qüvvələri komandiri Əli Fədavi əlavə edir: “ABŞ-ın təyyarədaşıyan gəmisini 50 saniyədə məhv edə bilərik”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}