14:25 / 22-10-2017
Baş konsulluğa hücum olub
Ağır dərdlərimiz
Tarix: 06-03-2017 12:50 | Bölmə: Firuz HƏŞİMOV


"Tarix, əlində dəmir xətkeş tutaraq dərs otağında partalar arasında var-gəl edən zəhmli müəllim kimidir, o, bəzən rəhm bilmədən tənbəl şagirdin əllərinə zərbə endirə-endirə onu dərsi təzədən danışmağa məcbur edir”. (Bu sözlər mənim deyil, haradan köçürmüşəm, özüm də bilmirəm).

Bir əsr ərzində əllərimizə yox, başımıza döyə-döyə dərsi təkrar etdirirlər. Di gəl nəticə çıxarmırıq, millətin nə ağası ibrət alır, nə də rəiyyəti.

Məni qınayan da var, tənə vuran da. Niyə mən, düçar olduğumuz bəlaları tez-tez yada salıram, qoymuram yaralar qaysaq bağlasın, yığdıqlarını xımır-xımır yeyən "siyasi meyitlər”dən hələ də əl çəkmirəm, dəridən–qabıqdan çıxsam da, onsuz da bu gedişatı dayandıra bilməyəcəyəm və i.a.

Əvvəla, dədə-baba torpağının yarısını itirmiş, yüz il ərzində dəfələrlə məğlubiyyətin acı şərbətini dadmış, irz-namusu təhqir olunmuş qövmün yaraları qaysaq bağlayırsa, demək o heç xalq deyil, onun yaşamaq haqqı yoxdur.

Məni dəli-divanə edən odur ki, millətlər (milli şüuru formalaşmış) üç yüz il, beş yüz il bundan əvvəl baş verənləri unutmur, bayramlarında, mərasimlərində, hətta karnavallarında müxtəlif tamaşalar təşkil edib gənc nəsli keyləşməyə qoymur, onun milli qəzəbini bülövləyib lazımi məcraya yönəldirlər. Bəzilərinin acığına gəlsə də, son 15-20 il ərzində gözümüzün qabağında baş vermiş rüsvayçılıqlardan danışacağam və milyon faiz əminəm ki, bizim tikəsi ələ gəlməz ziyalılarımız bütün bunları unudublar.

Mən isə istəmirəm ki, gənc nəsil bizim nə qədər laqeyd, biganə, belə lap arsız olduğumuzu bilib xəcillik hissi keçirsin. Ovqatınız təlx olmasın, təvəqqe edirəm yazdıqlarımı əsəbləşmədən və diqqətlə oxuyun.

"Telekom” kabel xətti çəkəndə Cəlilabadda "Göy təpə” kurqanını, Salyan rayonunda "Qırx çıraq” adlı orta əsrlərə aid olan yaşayış məskəninin qalıqlarını, Göyçayda "Qara baqqal” adlı qədim məskəni, Salyan-Bakı yolunun 45-ci kilometrliyindəki arxeoloji abidəni yerlə-yeksan edirlər, heç kim dillənmir...

Dünyada yeganə xalqıq ki, dədə-baba ocaqlarını düşmənə təslim edib, adlarını yolüstü fahişəxanalarda, kababxanalarda "əbədiləşdirmişik”. Bəşər tarixində belə rəzalət görünməyib... "Şuşa”, "İsa bulağı”, "Qala altı”, ardını yazmağa taqətim yoxdur. Yenə heç kim dillənmir...

...Bir qərinə ərzində türk-islam dünyasının ulu şeyxi Nizaminin, milli iftixarımız Xətainin müqəddəs adları konyak şüşələrinin üzərində yazıldı. Bu boyda məmləkətdə bir qeyrət yiyəsi tapılmadı ki, üzünü milləti təhqir etmiş şərab alverçilərinə tutub desin, tfu sizin şərəfsiz sifətinizə, bu torpağın çörəyi burnunuzdan gəlsin! Azərbaycan ziyalılarının cürət edib demədiklərini rusların məşhur "Krokodil” jurnalı dedi və Şeyx Nizaminin qeyrətini çəkdi.(Mən bu barədə çoxdan yazmışdım).

