Dilimizə mələməmiş quzu kəsməyin tam vədəsidir
Tarix: 07-01-2019 18:21 | Bölmə: Azad MÜZƏFFƏRLİ
Dilimizə mələməmiş quzu kəsməyin tam vədəsidir
(esse)

Yenicə yola saldığımız 2018-ci ildə Azərbaycan dilinin imkanlarından yetərincə və düzgün istifadə edilməməsi, orfoqrafiya və orfoepiyaya dair xeyli problem ciddi müzakirə mövzusu oldu, dövlət səviyyəsində bir sıra mühüm qərarlar qəbul edildi. Bu proses cari ildə də aktual olaraq qalır. Televiziya və radio kanallarında, internet resurslarında, mətbu nəşrlərdə və reklam daşıyıcılarında jurnalistika və filologiyadan tam xəbərsiz soydaşlarımızın da yer alması Azərbaycan dilinə həqiqətən də həlledici zərbə vurur. Bu da dilimizi cırlaşdırır, az qala ləhləmək durumuna salır. Haqlı olaraq belə hallarla bağlı ictimai qınaq durmadan güclənir. Dostluq, tanışlıq, yerlibazlıq zəminində kütləvi informasiya vasitələrinə axının qarşısına birdəfəlik sədd çəkilməlidir.

Ümumilikdə isə həmvətənlərimizin doğma dilimizdə dolğun, aydın, səlis və rəvan danışmaları üçün kompleks iş aparılmalıdır. Reallıq isə budur ki, nəinki orta təhsilli vətəndaşlarımız, hətta, ali təhsilli soydaşlarımızın xeylisi öz dilində fikirini qədərincə ifadə edə bilmir. Bu baxımdan Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin üzərinə ciddi vəzifələr düşür. Həmin sahədə dönüş yaratmaq, tələbkarlığı daha da artırmaq üçün isə, zənnimcə, ilk növbədə əcnəbi dil müəllimləri ilə müqayisədə ana dili müəllimlərinin bir dərs saatının qiymətindəki fərq mütləq aradan qaldırılmalıdır. Bu, Sovet dövründən bizə qalma mirasdır. Fikrimcə, bu təklif dəyərləndirilməlidir. Axı, nəyə görə əcnəbi dil müəllimləri bizə doğma dilimizi tədris edən müəllimlərdən daha çox məvacib almalıdır?! Eyni zamanda bu, mənəvi məsələdir. İndiki biz müstəqilik və taleyimiz öz əlimizdədir. Mən heç cür inanmıram ki, Almaniya, Fransa, İngiltərə və digər inkişaf etmiş ölkələrdə xarici dil müəllimləri yerli dili öyrədən müəllimlərdən daha çox qazanc əldə edirlər. Digər bir mühüm məqam isə ali məktəblərin filologiya fakültəsinə qəbulla bağlıdır. Əgər, Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin məvacibi artırılaraq ən azı xarici dil müəllimlərinin maaşı səviyyəsinə çatdırılarsa, ali məktəblərə qəbul zamanı test imtahanlarından daha yuxarı bal toplayan abituriyentlər filologiya fakültəsinə cəlb edilməlidirlər. Beləliklə, daha hazırlıqlı ana dili müəllimlərinin yetişdirilməsinə təkan vermiş olarıq.

