17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Qarabağ münaqişəsi yeni mərhələyə keçir
Tarix: 24-09-2018 15:08 | Bölmə: Slayd
Qarabağ münaqişəsi yeni mərhələyə keçir

Ermənistanın yeni hakimiyyəti problemi fərqli müstəviyə daşıyır; Paşinyan bu günə kimi müzakirə olunan şərtləri qəbul eləmək istəmir

Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm bəyanatları artıq adət halını alıb. Bir-biri ilə ziddiyyət təşkil edən bəyanatlar nəinki erməniləri, artıq hər kəsi təəccübləndirməkdədir. Belə ki, erməni baş nazir gah sülh çağırışları edir, gah da müharibədən danışaraq Azərbaycana meydan oxumağa cəhd edir.

N. Paşinyan sentyabrın 18-də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonuna qanunsuz səfər edərək bütün beynəlxalq biriliklərin tələblərinə və beynəlxalq qanunlara zidd siyasət yürütdüyünü bir daha bəyan elədi. Əslində erməni baş nazirin Qarabağa səfəri bəsit bir planın tərkib hissəsidir. O, Ermənistan ordusunun vəziyyətinin ağır olduğunu bildiyindən onun döyüş qabiliyyətini şişirtməklə məşğuldur. Ancaq bu ölkənin əsgərinin az qala gündəlik tələbatı belə ödənmir. Başqa sözlə, cırıq çəkməli bir ordunun döyüş qüdrətindən danışmaq yersizdir. Paşinyan isə hökumət başçısı olduğu müddətdə işğal altındakı Azərbaycan torpaqlarına ikinci dəfə gəlməklə oradakı işğalçı qüvvələrin təmsilçilərinə ürək-dirək verməyə cəhd göstərir.

Qarabağ münaqişəsi yeni mərhələyə keçir

Məhz bu cür qanunsuz səfərlərə görə rəsmi Bakı vasitəçi dövlətlərə müraciət etmək məcburiyyətində qaldı. Sentyabrın 20-də XİN həmsədrlərə çağırış ünvanladı:

"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində nəzərdə tutulan görüşü ərəfəsində Ermənistan rəhbərliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərinə belə bir təxribatçı səfərin edilməsi və səfər zamanı aqressiv bəyanatların səsləndirilməsi Ermənistan tərəfinin qəsdən vəziyyəti gərginləşdirmək niyyətinin göstəricisidir. ATƏT-in Minsk qrupunun həmsədrlərini işğalçı Ermənistanı danışıqlar prosesinə xələl yetirən bu kimi təxribatçı addımlardan və bəyanatlardan çəkindirmək istiqamətində addımlar atmağa çağırırıq".

Çağırışda qeyd edilib ki, Ermənistan son günlər təmas xəttində, eləcə də Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşdirilməsi istiqamətində sistematik addımlar atır:

"Azərbaycan torpaqlarının işğalı, bu ərazilərdə törədilən çoxsaylı qanun pozuntuları və cəbhə bölgəsində yaranmış gərginliyin bütün məsuliyyəti Ermənistan rəhbərliyinin üzərinə düşür".

Qarabağ münaqişəsi yeni mərhələyə keçir

Paşinyanın son davranışlarını “Reytinq”ə şərh edən politoloq Mütəllim Rəhimli deyib ki, erməni baş nazirinin bu açıqlamasında əvvəlcədən planlaşdırılmış iki xüsusi məqsəd gizlənir. Birincisi odur ki, Paşinyan daxili ictimai rəyə hesablanmış populist açıqlamalar verir. Bununla da müxalifətin ona qarşı olan ittihamlarını neytrallaşdırır, həmçinin Qarabağ məsələsində güzəşt olmayacağını bildirir.

İkincisi, Paşinyan göstərmək istəyir ki, uzun müddət Qarabağ problemini hüquqi müstəvidə həll edə bilməyən sələflərindən fərqli olaraq daha qəti mövqe tutub. Məhz buna görə Rusiya prezidenti Putinlə görüşdə açıq şəkildə bildirdi ki, Qarabağı Ermənistanın ərazisi kimi təsəvvür edir.

M. Rəhimlinin fikrincə, bu mövqe Paşinyanın Qarabağla bağlı əsl niyyətini əks etdirir: “Əks halda danışıqlar prosesində və Qarabağ münaqişəsinin həllində əsas mövqe nümayiş etdirən, atəşkəsin imzalanmasında vasitəçilik edən Rusiya prezidentinin qarşısında belə cəsarət göstərə bilməzdi”.

Paşinyanın Rusiya səfəri, Putinlə görüşündə səsləndirdiyi fikirlər və sonrakı mərhələdəki addımları da diqqətçəkəndir. Bəzi siyasilər Paşinyanın Rusiya səfərinin onun üçün fiasko olduğunu bildirirlər.