Yenə də bizdən bir köpəkoğlunun səsi çıxmadı.

...Keçən əsrin qırxıncı illərinin sonuna qədər evlərə "qara kağızlar” gəlirdi. Onu görürdün ki, məhəllənin qadınları cəm olub təziyə mərasimi qurardılar, həzin məlahətli səsi olan tanınmış qadın mərsiyəxanlar Natəvanın ürəkləri dağlayan əşarını oxuyurdular.

"İgid balam vay!”, "Qərib diyarda qanına qəltan olan oğul, yaralarına qurban olum!”, "Toy görməyən qardaşım vay!”- baş açıb saçlarını yolan qız-gəlinin ah-naləsi, Natəvanın dağı-daşı da ağlada bilən mərsiyələri, qara xonçalar,... bu ağır, üzücü xatirələr ölənə qədər yadımdan çıxmayacaq.

Kimin ağlına gələrdi ki, illər keçəcək özünü ziyalı sayan biri kino çəkmək fikrinə düşəcək və Xan qızının rolunu şəxsən mənim ikrah hissi ilə yanaşdığım, prezervativ reklam edən Aygün Kazımovaya həvalə edəcək. Mən dözə bilməyib qəzet vasitəsilə başabəla rejissora sual verdim, o, əhli-əyalı, anası, bacısı haqqında film çəksəydi, onların hər hansı birinin rolunun ifasına Aygün Kazımovanı dəvət edərdimi?

Bu azmış kimi Natəvanın adını əyyaşların əyləndiyi restoranın üzərinə də yazmışıq. Belə biqeyrət tayfa tapmaq çətin məsələdir. Xan qızının xanimanını düşmən tapdağına verməyimiz az idi, ölkənin paytaxtında da adını murdarladıq.

Eldar Quliyev (Babəki gorbagor edən) "Girov” adlı filmi çəkib bütün millətin üzünə tüpürür, heç kimdən səs çıxmır. Bir-iki jurnalist irad tutanda o qayıdır ki, mən rejissoram, özüm bilərəm. Mən fəqir isə dözə bilməyib yazdım ki, Ermənistanda bir rejissor belə qələt etsəydi, onun torpağını torba ilə daşıtdırardılar. Və birdə ki, erməni belə qələt eləməzdi və sən Eldar ağada ermənidə olan qədər milli qeyrət yoxdur.

Cəbhədən gündə bir həlak olmuş əsgər meyiti gəlirdi, Bakıda isə özünü dahi hesab edən rejissor Vaqif İbrahim "Dekaqmeronu” tamaşaya qoyub, artist qızı lüt-madəriza səhnəyə çıxaranda da özlərini türkçü, turançı sayan ədabaz qələm sahiblərindən biri də səsini çıxartmadı.

İndi bəziləri deyə bilər ki, əşşi, olan olub, keçən keçib, o rejissor da haqq yerindədir.

Mən də razıyam, amma kim təminat verə bilər ki, sabahı günü cəzasızlıq hissindən başını itirmiş hansısa "rejissor” belə qələti eləməyəcək.

Olan olub, keçən keçib, ... istənilən qəbahəti, xəyanəti, zinanı bu sözlə ört-basdır etmək mümkündür.

Müşfiq bir tarın üstündə ölümə getdi, Əhməd Cavad milli hökumətimizi, bayrağımızı mədh etdiyinə görə güllələndi, Hüseyn Cavid kimi nur parçası uzaq Sibirdə can verdi... Bunlar yubileydən yubileyə yada düşürlər. "Xalq düşməni Hüseyn Cavidə” poemasını, "Mən nə Sanılıyam, nə də Cavadam, onlara düşmənəm, onlara yadam” kimi mənhus misraları, "Mənim babam olmuş 26-lar” və digər tükürpədici sözləri qələmə alan Səməd Vurğun isə yavaş-yavaş yenə də pyedestala qaldırılır.

