Hökumət reallığı ictimaiyyətdən gizlədir
Tarix: 11-08-2018 10:25 | Bölmə: Slayd
Hökumət reallığı ictimaiyyətdən gizlədir

Statistika Komitəsinin açıqladığı inflyasiya rəqəmi həqiqəti əks etdirmir; Nazirlər Kabinetinin son qərarı kasıb təbəqənin əleyhinə işləyəcək

Artıq bir neçə ildir ki, ölkədə qiymət artımı davam edir. Bəzi məhsulların qiymətləri tədricən qaldırıldığı üçün ajiotaj yaranmır. Amma ilin əvvəli ilə ortasındakı qiymətləri müqayisə etdikdə artımın ciddi məbləğdə olduğu nəzərdən qaçmır.

Rəsmi statistik rəqəmlər isə real bazara uyğun deyil. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,8 faiz, o cümlədən ərzaq məhsulları 2,8 faiz, qeyri-ərzaq malları 3,4 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər 2,3 faiz bahalaşıb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin iyul ayında iyun ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,6 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,5 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 0,1 faiz artıb.

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyun aylarında istehlak məhsulları və xidmətlər 2017-ci ilin müvafiq dövrünə nisbətən 3 faiz bahalaşıb. Bu müddətdə ərzaq məhsullarının qiymətləri 3 faiz, qeyri-ərzaq malları 3,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə 2,4 faiz artıb. Cari ilin iyun ayında may ayına nisbətən istehlak məhsullarının və xidmətlərin qiymətləri 0,7 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 1,6 faiz azalıb, qeyri-ərzaq mallarının və əhaliyə göstərilən ödənişli xidmətlərin qiymətləri isə sabit qalıb.

İyul ayında iyun ayı ilə müqayisədə qeyri-ərzaq mallarından parçaların, inşaat materiallarının, mebel və ev əşyalarının, xalça və digər döşəmə örtüklərinin, şüşə məmulatları, yemək qabları və əşyalarının, məişət cihazlarının, minik avtomobilləri üçün ehtiyat hissələrinin, zərgərlik məmulatlarının qiymətlərində bahalaşma, fotoaparatların, telefon aparatlarının və elektrik fenlərinin qiymətlərində isə ucuzlaşma müşahidə olunub. Digər qeyri-ərzaq mallarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

İqtisadçı-ekspert Məhəmməd Talıblı “Reytinq”ə deyib ki, Statistika Komitəsinin açıqladığı inflyasiya rəqəmi real deyil. Onun sözlərinə görə, Statistika Komitəsi yenə də simvolik həddi açıqlayıb:

“Mən deyərdim ki, az qala ay ərzində ölkədə 2,8 faizlik inflyasiya gedir. Bu problem bir nazirlik və komitənin məsuliyyəti deyil. Buna görə təkbaşına nə Mərkəzi Bank, nə də Statistika Komitəsi cavabdehlik daşımır. Bu, həm də iqtisadi siyasəti həyata keçirən digər qurumların effektiv olmayan siyasətinin nəticəsidir. Ona görə də qiymətləri tənzimləyə bilmirlər. Əgər normal iqtisadi sistem olsaydı, qiymətlər dəbu sitemə uyğun formalaşardı”.

Qeyd edək ki, hakimiyyət nümayəndələri müxalifyönlü və müstəqil ekspertləri iqtisadi problemləri şişirtməkdə, yaxud normal təklif verəbilməməkdə ittiham edirlər. M. Talıblı isə hökumət nümayəndələrinin bu ittihamını əsassız sayır: “Əvvəla, tənqid etdiyim məqamlarla bağlı təkliflərim hər zaman olub. Mən deyirəm ki, ilk olaraq inflyasiyanın real vəziyyətini etiraf edin, sonra keçək problemin diqnostikasına. Çünki xəstəlik gizlədilən zaman pasiyentin diaqnozu və müalicəsi səhv gedəcək.

İkincisi, alternativ inflyasiya metodologiyasının aparılması üçün vətəndaş cəmiyyyəti sektoru ilə əməkdaşlıq edin və təkliflər alın.

