16:46 / 19-04-2024
İlham Əliyev Rusiyaya gedir
Korrupsiyanın daha çox olduğu qurumlarda yoxlama aparılmır
Tarix: 20-08-2018 11:45 | Bölmə: Slayd
Korrupsiyanın daha çox olduğu qurumlarda yoxlama aparılmır

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti bir neçə gün əvvəl bu ilin I yarısında apardığı nəzarət tədbirlərinin nəticələrini açıqlayıb.

Rəsmi məlumata görə, hesabat dövründə tərtib olunmuş iş planına uyğun olaraq dövlət büdcəsindən 9 rayon (şəhər) icra hakimiyyəti başçıları aparatlarının saxlanılmasına, rayonların (şəhərlərin) abadlığına, yolların, mənzil fondunun və büdcə təşkilatlarının yerləşdikləri binaların əsaslı və cari təmirinə, şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliklərə, təmizlik və yaşıllıq xidməti göstərən qurumlara, 7 şəhər ərazi nümayəndəliyinə, həmçinin 5 təhsil, 5 səhiyyə, 2 elm müəssisəsinə, 1 geodeziya və kartoqrafiya müəssisəsinə, 1 tibbi-sosial ekspertiza və reabilitasiya müəssisəsinə, 1 nəqliyyat agentliyinə, 1 mədəniyyət müəssisəsinə, habelə Xidmətin regional maliyyə müfəttişliklərinin fəaliyyətləri ilə əhatə olunan şəhər və rayonlarda yerləşən büdcə təşkilatlarına dövlət büdcəsindən ayrılmış vəsaitlərin təyinatı üzrə xərclənməsi yoxlanılıb.

Aparılan nəzarət tədbirləri ilə dövlət büdcəsindən ayrılmış vəsaitlərin xərclənməsini tənzimləyən normativ hüquqi aktların tələblərinə əməl edilməməsi hesabına 3 077,9 min manat məbləğində artıq və əsassız ödənişlər aşkarlanaraq həmin məbləğin 1 540,3 min manatının bərpası təmin edilib və normativ hüquqi aktların tələblərinə uyğun olmayan digər əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb. Aparılan nəzarət tədbirləri ilə büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermələri müəyyən edilən vəzifəli şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq inzibati protokollar tərtib edilməklə, İnzibati Xətalar Məcəlləsinin 410.1-ci və 410.2-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətdiklərinə görə 456 vəzifəli şəxsə ümumilikdə 384,1 min manat məbləğində inzibati cərimələr tətbiq edilib və həmin cərimələrin dövlət büdcəsinə ödənilməsi təmin olunub.

Aşkar edilən nöqsanların tam aradan qaldırılması və belə nöqsanlara digər təşkilatlarda yol verilməsinin qarşısının alınması məqsədi ilə, habelə nöqsanlara yol verilməsində təqsiri olan vəzifəli şəxslər barəsində tədbirlər görülməsi üçün müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanlarına məktublar göndərilib.

Hesabat dövründə ümumilikdə aşkarlanan yuxarıda qeyd edilən artıq ödənişlərin 5 təşkilat üzrə 1 443,1 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə məniməsəmə əlamətləri müşahidə edildiyi üçün aşkarlanmış nöqsanlara hüquqi qiymət verilməsi üçün sənədlər Baş Prokurora göndərilib. Aşkar edilən əsassız ödənişlərin 12 təşkilatdakı 276,9 min manat hissəsinə dair nəzarət tədbirləri üzrə sənədlər isə İnzibati Xətalar Məcəlləsinin 54.2-ci maddəsinə uyğun olaraq inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması üçün qərar qəbul edilməsi məqsədi ilə aidiyyatı üzrə prokurorluq orqanlarına göndərilib. Aparılan yoxlamalarla, habelə müəyyən edilib ki, yerli icra hakimiyyətlərində yeni təyin edilən rəhbərlik tərəfindən keçmiş rəhbərliyin fəaliyyəti dövründə aparılan təmir və tikinti işləri heç bir sənədləşmə aparılmadan, yəni səbəbi göstərilmədən sökülür və ya ehtiyac olmadığı halda onların üzərində yenidən təmir işləri aparılır və bu da büdcə vəsaitinin səmərəsiz xərclənməsinə, habelə əvvəlki rəhbərlik tərəfindən həmin işlərə xərclənən vəsaitlərin nəzarət tədbirlərindən kənarda qalmasına gətirib çıxarır. Araşdırmalar zamanı yerli icra hakimiyyəti orqanlarında və onların təsisçiliyi ilə yaradılan xidmət qurumlarında uçot və hesabat işlərinin lazımi səviyyədə təşkil edilmədiyi, təsərrüfat əməliyyatlarına çox hallarda müxabirləşmələrin verilmədiyi, yəni onların uçotda əks etdirilməsinin təmin olunmadığı, balans hesablarının analitik uçotunun aparılmadığı, bəzi hallarda isə əsas vəsaitlərə köhnəlmələrin hesablanmadığı müəyyən edilib.

