16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Deputatın KTMT ilə bağlı təklifi ölkədə etirazla qarşılanır - Ekspertlər
Tarix: 18-08-2018 00:23 | Bölmə: Siyasət / Slayd
Deputatın KTMT ilə bağlı təklifi ölkədə etirazla qarşılanır

Azərbaycan parlamentinin üzvü və Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun rəhbəri Əli Hüseynli haqqın.az saytına bildirib ki, Azərbaycan yeni geosiyasi şərtlər daxilində Rusiyanın yaratdığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) üzvü də ola bilər.

Milli Məclis deputatının "Ötən əsrin 90-cı illərində mövcud olan vəziyyət hazırda müşahidə etdiyimiz vəziyyətdən köklü şəkildə fərqlənir. 2002-ci ildə KTM-nin tam dəyərli beynəlxalq təşkilata çevrilməsi barədə qərar qəbul olunub. İndi də KTMT-ni sırf hərbi blok kimi nəzərdən keçirməyə dəyməz. Bu daha çox hərbi təhlükələrdən savayı, təhlükəsizlik problemləri, beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, kibercinayətkarlığa qarşı fəaliyyətlə məşğul olan regional beynəlxalq təşkilatdır. Cənubi Qafqazda Azərbaycanın lider rolunu və ölkəmizin artan hərbi gücünü nəzərə almaqla KTMT-də iştirakımız haqqında məsələni nəzərdən keçirmək məqsədəuyğun olardı. Axı biz onsuz da hərbi sahədə Rusiya ilə sıx əməkdaşlıq edirik. Əlbəttə, Ermənistan istisna olmaqla, KTMT-nin digər ölkələri ilə də bizim dostluq münasibətlərimiz mövcuddur və təhlükəsizlik sahəsində əməkdaşlıq edilir. Bu mənada da həmin təşkilatda üzvlük bizə KTMT-dəki prosesləri yalnız müşahidə etmək deyil, həm də onlara təsir etmək imkanı yaradacaq. Bunu da nəzərə almaq gərəkdir ki, istənilən ölkə istənilən vaxt bu təşkilatı tərk edə bilər və burada qərarlar konsensus əsasında qəbul edilir. Buna görə də mən ölkəmizin KTMT-də iştirakında hər hansı ciddi təhlükə görmürəm. Həm də bu təşkilatda müşahidəçi ölkə statusundan da başlamaq olar", – deməsi birmənalı qarşılanmayıb.

Hətta onun bu mövqeyinə sərt reaksiya verənlər də var. Ehtiyatada olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov bilidirb ki, Rusiyanın başıpozuq siyasi-hərbi rəhbərliyi özünü həqiqətən də axırıncı yola qoyub. Ekspertin fikrincə, onların bu hoqqabazlığını da bizim bəzi vəzifəlilər ya bilərəkdən, ya da bilməyərəkdən gündəmə gətirməklə onsuz da tarıma çəkilən əsəblərimizi tam pozmaq istəyirlər:

“Milli Məclisdə kifayət qədər savadlı, ağıllı və Azərbaycana bağlı insanlar hər zaman olub. Həmin insanlara tərəfimdən böyük etiram və sayğı göstərilib və göstərilir. Çünki, məhz onların digərlərindən fərqli yüksək intellekti və bacarığı sayəsində bir sıra mükəmməl qanunlarımız qəbul edilib. 125 nəfərlik deputat korpusunda Azərbaycanı həqiqətən də ürəkdən sevən xeyli ziyalılarımız var. Gizlətmirəm, mənə dost olan xeyli yoldaşlar da orada təmsil olunurlar. Siz o 3-5 nəfər ağzının danışığını bilməyən bəzi bəlli müftəxorlara fikir verməyin. O bədbəxtlər istər keçmiş SSRİ dönəmində olsun, istərsə də indi hansı məhsəbə qulluq etdiklərini özləri üçün müəyyənləşdirə bilməyiblər. Bir sözlə, mövqesiz, hətta ağır səslənsə də, əqidəsiz bir neçə nəfəri çıxmaq şərti ilə, Milli Məclisdə kifayət qədər ciddi insanlar var. Onlardan biri də, hüquqi məsələlər və dövlət quruculuğu üzrə komitəsinin sədri Əli Hüseynlini hesab etmişəm. Ancaq, onun mətbuatda açıqlanan çox zərərli və Azərbaycanın əsla xeyrinə olmayan fikirləri məni məcbur etdi ki, ona və onun kimi düşünən bəzi şəxslərə sözümü çatdıram”.

