AAK-da təmsil olunmuş professorlar etiraza başlayıb - Müraciət
Tarix: 17-08-2018 16:59 | Bölmə: Slayd
AAK-da təmsil olunmuş professorlar etiraza başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) sədri vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynovun barəsində olan şikayətlərin ardı-arası kəsilmir. Artıq AAK-ın sıravi əməkdaşları deyil, ekspert şuralarının üzvləri də ayağa qalxıb, AAK rəhbərinin qanunsuz əməllərinə şərik olmaq istəmədiklərini bəyan edirlər.

«Təzadlar» qəzeti xəbər verir ki, tanınmış professorlar və bəzi iddiaçılar Azərbaycan elminə sonsuz təəssübkeşlik məqsədilə, eləcə də Vəli Hüseynovun AAK-a müvəqqəti sədrlik dövründə elmimizə dəyən zərbələrin qarşısını almaq üçün ölkə başçısından kömək istəyiblər.

AAK-ın İqtisadiyyat elmləri üzrə Ekspert Şurasının üzvləri Azərbaycan prezidenti İlham Əliyevə müraciətlərində yazırlar ki, sədr vəzifəsini müvəqqəti icra edən Vəli Hüseynov elm ictimaiyyətin bu quruma nifrətini dözülməz həddə çatdırıb.

Şikayətçilər bildirirlər ki, müəyyən ciddi müqavimət göstərmələrinə baxmayaraq, V. Hüseynov özünü elm adamı deyil, "bazar adamı" kimi aparır:

“Vəli Hüseynov davamlı olaraq Ekspert Şurasının üzvlərinə təzyiqlər edərək, səviyyəsiz, savadsız işlərə müsbət rəy yazdırır. Konfliktə getməmək, abır-həyamızı gözləmək naminə dözürdük. Son iclaslarda isə Ekspert Şurasının üzvləri olaraq təzyiqlərə dözməyərək ardı-arası kəsilmədən, açıq şəkildə öz etirazlarımızı bildirirdik”.

Müraciətdə qeyd olunur ki, 2 İyul 2018-ci il tarixdə Ekspert Şurasının iclasında iddiaçı Əliyev Ruslan Yusif oğlunun (SOCAR-ın "Azəriqaz" İB Baş direktorunun satış üzrə müavini) "Azərbaycanda mənzil sferasının inkişafının təşkilati-iqtisadi problemləri" mövzusunda elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işi müzakirəyə çıxarılıb.

Bu dissertasiya işinə Ekspert Şurasının 25 İyun 2018-ci il tarixli iclasında rəy yazmaq ekspert, professor Ədalət Əliyevə tapşırılsa da, sonradan Vəli Hüseynovun təkidi ilə dissertasiya işinə rəy vermək hansı səbəbdən ekspert Şəfa Əliyevə tapşırılıb. Bu da iclasda verilən kollegial qərara hörmətsizlik və qanun pozuntusu kimi qiymətləndirilir: “Çünki Vəli Hüseynov professor Ədalət Əliyevin obyektiv və prinsipial olmağını nəzərə almışdı, onun cəmiyyətdə böyük nüfuzunu bilərək təzyiq göstərə bilməyəcəyini anladığından narahat idi ki, iş layiqli deyilsə, Ədalət Əliyev müsbət rəy verməyəcək. Əvvəlki iclasların birində Vəli Hüseynov zala daxil oldu və qeyri-obyektiv, aşağılayıcı bir fikir söylədi. Professor Ədalət Əliyev isə Vəli Hüseynovdan AAK-da neqativ hallara yol verilməməsini xahiş etdi və həmin neqativ hallar haqda konkret faktlarını söylədi, onu elmimizin taleyi naminə ədalətli olmağa çağırdı. Bu, əlbəttə ki, Vəli Hüseynovun xoşuna gəlmədi, tutarlı cavab verə bilməyib otağı tərk etdi”.

Qeyd olunur ki, müzakirə vaxtı Şəfa Əliyevin müsbət rəy, Ədalət Əliyevin isə mənfi rəy verməsi məlum olub:

“Belə olan halda, təklif etdik ki, iddiaçını növbəti iclasa dəvət edək və iradlara cavab versin. Bu qərar 1 nəfər əleyhinə, 1 nəfər də bitərəf olmaqla qəbul edildi. Ancaq işə həmin anda obyektiv baxılsaydı, mənfi qərar veriləcəkdi. Çünki buna aşağıda qeyd etdiyimiz ciddi əsaslar var idi:

1. Ruslan Əliyevin cəmi 15 məqaləsinin olması. Əsasnaməyə görə isə 20 məqalə olmalıdır, özü də AAK-ın tələb etdiyi nəşrlərdə.

2. Dissertasiya işinin 2017-ci ilin son aylarında təsdiq olunması. "Azəriqaz"da satış üzrə müavin işləyən şəxsin mənzil sferası sahəsində doktorluq dissertasiyası yazması və özü də 7 aya (?!), bu, elmi ələ salmaqdır. Elm və təhsil idarələrində çalışanlar elmlər doktoru dissertasiyasını 10 ilə güclə başa çatdırırlar”.

