Sevgi və yurd həsrətindən yoğrulan şeirlər müəllifinə
Tarix: 28-12-2018 22:58 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Sevgi və yurd həsrətindən yoğrulan şeirlər müəllifinə
(esse portret)

Bəri başdan deyim ki, bu sətirlərin müəllifi Əbülfət Mədətoğlu ilə şəxsən tanış deyil. Bir dəfə də olsun, göz-gözə kəlmə belə kəsməmişik. Mən onu yazılarından və “Ədalət” qəzetindən isə yaxşı tanıyıram. Əbülfət Mədətoğlunun doğum gününün – 60 illik yubileyinin yaxınlaşmaqda olduğundan da kütləvi informasiya vasitələrindən xəbər tutdum. Əvvəlcədən planlaşdırmadığım bu yazı da qəflətən içimdən keçdi. Bunu özümün mənəvi borcum bildim. Fasilə zamanı hava soyuq olduğundan iş yerimdə (Azərbaycan Televiziyasında) dəhlizdə var-gəl edərkən indi oxuduğunuz sətirlər özü-özünə sicilləndi.


Əbülfət Mədətoğlunun yaradıcılığına bələd olan bütün peşəkarlar yaxşı bilirlər ki, onun şeirləri də, digər qələmə aldıqları da özünəməxsusdur, fərqlidir, təkrarsızdır. Ələlxüsus da, şeirlərinin nəinki hər bəndində, hətta, hər sətirində bir dastanın yükü var. İlk baxışdan adidən də adi təsiri bağışlayan bu şeirlər bir dünyadır, ümmandır. Elə ki, oxumağa başladın, sanki bulağın qarşısında dizini yerə atıb, ovucunla bal dadan su ilə doydum demək bilmədən iç dünyandakı yanğını söndürürsən. İnsana elə gəlir ki, bu sinədəftər şəxs bir anlığa da olsun sazımı, qopuzumu köksündən ayırmır. Ya da, ola bilər, qavala tapınır. Bəlkə də, həmin səbəbdən bütün qələmə aldıqları yüzə-yüz sinədən gəlir.

Yazılıb qismətim sınıq qələmlə
Süslənib hər sözüm qəmlə, ələmlə...
Boynuma biçilmiş ağır şələmlə -
Gəlirəm...

Onun hər bir şeri insanlıq zirvəsinə uzanan nərdivandı. İlk baxışdan bəllidir, dayazlıqdan çirginir. Məncə, çöhrəsindəki tükənməz nura, bəlkə də, Günəşin özü belə həsəd aparır. Təbiət bu çöhrəyə birə-bir hopub desəm, inanıram ki, yanılmıram. Halallıq, saflıq arşınıdır. Onun təmənnasız insan olmağı qənaətində də Mahir Qabiloğlu ilə tam şərikəm. Əbülfət müəllimin yaradıcılığının ən başlıca xüsusiyyətlərindən biri də Azərbaycan dilinə yeni nəfəs verməsində, bircə bəndlik şeirində belə dilimizin şəhdi-şirəsini ortalığa qoymaq məharətindədir. Onun təhkiyəsi doğmadan da doğmadır. Köksündəki sarı simlər qətiyyən kökdən düşmür. Əbülfət Mədətoğlunun şeirləri mükəmməl fəlsəfə dərsliyidir. Onun sözlərdən hördüyü divardan o yana boylana bilsən, insanlıq dünyası ilə üz-üzə qalacaqsan, bu, şəksiz belədir.

Sevgi və yurd həsrətindən yoğrulan şeirlər müəllifinə

Əbülfət Mədətoğlu
qismən təskinliyi də məhz sözdə tapan, sözü özünə arxa bilən kəslərdəndir. Onu ovundurmağa cəhdin özü belə əbəsdir…

Allah, yoruldum daha,
Dincəlmək keçir içimdən…
Yır-yığış eləyən ruhum –
Sakitcə köçür içimdən!

