Fədayə Laçın: “Mən arzuları puç olmuş qadınam, bataqlığa düşmüşəm”
Tarix: 03-12-2018 11:38 | Bölmə: Şou-biznes
Fədayə Laçın: “Mən arzuları puç olmuş qadınam, bataqlığa düşmüşəm”

Bakıda məhbusların qaçmasına kömək göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçın və daha 12 nəfərin cinayət işi üzrə məhkəmə iclası davam edib.

Reyting.az bildirir ki, bugünkü prosesdə Fədayə Laçın son söz deyib.

"Mən çox talehsiz qadınam. Bir qadın kimi xoşbəxt ola bilməmişəm. Həyatdakı yolum həmişə daşlı olub. Arzuları puç olmuş qadınam. Dəfələrlə bu yolda yıxılmışam. Yenə də durub yola davam eləmişəm. Heç vaxt əlimdən tutanım, dəstəkçim olmayıb. Amma bu dəfə bataqlığa düşmüşəm. Bu dəfə mənim əlimdən tutub çıxaran olmasa, batacam. Cənab hakim, siz bu əli mənə uzadın".

Fədayə Laçın bildirib ki, əhdi var: "Xahiş edirəm ki, məni əfv edəsiniz. Əhd eləmişəm ki, azadlığa çıxsam Şəhidlər Xiyabanına gedərək 20 Yanvar şəhidlərimiz olan İlham və Fərizənin məzarı başında öz avazımla "Yasin" oxuyacam. Təki bu şansı siz mənə verəsiniz".

Müğənni bildirib ki, kriminal aləmdə olan biri ilə tanışlığı onun da cinayətkar olması demək deyil: "Bilməzdim ki, bazarda da satılan 6 manatlıq bir açara görə belə olar. Əgər məndən odlu silah, soyuq silah, narkotik istəsəydilər, əlbəttə, bundan imtina edərdim, çünki bunun cinayət olduğunu bilirəm. İndi kimsə məndən çörək belə istəyəndə ehtiyat edirəm. Fikirləşirəm ki, çörək yemək üçündür, amma yenə də ehtiyat edirəm".

Fədayə Laçın çıxışının sonunda qeyd edib ki, Allaha sığınır: "Allaha sığınaraq, sizdən mərhəmət diləyirəm. Çünki mən orda mədəniyyətiz, səviyyəsiz qadınlarla qalıram. Görürəm ki, mən də savadsızlaşıram. Bildiklərim yadımdan çıxır. Qadın var, deyir ki, cəza çəkmək, həbsxanada olmaq vecinə deyil. Lakin bir saat belə orda olmaq mənim vecimədir. Xahiş edirəm, məni azad edəsiniz".

Xatırladaq ki, prokuror ötən prosesdə çıxış edərək Fədayə Laçının 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

2017-ci il oktyabrın 23-də Bakıda məhbusların qaçması faktı ilə bağlı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində başlanan cinayət işi üzrə Fədayə Məmmədova (Fədayə Laçın) təqsirləndirilən şəxs qismində cəlb olunaraq Nəsimi rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib. Onun barəsində Cinayət Məcəlləsinin 304.2.1-ci (mühafizə altında olan şəxsə qaçmağa yardım etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə 13 nəfər təqsirli bilinir, 1 nəfər barəsində axtarış elan olunub. Həbsdə olan şəxslər - müğənni Fədayə Laçın, Penitensiar Xidmətin Konvoy taborunun keçmiş komandiri Bəhruz Abdullayev, Penitensiar Xidmətin üç sabiq əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovdur. İttiham aktına əsasən, 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş şəxs qismində tanınır.

Reyting.az




Bölməyə aid digər xəbərlər