ABŞ-ın Türkiyəyə basqısı yeni qütbləşməyə yol aça bilər
Tarix: 20-08-2018 12:52 | Bölmə: Siyasət
ABŞ-ın Türkiyəyə basqısı yeni qütbləşməyə yol aça bilər

ABŞ İzmirdə ev dustaqlığında saxlanılan rahib Bransonu bəhanə gətirərək, Türkiyəyə silsilə təzyiqlər edir.

“Reytinq”in məlumatına görə, ABŞ-ın iki türk nazirə qarşı sanksiyası və Türkiyənin metal məhsullarına tətbiq etdiyi əlavə rüsumlardan sonra türk lirəsi dollara nisbətdə 7 lirəni aşıb. Lakin Ərdoğan iqtidarının gördüyü tədbirlər nəticəsində hazırda dollar 5.65-5.75 civarındadır.

Buna paralel olaraq, Türkiyə də ABŞ məhsullarını boykot edib. Başda Almaniya, Fransa və İtaliya olmaqla Avropa ölkələri ilə, o cümlədən Rusiya, Çin və Qətərlə əməkdaşlığı gücləndirərək, ABŞ-ın iqtisadi müharibəsini “paket” formasında dəf etməkdə israrlıdır. Belə görünür ki, rəsmi Ankara ABŞ-ın rahibi buraxmaq tələbinə boyun əyməməkdə qərarlıdır.

Bunu Türkiyənin rəsmi açıqlamalarındakı tezislərdən də görmək mümkündür. Belə ki, son günlər Ankaradan gələn açıqlamalardan belə çıxır ki, Türkiyə artıq ABŞ-a strateji mütəffiq kimi inanmır və bu istiqamətdə gələcəkdə etibarlı tərəfdaş münasibətlərinin qurulmasına bel bağlamır.

Elə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının ötən gün "Türk lirəsinə qarşı spekulyasiya dəf edildi",- məzmunlu açıqlamasının ardından söylədikləri də bu qənaəti gücləndirir.

İbrahim Kalının sözlərinə görə, Türkiyə heç bir dövlətlə iqtisadi müharibə aparmır:

"ABŞ-ın hazırkı addımları təkcə Türkiyəyə deyil, həm də Avropa İttifaqına qarşıdır. Artıq Almaniya, Fransa, Qətər, Küveyt və digər ölkələr Türkiyənin yanında olduqlarını bəyan ediblər. Biz bu böhranı fürsətə çevirəcəyik".


İ. Kalın bildirib ki, Qətər dövləti Türkiyəyə 15 milyard dollarlıq sərmayə yatıracaq:

"Bizim Maliyyə Nazirliyinin təmasları nəticəsində Küveyt, Almaniya, hətta Rusiyadan da bu istiqamətdə xoş xəbərlər almışıq".

Bu sonuncu cümlə də ona dəlalət edir ki, Türkiyə Avropa İttifaqı, Rusiya, Çin və iki ərəb ölkəsi – Qətər və Küveyti də yanına alaraq, ABŞ-la sonadək dirəşəcək.

Diqqətçəkən məqam budur ki, bu məsələdə Türkiyəyə Almaniya, Fransa, İtaliya, Rusiya, Çin, Qətər açıq dəstək verirlər.

Əgər Rusiya və Çin bu məsələdə bir NATO ölkəsini dəstəkləməklə, beynəlxalq siyasətdəki balansı xeyrlərinə dəyişməyə cəhd edirlərsə, Avropa ölkələri Türkiyənin iqtisadi problemlərinin birbaşa öz ölkələrinə, həmçinin, NATO-nun gələcəyinə ciddi təsir edəcəyini bildirirlər.

Lakin görünən budur ki, Tramp adminstrasiyası Türkiyənin dirənişindən məmnun deyil. Üstəlik, Ankaranın müdafiəsinin artmasından da narahat olmurlar. Əksinə, sanki bundan daha da qəzəblənərək, təzyiqləri artırmaqda qərarlıdır.

