Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb - Fotolar
Tarix: 25-09-2018 15:16 | Bölmə: Gündəm
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva sentyabrın 25-də İtaliya Respublikası Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati ilə görüşüb.

Senatın sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı səmimiyyətlə salamlayıb, Azərbaycan-İtaliya münasibətlərini, o cümlədən parlamentlərarası əlaqələri yüksək qiymətləndirib. Senatın sədri son illərdə ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, ticarət, qanunvericilik, mədəniyyət, elm-təhsil sahələrində çox böyük nailiyyətlərin əldə olunduğunu vurğulayıb.

Maria Elisabetta Alberti Kasellati Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı İtaliya Senatında keçirilən konfransın əhəmiyyətinə toxunaraq qeyd edib ki, Azərbaycan ötən əsrin əvvəllərində demokratiya, mütərəqqi ideyaların daşıyıcısı kimi mühüm addımlar atıb.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətini yüksək dəyərləndirən Maria Elisabetta Alberti Kasellati deyib ki, Heydər Əliyev Fondu İtaliyada mədəni və humanitar sahələrdə, o cümlədən mədəni abidələrin bərpası ilə bağlı bir sıra layihələr həyata keçirir. Bütün bu işlərə görə Mehriban Əliyevaya minnətdarlığını bildirən Senatın sədri bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirib.

Mehriban Əliyeva səmimi görüşə görə təşəkkürünü bildirib, Maria Elisabetta Alberti Kasellatinin bu yaxınlarda Senatın sədri kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Mehriban Əliyeva Azərbaycan-İtaliya əlaqələrinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirib. Azərbaycanın Birinci vitse-prezidenti Heydər Əliyev Fondunun fəaliyyətinə verdiyi yüksək qiymətə görə İtaliya Senatının sədrinə minnətdarlığını ifadə edib.

Görüşdə vurğulanıb ki, İtaliya Prezidentinin bu ilin iyulunda Azərbaycana səfəri əlaqələrimizin səviyyəsinin göstəricisidir. Bu səfər çərçivəsində aparılan səmərəli danışıqlar əlaqələrimizin inkişafına mühüm töhfə verəcək.

Söhbət zamanı İtaliya şirkətlərinin Azərbaycanda bir sıra iqtisadi layihələrdə uğurla iştirak etdiyi bildirilib. Qeyd edilib ki, rəsmi Roma Azərbaycanın Avropanın, o cümlədən İtaliyanın enerji təhlükəsizliyindəki rolunu yüksək dəyərləndirir. Vurğulanıb ki, xalqlarımız arasındakı münasibətlərin yaxınlaşmasına töhfə verən İtaliya ilə Azərbaycan arasındakı mədəni əlaqələr də inkişaf edir.

Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb
Mehriban Əliyeva İtaliya Senatının sədri ilə görüşüb




Bölməyə aid digər xəbərlər
15-10-2018, 12:32 Prezident Lənkərana gedib