Musiqi elmimizin iki nəhəngi
Tarix: 26-07-2017 14:51 | Bölmə: Firuz HƏŞİMOV

Azərbaycan musiqi terminləri içərisində "gah” sonluğu ilə istilahlar çoxdur. Amma bu dəfə biz onların altısı barədə danışacağıq.

1. Yegah - Aşağı oktavanın birinci pərdəsi. 950-ci ildə vəfat etmiş Əbu-Nəsr Məhəmməd əl-Fərabinin yazdığına görə ən bəm səs.

2. Dügah - mahur dəstgahında Dilkəş ilə Zəngi – şötör arasındakı şöbə. Guşeyi Bayatı-Qacar, Ruhul-ərvah, Mavərən-nəhr, Hüseyni, Şikəsteyi-fars, Dilrüba, Əraq, Zəngi-şötör və Rak şöbələrindən ibarət dəstgah.

3. Segah - Zabol-segah, Xaric-segah, Mirzə Hüseyn Segahı. Birdə ifa olunan Zabol-segah dəstgahına bu şöbələr daxildir: Mayeyi-Zabol, Muyə, Manəndi-müxalif, Orta segah, Məxlut, Şikəsteyi-fars, Mübərriğə, Əraq, Yədi-həsar, Aşiq-göst. İran segahında isə ancaq bu şöbələr mövcuddur: Zabol, Muyə, Zəngi-şötör, Rahab, Məsihi, Şah Xətai, Təxti-təqdis.

4. Çahargah - bu dəstgaha aşağıdakı muğam şöbələri daxildir: Çargah, Segah, Zabol, Yədi-həsar, Müxalif, Məğlub, Mənsuriyyə, Zəmin-xara, Mavərənnəhr, Hicaz, Şahnaz, Azərbaycan, Əşiran, Zəngi-şötör, Kərkuki.

Hazırda bizim istedadlı xəanəndələrimiz Bərdaşt, Mayeyi-Çargah, Bəstə-nigar, Hesar, Həzin, Hüzzal, Hodi, Pəhləvi, Piş zəngulə kimi klassik şöbələri ifa etməklə bu misilsiz dəstgaha özgə cürə rövnəq veriblər.

5. Pəncgah - Rast dəstgahında Əraqdan sonra ifa olunan şöbə.

6. Şeşgah - diatonik əsas səs düzümünün altıncı səsi.

İndi mən binəvaya bir alim göstərin ki, bütün bu adların "tərcümeyi-halını” bir-bir açıb sirlərindən bizi halı eləsin.

Axtarmayın, tapa bilməzsiniz , ümumiyyətlə bizim qədim mədəniyyət, ələlxüsus musiqi mədəniyyəti alimlərimiz üçün zil qaranlıq kosmosdur. Neçə əsrlik tarixi olan Sasani sivilizasiyasında xalqımızın payı, xidməti, əldə etdiyi nailiyyətlər demək olar ki, öyrənilməyib. Özlərini hamıdan ağıllı hesab edənlərin gücləri ancaq belə sözləri işlətməyə çatıb, filan şair filan muğamın adını çəkib, vəssəlam.

"Sasani” sözü çox ayran vətənpərvərini çaşdırıb. Avamlar elə bilirlər ki, əgər bu söz işlədilirsə, demək söhbət ancaq və ancaq farslardan gedir.

Sasani imperiyası cənubdan - Yəməndən başlayıb, şimalda - Dərbənddə bitirdisə, qərbdə - indiki Şərqi Anadoludan başlayıb şərqdə - Fərqanədə bitirdi. Bu nəhəng ərazidə onlarla avtoxton xalq yaşayırdı, o cümlədən bizim əcdadlar da. Bu xalqların mədəniyyəti barədə istər Rusiyada, istərsə də Avropada yüzlərlə tədqiqat əsəri çap olunub.

Məsələn, ingilis alimlərinin sayəsində biz bilirik ki, Sasani imperiyasında musiqiçi və ifaçılar dövlət ierarxiyasında üçüncü pillədə durarmışlar. Maraqlıdır, eləmi?

Heç demə əsrlər boyu xalq kütlələri içində yayılan, intişar edən musiqi ilə saray əhli, kübarlar üçün bəstələnən musiqi arasında böyük fərq var idi!

Biz bilirik ki, şahların, sərkərdələrin mürəkkəb saray mərasimləri, tacqoyma təntənələri və digər dövlət əhəmiyyətli düyünlər, şadiyanalıqlar üçün "Xosrovaniyat” adlanan neçə hissəli musiqi əsrləri bəstələnib.

Bu əsərlərin çox fraqmentləri, guşələr, şöbələr halında 12 əsas muğamda hifz olunub. Əsrlər keçmiş, nəsillər arasında mədəni estafet qırılmış, indi daha heç kim deyəbilmir ki, Nizaminin, digər klassiklərin adlarını çəkdikləri "Təxti təqdis”, "Gənc bad avərəd”, "Gənc soxtə”, "Təxti-Ərdəşir”, "Nüşünləban” və s. bu kimi adı qalmış, özü isə unudulmuş nəğmələr, təranələr hansı muğam dəstgahında olublar. Maraqlı burasıdır ki, "Avesta”nın ən qədim hissələri sayılan "Gah”ların oxunma tərzləri, daha doğrusu havacatı, hətta mətnləri belə "Xosrovaniyat”ın məzmununa da təsirini göstərmişdi.