Bu günlərdə eşidirəm ki, hansısa bişərəf, istiqlal şairi cəfakeş Xəlil Rza Ulutürkü ittiham edib! Lefertova məhbəsindən keçmiş, sevimli oğlunu da Vətən yolunda qurban vermiş bu imam övladı kimi məsum insan, heç deməmilli ədavəti qızışdıran, başqa millətlərə qarşı nifrət oyadan çıxışlar etməklə Azərbaycana zərbə vurub.

Bu xarabada bir nəfərin də etiraz səsi ucalmadı.

Səlib dünyasının, keşiş-mason qüvvələrinin təklədiyi Azərbaycanda millətin mənəvi təhlükəsizliyi üçün cavabdeh olan komitə Rafiq Əliyev adlı bir odioz fiqura etibar olunur. Və çox keçmir ki, dünyanın çox ölkələrindən it kimi qovulmuş daha o sekta, missioner təşkilatı, dini icma qalmır ki, Azərbaycanda rahatlıqla qeydiyyatdan keçib bizə qarşı təxribata başlamasın. Neçə-neçə ayıq-sayıq jurnalist və mən bəndeyi-həqir dəfələrlə həyəcan təbillərini çaldıq, iqtidara çatdırmaq istədik ki, Rafiq Əliyev dövlət üçün təhlükə mənbəyidir. Bu adamın sayəsində millətimizə, dövlətimizə qarşı açıqdan-açığa mübarizə aparan sektalar istədiklərini edirlər. Rafiq Əliyev isə lap yuxarıda oturan hamisinə arxalanaraq jurnalistləri dolayırdı: "Biz seminarlar keçiririk!”, "Bəziləri ilə söhbət aparmışıq!”, "İcma rəhbərlərinə xəbərdarlıq edilib!”, "Dövlətin siyasətini əcnəbi missionerlərə açıqlamışıq!” və i.a

Həftələr ötdü, aylar keçdi, nəhayət Prezident Aparatında oturmuş həşəmətli ideoloqlar xabi-qəflətdən ayıldılar. Amma artıq gec idi, xalqımıza, dədə-baba dinimizə qənim kəsilmiş mənfur sektaların təbliğatçıları artıq həyasızcasına evlərə soxulmağa başlamış, minlərlə qız-gəlini, cavanı yoldan çıxarmağa nail olmuşdular.

Bu uzun müddət ərzində QMİ-dən bir hərəkət görmədim, Şeyxülislam cənabları da bir dəfə də olsun qəzəbli səsini qaldırıb hökmünü göstərmədi.

Kiçik bir haşiyə

Xocalı yürüşü keçirilən günü küçələrdə insanların sayı-hesabı yox idi. Qürur hissim göz yaşlarıma qarışmışdı, bir də inandım ki, bu xalqla dağı dağ üstə qoymaq olar. Abidənin qarşısında isə salavat çevirib, "Fatihə” oxuyan tək Şeyx cənabları idi. Əyan-əşrəf, mənsəb sahibləri, "təyin olunmuş” deputatlar, məmurlar onun yanından saymazyana, bir anlıq da olsa qədəm saxlamadan keçib gedirdilər. Sanki bunlar müsəlman atanın belindən, müsəlman ananın bətnindən dünyaya gəlməyiblər. Bu təkcə həlak olanların ruhlarına yox, eyni zamanda Şeyxülislam cənablarının özünə hörmətsizlik idi. Belə haramzadalıqda biz pərgarıq. Dünyanın heç bir ölkəsində yüksək çinli din xadimi dua edəndə belə mədəniyyətsizlik göstərmirlər.

...Ölkənin mənəvi mühitinə dəhşətli zərbə vurmuş Rafiq Əliyev layiqli cəzasını almadı. Kişi indi öz kefindədir. Respublikanın xüsusi xidmət orqanları onun əməllərini nə təhqiq etdilər, nə də araşdırdılar. Halbuki bu odioz fiqur məsuliyyətə cəlb olunmalı idi. Onun yerinə vaxtilə erməni-müsəlman dostluğunu mədh edən Hidayət Orucovu təyin etdilər. O da bir müddət özünü göstərmək istədisə, heç nə alınmadı və nəhayət jurnalistlərin sorğu-suallarına üstü örtülü də olsa cavab verdi. Loru dildə desək, belə məlum oldu ki, bu sahədə it yiyəsini tanımır, kim nə istəyib, onu da edib, məxləs işlər şuluqdur.