Türkiyə ilə ciddi böhran yaşayan ABŞ prezidenti Donald Tramp iki gün əvvəl Ankaranın Amerika məhsullarına tətbiq etdiyi yüksək rüsumlar və qadağalara ilk dəfə reaksiya verib.

“Reytinq” bildirir ki, o, "Twitter"dəki hesabında Türkiyənin ABŞ məhsullarının boykot etməsini nəzərdə tutaraq, ölkəsinin iqtisadiyyatının hər zamankından daha yaxşı vəziyyətdə olduğunu yazıb:

"Dollarımıza pul yağır. Şirkətlərimiz hər zamankından daha yüksək qazanc əldə edir, inflyasiya düşür. İş dünyası həmişəkindən çox yaxşı vəziyyətdədir. Son on illərdə ilk dəfə işləyənlərimizi qoruyuruq".


Trampın bu mesajından az sonra ABŞ-ın Maliyyənaziri Stiven Mnuçin bəyan edib ki, amerikalı rahib Endryu Branson sərbəst buraxılmayacağı halda, Türkiyəyə daha çox sanksiya tətbiq edəcəklər.

Maliyyə Nazirliyinin bu təhdidindən sonra Tramp daha bir təhdid mesajı verib. Bildirib ki, Bransonun buraxılmaması Türkiyə üçün yaxşı olmayacaq: “Bransonun vətənpərvər bir amerikalı olaraq, Türkiyədə saxlanılması ədalətli deyil. Artıq Türkiyə ilə münasibətlərimizi azaldırıq”.

Göründüyü kimi, Tramp açıq formada Türkiyə ilə strateji mütəffiqliyə son veriləcəyini bəyan edib.

Proseslərin bu şəkildə davam etdiyi bir məqamda ABŞ dövlət katibi müavininin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi və bu ölkənin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza prezident Donald Trampın Türkiyəyə qarşı siyasətini sərt tənqid edən məqalə yazıb.

Brayza “Washington Post”da “ABŞ Türkiyəni itirməyə imkan verməyəcək” başlıqlı məqaləsində Trampın Türkiyəyə yönəlik qərarlarının iki ölkə arasındakı münasibətləri təhlükəli şəkildə gərginləşdirdiyini qeyd edib.

“Bu, NATO mütəffiqinə qarşı maksimum səviyyədə zərər vurmağa hesablanmış, gözlənilməyən və düşməncə bir addımdır. Trampın açıqlamaları iki ölkə arasındakı dialoq imkanlarını aradan qaldırdı. Tramp Ərdoğanı açıq şəkildə güncə sıxmaqla rahib Bransonun sərbəst buraxılmasını daha da çətinləşdirdi. ABŞ Türkiyə iqtisadiyyatına zərər vurmaqla mütəffiqlikdən vaz keçdiyini göstərdi.

Tramp Türkiyədən imtina etməklə ABŞ-ın Orta Şərqdəki təsirini yox etdi və İŞİD ilə mübarizə koalisiyasını zor durumda buraxdı. Son hesabata görə, İŞİD yenidən səhnəyə qayıdır.

ABŞ-ın Türkiyədən uzaqlaşması Ankaranı Moskva ilə daha da yaxınlaşdırır. ABŞ Dövlət Katibliyindəki 23 illik diplomatik fəaliyyətim zamanı İncirlik bazasının nə qədər vazkeçilməz olduğunu gördüm. Bu bazanın həyatı əhəmiyyəti var”, – deyə məqalədə qeyd olunur.

“Reytinq”in məlumatına görə, ABŞ-Türkiyə qarşıdurması dünyanın əsas dövlətlərinin rəsmi gündəliyinə çevrilməklə yanaşı, mətbuatının da əsas müzakirə mövzusudur.

Xüsusən qonşu Rusiya mətbuatı davamlı olaraq, ABŞ-Türkiyə qarşıdurması haqda təhlil məqalələri ilə çıxış edirlər.

