23:11 / 18-03-2024
Ukrayna ordusu geri çəkilir
20:16 / 18-03-2024
Borrell ikibaşlı danışır
Laqeydlər məmləkəti
Tarix: 19-06-2017 12:07 | Bölmə: Firuz HƏŞİMOV


Mirzə Cəlilin 1906-cı ildə qələmə aldığı felyetona bənzətmə

(Davamı)Neçə ildir Əfqanıstan od içindədir. ABŞ və onun vassalları burada istədiklərini beş qaba çəkirlər, bütün muzeylər talan edilib, oğurlanmış asari-ətiqənin sayını bilən yoxdur. Avropanın bir tanınmış ziyalısının səsi də çıxmadı.

İraqda daha dəhşətli hadisələr baş verdi. Dünya şöhrətli Bağdad muzeyləri, qədim kitabxanalar, fondlar sözün tam mənasında məhv edildilər. Şumer dövrünün misli-manəndi tapılmayan sənət inciləri hal-hazırda amerikan, yəhudi maqnatlarının şəxsi kolleksiyalarındandır.

Aviasiya zərbələri altında yer üzündən silinmiş arxeoloji abidələr, qədim nekropollar barədə danışan yoxdur. Nobel mükafatı laureatlarının sayagəlməz dəstəsindən dillənən olmadı. Xaçpərəst dünyasının nə vecinə, mədəniyyəti talan olan, muzeyləri dağıdılan müsəlmanlardır, canları becəhənnəm!

Biz isə uşaq sadəlövhlüyü ilə səlib dünyasına yalvarırıq, amandır, kömək edin, ermənilər Qarabağda salamat abidə qoymadılar.

Bir nəfərdə cürət çatmadı ki, soruşsun, ay camaat, Qədim Şərqin maddi-mədəniyyətinin məhvini vecinə almayan səlib dövlətləri Qarabağın qeyrətini çəkəcəklər?

Biz özümüz Qarabağın maddi mədəniyyət abidələrinin, muzeylərinin qədir-qiymətini nə vaxt bilmişik? 22 muzeyi, 10 qalareyanı bütün eksponatları ilə qoyub qaçmamışıq? On minlərlə artefakt, eksponat işğalçıların əlinə keçdi.

Təhlükəni görə-görə sərvətlərin ölkənin içərilərinə daşınmasını təmin etməyənlər, araqarışıqlıqda onları oğurlayıb sonra Bakıda əcnəbilərə satanlar arxayın-arxayın gəzirlər. Başları kreslo davasına qarışmış şərəfsizlər ara sakitləşəndə müvafiq orqanları da məcbur etmədilər ki, onlar ziqiymət muzey əşyalarının izinə düşsünlər.

Tək bir muzeyin direktoru eksponatları aradan çıxarıb talan və taracdan xilas etmişdi. Sonra onun da başına itin oyununu açdılar ki, sən niyə camaat arasında vahimə yaratmısan.(Əcəldən aman olsa, bu qeyrət yiyəsi barədə ətraflı yazacağam)

Sovet hakimiyyəti illərində maddi mədəniyyət abidələrinin, muzey sərvətlərinin qorunması, bərpa edilməsi barədə məndən çox yazıb haray salan yox idi.

Daban-daban zidd olan iki rejimdə valideynləri, qohum-əqrəbaları ilə yağ-bal içində yaşamağı bacarmış anarların, elçinlərin səsləri nə onda eşidildi, nə də Qarabağın mədəni sərvətləri əldən gedəndə.

Tərifləyib ağac başına çıxartdığımız gülməşəkər mədəniyyət və incəsənət xadimləri, İbrahimbəyov qardaşları, Müslüm Maqomayev, adlı-sanlı Tahir Salahov, "russkoyazıçnıy" adlanan qısır "intiligentlər", Bakıdakı akademik, professor güruhu dillənmədi ki, dillənmədi.

Vaxtilə mən yazmışdım ki, Kəlbəcər diyarşünaslıq muzeyindən elə artefaktlar yox oldu ki, onların hər biri bekarların yığışdığı Ədəbiyyat İnstitutundan min qat qiymətli idi.

Həftənin sözü ola ya olmaya "Ədəbiyyat qəzeti"ndə alimnüma, tarixin zibilliyinə atılmış müstəmləkə ədəbiyyatının trubaduru Nizami Cəfərovun Elçin barədə "Zəfərnamə"sini oxuyanda bu buqələmun xislətli güruha nifrətimdə haqlı olduğuma bir daha inandım. Kül olsun o millətin başına ki, onun ziyalıları belə məxluqlardır...

Yazırsan ki, Üzeyir bəyin əsərlərinin üzərinə "veto" qoyulub, Mirzə Cəlil təhqir edilib, himnimizə, "Heyratı"mıza əl qaldırırlar, bir ədalı, ordenli, medallı "ziyalı" dillənmir.

