17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qarabağla bağlı yeni oyun başlayıb - Politoloq
Tarix: 29-07-2018 17:11 | Bölmə: Slayd
Qarabağla bağlı yeni oyun başlayıb

Məlum olduğu kimi, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin növbəti görüşü planlaşdırılıb. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, sentyabrda belə bir görüş keçiriləcək.

Məmmədyarov deyib ki, görüş BMT Baş Məclisinin sessiyası çərçivəsində Nyu-Yorkda baş tuta bilər. Bundan tez də keçirilməsi mümkündür: “Mən hər zaman demişəm ki, Azərbaycan tərəfi substantiv danışıqlara hazırdır”.

Yüksək səviyyəli görüşlərə gəldikdə isə E. Məmmədyarov Ermənistan tərəfinin bir qədər vaxt istədiyini vurğulayıb: “Onlar bir az vaxt istədilər. İndiyədək aparılan danışıqlarda müzkirə olunan məsələləri, sənədləri öyrənmək istəyirlər”.

Ermənistan tərəfinin vaxt istəməsi ilə bağlı fərqli fikirlər də səslənir. Sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli mətbuata açıqlamasında deyib ki, Paşinyan hökumətinin danışıqlar prosesini öyrənmək adı ilə Azərbaycandan vaxt istəməsi hərbi əməliyyatlar üçün uyğun olan zamanı ötürmək mahiyyəti daşıyır. Beynəlxalq təcrübədə vaxt anlayışının olmadığını qeyd edən politoloqun sözlərinə görə, hakimiyyətə yeni şəxs gəlsə belə o, prosesləri bilməlidir:

“Beynəlxalq praktikada vaxt anlayışı yoxdur. Vaxt istəmək məsələsi iki tərəfin razılığı əsasında həyata keçirilə bilər. Belə mürəkkəb proseslərdə isə vaxt istənilməsi uzağı 3 ay çəkə bilər. İndiki şəraitdə Paşinyan hökuməti vaxt istəməklə daha çox hərbi əməliyyatlar üçün uyğun olan zamanı ötürmək istəyir. Nəticə etibarı ilə Azərbaycan ordusunun hücum edərək, torpaqları azad etmək imkanlarını minumuma endirməyə çalışır. Doğrudur, Paşinyan hökumətinin daxilində kadr, korrupsiyaya qarşı mübarizə və s. kimi problemlər var. Amma bunun danışıqlar prosesinə təsiri olmamalıdır. Çünki hamı bilir ki, Ermənistan Azərbaycana təcavüz edib və torpaqlarını işğal edib. Bunun nüanslarını da Xarici İşlər Nazirliyinin aparatında hər kəs bilir. Paşinyanın özü deputat kimi proseslərin içərisində olub. Yəni, nəyəsə hazırlaşmaq, vaxt istəmək zamandan öz xeyrinə səmərəli istifadə etmək manipulyasiyasından başqa bir mahiyyət daşımır”.

Mövzu ilə bağlı fikirlərini Reyting.az-la bölüşən politoloq Mütəllim Rəhimli isə bildirib ki, Dağlıq Qarabağ vəətraf rayonların işğal olunmasından sonra onun sülh yolu ilə həlli variantının ortaya atılması yanlış qərardır. Politoloq hesab edir ki, hətta Azərbaycanın Ermənistanla atəşkəs sazişi imzalamaqla öz ordusunu gücləndirmək üçün vaxt qazanacağı ilə bağlı deyilən arqumentlər də düzgün deyil:

“Bununla biz nə itkilərdən qurtara bildik, nə də indi müharibəyə başlayıb torpağımızı azad edə bilirik. Fakt bundan ibarətdir ki, Ermənistan danışıqlara bir proses adı verərək onu uzadır və hazırda onun sonu görsənmir. Bundan da istifadə edərək işğal etdiyi ərazilərdə faktiki olaraq möhkəmlənir və onun de-yure tanınmasına çalışır. Sürətli dəyişikliyə uğrayan müasir beynəlxalq münasibətlər sistemində gələcəkdə Qarabağın yenə də bizim ərazilər kimi tanınacağına heç kim qarantiya verə bilməz. Unutmamalıyıq ki, hazırda ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin əksəriyyəti BMT Baş Məclisində Azərbaycanın ərazi bütövlüyü ilə bağlı keçirilən səsvermədə bitərəf mövqe tuturlar. Bütün bunları nəzərə alaraq Qarabağ məsələsində daha prinsipial mövqe nümayiş etdirməliyik. Bəyəm Ermənistanın danışıqlara başlamaq üçün vaxt istəməsi bu məsələyə qeyri-ciddi yanaşdığını göstərmirmi? Bu həm də sülh yolu ilə torpaqların qaytarılmasına edilən ümidlərin əhəmiyyətsiz olduğuna dair bir mesajdır. Belə olan halda bizim danışıqlar prosesinə önəm verməyimiz reallığın dərk edilməməsi anlamına gəlir. Ona görə də Azərbaycan məsələni qəti qoymalı və torpaqlarını müharibə yolu ilə azad etməlidir”.

