Bakıda mətbuat nümayəndəsinə üç bıçaq zərbəsi vurublar - Foto
Tarix: 01-09-2018 23:18 | Bölmə: Slayd
Bakıda mətbuat nümayəndəsinə üç bıçaq zərbəsi vurublar

Bakı şəhəri, Səbail rayonu, 20-ci yaşayış sahəsində bıçaqlanma hadisəsi baş verib. Bıçaqlanan şəxs isə həmin ərazidə yaşayan mətbuat işçisi Sakit Həsənovdur.

Bu barədə Reyting.az-a Sakit Həsənovun yaxınları məlumat verib.

Yaxınlarının sözlərinə görə, hadisə avqustun 31-də axşam saatlarında baş verib.

Bildirilir ki, S.Həsənov qəzet bölgüsü üçün evdən çıxıb və təxminən 10-15 dəqiqədən sonra ailəsinə onun bıçaqlanması barədə məlumat veriblər.

O, evlərinin yaxınlığındakı mağazanın qarşısında iki nəfər naməlum şəxs tərəfindən bıçaqlanıb.

Bakıda mətbuat nümayəndəsinə üç bıçaq zərbəsi vurublar

Hadisənin səbəbinə gəlincə, yaxınları deyiblər ki, S. Həsənov avtomobilinin qarşısında dayanmış şəxslərdən idarəetməni təmin etməsi üçün bir qədər kənara çəkilmələrini xahiş edib. Naməlum şəxslər nəinki maşının önündən çəkiliblər, əksinə, ona hədə-qorxu gələrək, hücum ediblər. Həmin şəxslər S. Həsənovu döyməklə yanaşı, ona 3 bıçaq zərbəsi vurublar: “Sakit Həsənov 3 bıçaq zərbəsi alıb. O, 1 saylı Kliniki Tibbi Mərkəzə (Semaşko) çatdırılaraq əməliyyat edilib. Hal-hazırda vəziyyəti ağır olaraq qalır”.

Yaxınlarının sözlərinə görə, polis hadisə ilə bağlı ilkin ifadə alsa da, hadisəni törədənlər hələlik saxlanılmayıb.

Qeyd edək ki, hadisənin baş verdiyi ərazidə təhlükəsizlik kamerası da var.

Xatırladaq ki, S. Həsənov ayrı-ayrı vaxtlarda müxtəlif qəzet redaksiyalarında yayım müdiri vəzifəsində çalışıb. O, hazırda mətbuat yayımı firmalarından birində məsul vəzifədədir.




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}