Yazırsan ki, massaj salonları, sauna adı altında fahişəxanalarda nə qədər kimsəsiz qız-gəlin hər gün cinsi istismara məruz qalır, bir heyvərə "türkçü"nün tükü də tərpənmir.

Yazırsan ki, məmləkətin yarısı düşmən əlində olan vaxtda ideoloji işi pulgir konformistlərə, el-oba içində fırıldaqçı kimi tanınan kəmfürsətlərə, dünya xəritəsində iki ölkəni tam-dürüst göstərə bilməyənlərə etibar etmək xəyanətə bərabərdir, hamı susur.

Yazırsan ki, özünün, törəmələrinin bəd əməllərini ört-basdır eləmək üçün başdan ayağa plagiat, primitiv qəzet materiallarından tərtib olunmuş yaltaq "şərəfnamə"lər çap etdirib gözə kül üfürənlər Prezidentin nüfuzuna zərbə vururlar, səs-səmir eşidilmir.

Yazırsan ki, on ildən çoxdur Xətai rayonunda Ulu öndərin yaşıl irsinin axırına çıxırlar, bu o yana qalsın, iki-üç ballıq zəlzələ baş versə, minlərlə insan həlak olacaq. Səbəbini də bizim hörmətli Kəmaləddin müəllimin həmişə şıq geyinən səhabələri əla bilirlər.

Ötən əsrin 70-80-ci illərində tikilmiş elə bina yoxdur ki, onun birinci mərtəbəsində, zirzəmisində dükan, sauna, karxana açmaq üçün daşıyıcı sütunlar, konstruksiyalar dağılmasın. Cinayət əməli buna deyərlər! Yenidənqurma işlərinə icazə verənlər məgər bilmirlər ki, dəhşətli fəlakət baş verə bilər?

...Alman xalqının qədim dədə-baba torpaqlarını, Könsberq qəhrəman şəhərini qamarlamış Rusiya heç vaxt Qarabağ kimi cənnət məkanı bizə qaytarmayacaq. Çünki, o, qarşısında milli şərəf, namus-qeyrət uğrunda ölümə gedən fərdləri görür, amma, monolit kimi yenilməz, bir amal, bir məslək uğrunda polad cərgələrdə çiyin-çiyinə durmuş xalqı görmür.

İş fəlakət həddinə çatanda, yad məmləkətlərdə şəcərəli kübarlar qarşılıqlı düşmənçiliyi unudub vətən, din-iman uğrunda ölüm-dirim savaşına qalxıblar. Şəcərəli kübarların axırına çıxmışıq, "Difai" kişilərini, Gəncə üsyanı zamanı on birinci ordunun qaniçən cəlladları ilə əlbəyaxa çarpışmalarda kişi kimi can vermiş cəngavərləri, sovet konslagerlərinin sındıra bilmədiyi igidləri, bir tar uğrunda başını cəllad kötüyü üzərinə qoymuş qələm sahiblərini, Sabirləri, Üzeyir bəyləri yetişdirmiş xalq artıq yoxdur.

Cəbhədə bir saat da olsa atəş kəsilməyən vaxtda bədbinlik əhvalı-ruhiyyəsi təlqin edib, cavanları ruhdan salmaq kişilkidən deyil. Amma ümumi işə pəl vuranların, bütün nailyyətləri urvatdan salanların, Prezidentin özünü də qınaq hədəfinə döndərənlərin əməllərinə dözmək mümkün deyil. Bəli, elan edirlər ki, bu il iyul ayının sonunda torpaqları son kvadrat santimetrə qədər satılmış Abşeronda milyarder Ağalarovun gül balası "Jara-2017" musiqi festivalı təşkil edəcək. Bir neçə il bundan əvvəl də Rusiyanın nə qədər elit fahişəsi, estrada lotusu vardı, hamısı gəlmişdi... Gəldilər, əsasən özləri kimi tüfeyli sürüsünün qarşısında göbək oynatdılar, yedilər, içdilər, kefə baxdılar, xalqıma acıq verib getdilər. Yəni, biz beləyik, yaşasın xaçpərəst qardaşlarımızla həmrəyliyimiz, erməni ilə həmrəyliyimiz!

Bu il də milyona pul deməyən estrada, şou-biznes aləminin məşhur lotuları Bakıya gələcəklər.

Boğazımdan asılsam da sözümü deyəcəyəm, onsuz da, sanki Bakını beynəlxalq işrətxanaya döndəriblər, indi Ağalarovun balasının şıltaqlığına mal kimi durub baxmalıyıq?

Doğrudanmı heç kim başa düşmək istəmir ki, belə həngamələr xalqın əzabına, dərdlərinə yuxarıdan aşağı tüpürməkdir?

