17:38 / 28-03-2024
Əməkdar artist vəfat edib
Rejimin generalları
Tarix: 14-07-2017 15:40 | Bölmə: Əli ƏLİYEV


Prezidentin son sərəncamı maraqlı mətləblərə yol açır. Novruzəli Orucovun işdən çıxarıldıqdan sonra verdiyi açıqlama olmasa idi, bəlkə də bu yazını yazmayacaqdım.

Hadisənin bir neçə rakursdan ictimai köklərini araşdıraq:

1. Novruzəli müəllim övladlarını prezident Əliyevə qurban deyir;

2. Yüksəkçinli məmur övladlarının əksəriyyətinin harınlıq etməsi, hakimiyyətdəki ailələrin psixoloji durumunun indikatorudur;

3. Prezident Əliyevin məmur harınlığı ilə bağlı dəfələrlə xəbərdarlığına məhəl qoyulmadığı ortadadır.

Azərbaycan müsəlman ölkəsidir. Dinimizin əsas kitabında – Quranda İslam qaydaları təsbit edilib. Biz müsəlmanlara Kitab vasitəsilə cəhalət dönəmində baş verənlər, Peyğəmbərlərin həyatındakı vaqeələrlə bağlı xeyli ibrətamiz nümunələr göstərilib. Müsəlmanlar Allaha etiqad edən, Peyğəmbərə şəhadətini bildirən və Kitabı müqəddəs sayanlardır. Kitabımızda "Bütlərə sitayiş etməyin, onları yıxın!” kimi göstərişlər vardır. Övladını, altını xüsusi cızaraq deyirəm ki, Allah yolunda qurban vermək istəyən İbrahim peyğəmbərin hekayəsi də yer alan Allahın əmrlər məcmuəsi Quranımızda cəhalətdən insanların təfəkkürünün qoparılması üçün çox ibrətamiz misallar mövcuddur.

İndi ictimaiyyətə bir sual ünvanlamaq istəyirəm: "Övladını insana, Allah quluna qurban deyənə müsəlman demək olarmı?”

Cavabını Allah bilir. Görün, YAP-ın üst eşalonu, generalları nəkökdədir. Novruzəli müəllimin övladı silsiləxuliqanlıq etməsə idi, yəqin ki, beləsi yenə də ordu səfərbərliyi, övladlarımızın taleyi ilə məşğul olan həlledici adamlar sırasında olacaq idi.

Son illər, prezident İlham Əliyevin idarəçiliyi dönəmində məmurların özlərinin, ailələrinin cəmiyyətə həqarət püskürməsi adi hala çevrilib. Əksər məmurların ailələri, övladları London, İstanbul, Paris, Nyu-York vədigər böyük şəhərlərdə yaşayır, oranı özlərinə Vətən, Azərbaycanı isə "sağmal inək” misalı obyekt bilirlər. Bu, gizlin deyil. Belə məmurların adları da, kimlikləri də bilinir. Qaldırdığım problemin fərdi deyil, ictimai əhəmiyyətli olduğundan ümumi olaraq tendensiyaya qiymət verməyi düzgün sayıram. Adəti üzrə oliqarxlar qrupuna aid etdiyimiz şəxslərdən mütləq əksəriyyəti bu kateqoriyaya aiddirlər. Övladı, ailəsi, aşnası xaricdə məskunlaşmış hansı şəxs Azərbaycanı sevib, ona qulluq edər? İctimai fəsadlarımızın kökü də burada yatır. Ona görə korrupsiya, xəzinə talançılığı, məmur harınlığı gündəlik məişət mövzusu qədər adiləşib. Ona görə Qarabağı azad edə bilmirik, milyardlarla pul oğurlayan yenə vəzifədədir, ali kastaya aid olan qanunları, ictimai rəyi ayaqları altında tapdalayır, orduda, maliyyə sistemində, təhlükəsizlik orqanlarında çetelər "at oynadır”… Dövlət büdcəmiz son 3 ildə dollar ekvivalentində 3 dəfə azalıb. Bu iqtisadi antirekordun müəllif heyəti tam tərkibdə öz kürsülərindədirlər.

