Azərbaycanda dini radikalizmə meyl artır
Tarix: 04-09-2018 15:48 | Bölmə: Slayd
Azərbaycanda dini radikalizmə meyl artır

Son günlər Azərbaycanın xüsusi xidmət orqanları dini ekstremizmə qarşı mübarizə tədbirləri çərçivəsində əməliyyat tədbirlərini artırıb. Ötən həftə Xaçmaz rayonunda daha bir terror törətmək istəyən şəxs zərərsizləşdirilib.

Radikal dini ekstremist qrupun üzvü Nizami Adil oğlu Nəcəfovun silah-sursat və partlayıcı maddələr əldə etməsi, ölkənin şimal rayonlarında terror aktı planlaşdırdığı barədə daxil olan məlumat aparılan araşdırmalarla təsdiqlənib, Dövlət Təhlükəsizliyi Xidməti və prokurorluq əməkdaşları tərəfindən təxirəsalınmaz tədbirlər keçirilib.

Nizami Nəcəfovun Xaçmaz rayonu ərazisində tərkisilah olunması və cinayət məsuliyyətinə cəlb edilməsi üzrə keçirilən əməliyyat tədbirləri zamanı, sonuncu təslim olmaq barədə qanuni tələblərə tabe olmayaraq avtomat silahdan atəş açaraq silahlı müqavimət göstərib:

"DTX-nin xüsusi əməliyyat qrupu tərəfindən cavab tədbiri olaraq xidməti silahdan istifadə edilməklə Nizami Nəcəfov məhv edilib.

Hadisə yerinə və meyitə baxış zamanı N. Nəcəfovun üzərindən 1ədəd "AKSU” tipli avtomat, həmin silaha aid sursat, eləcə dəkustar üsulla hazırlanmış partlayıcı qurğu aşkar edilərək maddi sübut kimi götürülüb".

Maraqlıdır ki, əməliyyat zamanı əksər hallarda müqavimətlə qarşılaşdıqlarından güc strukturları ekstremistləri öldürmək zərurəti ilə üzləşir. Bəs görəsən, güc strukturlarına qarşı gülləatma radikallığı haradan doğur?

Azərbaycanda dini radikalizmə meyl artır

Şərqşünas-politoloq Vüsal Hətəmov “Reytinq”in əməkdaşına deyib ki, vəziyyət ciddi təhlil edilməlidir:

“Bildiyimiz kimi, pəşəkar cinayətkarlar iz buraxmağı sevmir. Əgər terrorçu məqsədini həyata keçirməyibsə, tutulmamaqdan ötrü silahlı müqavimət göstərəcək. İctimaiyyətə isə maraqlı olan budur ki, terrorçu sağ-salamat ələ keçsin və hansı şəbəkəyə bağlı olduğu, hədəfinin nə olduğu ifşa olunsun. Odur ki, sözügedən canilər canlı tutulmayınca, onların hansı şəbəkəyə bağlı olması sual altında qalır. Aydındır ki, terroçu varsa, bunun şəbəkə bağlılığı da mövcuddur. Şəbəkə varsa, bunların ideoloji bazası harasa bağlanır. Yaxşı, biz indi dəqiq deyə bilərikmi ki, bu terror şəbəkəsi radikal dini ideoloji dəstələrdən ibarətdir? Bəlkə, heç radikal dini cərəyan üzvləri deyillər?! Sadəcə, din adından istifadə edirlər? Bəlkə də, məqasədləri dini zəmində münaqişə yaratmaqdır?

Bütün bunlara cavab tapmaq üçün terrorçunun diri tutulması əsas məsələdir”.

V. Hətəmov həmçinin bildirib ki, radikalların güc strukturları tərəfindən fiziki məhvi sonuncu mərhələdə olmalıdır: “Öncə həyata keçirilməli olan ictimai təsisatların maarifləndirmə işidir ki, bu da yetərincə görünmür. Hüquq-mühafizə orqanlarından əvvəl media - QHT təsisatları öz işlərini yetərincə görməlidir. Bu sahədə QHT ekspertləri layihələr zamanı ya peşəkar mütəxəssislərdən istifadə edə bilmir, ya da bunun marağında deyillər. Hər halda, görünən budur. Media sahəsində də ki, dini bilgisi olmayan yazar-jurnalistlər məntiqli araşdırma əvəzinə dini zəmində ixtilaflar yaradırlar”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) ilə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) bu sahədə yetərincə iş görə bilib-bilməməsi ilə bağlı sualı da cavablandıran V. Hətəmov qeyd edib ki, DQİDK-nin işi qənaətbəxş deyil:

“Dövlət komitəsinin məsul şəxsləri ilə dəfələrlə görüşmüşəm, hətta bu sahədə təkliflər də vermişəm. Komitə sədri cənab Mübariz Qurbanlı ilə Sumqayıt şəhərində şəxsən görüşümüz olub, bu sahədə təkliflərimi onun diqqətinə çatdırmışam. Lakin nəticə vəddən o tərəfə keçməyib. Halbuki 10 ildən çoxdur ki, bu səhədə yüzlərlə müsahibə vermişəm, araşdımalarım kifayət qədər nüfuzlu mətbu vasitələr tərəfindən yayımlanıb. Görünən odur ki, DQİDK bu işdə prinsipial, məqsədyönlü iş görmək istəmir”.

Şərqşünas-politoloq hesab edir ki, ölkədə paralel olaraq dini sahədə yeni maarifləndirmə və analitik araşdırma erası başlanmalıdır: “Bütün bunların həyata keçirilməsi üçün DQİDK, QMİ bizim kimi araşdırmaçılarla işləməli, hesabat xarakterli layihələr icra edən QHT-lərlə deyil, bizim kimi çoxillik təcrübəsi olan araşdırmaçı yazarlara, tədqiqatçılara üstünlük verilməlidir. Nə DQİDK-nin, nə QHT Şurasının, nə də QMİ-nin üzdə görünən ekspertləri, xalq arasında nüfuza malik deyillər. “QMİ” – deyəndə insanlarımızın təsəvvüründə ilhaiyyaçı-ekspert deyil, “yas məclisi aparan şura” fikri canlanır. Halbuki əsrlər boyunca Azərbaycanda ruhanilər, din adamları qan yatırıblar, fitnələr susdurublar. Bəs necə olur ki, hər bir rayon və şəhərdə kifayət qədər məscidlər, ruhanilər ola-ola, kimlərsə xarici ölkələrin missionerlərinin əlinə düşür? Məşhur “Nəsimi” filmində Əmir Teymur ruhanilərə belə bir ifadə işlədir:

“Varidatımın yarısını siz ruhanilərə xarclədim, hanı nəticəsi?”

Təbii ki, müsbət addımları da qeyd etməliyik. Məsələn, DQİDK tərəfindən reallaşan radikallığa qarşı “Fitnə” filmi çox güclü maarifçi təsirə malikdir. Amma bunun nöqsanlı tərəfi odur ki, ölkə telekanalları bu filmi yayımlamaq fikrində deyillər. Qısası, müasir dünyamızda daha çox dini zəmində baş verən terrorla mübarizədə bütün ictimai sektorlar dövlətin yanında olmalıdır”.

Azərbaycanda dini radikalizmə meyl artır

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev isə "Qeyri-hökumət təşkilatları və dini icmalar: Birgə fəaliyyətin təşkili” adlı konfransda deyib ki, bu gün Azərbaycanın ən öndə duran problemlərindən biri dini radikalizmdir.

Onun qənaətincə, Azərbaycanda dini radikalizm olmayıb, lakin bu gün dini radikalizmin ölkəmizə ixrac olunması narahatedici məsələdir.

A. Quliyevin sözlərinə görə, Azərbaycan dünyaya açıq ölkədir, lakin bu gün dini radikalizmin ölkəmizə yol tapması bizi ciddi düşündürən məsələdir. O qeyd edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində kifayət qədər maarifləndirici işlər aparılmalıdır:

"Son illərdə Şura bu istiqamətdə 62 layihə maliyyələşdirib. Təklif edirəm ki, gələcəkdə Şura ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi birgə qrant müsabiqələri keçirsin, digər fondların da maliyyə vəsaiti buraya cəlb edilsin və birgə koordinasiya həyata keçirilsin”.

A. Quliyev hesab edir ki, bu məsələdə cəmiyyətin, xüsusən QHT-lərin səfərbər olmasına ehtiyac var. Şura sədri təklif edib ki, dini radikalizmə qarşı mübarizə istiqamətində QHT-lərə Dövlət Dəstəyi Şurası, DQİDK və digər qurumların iştirakı ilə Koordinasiya Şurası yaradılsın.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}