Məmləkətin üzərində qarşılıqlı nifrətin qara kabusu dolanır, günündən, güzəranından razı qalan adam tapmaq çətindir, kin-küdurət isə dörd yanı ağzına alıb. Ortabab dükançı, vergi məmurlarını, durduğu yerdə şərə düşən, polisi, kreslo davasına qalxan, iqtidarı, sionizm lakeykləri, İranı, torpaqsız qalmış kəndli, yerli məmurları, adam yerinə qoyulmayan yerli fəhlə, yadelli ağanı, xülasə hamı bir-birini lənətləyir.

Mən milli istiqlaliyyət uğrunda hər şeyini qurban vermiş, dərman pulu tapa bilməyən 80 yaşlı əmək veteranı əzablar içində çapalayım, Ağalarovun oğlu müqəddəs torpağımda əcnəbi fahişələri başına yığıb "festival" keçirtsin?! Belə yığıncaqlarda kimlər iştirak edəcək, kimlər kimlər göbəklərini əsdirib yeyib-içəcək?

Cavab məlumdur, Azərbaycanı tarac və talan edənlərin balaları! Kasıbın belə yerlərdə nə ölümü var?

Yaxşı yadımdadır, bir neçə il bundan əvvəl Rusiyadan gəlmiş estrada "mavi"ləri Respublika Sarayında çıxış edəndə əyinlərindəki tərli, it iyi verən cins şalvarlarını çıxarıb biədəb sözlərlə tamaşaçıların üzərinə atanda bizim harınların qızları, gəlinləri onları göydə qapıb öpüşlərə qərq etdilər. Mən onda sual verdim, haradasınız, ay Şumerdən, Beyrəkdən, türk qeyrətindən dəm vuranlar? Yaramazlar bizi, daha dəqiq desək, bədbaxt rəiyyəti inandırmaq istəyirlər ki, burada doyunca kefə baxıb, cibini doldurub, yeyib-içəndən sonra Moskvadan gəlmiş estrada julikləri Şuşanın qeydsiz-şərtsiz geri qaytarılmasını ermənilərdən tələb edəcəklər. Ermənilərin nə ağzı var oynaşlarının sayı-hesabı bilinməyən Alla Puqaçovanın, Yusifi Kənana oxşayan Qriqoriy Lepsin, at Balaxanıma bənzəyən Lolitanın sözlərini yerə salsınlar?

...Bəlaya düşmüşük, yerindən duran milləti dolayır. Ay ola, ya olmaya qəzetlərdən öyrənirəm ki, harada aş, orada baş olan Qənirə Paşayeva Afrika ölkələrinin birində (ola bilsin, lap üçündə) olub. Dediyinə görə qara irqin nümayəndələrinə Qarabağ həqiqətlətlərini şərhi-bəyan etməyi özünə borc bilib. İndi burada iki kəlmə deməsəm, Qənirə xanım elə biləcək ki, bizim vilayətin rəiyyəti balqabaq kimi bir şeydir, ona nə desən, ötüb keçəcək.

A kişinin qızı, bir dəfəlik de ki, başmaq seyrinə çıxmaq istəmişəm, sadəcə olaraq Qarabağ bəhanə imiş.

Əvvəla, son 10-20 ildə Afrikada elə dəhşətlər, elə soyqırımlar baş verib ki, bizim Xocalını onlarla müqayisə etmək mümkün deyil. O qitənin dövlətləri ilə kim, harada hesablaşır? Səlib dünyası hər beş-on ildən bir ora eksperiment xatirinə virus buraxır, minlərlə insanın qırılmasına saymazyana baxır.

90-cı illərin əvvəllərində Siyyerro-leonedə tayfa müharibəsi zamanı on minlərlə uşağın əlləri kəsiləndə hansı qonşu dövlət dilləndi? Mən hələ başqa bölgələrdə indi də insan qanının su kimi axıdılmasından danışmıram. Afrika dövlətlərinin dərdləri özlərinə bəsdir, onlarda o təpər haradandır ki, durub nəsə desinlər.

Qənirə xanım, başları özlərinə qarışmış Afrika dövlət xadimlərinin çoxu nəinki Azərbaycanın, heç Orta Asiyanın harada yerləşdiyini bilmirlər, bilmək də istəmirlər. Yaxşısı budur "xaltura" kitablarınızı buraxın, yeri gələndə şəhid ailələrinə dəfn filan zamanı gedin, üzünüzə qayğılı ifadə verib evi yıxılmış anaya boğazdan yuxarı təsəlli verib, sonra da qəşəng maşınınıza minib aradan çıxmazdan əvvəl çalışın operatorların kameralarına düşün.(Ardı var)

P.S. Ölkədə fərli iqtidar olsaydı Ağalarovun ərköyün balasına deyərdi ki, dərd-sərimiz başımızdan aşır, estrada lotuları ilə buralarda eyş-işrət qurub kasıb-kusuba acıq vermə!

 


Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

{sape_links}{sape_article}