Danışıq dilinin təkmilləşdirilməsi üçün orta məktəblərdə şifahi xalq ədəbiyyatı nümunələrinə daha çox yer ayrılması, ələlxüsus da, “Kitabi Dədə Qorqud” dastanının daha geniş tədrisi vacib əhəmiyyət kəsb edir. Vaxtilə aşıq toyları da soydaşlarımızın doğma dilimizə dolğun yiyələnmələrində birbaşa və dolayısı ilə həlledici rol oynayırdı. Yaddan çıxarmayaq ki, Məmməd Aslan və Zəlimxan Yaqub (Tanrı onlara qəni-qəni rəhmət eləsin!!!) kimi həsəd aparılan söz xiridarlarımız da məhz şifahi xalq ədəbiyyatına dərindən bağlılıqlarına, bu mənəviyyat xəzinəsini iç dünyalarına birə-bir hopdurduqlarına görə belə yüksək zirvəyə ucalmışdılar. Əlbəttə, zaman öz işini görür, hazırda istər-istəməz aşıq toyları əsasən tarixə qovuşub. Di gəl, çıxış yolu həmişə var. Əgər, cəmiyyətin elitası, sayılıb-seçilən şəxsiyyətləri milli ruhu başlıca meyar götürərək övladlarına toy edərkən bu mərasimin təqribən bir saatını əsl aşıqlarımıza həvalə etsələr, onların həmin büsatı daha da sanbala minər, bu vətəndaşlıq nümunəsi tezliklə ənənə halını alar. Fikrim daha anlaşıqlı olsun deyə, adicə bir misal çəkim. İndi bir çox toy sahibləri məclislərinə sırf peşəkar milli rəqqasları dəvət edirlər. Məclis ərzində onların bir və ya bir neçə dəfə bu şənliyə qatdıqları abı-hava və əzəmət sözlə ölçüyə gəlmir, yəqinki, hamı mənimlə razıdır?! Milli olanın yerini heç nə verə bilməz. Toylarımıza müasir məqamların qatılması ilə yanaşı özümüzün olanı da qorumaq, balansı gözləmək bizim mənəvi borcumuzdur. İnanın, böyük şəhərlərdə toyların şahə qalxdığı (təxminən saat 21.00-22.00 arası), şadlıq evlərindəki gurultunun da dözülməz hala gəldiyi bir vaxtda sıranın aşıq məclisinə verilməsi lap yerinə düşər. Bundan sonra bayaqdan səbirsizliklə özlərinin növbəsini gözləyən gənclərin çal-çağırı, çeşidbəçeşid əcnəbi rəqslər də məntiqi axarına qovuşar, ürəyə daha yatımlı olar. Kənd və rayon yerlərində isə toylarda aşıqlarımızın meydan sulamalarına imkan yaradılması isə elə bir çətinlik törətmir. Hər şey bu baxımdan böyük şəhərlərdəki vəziyyətdən asılıdır, ən əsası paytaxtdakı.

Azərbaycan dilinin dolğun tədrisi baxımından dilçilərimiz də hazırda həllini gözləyən bir sıra həyati problemlərə çarə qılmalı, nəhayət ki, ümumi rəyə gəlməlidirlər. Məsələn, Azərbaycan dilində cins məsələsinin olmaması bir sıra çətinliklər yaradır. Kimsəyə sirr deyil ki, artıq “müəllimə”, “şairə” kimi xeyli söz orfoqrafiya lüğətinə də salınıb. Belə olan halda haqlı sual doğur, axı, dilimizdə sözlərin cinsi yoxdursa, buna necə yol verilir, özü də dilçilər tərəfindən?! Vaxtilə sadə insanların kişi və qadın müəllim və şairləri bir-birindən ayırmaq üçün məcburən danışıq dilinə qatdıqları belə sözlər tezliklə dilçilər tərəfindən də həyata vəsiqə aldı. Yanaşma isə eyni cür olmalıdır, Azərbaycan dilinin qayda-qanuna görə bu, yolverilməzdir. Sadə bir misal. Yaxşı, belə olan halda biz qadın həkimə “həkimə” deyə müraciət etməliyik?! Hələki, sadə xalqın dilinə bu yatmadığından dildə işlək hala düşməyib. Bu cür misalların sayını istənilən qədər artırmaq olar. Belə olan halda, ya sözlərin cinsi məsələsi birdəfəlik həllini tapmalı, ya da çaşqınlıq yaradan “müəllimə”, “şairə” və bu qəbildən olan digər sözlər də dildən çıxdaş edilməlidir.