Ü. Cəfərov deyib ki, Azərbaycanın hazırda erməni generalının rəhbərlik etdiyi KTMT-ə mümkün üzvlüyü haqqında zərərli fikirləri dilinizə belə gətirməyə çalışmayın:

“Mən sizi anlayıram, amma hesab edirəm ki, deyəsən, bu il rus dost-aşnalarınızın çevrəsində keçirdiyiniz yay istirahətinizin proqramı, çox "zəngin və yaddaqalan" olub. Siyasətdən də azdan-çoxdan xəbərimiz də var, məlumatımız da. Şükürlər olsun ki, heç bir siyasi mənsubiyyətimiz olmadan doğma Azərbaycanımızı hər zaman sevmişik, sevirik və inşallah, sevəcəyik. Onun uğrunda Siz Əli Hüseynli də daxil olmaqla, çoxlarından fərqli olaraq əlimizdə silah həmən təriflədiyiniz rus-erməni alçaqlarına qarşı da döyüşmüşük. Lazım olacaqsa, yenə əlimizdən gələni edəcəyik”.

Ü.Cəfərov bu mövqedə olanlara da çağırış edib:

“Azərbaycan dövləti nə rusun, nə digərlərinin oynadıqları heç bir siyasi hoqqabazlıqlarda olmamlıdır. Sizin kimi ağıllı insan özü də gözəl bilir ki, bu gün başımıza gəlmiş və gələn faciələrin hamısında Rusiyanın yekəxanalığı və bizə yuxarıdan aşağı baxması durub, durur. Heç bir KTMT, nə bilim GTMT olmamalıdır və olmayacaq. Başa düşün ki, bu fikir ya sizin özünüzün, ya da sizi qabağa verən kimindirsə, çox yanlış və zərərlidir”.

Ehtiyatda olan zabit qeyd edib ki, 25 ilə yaxındır Rusiyanın boşboğaz və məqsədyönlü siyasətinin nə olduğunu işğal altında saxlanılan Qarabağla bağlı həm görmüşük, həm də görürük:

“Bizə qardaş olan Türkiyənin son dönəmlərdə üzləşdiyi böyük çətinliklərin də kökündə, rəsmi Ankaranın gedib Moskvanın qucağında yer alması kimi yanlış addımlar durur. Nə qədər çətin, nə qədər ağır şərtlər olsa belə, bizim haqqımız yoxdur ki, yenə bizə hökmranlıq etməyə can atan Rusiyanın ədabaz, yekəxana, hiyləgər yaramazlarını başımıza çıxaraq. Rusiyanın sonu çox ağır və fəlakətli olacaq. Bunu anlamaq və görmək üçün heç də uzağa getmək, böyük-böyük kitablar oxumaq gərək deyil”.

Politoloq Elxan Şahinoğlu isə deyib ki, Ermənistanın yeni hakimiyyətinin siyasəti Rusiyada narahatlıq yaradır, ancaq bu bizə eyforiyaya qapılmaq və "Rusiya-Ermənistan münasibətləri pozulur, bundan öz məqsədlərimiz üçün istifadə edək”,- kimi tələsik qərarlar qəbul eləməyə əsas vermir. Onun qənaətincə, Rusiya sabah asanlıqla Ermənistanda narazı qaldığı Baş nazir Nikol Paşinyanı öz tərəfdarı ilə əvəz edə bilər.