Üçüncüsü, Statistika Komitəsi 500-dən çox adda mal və xidmətlərin sayını azaldıb, təxminən 100 mal və xidmət üzrə real inflyasiya hesablaması aparın. Çünki, ölkədə əksəriyyətin istehlak etdiyi zəruri mal və xidmətlərin sayı 100-ü ötmür. Bu zaman görəcəksiniz ki, sadə vətəndaşların daha çox istehlak etdiyi məhsul və xidmətlərdə inflyasiya daha çox, heç istehlak etmədiyi (məsələn, balıq kürüsü və s.) deflyasiya qeydə alınır. Bu zaman ortalama hədd aşağı görünür. Sadə vətəndaş kürü yeyir?

Dördüncüsü, bu qədər inzibati və maliyyə resursları ilə təmin olunan hökumətə niyə idarəetmədə heç bir məsuliyyəti olmayan müstəqil iqtisadçılar təklif verməlidir? Sadə vətəndaşın vergisi ilə fəaliyyət göstərən məmura hələ bir cəmiyyətin düşünən beyinləri yığılıb beyin fırtınası da etməlidir? Bu nə məntiqdir? Odur ki, hökumət nümayəndələri öz işləri ilə normal məşğul olsalar, belə bir vəziyyət yaranmaz”.

İqtisadçı son dövrlər hökumətin qəbul etdiyi digər qərarlara da toxunub. Onun sözlərinə görə, metropolitendə, şəhər və rayonlarda, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutlarında qiymətlərin 50 faiz artımı “10 qəpiklik artım” kimi xarakteriza etmək doğru deyil: “Elmi baxımdan artımların faiz nisbəti ilə ifadə olunması həmin sektorlar üzrə tam təsəvvür formalaşdırır. Bu baxımdan birdən-birə 50 faizlik həddə tariflərdə dəyişiklərin edilməsi ondan xəbər verir ki, həmin xidmətləri həyata keçirən təsərrüfat subyektlərinin istehsal etdikləri mal və xidmətlərin maya dəyərində əhəmiyyətli dərəcədə dəyişiklər baş verib. Bunun nədən yarandığı Tarif Şurasının əsaslandırma hissəsində yazılmayıb. Bəzi rəsmilər qiymət artımı ilə bağlı əsaslandırmalarda qeyd edirlər ki, hansısa Avropa ölkələrində, MDB coğrafiyasında tariflər bizdən yüksəkdir. Amma bu bir reallıqdır ki, Azərbaycanda orta aylıqə məkhaqqı həmin ölkələrlə müqayisəolunmaz dərəcədə aşağıdır.

İkincisi, onlarda dövlət büdcələri tərəfindən təbii inhisarçı şirkətlər və ya ictimai xidməti həyata keçirən dövlət şirkətləri mərkəzləşdirilmiş büdcədən dotasiya almırlar. Amma bizim dövlət büdcəsində təbii inhisarçı şirkətlərə 100 milyonlarla məbləğində gəlir və xərclərini tənzimləmək məqsədilə əvəzsiz maliyyə yardımları edilir. Halbuki, müstəqil iqtisadçılar, beynəxalq maliyyə qurumları, o cümlədən BVF ölkəmizlə bağlı tövsiyyələrində qeyd ediblər ki, dövlət şirkətlərinə ayrılan dotasiyalar büdcə vəsaitlərinin səmərəsizliyini və korrupsiya baxımından riskyaradıcı amilləri meydana çıxarır. Söhbət son 15 il ərzində ölkənin nəqliyyat infrastrukturu üçün dövlət büdcəsindən həmin sahələrin keyfiyyətcə yenidən qurulması və təşkilinə ayrılan 10 milyardlarla dövlət vəsaitindən gedir. Dövlət büdcəsindən təkcə nəqliyyat sektorunda tikinti işlərinin aparılması, yeni avadanlıqların satın alınması və s. istiqamətinə ortalama olaraq hər il 2 milyard manat vəsait ayrılıb”.