Göründüyü kimi, Maliyyə Nazirliyinin hesabatında bir sıra icra orqanlarında büdcə vəsaitlərinin xərclənməsi prosesində ciddi nöqsanlara yol verildiyi aşkarlanıb. Artıq müvafiq qaydaya əsasən, nöqsanların araşdırılamsı, hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət edilib. Lakin bir məqamı da vurğulamaq lazımdır ki, hesabatda nazirliklərin nəzdindəki qurumlarda, daha çox kiçik müəssisələrdə nöqsanlar aşkarlandığı qeyd olunub. Dövriyyəsi daha böyük qurumlarla bağlı isə məqamlar yoxdur.

Teyyub Qənioğlu: “Real vəziyyət Maliyyə Nazirliyinin açıqladığından daha pisdir”

Təkamül Partiyasının sədri, iqtisadçı-alim Teyyub Qənioğlu məsələni “Reytinq”ə şərh edərkən bildirib ki, müxtəlif dövlət qurumlarında büdcə pullarının "yeyilməsi" təəssüf ki, ölkəmizdə adiləşib. Onun qənaətincə, rəsmi qurumların açıqlamaları büdcə korrupsiyasının real vəziyyətini əks etdirmir:

“İndiyədək Milli Məclisin Hesablama Palatasından tutmuş digər müvafiq qurumların apardığı bütün yoxlamalar nəticəsində büdcə pullarının qeyri-qanuni istiqamətlərdə xərcləndiyinə dair çoxsaylı məlumatlar ictimailəşdirilib. Ancaq bir məqama diqqət çəkmək istəyirəm - yoxlamalar əsasən "xırda" büdcə təşkilatlarında aparılır, o cümlədən Maliyyə Nazirliyinin son yoxlamaları da, "iri" büdcə təşkilatları, məsələn, nazirliklər, komitələr, səhmləri dövlətə məxsus olan səhmdar təşkilatlar, ARDNŞ və s. yoxlamalardan kənarda qalır. Yalnız nazirlər işdən çıxarılandan sonra aydın olur ki, milyonlarla büdcə vəsaiti mənimsənilib. Belə halların davam edəcəyi müddətdə büdcə vəsaitlərinin düzgün, nəzərdə tutulmuş istiqamətlərdə xərclənməsinə nail olmaq qeyri-mümkündür. Son zamanlar işdən azad edilən nazirlərin "fəaliyyəti" barətə yayılan xəbərlər göstərir ki, büdcə vəsaitləri daha çox iri dövlət qurumlarında mənimsənilir. Yəni real vəziyyət Maliyyə Nazirliyinin açıqladığından daha pisdir”.

T. Qənioğlu hesab edir ki, büdcə xərcləmələrinə nəzarət etmək üçün ilk növbədə bu vəsaitlər ünvanlı olmalı, real, əsaslandırılmış, indiki kimi şişirdilmiş yox, layihələrə ayrılmalıdır.

İkincisi, "şapka əməliyyatları"na son qoyulmalıdır.

Üçüncüsü, büdcə vəsaitlərini mənimsəyənlərə qarşı, kimliyindən asılı olmayaraq, qanunlara uyğun ciddi hüquqi qiymət verilməli və məsələ ictimailəşdirilməlidir.

“Təbii, iri dövlət qurumlarına rəhbərlik edənlərin mütləq əksəriyyətinin bir-biri ilə qohum olduğu mövcud şəraitdə bunları həyata keçirmək o qədər də asan olmayacaqdır. Bunun üçün ciddi siyasi iradə lazımdır. Ümid edək ki, belə iradə ortaya qoyulacaqdır”,- deyə iqtisadçı-alim fikrini tamamlayıb.

