Qadınlar Paşinyanın həyat yoldaşının çağırışına etiraz edir - Bəyanat
Tarix: 18-09-2018 17:05 | Bölmə: Siyasət
Qadınlar Paşinyanın həyat yoldaşının çağırışına etiraz edir

Qarabağ Azadlıq Təşkilatının (QAT) Qadınlar Şurası işğalçı Ermənistanın baş nazirinin həyat yoldaşı Anna Akopyanın Azərbaycan qadınlarına sülh çağırışına cavab olaraq bəyanat qəbul edib.

Reyting.az
-a göndərilən bəyanatda qeyd olunur:

“Azərbaycanın torpaqlarını işğal etmiş, torpaqları hələ də işğal altında saxlayan, 4 mindən artıq azərbaycanlı dinc sakini, o cümlədən, qadın və uşaqları girovluqda saxlayan, Xocalı soyqırımı zamanı onlarla qadın və uşağı vəhşicəsinə qətlə yetirən işğalçı, təcavüzkar, terrorçu Ermənistan rejiminin hər hansı nümayəndəsinin, həmçinin qadınlarının, baş nazirin arvadı Anna Akopyanın “sülh təşəbbüsü” ilə çıxışı, Azərbaycan qadınlarına “sülh çağırışı” ilə müraciət etməsi həyasızlıq və alçaq sinizmdən başqa bir şey deyildir.

Anna Akopyan öz millətinə, öz ölkəsinin rəhbərliyinə müraciət etməlidir ki, Azərbaycana qarşı işğalçı müharibəyə son qoysunlar, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və digər ərazilərdən çıxsınlar. Bu qadın öz millətinin analarına müraciət etməlidir ki, övladlarını işğal olunmuş Azərbaycan ərazilərinə göndərməsinlər, övladları işğalçı orduda xidmətdən imtina etsinlər. Onların işğal olunmuş ərazilərdə nə işləri var ki, orada da gülləyə tuş gəlib ölsünlər.

Anna Akopyan əri Paşinyanla birlikdə oğullarını işğal olunmuş Azərbaycan ərazilərinə hərbi xidmətə göndərir, sonra da sülhdən danışırlar. Normal insan bunu nə cür başa düşməlidir?

Biz Azərbaycan qadınları, anaları olaraq müharibənin dəhşətlərini başa düşürük. Lakin torpaqlarımızın işğalda qalması ilə heç vaxt razılaşmayacaq, övladlarımızı, ərlərimizi, qardaşlarımızı Qarabağın azadlığı naminə döyüşə göndərəcək, onlara xeyir-duamızı verəcəyik. İndiki şəraitdə sülhdən danışmaq qəbuledilən deyil. Yalnız torpaqlarımız işğaldan azad edildikdən, müharibə qurtardıqdan sonra sülhdən, dialoqdan, xalq diplomatiyasından danışa, bu istiqamətdə addımlar ata bilərik”.

QAT-ın Qadınlar Şurası bəyan edir ki, erməni qadınları həqiqi sülh istəyirlərsə, Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə son qoymasına, işğalçı Ermənistan qoşunlarının Azərbaycan ərazilərini tərk etməsinə, minlərlə insanın qətlə yetirilməsinə, Xocalı, Qaradağlı, Meşəli, Ağdaban və digər soyqırım siyasətlərinə görə Ermənistan rəhbərliyinin Azərbaycan xalqından üzr istəməsinə, tövbə etməsinə nail olmalı, bu yöndə çalışmalıdır: “Əgər doğurdan da sülh istəyirsinizsə, həqiqi sülhə nail olmağın yolu budur. Yalançı sülh çağırışları ilə dünya birliyini aldatmağa çalışmayın. İkiüzlü, saxta, ucuz təbliğat cəhdlərinizə son qoyun. Biz vahid iradə nümayiş etdirərək Qarabağımızı işğaldan azad etməyə hazırıq. Yüz minlərlə övladlarımızın qanı bahasına olsa da, torpaqlarımızı işğaldan azad edəcəyik. Bizim şüarımız birdir: “Ya Qarabağ, ya ölüm!”dür”.

Reyting.az




Bölməyə aid digər xəbərlər
16-10-2018, 20:23 Paşinyan istefa verdi