Birinci haşiyə. Burada işlətdiyim "Gah” sözü çoxuna qəribə görünə bilər. İş ondadır ki, uzun illər bizim hamımız "Avesta”nın ən qədim hissələrindən sayılan "Gah”ları rus transkripsiyasında "Qat” kimi oxumuşuq. Qədim pəhləvi dilində və sanskiritdə bu söz "Qat” yox, əslində lap "Gaat”, bəzən "Gah”, "Gat” kimi oxunur.

Dini mərasimlər zamanı kahinlərin nadir hallarda reçitativlə, əksər vaxtlarda isə kanonlaşdırılmış havacatla oxuduqları "Gaat”lar atəşpərəstliyin bel sütunu sayılırdı. 11-16 hecalı 3-5 misradan ibarət qitələr müəyyən avazla oxunardılar. İfa tərzi, melodiyalar atəşpərəst kahinlər tərəfindən göz bəbəyi kimi qorunardı. Daha dəqiqi, bu melodiyalar tam kanon qəlibinə salınıb dövlət səviyyəsində ciddi nəzarətdə olardı. Qərinələr ötüb, ildən ilə mahir musiqiçilərin sayəsində havacat daha da zənginləşmiş, yeni əsərlər bəstələnmişdir.

Novruz bayramının İslamdan 500-1000 il əvvəl böyük təntənələr, ayinlərlə qeyd olunması hamıya bəllidir. Görkəmli tədqiqatçı rəssam Elçin Aslanovun Novruz bayramı ilə bağlı 36 muğam şöbə və hissəsinin tapıb üzə çıxartması alqışlanmalıdır. Halva deyil, axı şöbələrin, guşələrin tarixi eramızdan əvvəlki əsrlərə gedib çıxır.

Əsrlər keçib təranələr ziqiymət əmanətlər kimi nəsillərdən nəsillərə ötürülüb, Samani, Qəznəvi, Osmanlı, Səlcuqi, Eldəgiz, İlxani, Səfəvi, Qacar saraylarında ifa olunub.

Amma xanəndələr atəşpərəst bəstəkarların musiqisindən istifadə etsələr də, həmin bəstələrin mətnlərinə müraciət etmirdilər.

Müsəlman hökmdarlarının sarayı hara, zındıq, kafir sayılan atəşpərəstlərin müqəddəs saydıqları şeirlər hara?

İslamın füthütatının ilk dövründə ərəb musiqisi demək olar ki, çox aşağı səviyyədə idi. Çox-çox sonralar böyük musiqişünas alimlərin əsərlərini ərəb dilində yazmaları bu ərəb mədəniyyətinin yox, ümumən islam mədəniyyətinin məhsulu idi.

Türk mənşəli xalqların musiqisi intişar tapana qədər Sasani musiqisi bütün şərqdə hökmfərma idi. Abbasi xilafətinin yaranması, paytaxtın Bağdada köçürülməsi islam-ərəb dünyasını Ellin-Bizans dünyasının təsirindən çıxartdı. Abbasilərin hakimiyyətə gəlməsinə kömək göstərmiş Cənubi Azərbaycan, Xorasan türklərinin seçmə hərbi qüvvələrinin imperiyada həlledici rol oynaması mədəni mühitə təsirini göstərməyə bilməzdi. (Bizim klassik muğamların adları yanında "Bayatı” sözünün işlənməsi nəyə desəniz dəyər!)

Din dəyişilsə də mədəni estafet sona qədər qırılmadı, minlərlə qamma, avaz, ləhnlər toplusu ziqiymət irs kimi nəsillərə çatdı.

Atəşpərəst kahinin vaxtilə ifa etdiyi "Gah”lar tədricən tamam başqa forma və məzmun qazandı. Qədim muğamların melodiyaları o yana dursun, elə adlarının mənşəyi, "əsl-nəcabəti” ilə maraqlansaq, tarixin elə əlçatmaz, ünyetməz dərinliklərinə gedib çıxarıq ki, qələm öyrəndiklərimizi təsvir etməkdə aciz qalar.

Əksər dəstgah, şöbə və guşələrin adlarının niyə türk dilində olmaması təəccüblü görünməməlidir.

Əvvəla, orta əsrlərdə fars dili bütün şərq aləmində ədəbiyyat və incəsənət dili sayılırdı.

Bundan əvvəlki məqalələrimdə ərəb dilinin elmin hansı sahələrində aparıcı rol oynaması barədə yazmışdım. Avropanın özündə XVIII əsrin ortalarına qədər bütün elmi əsərlər latın dilində yazılırdı, XX əsrin birinci rübünə kimi isə fransız dili diplomatiyada başlıca dil idi.