Belə maraqlı məqalələrdən birini də analitiklər - Oleq Moskvin, Mixail Moşkin və Andreyv Rezçikovin "Vzqlyad.ru"-da birgə qələmə alıblar.

Həmin məqalənin Azərbaycan oxucuları üçün də maraqlı olduğunu nəzərə alıb, təqdim edirik:

Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğan ABŞ-a iqtisadi savaş elan edib. Türkiyə türk lirəsini çökdürən rüsumlara cavab olaraq təkcə Amerika elektronikasından imtina etməyə söz verməyib, həm də Amerikanın bir sıra mallarına, birinci növbədə avtomobil, tütün və alkoqola rüsumları kəskin yüksəldib. Ankaranın Qərbdən qoparaq Moskvaya sarı meyllənməsindən danışmaq olarmı?

Türkiyə lideri Rəcəb Tayib Ərdoğan çərşənbə günü amerikalı həmkarı Donald Trampın Türkiyə poladı və alüminiumuna yüksək rüsumlar tətbiq etməyinə asimmetrik cavab tapıb. Ərdoğan Amerikanın bir sıra mallarına - tütün məmulatları (60%), alkoqol (140%), avtomobil (120%), habelə düyü, meyvələr, kosmetik məmulatlar və s. rüsumların artırılması haqda sərəncam verib.

Bundan savayı, Ankarada Amerika elektronikasına boykot hədəsi gəliblər. Ərdoğan bunun necə görünəcəyini təsvir edib: “Onlarda "iPhone" var, amma o biri yandan, dünyada "Samsung" var”.

Bununla yanaşı, Türkiyə lideri təkcə Cənubi Koreya brendinə kompliment deməyib, həm də öz vətəninin istehsalçısını xatırlayıb. “Bizim ölkədə "Venüs Vestel” telefonlarının yerli markası var, onu işlədəcəyik”.

Etiraf etmək lazımdır ki, Trampın sanksiya təşəbbüsü Türkiyə iqtisadiyyatı üçün ciddi nəticələrə gətirib.

“Ona yetərincə güclü zərbə vurulub, - BİBMİ-nin (Beynəlxalq iqtisadiyyat və beynəlxalq münasibətlər institutu-red.) baş elmi əməkdaşı Viktor Nadein-Rayevski “Vzqlyad” qəzetinə bildirib. – İnflyasiya ikirəqəmli zonaya girib, işsizlik 11 faizdir. Bu, Ərdoğanın bütün idarəçiliyi illərindəən pis göstəricidir”.

"Dow Jones" qeyd edir - lirə bir həftədə 20%-dən çox puç olub, çünki dünya bazarları Türkiyənin borcu xarici valyutada ödəmək qabiliyyətindən şübhələnib.

Yada salaq ki, Türkiyənin xarici borcu məhz dollarla hesablanır və 250 milyard dollar dəyərləndirilir və bu, Türkiyə Mərkəzi Bankının valyuta (dollar) ehtiyatından iki dəfə çoxdur.

Trampın iqtisadi müşaviri artıq qeyd edib: lirənin düşməsi Türkiyə iqtisadiyyatında təməl problemlərin varlığından xəbər verir.

Bundan başqa, Amerikanın terrorizmlə mübarizə üzrə ekspertləri Vaşinqton və Ankara arasında münasibətlər pisləşdikdən sonra İŞİD-lə mübarizədə Türkiyənin etibarına şübhə edirlər. Deməli, Amerika kəşfiyyatının yüksəkməqamlı əməkdaşları narahatlıq ifadə ediblər ki, Türkiyə İŞİD-in ehtimal edilən döyüşçüləri vəəcnəbi döyüşçülərin Suriya ərazisinə sızmasını önləmək üçün Türkiyə təhlükəsizlik qüvvələrinin apardığı missiya haqda məlumatı gizlətməyə başlaya bilər.