Natiq Cəfərli: “Büdcə xərcləmələrinin şəffaf olması üçün həm güclü media, həm də güclü vətəndaş cəmiyyəti lazımdır”

Real Partiyasının icra katibi, iqtisadçı-ekspert Natiq Cəfərli isə “Reytinq”ə deyib ki, Azərbaycanda büdcə korrupsiyası və büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi köklü bəladır. Onun sözlərinə görə, müstəqillikdən bu yana iqtisadiyyata da, elə siyasi proseslərə də ən çox ziyan vuran məsələlərdən biri budur: “Bu günə qədər büdcə korrupsiyasının qarşısının alınması üçün bəzi addımlar atılsa da, təəssüf ki, bu məsləni kökündən həll etmək mümkün olmayıb. Onu da qeyd etmək lazımdır ki, Aərbaycanda məişət korrupsiyasından daha çox büdcə korrupsiyası dərin kök atıb. “ASAN Xidmət”in yaradılmasından sonra məişət korrupsiyasının böyük hissəsini aradan qaldırmaq mümkün olub və bu növ korrupsiya xeyli azalıb. Çox təəssüf ki, dövlət idarəetməsində və büdcə xərcləmələrində bu fikirləri demək mümkün deyil. Büdcə pullarının qeyri-şəffaf xərclənməsi, təyinatdan kənar sərfiyatın olması ciddi problemdir. Dövlət qurumlarının, eləcə də dövlət şirkətlərinin rəhbər vəzifələrində çalışanların həyat tərzi deməyə əsas verir ki, onlar maaşla dolanmırlar. Onların həyat tərzi göstərir ki, büdcədən oğurlamalar, büdcə pullarının qeyri-şəffaf xərclənməsindən faydalanırlar. Yəni, həmin vəzifəli şəxslərin marağındadır ki, büdcənin xərc hissəsi qeyri-şəffaf olsun. Belə olan təqdirdə şəxsi maraqlarını daha rahat təmin edirlər”.

N. Cəfərli hazırkı durumdan çıxış yollarını da göstərib. Onun qənaətincə, ölkədə ciddi islahatlar aparılarsa, şəffaflıq mühiti formalaşdırılarsa, problemləri kökündən həll etmək mümkündür:

“Bəşəriyyətin keçdiyi yol, beynəlxalq təcrübə də sübut edir ki, buna qarşı mübarizəni bir neçə istiqamətdə aparmaq lazımdır. Büdcə korrupsiyasının az, büdcə xərcləmələrinin şəffaf olması üçün həm güclü media, həm də güclü vətəndaş cəmiyyəti lazımdır. Bundan əlavə, hüquq-mühafizə orqanları tamamilə müstəqil və korrupsiyadan uzaq işləməlidir. Eyni zamanda, ciddi cəza mühiti formalaşdırılmalıdır. Əslində büdcə korrupsiyasının bu qədər geniş yayılmasının əsas səbəbi cəzasızlıqdır. Nə qədər ki, cəzasızlıq var, büdcə korrupsiyası artacaq”.

Ekspert qeyd edib ki, dünyanın inkişaf etmiş ölkələrində mediada gedən korrupsiya faktları ilə bağlı hüquq-mühafizə orqanları dərhal araşdırmaya başlayırlar. Həmin məmurların fəaliyyətinin yoxlanılması, məsuliyyətə cəlb edilməsi təmin olunur. “Eyni zamanda, vətəndaş cəmiyyəti nəzarət funksiyasını həyata keçirir. Vətəndaş cəmiyyəti və dövlət bu problemə qarşı birgə mübarizə təşkil etməlidir. Bizdə də bu tipli mübarizə mühitinin formalaşması üçün ciddi islahatlar aparılmalıdır. Hesab edirəm ki, ölkədə idarəetmə islahatları aparılarsa, ölkədəki büdcə korrupsiyası və büdcə vəsaitlərinin qeyri-şəffaf xərclənməsi problemləri əhəmiyyətli dərəcədə həll edə bilər”,- deyə N. Cəfərli sözlərini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}