Nə qədər özünə təlqin eləsə də, özü də əzbər bilir ki, qətiyyən tək deyil! Yuvası saya gəlməyən qəlblərdir, xeylisi də şəxsən tanımadığı soydaşlarının. Perik düşdüyü doğma yurdunun hənirinə bənddi…

Bu dünyada
Tuğ adlı bir dağ
kəndi var
şəlaləsi,
meşələri,
bulaqları
və bir də
Nilufər çiçəyilə
Kənd uşaqlarının
payına düş
hər nə varsa,
mənim də
canıma-qanıma
hopub orada.

Gülümsəməyindən belə ağrı əskilməyən, kədəri tərləyən dostumuz nə qədər tıncıxsa da, iç dünyasının dərinliyində bütün məcburi kökünlər və didərginlər təkin günlərin birində onun da yurd həsrətinə son qoyulacağına ümidi öləzimir. Bunu boynuna almasa da. Axı, bu müdrik insana da bəllidir ki, ümid heç vaxt gömülmür. Əslində, onu çalxalayan, kirkirədən keçirən sadəcə tezliklə yurduna qovuşmaq istəyi deyil, ilk növbədə genində yoruldum demədən var-gəl eləyən türk qeyrətidir.

Bu danılmaz məntiqdir ki, bəşər övladının araya-ərsəyə gətirdiyi say-seçmə nə varsa, hamısının közü sevgidəndir. Bu baxımdan Əbülfət Mədətoğlu yaradıcılığı da istisna deyil. Onun şeirlərinin şah damarında eşq cövlan eləyir, birmənalı şəkildə. Bu nəzm nümunələri Əbülfət Mədətoğlunun məhəbbətinin Tanrı biçimində olduğuna heç bir şəkki-şübhə yeri qoymur.

Ay Məcnun, ay Kərəm, ay insafsızlar,
Mənə bu qapını siz göstərdiniz…
Məni açıq-aşkar oda salanlar –
İndi də “döz!” deyib gözlədirsiniz…

Əbülfət müəllimi şairlik cığırına yönəldən, qələmə bərk-bərk sarılmağa sövq edən də, elə, məhz sevgi olub. Onu əksər yazarlardan fərqləndirən isə gədikləri aşa-aşa Məhəmmət Füzulinin eşq zirvəsinə yan ala bilməsidir. Sözə, ünə çevrilən Məhəbbət. Əbülfət Mədətoğlu sözün birbaşa anlamında sevgi elmi üzrə azman alimlər cərgəsindədir. Məhəbbət şeirləri körükləməkdə, bəlkə də, rekord ona məxsusdur, hamısı da bahar ətirli, tazə-tər. Sevgi ilə əlbəəl günlərini kiridir, daxilindən pərvazlananları nəzmə, imtahana çəkir yoruldum demədən… Bu yolda Tanrı ondan kəramətini əsirgəməsin!

Əbülfət Mədətoğlu yaradıcılığı dəryadır, ucsuz-bucaqsız. Nə qədər dərinə baş vursan, ha əlləşsən də, xeyri yoxdur, onsuz da sahilə yön almağa bir ömür yetməz. Mən də həmin məntiqə söykənərək, iç dünyamdan qaynaqlananlara nöqtə qoymağın məqamı yetişdiyi qənaətindəyəm. Zənnimcə, onun yaradıcılığının düşünən beyni yurd həsrəti, çırpınan qəlbi isə sevgidir, desək, məncə yanılmarıq. İç dünyandan sevgi közü əskilməsin qardaş, bir də sənə (Sizə) sevinc göz yaşlarınla doğma yurdunu leysana qərq eləməyi arzulayıram. Bu qələmə aldıqlarımı da Tuğa yetişəcəyin günün uzaqda olmadığının müjdəsi kimi qəbul elə! 60 illik yubileyin mübarək, çöhrəndəki o tükənməz nur əskilməsin!

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}