Ən çox sual doğuran məsələlərdən biri də bəzi sözlərin yazılışı ilə bağlıdır. Hazırkı orfaqrafiya lüğətində “bugün” sözü əvəzinə “bu gün” göstərilib. Haqlı olaraq bununla razılaşmayan soydaşlarımızın xeylisi elə həmin sözü “bugün” kimi də yazır, o cümlədən, mən də. Tanınmış dilçi alimlərin də əksəriyyəti bu qənaətdədir. Axı, həmin lüğətdə “bu” və “gün” sözləri ayrıca da var, zaman anlamında onların “bu gün” kimi verilməsi heç cür sağlam məntiqə sığmır. “Bu” işarə əvəzliyi kimi yalnız və yalnız “gün”ə istinad edir, onu təyin edir. Yəni “Bu gün” ilin 365 günün (fevral 29-dan olanda, ilin 366 günün) hər biri ola bilər. Məsələn, “Bu gün tarixə yazılacaq” cümləsində konkret zamandan söhbət getmir. “Bu gün mən məktəbə getdim” cümləsində isə konkret olaraq “bugün”dən söhbət gedir, “Nə vaxt?”, “Nə zaman? sualına cavab verən zaman zərfindən. Özü də “bugün” zaman anlamındadırsa, mütləq qaydada tələffüsdə də həmin sözlər bir-birindən ayrılmır, yəni bir yerdə tələffüs olunur, ”bugün” kimi. Tam əminəm ki, 20-ci əsrin əvvəlində müstəqilliyimizə qovuşanda da “bugün” sözü elə beləcə yazılıb və tələffüs də olunub. Doğmaca Türkiyə türklərində də bu söz belədir. “Bu gün” lə “bugün” arasındakı fərq ruslardakı “этот день»lə «сегодня», ingilislərdəki “this day”lə today” arasındakı fərq kimidir. Di gəl, şəxsən tanıdığım say-seçmə dilçi alimlər də zaman zərfi anlamında həmin sözlərin “bugün”, “buay” və “buil” kimi yazılmalı olduğunu təsdiqlədikləri halda, kimlərsə, danılmaz reallığı nəzərə almadan nədənsə hələ də bu sözlərin ayrı yazılmasını iddia edirlər. Onların niyyətini heç cür başa düşmək olmur?! Qəribəsi isə odur ki, həmən kəslər orfoqrafiya lüğətində “bugünkü”, “bugün-sabah” və ”bugün-yarın” sözlərinə gəldikdə isə özlərinin təməl iddialarına rəğmən bununla razılaşır, həmin sözlərin “bu günkü”, “bu gün-sabah” və “bu gün-yarın” formasında yazılmasını tələb etmirlər. Təbii ki, bu halda da suallar yağışı məntiqi olaraq sıralanır?????????

Dilimizdəki mübahisə doğuran məqamlarla bağlı müzakirələr səngimir. Bu da həmin məsələ ilə əlaqədar kəmiyyət dəyişikliklərinin keyfiyyət dəyişikliklərinə keçməsinin nöbvəti vədəsinin yetişdiyindən xəbər verir. Sadəcə, həmin proses elə bir məntiqi sonluqla yekunlaşmalıdır ki, sabahkı nəsillərə daha az problem qalsın. Bu məqamda bir məsələni də xüsusi qabartmaq istərdim. Dillə bağlı müzakirələrdə dilçi alimlər, mütəxəsislər, jurnalistlər və bu məsələyə həssas münasibət bəsləyən bir çox soydaşlarımız daha fəaldırlar. Di gəl, nədənsə, həmin məsələdə orta məktəblərdə dərs deyən Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin səsi gur gəlmir. Əslində, dilçiliklə bağlı mövcud problemlərə daha dərindən bələd olan və gündəlik olaraq bununla praktiki qarşılaşan məhz onlardır. Görünür, onlara ötürmə etməyin də tam zamanıdır.

Qəlbimin səsi ilə qələmə aldığım bu yazının isə başlıca məramı dəyişməz olaraq qalır. Zənnimcə, ana dilimizlə bağlı ötən zamanda üst-üstə qalanan problemlərin aradan qaldırılmasında üzərinə ən böyük məsuliyyət düşən Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin bir dərs saatının (xarici dil müəllimlərinin bir saatlıq dərsi ilə müqayisədə) dəyəri məsələsinə ciddi yanaşılmalı və bu hərtərəfli araşdırılmalıdır. Azərbaycan dövləti isə istənilən milli-mənəvi məsələdə daim vətəndaşlarının yanındadır. Ələlxüsus da, bu, doğmaca dilimizlə bağlıdırsa, maksimum həssas münasibətin ortalığa qoyulacağı şəksizdir. Ötən zaman kəsiyi bunun əyani və danılmaz sübutudur.

Müəllifin bütün yazıları - Azad MÜZƏFFƏRLİ



Bölməyə aid digər xəbərlər
{sape_links}{sape_article}