Bir az keçdi, sonra növbə dörd ildə beş partiya dəyişmiş Mübariz Qurbanlya çatdı. Yüzə yüz faiz əminəm ki, bu cənab da heç nə edə bilməyəcək. Əvvəla, sektalar güclənib, yoldan çıxartdıqları adamların sayı birəmin artıb, pul gücünə lazımi dairələrdə özlərinə tərəfdarlar da tapıblar, mən hələ vəkilləri demirəm. Və nəhayət, Bakıda ideoloji təxribatla məşğul olan elə missioner qurumu, ya da sekta yoxdur ki, arxasında bir xarici səfirlik durmasın.

Gündə neçə əsgərini itirən, kəndləri, obaları atəşə tutulan ölkədə yüzlərlə icma və sektanın fəaliyyətinə imkan vermək xəyanətdir. Yəni, doğrudanmı heç kim başa düşmək istəmir ki, vəhabilər, Yəhova şahidləri elə "beşinci kalonna”nın özüdür. Mən hələ başqa din dəllallarından danışmıram. Bunlar bloklara girir, az qalır ki, mənzillərə soxulsunlar, telefonla camaatın zəhləsini aparırlar.

Dost-doğma iqtidarımız isə QMİ-ni yetim cücə gününə salıb. Bu idarənin işi-gücü ancaq əlamətdar dini günlərin, bayramların vaxtını demək və xeyrat məclislərini idarə etməkdir.

...Azərbaycanın asari-ətiqəsi neçə illərdir ki, vəhşicəsinə oğurlanıb talan olunur. Erməni "bərpaçılar” xalqın nadir memarlıq abidələrini bərpa pərdəsi altında məhv edəndə, radio və televiziyanın xorunda işləyən azərbaycanlı qız-gəlinlər erməni kilsəsində keçirilən mərasimlərdə oxuyanda, Əli-Kərim kimi gözəl şair təklənəndə, Sərdar Əsəd intihar edəndə, Xəlil Rza qovaraqa götürüləndə, indi özlərini elmdə patriarx sayanlar ağızlarına su almışdılar.

2001-ci ilin yazında "Millətin səsi” adlı qəzet özünün 13-cü sayında belə bir məlumat vermişdi: "Hər il (1992-ci ildən başlayaraq) Azərbaycandan 103 milyon dollar məbləğində zinət və antikvar əşyaları çıxarılır”.

Bu aysberqin görünən hissəsi idi. 25 il ərzində heç kim gömrük sistemində baş verən dəhşətli cinayətlər barədə iki kəlmə deməyib.

Hələ mən bir dəfə eşitmədim ki, bu, ya da başqa yolla ölkədən çıxarılan nadir sənət əsərlərinin, ziqiymət antikvariatın saxlanması barədə ətraflı məlumat verilsin.

Sənət əsərlərinin bizim gömrük məntəqələrindən necə qırağa çıxarılması barədə çoxdan yazmışdım. Nə dinən oldu, nə danışan... İncəsənət muzeyindən oğurlanmış əsərlər barədə sənətşünas Ziyadxan Əliyev haray qaldıranda onu ixtisara salıb işdən çıxartdılar. Kişi durduğu yerdə əzab-əziyyətdən neçə xəstəlik qazandı. Ən böyük xəyanət isə onda idi ki, titullu, adlı-sanlı, neçə yalı ağarmış "sənətşünas” utanıb-qızarmadan akt bağlamışdılar ki, oğurlanmış sənət əsərləri bir o qədər də qiymətli deyildilər, yəni yaxşı ki, aparıblar.

İndi də Moskvada sevimli mühitində neynim demədən yaşayan Polad Bülbüloğluna üzümü tuturam.