E. Şahinoğlu hesab edir ki, Moskva bunu əvvəllər də Ermənistanda edib, indi də bunu etmək üçün bu ölkədə kifayət qədər resursu var. Onun sözlərinə görə, ilk növbədə işğalçı Ermənistanla işğala məruz qalan Azərbaycanın eyni hərbi təşkilatda hansı formada fəaliyyət göstərə biləcəyinə baxmaq lazımdır:

"NATO-da belə hal mümkün deyil.

İkincisi, Rusiyanın Ermənistanda hərbi bazaları var və bu ölkəyə silah almaq üçün kreditlər verir. Azərbaycan bunu normal qəbul edərək, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olmaq istəyir? Yoxsa biz elə düşünürük ki, təşkilata üzv olsaq, Rusiyanın Ermənistanı silahlandırmasının qarşısını alacağıq?

Üçüncüsü, təminat varmı ki, Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olarsa, Rusiya Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək məqsədilə Ermənistana təsir edəcək?

Dördüncüsü, müstəqilliklərini itirməyən Tacikistan, Belarus və Qazaxıstan misalları Azərbaycan üçün nümunə ola bilməz. Çünki Azərbaycandan fərqli olaraq bu 3 dövlətin NATO ilə əməkdaşlığı yoxdur, Azərbaycan kimi balanslaşdırılmış xarici siyasət yürütmürlər. Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv olduqdan sonra həm NATO ilə əməkdaşlıqdan, həm də balanslaşdırılmış xarici siyasətdən imtina etmək məcburiyyətində qalacaq. Bunu bizdən Moskva tələb edəcək, haqlı da olacaq, bir hərbi blokun üzvü ona qarşı olan hərbi blokla əməkdaşlıq etməməli və balanslaşdırılmış xarici siyasət yürütməməlidir”.

E. Şahinoğlu xatırladıb ki, Rusiyanın müdafiə naziri Sergey Şoyqu Qazaxıstanın Aktau şəhərində Xəzərin statusuna dair Konvensiya imzalandıqdan dərhal sonra Dağıstanda xüsusi müşavirə keçirib, Xəzərdə yeni hərbi bazanın yaradılması işlərini müzakirə edib, Dağıstanın Kaspiysk şəhərində müasir hərbi dəniz bazasının tikilməli olduğunu tapşırıb:

"Hazırda bazanın tikintisinə hazırlıq gedir. İnfrastruktur qurulur. Sergey Şoyqunun sözlərinə görə, Kaspiyskdəki hərbi bazada hərbi qulluqçuların sayı çox olacaq. Bundan başqa, Mahaçqala şəhərinin limanında hərbi obyektlər tikilir. Sual olunur: Rusiyanın müdafiə nazirinin Xəzərin statusu müəyyənləşəndən dərhal sonra Dağıstana gedib hərbi liman tikintisinin sürətləndirilməsi barədə açıqlama verməsi nəyə lazım idi? Bu, kimə və ya kimlərə mesajdır? Axı, Aktauda imzalanan Konvensiyada da bildirilib ki, sahil ölkələri Xəzərə aid olmayan ölkələrin hərbi hövzədə hərbi iştirakına imkan verməyəcəklər. Yəni Rusiyanın narahatlığına əsas qalmayıb. Belə isə Rusiyanın Xəzərdə gücləndirdiyi hərbi dəniz donanmaları hansı dövlətə qarşıdır? Axı, Rusiya İranı, Azərbaycanı, Türkmənistanı və Qazaxıstanı özünə dost və tərəfdaş dövlətlər adlandırır. Görünür, mövcud vəziyyət yenə Rusiyanı qane etmir. Əks halda Rusiya Xəzər donanmasının gücləndirilməsi üçün əlavə 18 yeni həbri gəmi göndərməzdi. Deməli, Rusiya tərəfdaşlarına da inanmır və Xəzər hövzəsində liderliyini göstərir. Rusiya heç Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı tərəfdaşlarına da inanmır. Belarusun və Qazaxıstanın Rusiyanın Krımı ilhaqından məsafə saxlaması da buna sübutdur”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}