Onu da nəzərə çatdıraq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşmək istəyir. O, bu barədə "Al-Jazeera” kanalına müsahibəsində deyib: "Mən Azərbaycan prezidenti İlham Əliyevlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məqsədi ilə üz-üzə görüşməyə hazıram”.

Maraqlıdır, görəsən, həm danışıqlar üçün vaxt istəmək, həm də Azərbaycan prezidenti ilə danışmaq istəyində hansı məntiq var?

M. Rəhimli deyir ki, Ermənistanın 20 faiz torpaqlarımızı işğal etməsinə baxmayaraq özünü dünyaya sühsevər ölkə kimi göstərə bilir. Onun sözlərinə görə, bununla həm də aparıcı dövlətlər və beynəlxalq təşkilatlar vasitəsilə Azərbaycana təsir edir: “Paşinyanın bu açıqlaması yuxarıda deyilən məqsədlərə hesablanıb. Nə dərəcədə məntiqlidir ki, Ermənistan tərəfi danışıqlarda razılaşacaq ki, işğal etdiyi torpaqlardan çəkilir və onu Azərbaycana qaytarır. Buna kim inanar?! Elədirsə onda biz niyə özümüzü erməni yalanının bir hissəsinə çevrilən danışıqlar prosesinin perspektivinə inandırmağa çalışırıq və bu istiqamətdə enerji, güc, maliyyə itiririk? Düşünürəm ki, bunlara son qoymaq lazımdır”.

Başqa bir məqam isə Ermənistanın baş naziri Nikol Paşinyan "Exo Moskvı” radiosuna müsahibəsində rəhbərlik etdiyi ölkənin dolayısilə... xeyr, elə birbaşa Rusiyanın müstəmləkəsi olduğunu etiraf etməsidir. Azərbaycan Ordusunun gücünə yaxşı bələd olan Paşinyan müharibə ehtimalını istisna etmir və bu anda baş nazir "çoxəsrlik qardaş və dost Rusiya”nın qoltuğu altına sığınır: "İndi regionumuzda vəziyyət çox gərgindir. Müharibə ehtimalı çox böyükdür. Mən, bütün ermənilər, Ermənistanda olan hamı əmindir ki, Rusiya regionumuzda yeni eskalasiyaya imkan verməyəcək və Azərbaycanı Ermənistana və Qarabağa hücum etməyə qoymayacaq. Bunun üçün Rusiyanın bütün təsir vasitələri var. İnanıram ki, bizim strateji tərəfdaşımız, çoxəsrlik qardaşımız, çoxəsrlik dostumuz olan Rusiya müharibəyə imkan verməyəcək”.

Göründüyü kimi, Ermənistanın baş naziri ölkəsinin döyüş meydanında Azərbaycanla baş-başa gələ bilməyəcəyini anlayır və təbii ki, Ermənistanın "yeganə qoruyucu mələyi” qismində Rusiyanı görür, ondan kömək umur.

Müsahibimiz isə fərqli mövqedədir. M. Rəhimli hesab edir ki, işğal olunmuş torpaqlar məsələsində eyforiyadan uzaq, reallığı qiymətləndirərək addım atmalıyıq:

“Ermənilərin bizimlə müharibədən qorxduğuna çox güman ki, yalnız özümüz inanırıq. Həm də hamımız yox, bir hissə. Guya Paşinyan danışıqlara gəlməsə Azərbaycan müharibəyə başlayacaqdı. Biz son vaxtlar Azərbaycan iqtidarının hətta əvvəlki kimi müharibə bəyanatlarını da görmürük. Yəqin ki, bunu Ermənistan hakimiyyəti də müşahidə edir”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}