Vaşinqtondakı Strateji və beynəlxalq araşdırmalar mərkəzinin transmilli təhdidlərlə mübarizə üzrə layihəsinin rəhbəri Set Conson isə bildirib ki, guya, Türkiyə yasaqlanmış “Həyat Təhrir əş-Şam” ("Cəbhət ən-Nusra") terrorçu qruplaşmaya yardım edirdi.

Ərdoğan amerikalı tərəfdaşlarının davranışına özünün həmişəki sərtliyi ilə cavab verib. O, 2016-cı il dövlət çevrilişinə cəhdi yada salıb (məlum olduğu kimi, Ankara bunda ABŞ-da yaşayan vaiz Fətullah Güləni ittiham edir) və bildirib ki, “Vaşinqtonun Türkiyəyə nisbətdə indiki siyasəti qiyamın davamına çevrilib. Əvvəllər bu cür şeylər gizlincə edilirdi, onlar indi açıq şəkildə üstümüzə gəlirlər, - Türkiyə lideri qeyd edib. – Biz iqtisadi və siyasi mövqedən iki şey edə bilərik. İqtisadi baxımdan tədbirlər görürük, Maliyyə Nazrliyi və xəzinədarlıq gecə-gündüz işləyir”.

Qeyd edək ki, 2014-də Qərbin qəzəbi Rusiyanı sınağa çəkərkən bizim mövqeyimiz xeyli güclüydü – qızıl-valyuta ehtiyatları və zəmanətli ixracat malı (birinci növbədə neft və qaz) alqısının varlığı “tərəfdaşlarımızın” həmlələrini layiqincə önləmək imkanı verirdi. Türkiyənin işi daha mürəkkəbdir.

“Yaxın Şərq-Qafqaz” Araşdırma Mərkəzinin direktoru, türkşünas Stanislav Tarasov qeyd edib ki, “ABŞ-ın Türkiyəyə göstərdiyi basqı onun AB ölkələrinə, Çinə göstərdiyi basqılardan heç nə ilə seçilmir". Tarasov “Vzqlyad” qəzetinə “Türklər cavab tədbirləri görürlər. Ərdoğan “iqtisadi savaş” və “dövlət çevrilişi cəhdi” kimi anlayışlar işlədir”,- deyərək əlavə edib ki, özünü Yaxın Şərqdə böyük ölkə göstərən Türkiyə belə durumlarda Rusiya-Türkiyə kəskinləşməsi halındakı kimi cavab verməyə bilməz. O əmindir: “Bununla belə, bu bildirmir ki, Türkiyənin Qərblə tarixi tərəfdaşlığı qırılır”.

Ərdoğanın sərt bəyanatlarına baxmayaraq, Türkiyə bütün körpüləri yandırmır. Türkiyənin diplomatiya başçısı Mövlud Çavuşoğlu “yaxşı polis” rolunda çıxış edib. Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla birgə mətbuat konfransında yaranmış problemləri müzakirə etmək üçün ABŞ-ı dialoqa qayıtmağa çağırıb.

Nadein-Rayevski hesab edir ki, Çavuşoğlu bilə-biləƏrdoğanın gərəksizcəsinə davakar çıxışlarını hamarlamağa çalışır.

Türkoloq izah edir: “Türk siyasətçilərinin çoxu Ərdoğanın - yetərincə duyğusal adamın sərt və kəskin bəyanatlarını yumşaltmağa çalışır. Problem bundadır ki, amerikalılar hələlik bu növ çağırışlara o qədər də qıcıq vermirlər”.

Ekspert qeyd edir: “Bu, türklər üçün xoşagəlməz məqamdır. Amerikalılar öz mütəffiqlərinin maraqlarına etinasızlıq göstərirlər. Ankaranın Vaşinqtona, az qala, artıq mütəffiqlik xəttiylə cavab verməyə hazır olduğu haqda məsələnin qoyuluşu da buradandır. Amma, fikrimcə, Türkiyənin NATO-dan çıxacağı, ya da bu cür kəskin addım atacağını gözləmək, ən azı, çox tezdir”.