M. Talıblı qeyd edib ki, əslində bu illər ərzində vətəndaşların vergiləri hesabına özünə xidmət xərclərinin maliyyələşdirilməsi baş verib:

“Vətəndaşlara çatmalı olduğu həmin vəsaitləri nəqliyyat sistemi üçün xərcləyiblər. İndi yenidən qiymət artırılması anlaşılmazlıqdır. Tarif Şurası bu qərarı əsaslandırarkən yazıb ki, bu dəyişikliklər nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsi istiqamətində tədbirlərin sürətləndirilməsi və onun maliyyə təminatının yaxşılaşdırılmasına müsbət təsir göstərəcək. Bu fikirlə yuxarıda söylədiklərim arasındakı ziddiyyətin olması aydın görünür”.

İqtisadçı telefonlara tətbiq edilən yeni rusumların əhalinin kasıb təbəqəsinə zərbə vurduğunu da deyir:

“Hökumətin ölkəyə gətirilən mobil telefonların Azərbaycanda qeydiyyata alınması ilə bağlı gömrük rüsumlarını artırması səriştəsizlikdən qaynaqlanır”.

M. Talıblının sözlərinə görə, əslində iqtisadiyyatda bütün qərarlar iqtisadi baxımdan həssas sosial təbəqəni nəzərə almaqla verilməlidir:
“Belə qərarlar eksplerent (“qaranquş”) firmalara yox, patiyent (“tülkülər”) firmalara yönəlik olmalıdır. Patiyent firmalar – eksluziv mallar istehsal edən və ya sataraq onların elit təbəqələrin tələblərini təmin edirlər. Onlar ekskluziv malların satışı, yüksək markalar hesabına böyük pullar qazanırlar. Dövlət onların alıcılarının xərclədiyi pullar hesabına aşağı təbəqəli insanlara güzəşt zonası tanıyır. Və bunu təşviq edən addımlar atır. Eksplerent (“qaranquş”) firmalar isə bazarda istehlakçı axtarışında olan məhsul satışı üçün vurnuxan firmalardır”.

İqtisadçının fikrincə, bu qərardan sonra Azərbaycanda mobil telefon bazarında 100 dollara qәdәr telefonlara 30 AZN, 701-1000 dollara qədər qiyməti olan telefonlara 100 AZN və 1001 və artıq qiymətə olan telefonlara isə 150 AZN rüsum alınacaq: “Bu zaman daha bahalı telefon alanlar daha az, daha ucuz telefon alanlar isə daha çox vəsait ödəmək məcburiyyətində qalacaq. Zəif istehlakçıdan və əksəriyyəti əhatə edən telefon alıcılarından daha çox yığım alınacaq. Yüksək gəlirli və satınalma gücü böyük olan alıcılardan isə daha az rüsum tutulacaq. Nəzərə alanda ki, daha çox alıcılar aşağı və orta ölçülü mobil telefonlar alırlar, bu zaman məqsəd bu yığım əmsalları ilə dövlət büdcəsinə daha çox vəsait qazandırmaqdır. Halbuki rüsumların əsas məqsədi dövlət büdcəsinə vəsait qazandırmaq deyil, həm də qazanmaqdır!”.

İqtisadçı bildirir ki, hökumətin məqsədi əslində, iqtisadiyyatı tənzimləmək olmalıdır: “Tənzimləmək üçünsə, vergi və qeyri-vergi dərəcələri o zaman artırılır ki, həmin malların və ya əvəzedicilərinin ölkədə istehsalı olsun. Dövlət bununla daxili bazarı və milli istehsalçını xarici rəqabətdən qoruyur. İndiki halda Azərbaycan mobil telefon istehsal etmir. Demək, onları xarici təzyiqdən qorumağa ehtiyac da yoxdur. Ona görə düşünürəm ki, bu addımın həssas sosial qrupların ailə büdcələrinin zəifləməsinə, cəmiyyətdə gəlir bərabərsizliyinə yol açması, dövlət büdcəsini doldurmaq üçün düşünülən bir addımdır. Bu mənada mövcud addımın bir neçə baxımdan iqtisadi mənası yoxdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}