Məhz bu səbəbdəndir ki, zaman-zaman İlham Əliyevin pul və səlahiyyət verib millətin "başına çıxardığı” şəxslər , onların övladları İsmayıllıda pulla samovar qaynadır, əhalini təhqir edir, iğtişaş yaradır, bahalı maşınlarla şəhər küçələrində milli formula yarışları təşkil edir, müxtəlif gecə tusovkalarından şəkillərini və bununla da "üstünlüklərini” göstərməyə cəhd edirlər. Pulu yeganə üstünlük meyarı bilən bu təbəqəyə aid olanlar, elə Novruzəli müəllimin uşaqları xislətində olmalıdırlar. Çünki bunların psixoloji durumu yuxarıdan aşılanır, "Millət boz kütlədir” təxəyyülü hakimiyyətin ideloqlarının endirdiyi tezisdir.

Bu naqisliklərin fonunda müxalifətdəkilərdən kiminsə övladının tərbiyəsizliyinə, debilliyinə kimsə şahidlik etdimi? Müxalifətdəkilərin övladları da harada olmasından asılı olmayaraq yalnız bu millətə fəxarət gətirib. Tək Elşad Musayevin 2 qız övladının (Allah onları xoşbəxt etsin) son 1 ayda Azərbaycan üçün etdiyi, dediklərimin bariz təsdiqidir. Müqayisəüçün nümunələr həddən artıq çoxdur. Belə övladların dədələri də hakimiyyətdəkilərdən bu fərq qədər üstündürlər. Ona görə müxalifətin hakimiyyətə gəlməsi və iqtidarın millətə xidmət etməsi zəruri tələbə çevrilib.

Bütün bu hadisələr prezident Əliyevin dəfələrlə ictimai qaydada xəbərdarlıqlarından sonra baş verir. Dəfələrlə bütün ölkənin gözü qarşısında İlham Əliyev bunlara barmaq silkələyib. Olmazdımı ki, bu işdən qovulma harınlıq mərəzi baş qaldıranda ediləydi? İsmayıllı hadisələrində İsmayıllı camaatının təəssübünü çəkənlər deyil, o işi başlayanlar cəzalanaydı? Suallar çoxdur.

Yekunda bildirmək istəyirəm ki, hadisədən məlum olur ki, hakimiyyətdə təmsil olunan bir qism insan müsəlman deyil, cahildir, düzgün bütpərəst belə ola bilməyiblər. Belələrinin böyütdükləri uşaqlar cəmiyyətimiz üçün ictimai təhlükədirlər. Hakimiyyətdəkilərin içində elə qudurmuşları var ki, düşmən üstümüzə gəldiyi, 2 yaşlı körpəni qətl etdiyi, müstəqilliyəmizə təcavüz edildiyi dönəmdə sürücünü döyür, insanları qorxuya salır, döyülmüş fağır birisini telefonla təhdid edir, heç kəsi də saymır. İşin üstü açılanda isə bütün olub-olmayanını ayaqlar altına atır. Bizim iqtidarın yetirdiyi belə standartlı homo y(s)apienslərə nifrət etməyə bilmirsən – zalımın yalağı, fağırın qənimi.

Baş vermiş hadisə YAP iqtidarının daxildən çürüməkdə olmasının göstəricisidir.



Müəllifin bütün yazıları - Əli ƏLİYEV



Bölməyə aid digər xəbərlər
18-07-2017, 14:08 Əli ƏLİYEV - Fərsiz hökümət
15-03-2017, 12:07 Əli Əliyev - Paris nağılı
19-02-2017, 16:31 Əli Əliyev - Qisas haqqı
18-01-2017, 18:26 Əli Əliyev - Lavrovu qınamayın

{sape_links}{sape_article}