Bir də Türkiyə hərbi mütəffiq kimi Amerikaya da lazımdır. “Türkiyə ABŞ üçün Şərqi Aralıq dənizi bölgəsində önəmli dayaqdır. Onu orada heç kim əvəz etmir, - o deyir. – Nəhayət, bu, Amerikadan sonra NATO-da ən böyük ordudur. Belə ki, təhdidli bəyanatlar vermək olar, amma, əslində, hər şey göründüyü kimi sadə deyil”.

Nadein-Rayevski yekun vurur: “Görünür, hər halda məsələ ABŞ və Türkiyənin münasibətlərinin normallaşmasına gələcək, amma türklər hələlik buna hazır deyil, hələlik hər şey duyğulardadır”.

Yaxın Şərq İnstitutunun eksperti Sergey Balmasov da “Vzqlyad” qəzetinə şərhində istisna etməyib ki, Türkiyə və ABŞ artıq ən yaxın zamanda hansısa güzəştlər tapacaq. “Əslində, məntiqi əsas götürsək, aydındır ki, bundan sonra Ştatlarla münaqişəni dərinləşdirmək Türkiyəyə lazım deyil. Türkiyə və Avropa Birliyinin höcətləşməsini hələ anlamaq olar. Amma Ştatlarla dalaşmaq onun nəyinə gərəkdir? – Ekspert sual edir. – İstənilən XİN-in vəzifəsi isə ümumiyyətlə dinc vasitələrlə, dialoq yoluyla ölkə üçün müsbət nəticələr əldə etməkdir”.

Amerikanın “Wall Street Journal” nəşri hesab edir ki, Ankara Vaşinqtonla kəskinləşmə fonunda Moskvaya sarı hərəkətə başlayıb. Nadein-Rayevski qeyd edir – həqiqətən də, Rusiya Türkiyə üçün həm böyük ticari tərəfdaş, həm də siyasi kəmiyyət kimi yetərincə mühüm ölkə olaraq qalır. Ekspert deyir: “Türklər yeni mütəffiqlər aramağa məcburdurlar, bu haqda açıqca bildirirlər də”.

Sergey Balmasov qeyd edir – Sergey Lavrov Ankaraya gələrək bu ölkənin yürütdüyü siyasi xəttə görə Türkiyəyə və liderinə dərin təşəkkürünü bildirib.

Amma Türkiyənin Qərblə münasibətləri radikal şəkildə kəskinləşdirəcəyi və Rusiyaya doğru yön dəyişəcəyini hesab etməyən Sergey Tarasov bununla razılaşmır.

Türkşünas qeyd edir: “ABŞ-la əməkdaşlıq çoxillikdir, söhbət ixracata yönəlik iqtisadiyyat modelindən gedir. Türklər buxovları sadəcə elə-belə qırıb Avrasiya İqtisadi Birliyinə, KTMT-yə sıçramağa nail olmayacaqlar. Rusiya ilə yaxınlaşmaq üçün çox ciddi islahatlar aparmaq və məqsədyönlü siyasət həyata keçirmək, yəni seçim etmək lazımdır: onlar Şərqlədir, ya Qərblə? Qərblə dalaşanda bildirirlər ki, Şərqlə dostluq edirlər. Şərqlə baş tutmayanda Qərbə üz tuturlar. Türklər həmişə belə oynayıblar, amma indi bu deşik daha sərtləşib”.

Balmasov öz növbəsində qeyd edir – bir də Rusiya-Türkiyə ziddiyyətləri heç hara yox olmayıb. Ekspert sadalayır - bu, Tükiyənin Krım tatarlarından alət kimi yararlanmaq cəhdlərinə, Suriya üzrə fikir ayrılıqlarına, Balkanlarda, Abxaziyada maraqların toqquşmasına da aiddir.

Ekspert yekun vurur - ABŞ və AB tərəfdən basqı Rusiya və Türkiyəni əməkdaşlığa itələyir, “amma bu, çox da dərin deyil, kiməsə qarşı dostluqdur”.скачать dle 10.5фильмы бесплатно




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}