Müraciət müəllifləri bildirir ki, AAK-ın Rəyasət Heyətinin 4 İyul 2018-ci ildə keçirilən iclasında Vəli Hüseynov qəzəbini gizlətməyərək həmin qərarın lehinə səs verən ekspertləri cəzalandıraraq, Rəyasət Heyətinin üzvlərinə onları tərkibdən kənarlaşdırmaq təklifi verib. Bu təklifə ciddi müqavimət olsa da, V. Hüseynov Rəyasət Heyətinin üzvlərinə yalan məlumat verərək, guya bütün bunları Ekspert Şurasının sədri ilə razılaşdırdığını bildirib. Amma sonradan məlum olub ki, Ekspert Şurasının sədri heç bir üzvün tərkibdən çıxarılması haqda nə yazılı, nə də şifahi razılıq verib.

Şikayətçilər dövlət başçısına müraciətlərində yazırlar ki, bu hadisənin baş verməsinə səbəb elmdə heç bir yeri olmayan və "Azəriqaz"da Baş direktorun müavini vəzifəsində çalışan Ruslan Əliyevin dissertasiya işinin obyektiv müzakirəsi tələbidir:

“Biz çoxdan bilirdik ki, Vəli Hüseynova obyektiv müzakirələr, qərarlar lazım deyil. Ona şəxsi mənafeyini müdafiə və vəzifə səlahiyyətlərindən sui-istifadə lazımdır”.

Professorlar yazır ki, onların məqsədi heç də yenidən V. Hüseynovun rəhbərlik etdiyi təşkilatın Ekspert Şurasına qayıtmaq deyil:

“Məqsədimiz dəhşətli faktları üzə çıxarmaq və elmdə saxtakarlığın, neqativ halların qarşısını almaqdır. Təəssüflər olsun ki, biz Vəli Hüseynova qanuni və sivil formada təsir göstərməklə buna nail ola bilmədik.

Xahiş edirik ki, müvafiq orqanlara konkret olaraq aşağıdakı məsələlərə aydınlıq gətirmək üçün göstəriş verəsiniz və əsl günahkar cəzalandırılsın:

1.Vəli Hüseynov AAK-ın Rəyasət Heyətinin iciasında Ekspert Şurasının üzvlərini (bizim iştirakımız olmadan) guya "banda" yaratmaqda ittiham edib. Hər bir ekspert üzvünün fəaliyyəti araşdırılsın və onda məlum olacaq ki, "banda"nı kim yaradıb və onun başçısı kimdir. Biz, yoxsa Vəli Hüseynov? Bunun cavabını elm adamları çoxdan bilir.

2. Vəli Hüseynovun idarəçiliyi dövründə yazdığımız müsbət rəylərin çoxu qeyri-qanuni olaraq gizli rəylərə göndərilib və mənfi rəy alınıb, ya da mənfi rəy yazdıqlarımız müsbət həll olunub. Bu, kütləvi hal alıb və növbəti mərhələlərdəki proseslərdən bizim xəbərimiz olmayıb.

Məqsəd nə olub, rüşvət, yoxsa nə?

3. Mərhum akademik Arif Mehdiyevin sədr olduğu dövrdə 2 dəfə Ekspert Şurasında imtina olunmuş işlər Vəli Hüseynov tərəfindən yenidən müzakirəyə çıxarılıb (halbuki 2 dəfə imtina olunmuş işlərə baxmaq olmaz). Bu faktın araşdırılması bəzi neqativ məsələlərə aydınlıq gətirə bilər (hələ Arif Mehdiyevin dövründə Vəli Hüseynovun bizdən hansı xahişlər etdiyini, razılıq vermədikdə təzyiq göstərdiyini demirik).

4. Kənd təsərrüfatı sahəsində olan müdafiə şurasında ayda bir neçə dissertasiya işi müdafiə edilir (yəni normadan artıq). Hansı ki, 2 fəlsəfə doktorundan və ya bir elmlər doktorundan artıq müdafiə təşkil etmək Əsasnaməyə ziddir. Bu Şurada hətta profilə uyğun olmayan, məsələn, turizm, neft-qaz sənayesi, maliyyə və s. sahələrdə müdafiələr təşkil olunub. Bu Şuradan Ali Attestasiya Komissiyasına gələn bütün işlər Vəli Hüseynovun müxtəlif istiqamətli təkidləri ilə qısa bir zamanda təsdiq olunub. Bu Şurada müdafiə edənlərin əksəriyyəti isə elm və təhsil sahəsində deyil, özəl sektorda işləyirlər. Məqsəd məlumdur. Araşdırma çox ciddi nöqsanları və «bazar elementləri»ni aşkara çıxarar.

5. Araşdırması çox ciddi tələb olunan məsələlərdən biri də Vəli Hüseynovun idarəçiliyi dövründə neçə nəfərin müdafiə etməsi, onların neçə nəfərinə V. Hüseynovun təkidi və təzyiqi ilə müsbət rəy verilməsi və bu işlərin səviyyəsidir. Bütün bu araşdırmaların nəticəsi göstərəcək ki, elmə əsl elm adamları deyil, bazar adamları gəlir”.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}