Azərbaycanın özündə rəhmətlik Cabbar Qaryağdıya qədər bütün xanəndələr ancaq fars dilində yazılmış qəzəlləri oxuyardılar. Səbəbini çoxdan izah etmişəm...

İkincisi, Sasanilər dövründən qalmış mədəniyyət və incəsənətə aid əsərlərin bircəciyi hələ indiyə qədər bizim dilə tərcümə olunmayıb.

Üçüncüsü, istəsək də, istəməsək də, etiraf etməliyik ki, musiqi mədəniyyətinin inkişafı, vüsət tapması bilavasitə əsrlər boyu oturaq həyat keçirmiş xalqların həyat və məişət tərzi ilə bağlı olmuşdur.

"Ərusi-muğam”, yəni, muğamatın gəlini sayılan "Bayatı-Şiraz”ı, ağır ləngərli "Rast”ı, "Çahargah”ı yaradanlar alaçıq əhli olmayıblar. Azərbaycanda isə əyyami qədimdən urbanist mədəniyyət mövcud idi.

Azərbaycanda qorunub saxlanmış zəngin melos vəmuğam sərvəti hara, Anadolu türklərinin indinin özündə çalıb-çağırdıqları havacat hara? Yerləgöy arasında fərq var...

Osmanlı imperiyası şöhrətinin zirvəsinə çatanda qədim Azərbaycanda bəstələnən musiqi əsərləri İstanbulda çalınıb oxunardı. Əksəriyyətinin də not yazıları indiyə kimi "Əcəmilərin” adı altında qorunub qalıb. Üzeyir bəyin irsini, məktəbini sərnigun edən bizim qısır sənətşünas, bəstəkar ləşkərinin bundan heç xəbəri də yoxdur.

Hamıya bəllidir ki, türk mənşəli xanədanlar Hindistan yarımadasında 900 ilə qədər səltənət sürüblər. Burada bəstələnmiş saysız-hesabsız musiqi əsərləri Osmanlı imperatorluğunun saraylarında "hindilər” adı iləifa olunublar. Yavuzun və IV Muradın dövründə Azərbaycandan minlərlə ifaçı, bəstəkar at döşünə salınıb Osmanlı məmləkətinə aparılmışdı. Musiqi mədəniyyətinin inkişafında onların rolu danılmazdır...

Çoxdan sübut olunub ki, türk-islam dünyasının musiqi elmi iki tər-təmiz azərbaycanlının çiyinlərindədir: Səfiəddin Ürməvinin (1230-1294-cü illər), Əbdülqadir Marağinin (1353-1435-ci illər). Əbdülqadir Marağinin özünün vəoğullarının Osmanlı musiqi mədəniyyətinin misilsiz inkişafında oynadıqları rolları heç kim inkar eləmir. Hazırda Türkiyədə elə bir musiqi kollektivi yoxdur ki, Marağinin əsərlərini ifa etməsin. Amma, mən indiyə qədər görmədim ki, müasir Türkiyənin bir tarixçisi, ya da sənətşünası Urməvinin, Marağinin azəri türkü olduqlarını yazsın. Ümimiyyətlə belə xoşagəlməz vagiələr mütamadiyən baş verdiyi üçün buna səhlənkarlıq demək olmur. Təsəllimiz var, hər iki dahinin elmi irsi Türkiyədə hərtərəfli öyrənilib tədqiq edilib. Marağinin bəstələri hər yerdə eşidilir. Bizdə isə saysız-hesabsız "namizədlər”, "doktorlar” ordusunun bir nəfəri Marağı, ya da Ürməvi barədə ikicə kəlmə abırlı söz desə adımı dəyişərəm.

Bizdə isə indiyə qədər elə bir kitab, elə bir monoqrafiya yazılmayıb ki, xalq ondan qədim musiqi tarixi haqqında ətraflı, dolğun, tutarlı məlumat ala bilsin. Arxivlərdə toz içində yatan dissertasiyaların sayını bilən yoxdur, hələ mən başdansovdu yazılmış "elmi” məqalələrdən danışmıram.

Görəsən bu ifa tərzi, bu qəribə gəzişmələr, bu xallar bizim muğam ifaçılığında haradandır? Dağılsa da, unudulsa da hər halda bizdə qorunub qalmış muğam sərvəti, ifaçılıq məharəti müasir İran və Türkiyədən qat-qat zəngindir, üstündür. Halbuki türk-islam dünyasının musiqi tarixi haqqında istər İranda, istər Türkiyədə onlarla tədqiqat əsəri, dərslik yazılıb. İki min ildən artıq bir dövrdə təşəkkül tapmış orijinal bir mədəniyyətə başqaları sahib çıxıblar.

Nəyiksə, buyuq!


Müəllifin bütün yazıları - Firuz HƏŞİMOV



Bölməyə aid digər xəbərlər
18-09-2017, 17:29 Firuz HƏŞİMOV - Manqurtlar
11-06-2017, 15:04 Firuz HƏŞİMOV - Meydan faciəsi
19-02-2017, 20:23 Firuz HƏŞİMOV - Ay can, ay can!

{sape_links}{sape_article}