Qarabağ münaqişəsi yeni mərhələyə keçir

Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiyaya səfəri onun ümidlərini puça çıxarıb. E. Nəsirovun sözlərinə görə, Prezident İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfəri zamanı N. Paşinyan və onun komandası vahimə içərisində bu xəbəri eşidib ki, Azərbaycan və Rusiya arasında hərbi-texniki əməkdaşlıq məsələləri bundan sonra da inkişaf etdiriləcək və Azərbaycan Rusiyadan 5 milyard dollarlıq hərbi təyinatlı məhsullar alıb və bundan sonra da bu siyasət davam etdiriləcək: "Belə bir vəziyyətdə Paşinyan böyük vahimə içərisində tələm-tələsik Rusiya paytaxtına getdi. Bu səfərin uğursuz nəticələrini proqnozlaşdırmaq elə də çətin deyildi. Paşinyan güman edirdi ki, Moskvaya gedib Vladimir Putinə "biz sizin strateji müttəfiqinizik, sizin ən yaxın dostunuzuq, hər zaman Rusiyanın yanıdayıq", - deməklə Rusiya prezidentini məmnun edəcək və yenə də ikibaşlı siyasətini davam etdirəcək".

Politoloqun fikrincə, Ermənistanın baş naziri yanılır. Çünki Rusiya kimi nəhəng dövləti idarə edən mahir siyasətçi V. Putin bunun N. Paşinyanın ikiüzlü siyasəti olduğunu, qeyri-səmimi davrandığını bilir.

Deputat əlavə edib: "Rusiya prezidenti Paşinyana necə inana bilər ki, o, Putinlə məsləhətləşmədən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibini həbs etdirir? Putin Paşinyana necə inana bilər ki, onun Mədəniyyət naziri təyin etdiyi şəxs "Ermənistanda rus dili qadağan edilməlidir", - kimi bəyanatlar verir? Milli Təhlükəsizlik Şurasının sədri qoyduğu Armen Qriqoryan anti-Rusiya davranışı ilə Moskvada çox məşhurdur. Ona görə də hesab edirəm ki, Paşinyan-Putin danışıqları uğursuzluğa düçar oldu. Ümumilikdə Paşinyanın atdığı addımlar Moskvanın diqqətindən yayınmır".

M. Rəhimli isə Paşinyanın Rusiya səfərinin uğursuz olmasına inanmır. Onun fikrincə, bu, bizim istəklərimiz və baxış bucağımız çərçivəsindən belə görünə bilər: “Ona görə də ilk növbədə dəqiqləşdirmək lazımdır ki, Paşinyan Rusiya səfərində qarşısına hansı məqsədi qoymuşdu və ona nail ola bildimi? Zənnimcə, erməni baş nazir bizim düşüncəmizin əleyhinə olaraq heç də Rusiya ilə sıx münasibətlər qurmaq niyyətində deyil. O, Ermənistanı Rusiyadan daha çox uzaqlaşdırmaq və Qərbə yaxınlaşdırmaq istəyir. Daxildə çox güclü Rusiyapərəst müxalifət olduğundan hələlik bunu açıq-aşkar və birdəfəlik etmək gücündə deyil. Düşünürəm ki, Qarabağla bağlı Moskvada verdiyi sərt bəyanat onun gələcək planlarına hesablanıb. Ola bilsin ki, Qərblə yaxınlaşmaq müqabilində Qarabağın de-yure Ermənistana birləşdirilməsi və ya “müstəqil”liyinin tanınması ilə bağlı razılaşmalar olsun”.

Qarabağ münaqişəsi yeni mərhələyə keçir

Son olaraq qeyd edək ki, Paşinyanın hakimiyyətə gəlişindən sonra Dağlıq Qarabağ münaqisənin tənzimlənməsi prosesində qeyri-müəyyən bir vəziyyət yaranıb. Yeni baş nazirin gah sülh, gah müharibə çağırışları münaqişənin həlli ilə bağlı yeni mərhələnin başlanması zərurətini yaradıb. Yəni, görünən odur ki, Paşinyan bu günə kimi aparılan danışıqlar prosesini və müzakirə olunan şərtləri qəbul eləmək istəmir. Yaxud da fərqli bir müzakirə açmaq istəyir.

M. Rəhimli də hesab edir ki, Qarabağla bağlı artıq yeni mərhələ başlayıb. “Bu mərhələ çox təəssüf ki, hələlik Ermənistanın xeyirinədir. Ermənistanda hakimiyyətin dəyişməsi ilə Qarabağ məsələsinə yanaşmada yenilik baş verib. Yeni iqtidar problemin hüquqi müstəvidə Ermənistanın xeyrinə həll olunması üçün ciddi səylər göstərir. Azərbaycan tərəfi isə 20 il əvvəlki bəyanatları eynilə səsləndirməkdədir və statik vəziyyətdən tərpənmək niyyətində olmadığını göstərir”, – deyə politoloq fikrini tamamlayıb.

Reyting.az




Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}