Qarabağda şəhərlər bir-bir işğala məruz qalanda onlarla muzeydən nadir eksponatların, asari-ətiqənin fövrən daşınması üçün heç nə edilmədi. Elə təkcə Kəlbəcər Diyarşünaslıq muzeyindən ermənilər elə artefaktlar, elə nadir eksponatlar aparıblar ki, indi onların qiymətlərini demək qeyri-mümkündür. Qarabağda 22 muzey və 4 qalereyada nə vardısa hamısı oğurlanıb talan edildi.

Polad Bülbüloğlu, hələ neçə il bundan əvvəl mən "Aydınlıq” qəzetində musiqimizin patriarxlarından biri olan rəhmətlik Əhmədxan Bakıxanovun sizin üzünüzə dediyi sözləri vermişdim: "Min il də qalsaydı Azərbaycanda Bülbülü heç kim söyməyəcəkdi, sən olmasaydın!”

Qarabağda talan olmuş bütün muzey sərvətləri üçün cavabdeh sizsiniz, Polad ağa! Amma arxayınsınız, bilirsiniz ki, dəyəri neçə milyon dollar olan sənət incilərini elə Bakının özündə dədələrinin malı kimi mənimsəyən "tuzlar” heç vaxt qoymayacaqlar ki, sizi məhşər ayağına çəksinlər. Nəzarətsiz qalmış gömrükxanaların pulgir nadan məmurlarının bilavasitə köməyi ilə antikvariat oğrularının respublikadan nələr çıxartdıqlarını əsl kolleksioner və təcrübəli sənətşünaslar yaxşı bilirdilər. Polad ağa, sizin hər şeydən xəbəriniz vardı...

Ən dəhşətlisi isə bu idi ki, ölkənin maddi, siyasi təhlükəsizliyi üçün cavadeh olanların özləri naxələf çıxdılar.

Son günlərdə milli təhlükəsizlik sisteminin şərəfsiz zabitlərinin əməlləri barədə yayılan materialları oxuyanda məni vahimə basdı. İlahi, bu başıbəlalı millət görün kimlərin əlində girinc-giriftar olub.

...Bütün dünya ədəbiyyatında Firdovsinin (934-1030-cu illər) sevimli personajı dəmirçi Gavə kimi qəhrəman az-az tapılar. Dəmirçi önlüyünü bayrağa (!!) döndərərək xəcil milləti Zöhhakın zülmünə qarşı ayağa qaldırmış Gavə! Rəvayətə görə, Zöhhak çiyinlərindən çıxan iki ilana uşaqların beyinlərini yedirdirmiş... Rəvayətin özündə nə qədər dərin, təsvirəgəlməz məna var!

Xalqı diz üstə çökdürməyi az hesab edən Zöhhak gənc nəslin beynini də (!!) məhv edirmiş. Firdovsinin dahiyanə şair təxəyyülünə fikir verin.

Min il bundan əqdəm qələmə alınmış mətləb bu gün necə də aktual səslənir!

Müstəqilliyə yetən gündən gənc nəslimizin də beyni keşiş-mason qüvvələrinin və onların respublikadakı agentlərinin, sadiq nökərlərinin təcavüzünə məruz qalıb. "Şahnamə”də ağlagəlməz cinayəti bir Zöhhak törədir, bizdə isə belələrinin sayı-hesabı yoxdur...

Ömrümün qürub vaxtında Allahdan bir diləyim var, bizə ağıl, güc, dəruni paklıq versin ki, günahlardan uzaq olaq, zöhhakların kökünü özümüz kəsək, yeni Gavələrin zühuruna ehtiyac olmasın.

Dərmana pul tapmayan kasıbların nifrət dolu baxışları altında saraylar ucaldan, harın həyat tərzi ilə hamıya acıq verən, gəncliyin mənəviyyatını şikəst edən bizim "doğma” korrupsionerlərin hansı biri Firdovsinin Zöhhakından geri qalır?!




397 dəfə oxunub.

Bölməyə aid digər xəbərlər